Ədəbi həqiqətlər axtarışında

 

Nizami Cəfərovun elmi yaradıcılığında klassik Azərbaycan ədəbiyyatı məsələləri

 

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərovun beşcildlik “Seçilmiş əsərləri”nin Azərbaycan ədəbiyyatına dair tədqiqatlarının toplandığı ikinci cildində “Ön söz, yaxud Azərbaycan ədəbiyyatının tarixi” məqaləsi aşağıdakı elmi qənaətlə bitir: “Azərbaycan ədəbiyyatının mükəmməl bir tarixi vardır, bu tarixi düzgün elmi metodologiya ilə araşdırmaq mütəxəssislərin işidir. Lakin bundan az əhəmiyyətli olmayan bir məsələ də var: xalq öz ədəbiyyatının tarixini bir-birindən təcrid olunmuş ədəbi fakt, yaxud hadisələr şəklində deyil, məhz düzgün elmi metodologiya əsasında, sistemli olaraq öyrənmək imkanına malik olmalıdır”.

 

N.Cəfərovun ədəbiyyat tariximizlə bağlı axtarışları milli ədəbiyyatın irs-varislik əlaqəsinin dərin köklərini, bağlarını üzə çıxarmaq məqsədi daşıyır. N.Cəfərov bir ədəbiyyat tarixçisi olaraq tarixi dövrlər və mərhələlər arasındakı əlaqəni ədəbi ənənənin davamlılığında, ona yaradıcı münasibətin estetik mükəmməlliyi və bütövlüyündə axtarır. Alimə görə, ədəbiyyat tarixi ədəbi faktların sadəcə xronologiyası deyil, ədəbiyyatın öz tarixi kökləri, ənənəsi əsasında irəliyə doğru hərəkəti, getdikcə şaxələnməsi, içindən böyüməsi, zənginləşməsidir. Ədəbi fakt, hadisə özündən əvvəl gələn tarixlə bağlanmırsa, bilavasitə onun “bətn”indən doğulmursa, tarixi inkişafın qanunauyğunluqlarını varlığında yaşatmırsa, o, milli ədəbiyyat hadisəsi kimi dərk və qəbul oluna bilməz. Bununla bağlı görkəmli alim bir məsələni də xüsusi vurğulayır: Məsələ təkcə o deyil ki, ədəbi fakt və hadisələrin bir-biri ilə bağlılığı var, ya yox, yaxud nə dərəcədədir. Əsas olan bir də budur ki, ədəbiyyatşünaslıq ədəbi-tarixi prosesləri araşdırarkən, məsələlərin bu tərəfinə nə dərəcədə önəm verir. Bu mənada farsdilli Azərbaycan ədəbiyyatına, o cümlədən Nizami yaradıcılığına milli ədəbiyyatçünaslıqdakı yanaşmanın metodoloji qüsurunu göstərərkən N.Cəfərov yazır : “Etiraf etmək lazımdır ki, Azərbaycan yazılı ədəbiyyatının XI-XII əsrlərdə yaranmış farsdilli nümunələrinin müəlliflərinin məhz Azərbaycan türkləri olduğu dönə-dönə qeyd edilsə də, bu əsərlərin (məsələn, ”Xəmsə"nin) ideyalarının, poetik intonasiyasının qədim (ümum) türk ədəbiyyatından (xüsusilə, eposundan) qaynaqlandığı barədə müfəssəl bəhs olunmamışdır". Alim bu qənaətdədir ki, demək və yaxud nəhayətsiz bir istəklə Nizamini (ümumən XI-XII əsrlərin fars dilli ədəbiyyatını) Azərbaycan ədəbiyyatının hadisəsinə çevirmək olmaz. Burada əsaslı-sübutlu dəlil, dünya elminin qəbul edəcəyi (daha doğrusu, inkar edə bilməyəcəyi) arqumentlər lazımdır. Çox yaxşı cəhətdir ki, N.Cəfərov ədəbiyyatımızın tarixinə bu cür metodoloji yanaşmanın nəzəriyyəsini əsaslandırmaqla kifayətlənmir, həm də bunun konkret nümunəsini ortaya qoyur.

