Azərbaycan yeni əsrin doqquzuncu ilini böyük uğurlarla başa vurdu

 

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan addımlar öz bəhrəsini verməkdədir

 

2009-cu il başa çatdı, yeni il başlandı. Necə də rəvan və asanlıqla söylənilən cümlədir. Ancaq bu “rəvanlığın” arxasında zamanın yaratdığı problemlərdən qurtarmaq üçün reallaşdırılan tədbirlər, atılan siyasi-diplomatik addımlar, aparılan gərgin danışıqlar prosesi dayanır. Bu “asanlığın” əslində o qədər də asanlıqla deyil, beynəlxalq siyasətin yaratdığı ziqzaqların dəf edilməsi üçün mürəkkəbdən də mürəkkəb bir yolu keçməklə əldə edildiyi tarixi faktdır. Azərbaycan dövləti son 16-17 ilin hər birini özünəməxsus siyasi-diplomatik uğurlarla başa vurur. Bu artıq bir tendensiya şəklini alıb.

 

Ancaq SSRİ-dən və müstəqilliyin ilk illərində dövlətimizə rəhbərlik edən qüvvələrdən ağır miras kimi qalmış problemlərin tamamilə aradan qaldırılması üçün mütləq növbəti, yeni illərə ehtiyac olur. Əslində bugünkü Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli istisna olmaqla bütün problemlərini həll edib. Üstəlik, beynəlxalq aləmdə məhz özünəməxsus ictimai-siyasi, sosial-iqtisadi inkişaf nümunəsi də formalaşdırıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün isə hər il daha uğurlu addımlarla yadda qalır.

Ümummilli liderimiz Heydər Əliyev 2000-ci ilin yanvarında Davos şəhərində İsveçrədəki Azərbaycan Cəmiyyəti idarə heyətinin bir qrup üzvü ilə görüşərkən oradakı soydaşlarımızdan o qədər də gözlənilməyən bir sual eşitmişdi: “Bu gün Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı addımları atır?” Ülu öndərin cavabı çox maraqlı idi: “Bu gün Azərbaycan dövlətinin daxili və xarici siyasəti başdan-başa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilibdir”. Cavab təkcə maraqlı deyildi, həm də Azərbaycan reallıqlarının Avropada ifadə edilməsi baxımından gərəkli idi. Yəni işğalçı Ermənistan dövlətini dəstəkləyənlər və qəsbkarın cəzalandırılmasını əngəlləyənlər bilməlidirlər ki, Azərbaycan dövləti bu məsələni taleyüklü bir problem kimi mütləq həll etmək əzmindədir. Burada başqa bir məqam da var idi. Azərbaycan Avropaya inteqrasiya olunur, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir və sairə. Azərbaycan rəhbəri isə Avropada yada salır ki, dövlətimizin daxili və xarici siyasəti Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edir. Yəni Avropaya neft və qaz göndərilməsi təkcə iqtisadi və ya ticari məsələ deyil, sırf siyasi əhəmiyyətli addımlardır.

On il əvvəlki bir görüşdən sitat gətirərək “dövlətin daxili və xarici siyasətinin başdan-başa Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldiyini” yada salmağımız təsadüfi deyil. Çünki bu gün də Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsasını məhz Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün atılan addımlar təşkil edir.

