Bir işığın izi ilə
“Şərq ruhunun Qərb həyatı.
Aida İmanquliyeva yaradıcılığının izi ilə”
AMEA-nın müxbir üzvü, professor Səlahəddin
Xəlilovun “Şərq ruhunun Qərb həyatı. Aida
İmanquliyeva yaradıcılığının izi ilə”
kitabı görkəmli şərqşünas-alim Aida İmanquliyevanın
elmi-nəzəri irsindən söz açır.
Aida İmanquliyeva sabiq
Sovet İttifaqı və dünya şərqşünaslığında
tanınmış alimdir. Tədqiqat predmeti yeni ərəb ədəbiyyatının
korifeyləri, başqa sözlə: Cübran Xəlil
Cübran (1883-1931), Əmin ər-Reyhani (1876-1940) və Mixail
Nüaymə (1889-1988) yaradıcılığıdır. Geniş
araşdırmalardan və hər biri haqqında ayrıca
monoqrafiyadan sonra, 1991-ci ildə rus dilində çap etdirdiyi
“Yeni ərəb ədəbiyyatının korifeyləri (XX əsrin
əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının
qarşılıqlı əlaqəsi probleminə dair)”
kitabı bu sahədə ən mötəbər əsərdir.
Bu, o deməkdir ki, yüksək akademik səviyyədə
işlənmiş mövzu birdəfəlik Aida xanımın
adı ilə bağlanmışdır. Ondan sonra problemə
bu və ya digər elmi rakursdan yanaşanlar heç vəchlə
həmin mənbədən yan keçə bilməzlər; bu
bir qaydadır: akademik ölçü və elmi etika belə
tələb edir. Cübran Xəlil Cübran, Əmin ər-Reyhani,
Mixail Nüaymə... - yüz il öncə Qərbdə
doğmuş bu Şərq hadisəsinə yenidən dönməyimizin,
bir daha baş vurmağımızın bir zəmini, tutarğası
varmıdır?
Şərq-Qərb Tədqiqat
Mərkəzinin nəşrə hazırladığı
“Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyeva
yaradıcılığının izi ilə” (elmi redaktoru
professor Nərgiz Paşayevadır) kitabının titul səhifəsində
oxuyuruq: “Kitab Azərbaycanda Şərq-Qərb problematikasının
sistemli tədqiqinin əsasını qoyan görkəmli şərqşünas
alim Aida xanım İmanquliyevanın 70 illik yubileyinə ithaf
olunur”. Adından da göründüyü kimi, əsərin
müəllifini akademik ölçülər, problemin ədəbiyyatşünaslıq
tərəfi elə də ilgiləndirmir. Professor Səlahəddin
Xəlilov bu gün Azərbaycanda Şərq-Qərb
problematikasının ən ardıcıl tədqiqatçısıdır.
Aida xanımın yaradıcılıq axtarışları
onu bu baxımdan nurlandırmış, iziylə gedib,
sözün həqiqi mənasında bir fikir okeanı,
işıq dəryasına çıxarmışdır...
Şərq-Qərb problematikası yüz il öncə olduğu kimi, bu gün də aktualdır; həm də təkcə dünya kontekstində yox, bilavasitə Azərbaycan üçün də. Ötən əsrin əvvəllərindən, məxsusən ilk otuz ilindən sonra, bəlkə də ən çox bu gün həmin kontekstə hacətimiz var. Əsəri ayrı-ayrı oçerklərin vəhdəti kimi düşünmüş S.Xəlilov sanki bunu nəzərə alaraq, maraqlı bir üsulla oxucunu problemin həzminə kökləyir; haşiyələrdə klassiklərin Şərq və Qərb ruhu barədə deyimlərini, aforizmlərini təqdim edir. Müdriklik sərhəd bilmir: Hegel, Bleyk, Emerson, Uitmen, Reyhani, Cübran, Nüaymə, Cavid, Məhəmməd İqbal, Əbu Turxan, Yaşar Qarayev, Aida İmanquliyeva... Bu, məhz predmetlə araşdırıcı, mətnlə oxucu, mühitlə kontekst arasında ruh yaxınlığı və doğmalığını aşkarlayan, yaradan, təmin edən məqamdır.