“Seçilmiş əsərləri”nin ikinci cildində sözü gedən məqalədən sonra “Dədə Qorqud” eposuna həsr olunmuş “Azərbaycan xalqının şah əsəri”, onun ardınca isə “Nizami Gəncəvi” məqaləsi gəlir. Hər iki məqalənin nə yazılışı, nə də kitabın əvvəlində özünə yer alması təsadüf sayıla bilməz. İlk baxışdan bu cür düzülüş ədəbi - tarixi hadisələrin xronoloji prinsiplə şərhi ehtimalını önə çıxarır. Bu, əlbəttə, belədir. Lakin “düzülüş”ün elmiliyi ancaq xronoloji prinsiplə izah oluna bilməz. Kitab belə bir elmi yanaşmanı gerçəkləşdirəcək, irəli sürülən metodoloji nəzəriyyənin praktik həllini verir ki, Nizami Gəncəvi hadisəsini dərk etməyin yolu türk eposunun mifik və tarixi, estetik dəyərinin mənimsənilməsi ilə, onun yaradıcılığına bu yöndən işıq salmaqla mümkündür.

“Nizami Gəncəvi” məqaləsində alim şairin bir-birinin ardınca yazılan poemalarında “eyni təfəkkür tipinin təkamülü”nü görür və bunun “regionallaşmış qədim türk epos təfəkkürü” olması fikrini irəli sürməklə, digər əsaslı arqumentlərlə elmi dövriyyəyə buraxdığı tezisin arxasında dayanır: “Xəmsə”nin əsas qəhrəmanı ideal (tədricən ideallaşan!) hökmdardır. “Sirlər xəzinəsi”ndən “İsgəndərnamə”yə qədər Nizamini getdikcə daha dərindən və şübhəsiz, daha geniş problemlər kontekstində düşündürən bu ideya qədim türk eposunun mərkəzində dayanır. Xosrov, Bəhram, xüsusilə İsgəndər obrazları qədim türk eposunda mürəkkəb tarixi - ideal təkamülün faktı kimi müəyyənləşmiş “epik qəhrəman”ın varisidir - həm qədim türk eposunun, həm də “Xəmsə”nin “epik qəhrəman”ı dünyada universal nizam yaratmaq cəhdinin ifadəsinə xidmət edir".

Qədim türk eposundakı “dünyada universal nizam yaratmaq” cəhdinə xidmət edən “ideal hökmdar” probleminin Nizaminin ayrı - ayrı poemalarındakı təzahürünün əlamətdar cəhətlərinin izlənilməsi tədqiqatçını “qədim türk eposu Nizaminin yaradıcılğı üçün potensiyadır” qənaətinə gəlməyə və Nizami yaradıcılığı üçün “qədim türk ədəbiyyatı təcrübi başlanğıcdır”, “Nizamiyə qədərki türk ədəbiyyatı bütün tarixi təkamül məntiqi ilə Nizamiyə gətirib çıxarır” mülahizələrini söyləməyə imkan verir.