Konkret faktlara diqqət yetirək. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılır və qısa müddətdə bu nazirliyin istehsal etdiyi silahların və hərbi sursatın beynəlxalq sərgilərdə nümayiş etdirilməsinə nail oluruq. Ermənistanda isə ötən əsrin 80-ci illərindən qalma hərbi texnika gah ucuz qiymətə alınır, gah da nəyinsə müqabilində “hədiyyə kimi” qəbul edilir. Rəsmi Bakı kosmosa rabitə peyki çıxarmaq barədə qərar qəbul edəndə və bu layihənin başa çatdırılması üçün bütün hazırlıq işləri yekunlaşdırılanda (həm silahlarımızın beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, həm də rabitə peykinin kosmosa göndərilməsi üçün hazırlıq işlərinin başa çatdırılması 2009-cu ilin uğurları sırasındadır) bir çox Avropa ekspertləri maraqlı mülahizələr irəli sürürdülər: Guya İlham Əliyev ermənilərin Dağlıq Qarabağda törətdiklərini, eləcə də PKK daxil olmaqla bir çox terrorçu təşkilatların Ermənistan və işğal edilmiş Azərbaycan ərazilərində keçdiyi hazırlıq təlimlərini dünya ictimaiyyətini inandırmaq üçün kosmosa peyk göndərir. Həmin dövrdə Ermənistanda isə SSRİ dövründən qalmış yeganə istehsal müəssisəsi olan (bütün istehsal müəssisələri ya əcnəbilərə satılıb, ya da borc əvəzinə verilibdir) İrəvan konyak zavodunun fransızlara satılması ətrafında böyük mübahisələr və münaqişələr yaranırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir ildə 10-15 dəfə beynəlxalq tədbirlərə dəvət edilir, bir o qədər də özünün rəsmi və ya işgüzar səfərləri reallaşdırılır. Dövlət başçımız bütün görüşlərdə ən hörmətli qonaq kimi qəbul edilir və tərəf-müqabilləri ona hansısa yeni layihənin reallaşdırılması münasibətilə müraciət edirlər. Ermənistan Prezidenti Serj Sarkisyanın il boyu reallaşdırdığı 6-7 səfərin məzmununu isə erməni müxalifətinin nümayəndəsi Amayak Minasyan belə xarakterizə edir: “Serj Sarkisyan müxtəlif ölkələrdə əl açıb dilənməklə, özünü yazıq görkəmə salıb baş əyməklə bizim erməni qürurumuzu məhv elədi”.

Yeri gəlmişkən, çox böyük fəxr və iftixarla qeyd edə bilərik ki, yola saldığımız 2009-cu il Azərbaycan üçün daha uğurlu, daha yaddaqalan oldu. Bir çox əcnəbi siyasətçilər Ermənistanı aclıq və səfalətdən qurtarmaq üçün Türkiyə-Ermənistan sərhədlərinin açılmasına cəhd edərkən Prezident İlham Əliyev mükəmməl bir siyasətçi və lider qətiyyəti nümayiş etdirərək dünya siyasətində özünəməxsus nüfuzu olduğunu bir daha sübut etdi. Həmin dövrdə Ermənistan Prezidenti Serj Sarkisyan həm İsveçrədə, həm də Türkiyədə yüz illərdən bəri düşmən dediyi türklərə baş əyirdi. Uğursuz futbol diplomatiyasından sonra sərhədlərin açılması məsələsi Ermənistan rəhbərliyini növbəti dəfə rüsvay elədi.

2009-cu ilin başa çatması, yeni ilin başlanması münasibətilə Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev deyirdi: “Xarici siyasətə gəldikdə, bu istiqamətdə çox vacib addımlar atılmışdır. 2009-cu ildə Azərbaycan bu istiqamətdə çox vacib işlər görmüşdür. Mənim müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlar, keçirdiyim görüşlər Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirmişdir. Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Bizim strateji tərəfdarlarımızın sayı artır... Biz xarici siyasətimizin əsas istiqaməti olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal işləyirik... Artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar”.

Maraqlıdır ki, Ermənistan rəhbəri həmin münasibətlə öz xalqına müraciət edərkən müxalifətin onu işləməyə qoymamasından, erməni diasporunun passivliyindən, erməni lobbisinin Yerevanı əvvəllər olduğu kimi dəstəkləməməsindən gileylənirdi. Yəni, sadaladığımız bu faktların hamısı bir daha sübut edir ki, Azərbaycan yeni əsrin doqquzuncu ilini də siyasi uğurlarla başa vurdu. Bu faktlar bir də onu sübut edir ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycan dövləti öz daxili və xarici siyasətini başdan-başa Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi istiqamətində qurubdur.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 9 yanvar.- S. 1.