Ruhun ölməzliyi danılmazdır; Aida İmanquliyevanın yaradıcılıq dünyasını ifadə edən fikirlər bu kontekst içrə çox dürüst və qabarıq görünür, beləcə: “Şərqdə həyatın təkmilləşməsi üçün yalnız hissi aləm və fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, hələ mədəni nailiyyətlər və texniki tərəqqi də insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyil”; “Dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur”; “Məhəbbət və gözəllik elə mənəvi işıqdır ki, qəlbi nurlandırır”; “Təbiət kimi insan da gözəlliklə dolub daşır”; “Gündəlik qayğılarla yaşayan insanlar çox zaman gözəlliyin yanından ötüb keçirlər, şairin borcu onların diqqətini gözəlliyə yönəltməkdir”; “İnsanın etdiyi xeyirxahlıq zahiri mərasimlərə riayət etməkdən yüksəkdə durur və buna görə onu mükafatlandıran Allah üçün də daha əziz, daha istəniləndir”; “Şair missiyası - görücü, həqiqət carçısı və peyğəmbər missiyasıdır”; “Gözəllik adlı-sanlı və zəngin insanların imtiyazı deyil, o, bütün insanlığın müqəddəs mülkiyyətidir”; “Tənqidçinin vəzifəsi zövqü inkişaf etdirməkdir. Bununla da əsl tənqidçi cəmiyyətin tərbiyəçisi və müəllimi olur”...
Oçerklərin problem dairəsi konkretdir: “Aida İmanquliyeva və Şərq-Qərb problematikası”, “Aida İmanquliyevanın yaradıcılığında ədəbiyyatşünaslıq məsələləri və ədəbi-bədii komaparativistika”, “Şərq və Qərb arasında ədəbiyyat körpüsü”, “Romantik poeziyanın fəlsəfə qatı və ya fikrin gözəllik məqamı”... Göründüyü kimi, əksər məqamlarda mübtəda mövqeyində sanki “ədəbiyyat” çıxış edir; başqa cür ola da bilməz - Aida İmanquliyeva ədəbiyyatşünasdır, tədqiqləri də bu sahəni ehtiva edir. Amma bu, oçerklərin yalnız mövzu planını şərtləndirir; S.Xəlilovun işığını aradığı şərqşünas-alimin bilavasitə fikir dünyasıdır: onu Şərq-Qərb problematikasına gətirən səbəblər, ədəbiyyat tədqiqlərinin arxasında duran ideyalar, dünyagörüş və metodologiya məsələləridir. Heç nədən nəsə olmur; bir Şərq qadını Sovet İttifaqı kimi bir fövqəldövlətin mərkəzində digər bir fövqəldünya olan Amerika Birləşmiş Ştatlarında parlamış ərəb mühacir ədəbiyyatı barəsində dissertasiya müdafiə edirsə, bu həm də elə alimin vətəni, milli mənsubiyyəti, səviyyə və maraq üfüqlərini xəbərləyən faktordur, sözdür. Hələ arxasınca nə qədər də rezonansı gəlir. Deyildiyi kimi: “Aida xanım Şərq ruhunu özündə yüksək səviyyədə təcəssüm etdirən, eyni zamanda müasir Qərb mədəniyyətinə dərindən bələd olan, sovet məkanında bizə görə Qərb sayılan Moskva və Sankt-Peterburqda Şərq ruhunu böyük ləyaqətlə təmsil edən bir Azərbaycan qadını, Qərb üçün şərqşünas, Şərq üçün qərbşünas alim idi...”