Professor N.Cəfərov “Dədə Qorqud” eposuna “Azərbaycan etnik - mədəni sisteminin ümumtürk etnik - mədəni sistemindən fərqlənərək ayrılması (differensasiyası)” dövrünün tarixi və ədəbi - mədəni düşüncə kompleksi kimi yanaşır. Azərbaycan ədəbiyyatı Nizamiyə qədərki dövrdə öz tarixi və mədəni varlığını “Dədə Qorqud” eposu ilə sübut edir. N.Cəfərovun əsaslı dəlillərində “Dədə Qorqud” eposu milli estetik düşüncənin (təfəkkür tipinin) ümumtürk düşüncəsi ilə ortaqlığı ilə bərabər, düşüncə sistemində differensasiyaya doğru gedən proseslərin canlı timsalı, gerçək tarixi və misilsiz abidəsi - “şah əsəri” kimi meydana çıxır. “Biz həmin eposu təxminən beş yüz ilə yaratmışıq, həmin kitabı isə təxminən beş yüz ilə yazmışıq” deyərkən onun “I minilliyin II yarısında - təxminən beş əsr öz şifahi ömrünü yaşaması”nı, II minilliyin birinci yarısında isə - təxminən beş əsr ərzində “yazıya alınması” tarixini, başqa sözlə, “Dədə Qorqud”un Eposdan Kitaba çevrilməsi tarixini Azərbaycan ədəbiyyatının ümumtürk ədəbiyyatından ayrılması tarixi kimi təsəvvür edir. Məhz “Dədə Qorqud” eposunun milli - etnik düşüncə tipini özündə əks etdirən ilk və möhtəşəm abidə olması qənaətinə gələrək, Azərbaycan ədəbiyyatının tarixini (onun ümumtürk ədəbiyyatından ayrılması tarixini) I minilliyin ortalarından başlamağı düzgün elmi yanaşma hesab edir. Yenə də məhz bu düşüncə ilə “Dədə Qorqud” eposunun 1300 illik yubileyinin qeyd olunmasının “böyük siyasi - ideoloji əhəmiyyətə” malik olduğunu vurğulayır və eposun “oğuz türkləri içərisində, birinci növbədə, Azərbaycan türklərinə (ümumən Azərbaycan xalqına) məxsus olduğunu göstərən əlamətləri” tipoloji cəhətdən ümumiləşdirməyə çalışır. Alimin eposun Azərbaycan xalqının tarixi coğrafiyası, toponomiyası, etnoqrafiyası, “Azərbaycan türkcəsində mühafizə olunması” ilə bağlı qənaətləri ciddi elmi maraq doğurur.

Proffessor N.Cəfərov Azərbaycan ədəbiyyatının tarixinə dair aparılan (və bundan sonra aparılacaq) tədqiqatların elmi və metodoloji baxımdan səmərəliliyini şərtləndirən amillər içərisində “dövrləşdirmə” və mərhələ təsnifatının düzgün elmi prinsiplərlə aparılmasını ən vacib şərtlərdən biri sayır. Bu sahədə müəyyən işin görülməsinə rəğmən, “daha mükəmməl bir dövrləşdirməyə ehtiyac” duyulması qənaətinə gəlir. Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyat tariximizi dövrləşdirmənin müəyyən ənənəsi var. Lakin “dövrləşdirmə”nin davamlı elmi prinsiplər əsasında aparıldığını söyləmək olmaz. Nəzərə alsaq ki, milli müstəqillik illərində XX əsr ədəbiyyatının mərhələ təsnifatı bütün aktuallığı ilə Azərbaycan ədəbiyyatşünaslığı qarşısında duran bir məsələ olmuşdur və məsələ ilə bağlı görkəmli alimlərin bir-birinin ardınca elmi-metodoloci istiqamətli yazıları çap olunmuş, əsrin ədəbiyyatının mərhələ təsnifatının fərqli bölgüləri meydana çıxmışdır, onda dövrləşdirmə və mərhələ təsnifatı üçün əsas ola biləcək, tənqidə dözümlü, bütün bu deyilənlərə yekun vura biləcək elmi prinsiplərin müəyyən edilməsinin vacibliyi ortaya çıxır.

N.Cəfərov dövrləşdirməni ədəbi-estetik, etnik-kulturoloji və ictimai-siyasi proseslərin bir-birini tamamlaması fonunda aparmağın zəruriliyi qənaətinə gəlir və bu mövqedən çıxış edərək ədəbiyyatımızı qədim (V-XII əsrlər), orta (XIII-XVI əsrlər), yeni (XVII əsrdən XX əsrin əvvəllərinə qədər) və müasir dövrlərə bölərək öyrənməyi məqbul hesab edir. Həm də irəli sürdüyü prinsiplər əsasında dövrlər arasındakı fərqlərin tipologiyasını verir.

