Qazax: cinayətkarlığa
qarşı mübarizə, ictimai asayişin mühafizəsi
Qazaxın bugünkü ab-havasında, sağlam
mühitində heç şübhəsiz, polis əməkdaşlarının
da əməyi az deyil. Son vaxtlar rayonda cinayətkarlığa
qarşı mübarizənin daha da gücləndirilməsi,
ictimai asayişin mühafizəsi istiqamətində bir
sıra işlər görülmüşdür. Rayonda ötən
ildə görülən işlər barədə söhbət
açmağı Qazax rayon polis şöbəsinin rəisi,
polis polkovniki Şükür Mehdiyevdən xahiş etdik. O, dedi:
- Cinayətkar varsa, ona
qarşı mübarizə aparanlar da var. Hüquq-mühafizə
orqanları olmasa, özbaşınalıq baş alıb-gedər.
Təsadüfi deyil ki, yola saldığımız ilin doqquz
ayı ərzində rayonda törədilmiş 152 cinayət
hadisəsindən 121-nin istintaqı tamamlanaraq məhkəməyə
göndərilmişdir. Axtarışda olan 16 nəfərdən
10-u tutularaq istintaqa təhvil verilmişdir.
Narkomanlığa və
narkotik maddələrin satışı ilə məşğul
olanlara qarşı mübarizə davam etdirilmişdir. Bu sahədə
aşkar edilən 16 haldan 4-ü belə zərərli maddələrin
satışı ilə məşğul olanların
tapılması, 12-si isə narkotik vasitələrin
saxlanması ilə bağlı olmuşdur. Rayon ərazisində
keçirilən reydlərin nəticəsi də səmərəli
olmuş, yabanı halda bitmiş yaşıl kütlə
aşkara çıxarılaraq məhv edilmişdir. Bildiyiniz
kimi, Qazax sərhəd rayonu olduğundan tranzit yolu ilə
keçirilən narkotik vasitələrin
qarşısının alınması üçün
mübarizə tədbirlərinin gücləndirilməsinə
ehtiyac var.
2009-cu ilin 9 ayı ərzində
rayon polis şöbəsinin icraatında olan 53 cinayət
işindən 38-i tamamlanaraq baxılmaq üçün məhkəməyə
göndərilmişdir. İstintaq bölməsi tərəfindən
istintaqı aparılmış cinayət işləri üzrə
həbsəalma, əsassız cəlb, əlavə istintaqa
qaytarma və sair kimi qanunsuz hallar aşkar edilməmişdir.
Lakin hesab edirəm ki, cinayətin isti izlərlə aşkar
olunması istiqamətində və qapalı qalmış
cinayətlərin tezliklə açılması sahəsində
səylər gücləndirilməlidir.
Cinayətkarlığa
qarşı mübarizədə sahə inspektorlarımız
da yaxından iştirak edirlər. Ötən ilin 9 ayı ərzində
17 nəfər məhkum olunmuş şəxs profilaktiki
uçota götürülmüşdür. Ümumilikdə
rayonda 99 nəfər əvvəllər məhkum olunmuş
şəxs barəsində profilaktiki tədbirlər həyata
keçirilir. Əməkdaşlarımız mənəviyyat əleyhinə
olan hallara, sanitar-epidemioloji qaydaların pozulması, qanunsuz
silahların saxlanması, ekoloji pozuntular, xırda xuliqanlıq
və s. qarşı mübarizəni gücləndirirlər.
Yetkinlik yaşına
çatmayanlarla profilaktiki iş də rayon polis şöbəsinin
diqqət mərkəzindədir. Əməkdaşlarımız
rayonun təhsil müəssisələrində, internet
klublarda reydlər aparır, tədbirlər həyata
keçirirlər. Hazırda 13 nəfər yetkinlik
yaşına çatmayan şəxs və bir valideyn
profilaktiki qeydiyyata götürülmüşdür. Ötən
ilin əvvəlindən rayon ərazisində azyaşlılar
və yeniyetmələr tərəfindən cinayət hadisəsinin
törədilməməsi da diqqətəlayiq bir haldır.
Ötən ilin 9 ayı ərzində
post-patrul xidməti bölüyünün əməkdaşları
Respublika DİN-nin müvafiq əmr və göstərişlərinə
əməl etmiş, axtarışda olan iki şəxsin
tutulmasında fəallıq göstərmişlər. Onlar 3 ədəd
odlu silah tapıb təhvil vermiş, bir oğurluq və iki
narkotik faktının üstünü açmışlar.
Yaxşı iş diqqətdən kənarda qalmamış,
bölüyün 44 üzvü
mükafatlandırılmışdır.
Polis şöbəmizin
Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin
əməkdaşları Azərbaycan Respublikasının
“Şəxsiyyət vəsiqəsi haqqında” və “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” qanunlarının müddəalarını əhali
arasında geniş yaymaq üçün maarifləndirmə
işi aparırlar.
Soyadlarının dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin itirilməsi, yararsız hala düşmüş vəsiqələrin yenidən verilməsi, qeydiyyata alınma zamanı qaydalar və rüsumlar barədə vətəndaşlara izahatlar verilmiş, ötən ilin 9 ayı ərzində 4180 nəfərə şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur.
Dövlət yol polisi bölüyünün əməkdaşları da rayon ərazisində baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün müəyyən işlər görmüşlər. Fərdi və dövlət avtomaşınları texniki baxışdan keçirilmiş, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sərxoş vəziyyətdə avtomaşın idarə edilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər görülmüşdür. Onu da qeyd edim ki, yol hərəkəti qaydalarını pozan 1332 nəfərin 96-sı sərxoş vəziyyətdə olmuşdur.
Rayon polis şöbəsinin Daş Salahlı polis bölməsinin əməkdaşları 2009-cu ilin 9 ayı ərzində baş vermiş 8 cinayət hadisəsinin açılmasını təmin etmişlər. Onlar “Xaş-xaş-2009” şərti adı altında keçirilən əməliyyatlarda da fəal iştirak etmiş, xidmət etdikləri inzibati ərazidə yabanı halda bitmiş çətənə kollarını çıxardıb yandırma yolu ilə məhv etmişlər.
Sıralarımız yeni əməkdaşlar hesabına genişlənir. Üç nəfər işə qəbul edilmiş, 31 nəfər polis əməkdaşı DİN-nin göstərişi əsasında müxtəlif kurslarda olmuşdur. İşimizdəki nöqsanları vaxtında müzakirə edir, aradan qaldırılması yolunda tədbirlər həyata keçiririk. Bu gün deyə bilərəm ki, Qazax Rayon Polis Şöbəsinin şəxsi heyəti mənəvi cəhətdən sağlam, peşə hazırlığı baxımından qənaətbəxşdir. Üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək bizim həm peşə, həm də vətəndaşlıq borcumuzdur.
Söhbəti yazdı: Hamlet
QASIMOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 9 yanvar.- S. 4.