Ruhun təbiətinə dalmaq məhz fəlsəfənin işidir; Aida İmanquliyevanın Şərq-Qərb müstəvisində düşüncə və qənaətlərini şərh edərkən də, problemin tarixinə varıb bugününə qayıdarkən də, iziylə gedib romantizmin bir ideya-estetik sistem kimi ümumdünya mənşəyinə çıxarkən də, müəllif dürüst və haqlıdır; İ.Götenin “Şərq-Qərb divanı” ilə dünya ədəbi prosesinə qatılan Şərq ruhu Bayron, Bleyk, Emerson, Uitmendən keçib də Cübranda, Reyhanidə, Nüaymədə yeni keyfiyyətdə təcəssüm tapa bilər; bu - ruhun gəzişmələridir, eyni zamanda faktolojisini təfərrüatlı “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyasından əxz etmək olar: “Şərqin ədəbi ənənələri Qərbin romantik dünya qavramının təşəkkülündə müəyyən rol oynamışdır. Qərbin bir çox romantik şairləri təxəyyülləri üçün ilhamı məhz Şərqdə axtarırdılar. Hələ keçən əsrin əvvəllərində Göte romantik şairlərə ziyarətin yolunu göstərmişdir”.
Həm bu çevrilmələrdə Şərqin payı nə qədərdir, Qərbin üstünlüyü nə; tendensiyaların gəlişməsində hansı Qərbdən gəlmədir, Şərq hansıdır; Şərq, Qərb məfhumlarının mahiyyəti nədir, mündəricəsi nə? - kitabın müəllifi fəlsəfi analitizm yolu ilə Aida xanımın ərəb ədəbiyyatı nümunəsində cızdığı ideyaların kontekstini böyütməyə, bugünlü önəmini qabartmağa nail olur. Bu sırada məxsusən sintez ideyası vurğu altındadır: “Şərq ruhunu qoruyub saxlamaqla bərabər, Qərb təhsili almış Reyhani, Cübran və Nüaymə kimi simaların timsalı çox önəmlidir. Aida İmanquliyevanın tədqiqatı məhz bu baxımdan böyük aktuallığa malikdir və bu tədqiqatlar davam etdirilməli, Şərq ilə Qərb arasında yeni vəhdət məqamları üzə çıxarılmalıdır”.
Daha bir kontekst romantizm ədəbiyyatının araşdırıcısı olaraq Aida xanım İmanquliyevanın gördüyü işin fəlsəfi sanbalı, metodoloji aspektlərini qiymətləndirərkən ortaya çıxır. Romantizm hadisəsi hər bir milli ədəbiyyatda özümlü keyfiyyətlərə malik olmaqla bahəm, dünya ədəbi prosesində vahid tipologiya göstərir. Belə ki, yeni ərəb ədəbiyyatının ötən əsrin əvvəllərində qazandığı uğurların mənası bir daha öz milli ədəbiyyatımız üzərində düşünməyə vəsilə olur. Bu zaman analoji olaraq, orta əsrlər romantizmindən - Nizami, Füzuli, Nəsimidən, yeni dövr ədibləri - M.Hadi, Cavid, Cabbarlıya qədər romantik passajlar fəlsəfi sitatların mənbəyidir: “Hər bir xalq öz milli poeziyasının hüdudları ilə məhdudlaşmayaraq, bütövlükdə Şərq (antik və islam) poeziyasının daşıyıcısı və varisi olur. Bu, həm də Şərq ruhunun qorunub saxlanmasına xidmət edir. Lakin bölünmədən, şaxələnmədən diferensiallaşmadan inkişaf etmək mümkün deyil...”. Digər tərəfdən, S.Xəlilov realistlərin yerini də romantiklərlə bahəm vahid bir dalğa üzərində arayır: “Təsadüfi deyildir ki, dünyada məhz romantik şairlər kimi tanınan, Aida xanımın da məhz bu mövqedən təqdim etdiyi Cübran, Reyhani, Nüaymənin əsərləri təkcə Cavidlə yox, həm də Sabir və Mirzə Cəlillə səsləşirdi. A.İmanquliyevanın da, məqsədyönlü müqayisələr aparmasa da, yerinə düşəndə məhz Sabirin adını çəkməsi heç də təsadüfi deyil...”.
