Goranboylular yeni ildə
uğurları daha da artırmaq əzmindədirlər
Goranboy rayonu birinci regional
inkişaf proqramından ən çox bəhrələnən
bölgələrdəndir. 2009—2013-cü illəri əhatə
edən ikinci sosial-iqtisadi inkişaf proqramı da rayonda
uğurla həyata keçirilir. Goranboy həm də son ilərdə
dövlət başçısının ən çox səfər
etdiyi, işlərin gedişindən razı qaldığı
rayonlardan biridir. Prezident İlham Əliyevin bura hər gəlişi
böyük ruh yüksəkliyi yaradır, quruculuq tədbirlərini
daha da sürətləndirir. Məhz bu işguzarlığın,
məqsədyönlü fəaliyyətin nəticəsidir ki,
son illərdə Goranboy şəhəri başdan-başa
yeniləşmiş, müasirləşmişdir. Tikinti və
abadlıq işləri rayonun bütün yaşayış məntəqələrinin
simasını dəyişdirmişdir.
Prezident İlham Əliyevin ötən il noyabrın 20-də rayonda olması, ictimaiyyətlə görüşməsi, yeni yaradılmış müasir istehsalat sahələrində olması, Kəlbəcər köçkünləri üçün Veyisli kəndi yaxınlığında salınmış 600 ailəlik EKO qəsəbəsinin və yeni otel istirahət kompleksinin açılış mərasimlərində iştirak etməsi, görülən işlərdən məmnun qalması goranboylular üçün unudulmaz xatirəyə çevrilmiş, onların qurub-yaratmaq əzmini yüksəltmişdır. Ölkə rəhbərinin rayon əhalisini həyatımızı gözəlləşdirməyə çağırması, sosial problemləri sonadək həll etməklə bağlı qarşıya yeni vəzifələr qoyması ötən dövrdə ətraflı müzakirə edilmiş, quruculuq işləri planına yeni əlavələr olunmuşdur. Məqsəd ötən ilin uğurlarını hər sahədə artırmaq, bolluq və firavanlıq yaratmaqdır.
Yeni ilin ilk günlərində rayona səfər etdik. Havaların nisbətən soyuq keçməsinə baxmayaraq, hər yerdə qızğın işin şahidi olduq. Xüsusən, abadlıq sahəsində fəal iş getdiyini gördük. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ötən ilin başlıca yekunları və qarşıda duran vəzifələrdən söz açaraq bildirdi:
— Ötən ilin əvvəlində 2009—2013-cü illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vəzifələr konkretləşdirilmiş, yerli resurslar və digər mənbələr nəzərə alınmaqla, rayonun sosial-iqtisadi inkişaf planı təsdiq edilmişdi. Planda abadlıq-quruculuq işləri, əhalinin içməli və suvarma suyuna olan tələbatının daha da yaxşılaşdırılması, infrastrukturun yeniləşdirilməsi, istehsal və emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdu. İl boyu bütün daxili imkanlar, qüvvə və səylər qarşıya qoyulmuş vəzifələrin vaxtında həyata keçirilməsinə səfərbər olunmuşdur. İcrası respublika təşkişlatlarının səlahiyyətinə aid olan problemlərin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilmişdir. Demək olar ki, 2009-cu ildə nəzərdə tutulan işlər uğurla başa çatdırılmışdır.
Ötən il rayon iqtisadiyyatının bütün sahələrində dinamik artım müşahidə edilmişdir. 2008-ci ilə nisbətdə ümumi məhsul buraxılışı 5,7 milyon manat artaraq 148,6 milyon manata, adambaşına düşən gəlir isə 15 manat artaraq 1157 manata çatmışdır. 2009-cu ildə əhalinin bütün mənbələrdən pul gəlirləri 149,3 milyon manat təşkil etmişdir. Bu da əvvəlki illə nisbətdə 2,4 milyon manat çoxdur. Adambaşına düşən gəlir 1163,9 manat, orta aylıq nominal əmək haqqı isə 185,3 manat olmuşdur.
Növbəti illərdə mərkəzi xəstəxana təmir ediləcək, yeni avadanlıq və inventarla təchiz olunacaq. Rayon gigiyena və epidemiologiya mərkəzi üçün, habelə Əzizbəyov, Qaradağlı, Muzdurlar, Aşağı Ağcakənd həkim məntəqəsi, Balakürd, Qasımbəyli, Yeniyol, Hacallı, Qaramusalı və Qırıxlı tibb məntəqəsi, 17 kənddə sahə baytarlıq məntəqəsi üçün inzibati binaların tikintisi aparılacaq. Goranboy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması işlərinə başlanacaq.