“Seçilmiş əsərlər”in ikinci cildində “Nizami Gəncəvi” məqaləsindən sonra “Üç hökmdar, üç şair” və “Kişvəri” məqalələri gəlir. Bu məqalələrdə Qazı Burhanəddin (XIV), Mirzə Cahanşah Həqiqi (XV), Kişvəri, Şah İsmayıl Xətai (XVI) yaradıcılığı analitik təhlil predmeti seçilir. Bu seçim təsadüfi aparılmır. Məqsəd ədəbiyyatımızın Nizamidən sonrakı mərhələsinin onun böyük nümayəndələrinin yaradıcılığı timsalında səciyyəsini verməkdir. Məqsəd ədəbiyyatımızın Füzuliyə gedən yoluna işıq tutmaq, elmi təfsir verməkdir; Füzuli fenomeninin, hadisəsinin ədəbiyyatımızda tam bir qanunauyğunluq kimi meydana çıxmasını göstərməkdir. Maraqlıdır ki, “Klassiklərdən müasirlərə” kitabında alim bu iki məqaləni bir ad altında - “Nizamidən Füzuliyə qədər” adı ilə təqdim etmişdir. Belə təqdimat öz-özlüyündə sonra yazılacaq tədqiqatın da - “Füzulidən Vaqifə” məqaləsinin də predmetini müəyyənləşdirmək gücündədir. N.Cəfərovun araşdırmalarında tədqiqatın metodologiyası “ənənəvilik” çərçivəsindən çıxır, irs-varislik əlaqəsi ədəbi təsir səviyyəsində qoyulmur, bir-birini doğuran, bir-birindən doğan ədəbi hadisələr arasındakı qanunauyğunluqlar aşkarlanır. Onun tədqiqatlarında ədəbi-tarixi inkişafın dialektikası üzə çıxarılır. Ədəbiyyat tarixində qalan, yaşamaq hüququ qazanan sənətkarın yaradıcılığı zamanın estetik düşüncəsinin daşıyıcısı kimi götürülür.

“Q.Burhanəddin M.Füzuliyə aparan yolun başında durur”. N.Cəfərovun bu elmi qənaəti onun araşdırmalarının “M.Füzuliyə aparan yolun” hərəkət trayektoriyasını aşkarlamağa istiqamətləndiyini göstərir. “M.Füzulidə bütün dolğunluğu ilə faktlaşan məcnunluq fəlsəfəsi”nin təşəkkülü, estetik hadisəyə çevrilməsinin Q.Burhanəddin, M.C.Həqiqi və Ş.İ.Xətai yaradıcılığındakı təzahür xüsusiyyətləri izlənir. Q.Burhanəddin yaradıcılığı klassik poetik təfəkkürün təşəkkül mərhələsi, M.C.Həqiqi “klassik poeziyanın normativ marağı”nın təcəssümü, Ş.İ.Xətai isə klassik poetik təfəkkürün deformasiyasının, “normativ marağ”ın pozulma başlanğıcının əlaməti kimi dərk olunur. Ş.İ.Xətainin təfəkkür tipindəki dəyişmə onun təcəssümləndirdiyi dövrün"artıq milli mədəniyyətin intibahı ərəfəsi" keyfiyyəti qazanması ilə izah edilir.