Romantizm ədəbiyyatının tədqiqi probleminə toxunarkən, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, daha sonra Yaşar Qarayev və Məsud Əlioğluyacan alimlərimizin xidmətlərini qeyd eləsə də, S.Xəlilov bir filosof olaraq, ümumən ədəbiyyatşünasları qınağa çəkir, hadisənin lokal çərçivədə öyrənilməsinə rəğmən, A.İmanquliyevanın ədəbi komparativistika sahəsindəki uğurlarına diqqət cəlb edir: “Romantizm barədə Mir Cəlaldan Aida xanıma qədər olan dövrdə aparılan tədqiqatlar da, heç şübhəsiz, sonuncunun konseptual baxışlarının formalaşmasında müəyyən rol oynamışdır. Lakin təəssüf ki, A.İmanquliyevanın 1964-91-ci illərdə çap olunmuş əsərləri Azərbaycan romantizmşünaslığındakı sonrakı tədqiqatlarda, demək olar ki, nəzərə alınmamışdır. Görünür, məhz buna görə də, milli ədəbiyyatşünaslığımızda bu sahənin nəzəri və komparavistik araşdırılması hələ indiyədək milli çərçivədən kənara çıxa bilmir...”. Bir qədər sərt deyilmişsə də, kökləri olan məqamdır.
Məsələ burasındadır ki, istər Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” əsəri (1946) olsun, istər Məmməd Cəfərin “Azərbaycan ədəbiyyatında romantizm” monoqrafiyası (1963) və bunun haləsində yaranmış onlarla digər əsərlər, hətta Yaşar Qarayevin fərqli fikir mövqeyi nümayiş etdirən “Faciə və qəhrəman” monoqrafiyası (1968) və ondan sonrakı tədqiqatlar, zamanına uyğun, məhz sovet humanitarisi və bu elmin formalaşdırdığı nəzəri romantizmşünaslıq məcrasında inkişaf etmişdi. Eləcə də milli romantizmşünaslığımızın neqativlərinə səbəb olduğu tək, pozitivlərində də həmin elmin payı az olmamışdır. Əslində, romantizmşünaslıq faktik baxımdan Azərbaycan ədəbiyyatşünaslığının ən gəlişmiş sahələrindən biridir; hətta problemə dair ayrıca dissertasiya yazılıb (1977-1980), monoqrafiya şəklində nəşr də olunmuşdur (bax: Şirindil Alışanlı, “Romantizm: problemlər, həqiqətlər (Romantizm problemi və onun Azərbaycan ədəbiyyatşünaslığında işıqlandırılması), rus dilində. Bakı. ”Elm", 2000). Həmincə bu kontekstdə Nizamidən S.Vurğuna, Füzulidən Ü.Hacıbəyova ortaçağ romantizminin milli ədəbiyyata təsiri məsələlərinə də diqqət var, romantik nəfəsin nəinki realizmə, Sabir şeirinə, hətta sosialist realizmi ədəbiyyatına sızmasından da söhbət gedir, eləcə də Qərb romantizmi ilə paralellərə, Cavid və Göte, Cavid və Bayron, Səhhət və Lermontov müqayisələrinə cəhdlər də öz yerində...
Bəs olmayan, çatışmayan nə idi; ən çox - müstəqillik!, filosofun da doğru olaraq vurğuladığı kimi, “sovet dövründə ideologiyanın ədəbiyyatşünaslıq üzərində təsiri” uzun müddət bir ədəbi cərəyanın - realizmin, digəri - romantizm üzərində üstünlüyünü diktə etmişdi; nəticədə vahid bir ruhun - Millət idealının iki müxtəlif təcəssümü olan romantizm və tənqidi realizmi məhz qovuşduran başlanğıc itmişdi; istər romantizm ədəbiyyatı, istərsə də realizm barədə söhbət getdiyi halda, onları doğuran məcradan - romantizm hərəkatı, milli romantizm nəzəriyyəsinin baniləri Ə.Hüseynzadə və Ə.Ağaoğludan danışılmırdı; odur ki, ayrı-ayrılıqda dürüst müşahidələr, doğru mülahizələr, aşkar həqiqətlər, parlaq şərhlər bütöv bir tama, sistemə çevrilə bilmir, yanlış müstəvidə birləşdirilir, süni şəkildə “bütövləşdirilir”di...