Rayonun bütün problemləri son aylarda bir daha təhlil edilmiş, həlli vacib məsələlər önə çəkilmişdir. Mövcud potensial hərəkətə gətirilməklə, bütün yaşayış məntəqələrində aparılan tikinti-təmir, abadlıq və quruculuq işləri keyfiyyətcə yeni mərhələyə keçmişdir. Goranboy şəhərində icrasına başlanmış tikinti-quruculuq işləri davam etdirilməklə, bu işlər kəndlərimizə tərəf istiqamət götürmüşdür.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ötən müddətdə rayonda tikinti-quruculuq və abadlıq işlərinin həcminin genişləndirilməsinə, 2009–2013-cü illərdə sosial-iqtisadi inkişaf proqramının tələblərinə uyğun olaraq bu işlərin yaşayış məntəqələrində də aparılmasına diqqət artırılmışdır. Rayon mərkəzində, qəsəbə və kəndlərdə görüləcək işlərin həcmi müəyyən edilmiş, daxili imkanlar hesabına onların icrasına başlanılmışdır. İcra intizamı möhkəmlənmiş, məsul kadrlara tələbkarlıq artırılmışdır.
Rayonda olarkən görkəmini dəyişmiş, abadlaşmış obyektlərdən keçdik, hər yerdə səliqə-sahmanla, ürəkaçan mənzərələrlə üzləşdik. Qısa müddət ərzində Goranboy şəhərinin Gəncə istiqamətindən girişində 1950 kvadratmetr əraziyə yaşıl ot örtüyü salınmışdır. Burada 600 metr, V.Bayramov küçəsində isə 1500 metr, R.Rza küçəsində 300 metr piyada yolu tikilmişdir. Şəhərdaxili səkilərin bardürləri rənglənmişdir. Yeni yaşıllıq zolaqlarının salınması məqsədi ilə şəhərin girişinə, V.Bayramov, Vidadi, C.Cabbarlı, Dədə Qorqud və digər küçələrə 8500 kubmetr torpaq tökülmüşdür. C.Cabbarlı küçəsində çirkab suların axıdılması üçün iridiametrli borularla 110 metr kanalizasiya xətti çəkilmişdir. Rövşən Mustafayev küçəsində piyada yolunun tikintisi üçün 450 metr bardür gətirilmiş, tikintiyə başlanmışdır.
Rayon mərkəzi xəstəxanasının inzibati korpusunda cari təmir aparılır. Xəstəxananın həyətində 300 metr bardür qoyulmuş, piyada yoluna üzlük daş döşənmişdir. Giriş darvazası alkapon örtüklə yeni tərtibatda tikilmişdir. Gözətçi otağı təmir edilmiş, həyətdə bulaq kompleksi istifadəyə verilmişdimr. Xəstələrin istirahəti üçün müasir üslubda iki guşə və fontan yaradılır.
Ulu öndər Heydər Əliyevin abiləsi ilə üzbəüz yerləşən ikimərtəbəli yaşayış binasının ətrafında abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Tarix-diyarşünaslıq muzeyində cari təmir işləri aparılmış, yeni avadanlıq quraşdırılmışdır. Ərazi Heydər Əliyev parkına daxil edilərək orada ağaclar əkilmişdir.
Rayon polis şöbəsinin həyətində yenidənqurma işləri aparılmış, ağaclar budanmışdır. Hasar təzələnmiş, piyada yolu yenidən tikilməklə, yaşıllıq zolağı salınmışdır. Goranboy şəhərində yaşayış binalarının yerləşdiyi Civəzadə küçəsində ümumi həyətdə abadlıq-təmizlik işləri aparılmış, istirahət və uşaq əyləncə mərkəzlərinin, xeyir-şər binasının tikintisinə başlanmışdır. C.Cabbarlı və E.Bağırov küçələrinə 3600 kvadratmetr asfalt örtük salınmışdır. Şəhərin Heydər Əliyev prospektində Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin, Goranboy bələdiyyəsinin və mədəniyyət evinin dam örtüyü dəyişdirilmişdir. İdarə və müəssisələrin inzibati binalarında cari təmir, ərazilərində abadlıq işləri aparılmışdır. Şəhərə iki istiqamətdən girişdə ümummilli lider Heydər Əliyevin 4 irihəcmli portreti asılmışdır.