“Füzulidən Vaqifə qədər” məqaləsində oxuyuruq: “Füzuli düşüncə tərzinin elementləri Həsənoğludan (XIII) etibarən müşahidə edilir. Qazı Burhanəddin (XIV), xüsusilə Kişvəri (XV) ilə artq müstəqil axara çevrilir; beləliklə, Füzuli üç əsrdən artıq müddətə yetişir. Saib Təbrizidən (XVII) etibarən ətalətlə mövcudluğunu davam etdirən Füzuli düşüncə tərzi getdikcə ekzotikaya çevrilir”. XVII əsr Füzuli estetikasının “ekzotikası” ilə yox, XVIII əsrdə yeni bir təmayül kimi formalaşan Vaqif üslubunun Vaqifəqədərki (Vaqifə aparan, onu yetişdirən) nümayəndələrinin getdikcə daha artıq bir sürətlə özünü təsdiq edən yaradıcılığı ilə yadda qalır. N.Cəfərov bu qənaətdədir ki, Füzuli estetikası kimi Vaqif estetikası da üç əsr təkamül yolu keçmişdir. XVI əsrdə Xətai, XVII əsrdə Əmani yaradıcılığı prinsip etibarı ilə “Füzuli üslubunun nüfuzunu sındırmaq” cəhdi kimi yeni estetik təmayülün Vaqifə qədərki təzahürüdür. N.Cəfərov məhz Vaqif yaradıcılığında bu “cəhd”in baş tutmasında dövrün “ictimai-siyasi şəraiti”nin rolunu önə çəkir. Səfəvilərin süqutu, Azərbaycanın xanlıqlara parçalanması ilə bağlı olaraq “şəhərlərdə mərkəzləşmiş ümumşərq təmayüllü mədəniyyətin” kənd, elat kaloritli estetik düşüncə ilə əvəzlənməsi Vaqif üslubunu “normativ hadisəyə” çevirən ictimai - siyasi və etnik - mədəni amillər kimi qabardılır.

“Füzulidən Vaqifə qədər” məqaləsində hər iki sənətkarın yaradıcılığı mövzu, fikrin estetik ifadə imkanları baxımından müqayisə müstəvisinə gətirilir, nəticə etibarı ilə bədii əksetdirmənin keyfiyyət fərqləri tipoloji cəhətdən ümumiləşdirilir. Məhz həmin ümumiləşdirmələr tarixi dövrləşdirmənin ənənəvi prinsiplərinin əksinə olaraq tədqiqatçının ədəbiyyatımızın Vaqif mərhələsini “XVII əsrdən XX əsrin əvvəllərinə qədərki Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının yeni dövrünə” daxil etməsinin elmi məntiqini üzə çıxarır. Alimin “Azərbaycan intibahı: problemlər, mülahizələr”, “Koroğlunun poetikası”, “Vidadidən Vaqifə qədər (janr texnologiyalarının inkişafı)” məqalələri yeni dövrün ilk mərhələsinin poetikasını mövzu, problematika, obraz, janr - struktur, ənənə və novatorluq planında açmağa istiqamətlənir. “Ədəbiyyatın təkamülü struktur - semiotik planda elə canrların təkamülü deməkdir” qənaətindən çıxış edən ədəbiyyatşünas alim ədəbiyyatın Füzuli estetikasından qopmaqda olan mərhələsində qoşmanın funksionallığının tədricən güclənməsini Vidadi və Vaqif yaradıcılığından gətirdiyi çoxsaylı nümunələr əsasında riyazi dəqiqliklə verə bilir. Beləliklə, N.Cəfərov “qəzəl standartlarından qoşma standartlarına keçid”i “dövrün (XVII-XVIII əsrlərin - T.S.) estetik mahiyyətini təşkil edən” əsas hadisə kimi təqdim edə bilir. Məlumdur ki, Azərbaycan intibahı mədəniyyətimizin və o cümlədən ədəbiyyatşünaslığımızın tam elmi həllini tapmamış problemlərindəndir. Elmi axtarışlarında ədəbiyyatımızın mübahisəli problemlərinə aydınlıq gətirməyi, məsələlərə polemik mövqedən yanaşmağı xoşlayan tədqiqatçı “Azərbaycan intibahı: problemlər, mülahizələr” məqaləsində intibah probleminə tam fərqli elmi münasibət nümayiş etdirir: “Azərbaycan intibahı” dedikdə ... əsasən XI-XII əsrlərdə Azərbaycan mədəniyyətinin çiçəklənməsini ön plana" çəkən tədqiqatçılardan fərqli olaraq o, XVII-XVIII əsr Azərbaycan mədəniyyətini intibah mədəniyyəti sayır. N.Cəfərov XI-XII əsrlər Azərbaycan mədəniyyəti və ədəbiyyatının intibah hadisəsi olması ilə bağlı elmi mövqeyi təkzib edəndə opponentlərinin məsələnin mahiyyətini “ictimai, tarixi, fəlsəfi və ədəbi əsaslar”a söykənərək izah edə bilməmələrini xüsusi vurğulayır. Eyni zamanda o, bunu tamamilə təbii sayır. Alimə görə, “bütün yanlışlıqların kökü intibah epoxasının düzgün müəyyən edilməməsi ilə bağlıdır”.