O ki qaldı, Aida xanımın komparativistika sahəsində uğurlarından milli filolojinin bəhrələnməyinə, həmin məqamın da vaxtı-zamanı-mühiti-şəraiti məhz bu gün yetişmişdir; dönüb də sovet dövründə humanitar elmdə qazanılmış pozitiv təcrübənin bir araya gətirilməsi məqamında: “Aida xanımın əsərlərində izahını tapan bir çox nəzəri məsələlərlə yanaşı, ədəbi-bədii komparativistika təcrübəsi də milli ədəbiyyatşünaslığımız üçün böyük əhəmiyyətə malikdir. Şərq və Qərb düşüncə tərzlərinin xüsusiyyətlərini nəzərə almaqla aparılan müqayisələr Azərbaycan ədəbiyyatının da dünya ədəbiyyatı kontekstində nəzərdən keçirilməsi və Qərb romantik poeziyası ilə paralellər yaradılması üçün geniş imkanlar açır...”. Belə ki, sovet dövründə elit bir sahə sayılan şərqşünaslığın predmet dairəsi nəinki əlahiddə ideoloji statusa malik idi, ümumən humanitar elmin ayrı-ayrı sahələri (tarixşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik, fəlsəfə, psixologiya və s.) arasında təcrid mühiti müşahidə olunurdu. Ki, bugün də eləcə acı nəticələrini dadırıq...
Kitabın leytmotivi - Şərq-Qərb problematikasıdır; bir “ədəbiyyat körpüsü” olaraq, A.Bakıxanovdan başlamış M.Kazımbəy, M.Ş.Vazeh, M.F.Axundov, C.Əfqani, H.Zərdabi, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, A.Səhhət, C.Cabbarlı... - iki yüz il ərzində yol gələrək “ilk sistemli tədqiqatçısı” Aida xanımın yaradıcılığında nəzəri mənasını tapanacan büsbütün filosofun diqqəti altında olan məhz bu mövzudur.
S.Xəlilovun fəlsəfi komparativistika sahəsində son illərdə gördüyü işlər əvəzsizdir; bunu mən ən azı minnətdar bir oxucu kimi deyirəm. Müəllifin təkcə antik və ortaçağ Şərq və Qərb fəlsəfi paralellərində deyil, “Götedən Cavidə gedən yolda”, “Cavid və Cübran”, “Cabbarlı və Sartr”, “Merlo Ponti Şərq və Qərb arasında” və s. kimi məqalələrində, Əbu Turxana isnadən Molla Sədra, Məhəmməd İqbal kimi filosoflar barəsində qeydlərində də Şərq-Qərb problematikası ümdə təhlil predmetidir. Aida İmanquliyeva yaradıcılığının işığından qaynaqlanaraq, daha neçə məqalə həmin fəlsəfi sıranı zənginləşdirir: “Mən Şərqəm”, “Əmin ər-Reyhani yaradıcılığında Şərq-Qərb məsələləri”, “Cübran və Azərbaycan ədəbi-fəlsəfi fikri”, “Mixail Nüaymə Şərq və Qərb arasında”, “Atalar və oğullar”... Ümumən, kitabın haqqında danışdığım ikinci hissəsi bir neçə cəhətdən maraq doğurur. Bir yandan, müəllif yeni ərəb ədəbiyyatı korifeylərini Azərbaycan oxucusuna fəlsəfi tərəfdən, Şərq-Qərb təzadları üzərində düşünən, harmoniya arayan fikir adamları olaraq tanıtmaq qayğısına qalır; ikinci bir tərəfdən isə bura aparan yolun məhz Aida xanım İmanquliyevanın yaradıcılığından keçdiyini qabardaraq, şərqşünas-alimin filosof-ədiblər haqqında mühakimə və qənaətlərinə həssas olmağa, konkret mülahizələr arxasından boy verən nəzəri fikirlərinin dürüst mənzərəsini yaratmağa çalışır.