5 kilometr uzunluğunda Goran-Goranboy yoluna yeni asfalt örtük salınmışdır. Həmin yolda, C.Cabbarlı və Civəzadə küçələrində, Gəncə istiqamətdən girişdə işıqlandırma dayaqları qoyulmuşdur. Şəhərdaxili qaz xətlərində lazımi təmir işləri aparılmışdır. Goranboy şəhərinə Qızılhacılı tərəfdən girişdə ümumi görünüşə xələl gətirən elektrik yarımstansiyası 500 metr kənarda yenidən quraşdırılmışdır. Şəhər ərazisində zibilliklər ləğv edilmiş, kənarda müasir zibilxana yaradılır.
İnzibati ərazi dairələrində adamlarla görüşlər ümumi işə kömək edir. Ötən il 11 kənddə keçirilmiş belə görüşlərdə 112 təklif səsləndirilmişdir. 38 kənddə problemlər yerində öyrənilmiş, adamları narahat edən məsələlər operativ həll edilmişdir. Qızılhacılı qəsəbəsindən keçən avtomobil yolunun kənarı çınqıl örtüklə təmir edilmiş, yol kənarında əvvəllər quraşdırılmış beton işıqlandırma dayaqları ləğv edilmişdir. Yolun hər iki tərəfində 30 işıqlandırma dayağı qoyulmuşdur. Əprazidəki hərbi hissənin yöndəmsiz divarı suvanaraq rənglənmişdir. Burada dayanacaq quraşdırılmışdır. Yaxın günlərdə əlavə 4 dayanacaq inşa ediləcəkdir. Qəsəbədə 1 saylı orta məktəbə 400 metr məsafədən yeni su xətti çəkilmişdir. Qəsəbə xəstəxanasında abadlıq işi aparılmış, lazımçız tikili sökülmüşdür. Yol kənarında iri boşluq doldurularaq ağac əkilmişdir. Mərkəzi yolun kənarındakı yöndəmsiz mağaza binaları ləğv edilmiş, ağaclar budanmış, artıq inşaat materialları götürülmüşdür. İcra nümayəndəliyinin inzibati binasının həyətində 250 metr yeni bardür qoyulmuş, 2600 kvadratmetr asfalt salınmışdır. Qəsəbədə abadlıq, quruculuq işləri davam etdirilir.
Cinli, Boluslu kəndinin ərazisindən keçən avtomobil yolunun kənarları da təmizlənmiş, ağaclar budanaraq rənglənmişdir. Kənddaxili küçəyə çınqıl tökülərək hamarlanmışdır. Məktəbin həyətində də ağaclar budanaraq ağardılmış, barı suvanaraq rənglənmişdir. Kənd tibb məntəqəsində hasar rənglənmiş, ağaclar budanmış, səliqə-sahman işləri aparılmışdır. Kəndin kənarındakı parkda zibillik ləğv edilmiş, hasar suvanmışdır. Kənd icra nümayəndəliyinin binası təmir edilmiş, yeni avadanlıq alınmışdır. Girişdə görkəmsiz hasar və darvaza sökülmüş, həmin əraziyə bardür düzülmüş, ağac əkilmişdir. Qaz xətləri rənglənmişdir. Hazırda kənddə abadlıq-quruculuq işləri davam etdirilir.
Goran dəmir yolu stansiyasına gedən yolun hər iki tərəfində zibilliklər və kolluq ləğv edilmişdir. Boşluqlar torpaqla doldurulmuş, stansiyanın həyətinə çınqıl tökülərək hamarlanmışdır. Xan Qərvənd kəndində və kənddən keçən yolun kərarında ağaclar budanaraq rənglənmiş, zibilliklər ləğv edilmiş, qaz xətləri rənglənmişdir. Şəhidlər xiyabanının ətrafında təmizlik işləri aparılmış, kəndə Tərtər istiqamətindən girişdə geniş abadlıq işləri aparılmışdır. Səkilər təmizlənmiş, rənglənmişdir. Kənddən keçən avtomobil yolunun kənarına işıq dayaqları quraşdırılmışdır. Məktəbin həyətində bardür, hasar, ağaclar rənglənmişdir.
Balakürd kəndinin kənarında yerləşən dayanacağın ətrafına bardür düzülmüş, çınqıl tökülərək hamarlanmış, asfalt örtük salınmışdır. Şəhidlərin xatirəsinə ucaldılmış abidənin ətrafında abadlıq işləri aparılmış, ağaclar budanaraq rənglənmişdir. Kənd qəbiristanlığının kənarında da abadlıq işləri aparılmışdır.