Bu mülahizəni söyləyərkən o, ümumən intibahı şərtləndirən əsas amilləri yada salır və intibahın milli mədəniyyətin çiçəklənməsi, bu çiçəklənmənin isə “etnik mədəniyyətə, milli mifoloji təfəkkürə qayıtmaq hesabına mümkünlüyü” tezisini irəli sürür.

N.Cəfərov XI-XII əsr Azərbaycan mədəniyyətini “ümumşərq mədəniyyətinin tərkib hissəsi” kimi alaraq onun “çiçəklənməsi”nin “ümumşərq bazası hesabına” olduğunu, “müsəlman mədəniyyətinin ümumi yüksəlişi” ilə şərtlənməsi fikrini irəli sürür. Sübut edə bilir ki, bu mədəniyyət “humanist mədəniyyət idi, lakin milli mədəniyyət deyildi”.

N.Cəfərovun Azərbaycan intibahı ilə bağlı araşdırmaları XVII-XVIII əsrlər mədəniyyətini intibah hadisəsi kimi sübut etməkdən çox, intibahın mövcudluğunu sübut edəcək keyfiyyətlərin XVII-XVIII əsrlər ədəbiyyatında tam şəkildə ehtiva olunması düşüncəsinə söykənir. Əslində Azərbaycan ədəbiyyatında intibahı doğruldacaq şərtlərin fərqli tarixi dövrdə axtarılması ideyası N.Cəfərovda XI-XII əsrlər ədəbiyyatının bu şərtlərə cavab verməməsi, “XI-XII əsrlər Azərbaycan intibahı konsepsiyasının ciddi əsaslara malik olmadığı” qənaətinə gəlməsindən sonra başlanır.

Bizə elə gəlir ki, “Azərbaycan intibahı: problemlər, mülahizələr” məqaləsində XVII-XVIII əsrlər Azərbaycan intibahı problemi ciddi elmi konsepsiya kimi qoyulub və əsaslandırılıb.

Azərbaycan dilinin “intibah mədəniyyətinə xidmət edən vasitə kimi imkan zənginliyi, mədəniyyətin bütün sferalarında bədii düşüncənin ”milli problemlər" ətrafında mərkəzləşməsi, xanlıqlar dövründə kəndin “mənəvi - mədəni yüksəlişin istinadgahına çevrilməsi”, bu mənada müsəlman şəhər mədəniyyəti ilə “oppozisiyada meydana çıxması”, ciddi mifoloji əsaslara malik olması, şifahi xalq ədəbiyyatına dayanıqlılığı, milli özünüdərkin güclənməsi, klassik estetik normaların funksionallığını tədricən itirməsi, realist bədii təfəkkürün estetik norma kimi özünü təsdiq imkanlarının artması və bunun nəticəsi olaraq “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” dastanlarının, Vidadi və Vaqif, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq və b. zəngin irsinin meydana çıxması, mədəniyyətin digər sahələrində milli və humanist meyllərin güclənməsi və s. XVII-XVIII əsr mədəniyyətini intibah mədəniyyəti kimi səciyyələndirən xüsusiyyətlər hesab edilir.

N.Cəfərovun klassik Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilmiş araşdırmaları ilə tanışlıq bizi belə bir qənaətə gətirir ki, Azərbaycan xalqının “öz ədəbiyyatının tarixini bir-birindən təcrid olunmuş ədəbi fakt, yaxud hadisələr şəklində deyil, məhz düzgün elmi metodologiya əsasında sistemli olaraq öyrənmək imkanı” artıq reallığa çevrilməkdədir.

 

 

Təyyar SALAMOĞLU,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 12 yanvar.- S. 6.