Buradaca qeyd etmək gərəkdir ki, S.Xəlilovun ədəbiyyata özlüyündən kənar, həm də fəlsəfi fikrin mənbəyi, daşıyıcısı kimi yanaşması, məhz poeziyadan həyat fəlsəfəsinə işıq salması son vaxtlar ədəbi prosesimizə təravətli bir rakurs gətirmişdir. Kitabda ayrıca bir oçerk - “Romantik poeziyanın fəlsəfə qatı və ya fikrin gözəllik məqamı” bir daha bunu təsdiq edir. Müəllifə görə: “Romantik poeziyada Haqq, Həqiqət, Gözəllik və Xeyirin eyniyyət məqamı tərənnüm olunur. Romantik ədəbiyyat maddiyyatı, var-dövləti, pulu, rəyasəti, gücü, şöhrəti həyatının mənası hesab edənlərdən fərqli olaraq, fani dünyanın aldadıcı cazibəsindən uzaq duran, bu dünyaya daha ali məqsədlər prizmasından baxan insanlar tərəfindən yaradılmışdır. Şərq və Qərbin idealları da bu yüksəklikdə - zirvədə birləşir. Professor Aida İmanquliyeva bütün yaradıcı ömrünü məhz bu yüksəlişin fəthinə həsr etmişdir. O, öz əsərlərində ”bütün varlıqların dönmədən irəliyə - həqiqətə və gözəlliyə doğru hərəkət etməsinə olan romantik inamı" tərənnüm edir"...
Üçüncü bir cəhət, kitabda hər bir ədib haqqında oçerklərin konkret “Əlavələr”lə - Ə.Reyhani, C.Cübran və M.Nüaymədən seçmələrlə zənginləşdirilməsidir. Demək lazımdır ki, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının nəşri olan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalında C.X.Cübrandan müəyyən çevirmələri nəzərə almasaq, bugünəcən yeni ərəb ədəbiyyatı korifeylərinin əsərlərini Azərbaycan dilində oxumaq imkanımız olmamışdır. Belə ki, hər üç klassikdən gərəyincə sanballı tərcümələrə görə də kitabın müəllifi və nəşri hazırlayan Şərq-Qərb Tədqiqat Mərkəzi təqdirə, böyük təşəkkürlərə layiqdir. Aida xanım İmanquliyevanın yubileyi işığında ərsəyə gəlmiş nəşr Azərbaycan oxucusuna əsl hədiyyədir; şərqşünas-alimin xidmətləri ilə bahəm, qaynaqlandığı ədəbiyyat barədə, fikir və obrazlar dünyası haqqında da bütöv təsəvvür yarada bilir.
Hələ bu da hamısı deyil; “Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, Emerson, Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur...” - kitabın son fəsli “Qərb ədəbiyyatında əsən Şərq küləyi” adlanır; və burda müəllif Aida xanımın ərəb məhcər ədəbiyyatının təsir mənbələrini araşdırarkən, istər Turgenev, Çexov, Tolstoy, Dostoyevski kimi rus yazıçıları, istərsə də Bleyk, Bayron, Şelli, Emerson, Uitmen, Toro kimi Qərb şairlərinin yaradıcılığı barəsində mülahizələrinə diqqət kəsilir, Şərq düşüncə tərzinin Qərb poeziyasında əks-sədasını, rezonans verərək müasir biçimdə yenidən özünə dönüşünü izləyir. Az miqdarda olsa da, U.Bleykdən, R.Emersondan, U.Uitmendən seçmələrin də kitaba daxil edilməsi sanki bu istiqamətdə çalışmalara rəvac vermək məqsədi güdür.
Hər şey çox sadədir; tarix hər bir hadisənin, fəaliyyətin, əməlin qiymətini zamanında verir. Aida xanım İmanquliyevanın nəzəri irsi də öz əsl ölçü və miqyaslarına məhz indi yetir; bir yaradıcılıq dünyasından açılan yol beləcə əsrarəngiz işıq selinə çevrilir - izinə düşüncə.
Tehran ƏLİŞANOĞLU,
filologiya elmləri doktoru
Xalq qəzeti.- 2010.- 9 yanvar.- S. 3.