Səfikürd kəndində icra nümayəndəliyi və bələdiyyənin yerləşdiyi binada təmir işləri başa çatdırılmış, həyətdə asfalt örtük salınmışdır. Kəndarası yollara çınqıl tökülmüşdür. Səfikürd, Naftalan yolu asfalt örtüklə təmir olunmuşdur. Goranboy—Ağcakənd yolunun kənarında ağaclar budanmış, kol və zibilliklər təmizlənmişdir. Kəndin mərkəzində ticarət obyektlərinin qarşısında abadlıq işləri aparılmışdır. Kənd qəbi ristanlığına hasar çəkilməsi üçün hazırlıq işləri görülür.
Tatarlı kənd icra nümayəndəliyinin binasının fasadı rənglənmişdir. Əraziyə gül kolları əkilmiş, yola çınqıl tökülmüşdür. Orta məktəb binasında təmir işləri aparılır, həyətdə ağaclar budanmış, yararsız bina sökülmüşdür.
Bakı—Qazax yolundan Dəliməmmədli şəhərinə gedən yolun sağ və sol tərəfindəki bardürlər rənglənmiş, yol dairəsi yenidən qurulmuşdur. Yolun asfalt örtüyü təmir edilmişdir. Şəhərdən Sarov kəndinə gedən yoldakı lazımsız dairə sökülmüş, ətrafındakı zibilliklər təmizlənmişdir. 3 küçəyə çınqıl tökülərək hamarlanmışdır. Yol kənarındakı və Dəliməmmədli maşın-traktor stansiyasının həyətindəki ağaclar, “Toran-Pambıq” ASC-nin qarşısındakı avtodayanacaq və binaətrafı ağaclar rənglənmişdir. İpək Yolunun çəkilişi ilə əlaqədar çıxarılmış işıqlandırma dayaqları rənglənərək şəhərdaxili küçələrə qoyulmuşdur. Peşə məktəbinə gedən yola çınqıl tökülmüş, ağac əkilmişdir.
Baxçakürd kəndində kəndarası yollara, habenlə Baxçakük-Dəyirmanlar və Baxçakürd-Ağamalıoğlu yoluna çınqıl tökülərək hamarlanmışdır. Ağaclar budanaraq ağardılmışdır. Əmək qəhrəmanı Bəsti Bağırovanın büstü təmir edilmiş, ətrafı yenidən qurulmuşdur. Baxçakürd kəndinə gələn arx bərpa olunaraq əkinlərə su verilməsi təmin edilmişdir. Yararsız vəziyyətə düşmüş 4 kilometr uzunluğunda Ağamalıoğlu—Dəliməmmədli avtomobil yolunun asfalt örtüyü təmir edilmiş, yol kənarına çınqıl tökülərək hamarlanmış, ağaclar budanamış, zibilliklər ləğv edilmişdir. Kəndə təbii qaz verilməsi üçün xətlər təmir edilmiş, əlavə 100 sayğac qoyulmuşdur. Yaxın günlərdə kəndə təbii qazın verilişi nəzərdə tutulur.
Borsunlu kəndində yolkənarı ağaclar budanaraq rənglənmişdir. İcra nümayəndəliyinin binası təmir edilmişdir. Borsunlu bələdiyyəsinin binasının həyəti təmizlənmiş, hasarı suvanıb rənglənmiş, ağaclar budanaraq rənglənmişdir. Keçmiş əmək qabaqcılı Sayad İsgəndərovanın büstü təmir edilmiş, ətrafı yenidən qurulmuşdur. Mədəniyyət evi təmir edilmişdir. 1 saylı orta məktəbin həyətində gül və yaşıllıqlar səliqəyə salınmış, ağaclar budanaraq rənglənmiş, küknar ağacları əkilmişdir. Borsunlu kənd 2 saylı orta məktəbin həyətində təmizlik işləri aparılmışdır.
Nadirkənd, Veyisli, Rəhimli, Hazırəhmədil, Xoylu, Yolqullar kəndlərində də müvafiq abadlıq-quruculuq və təmir işləri aparılmışdır. Magistral yoldan Muzdurlar kəndinə gedən və kəndin mərkəzindən keçən asfalt yol təmir edilmişdir. Goranlı, Qırıxlı, Xınalı kəndlərinə gedən yollara isə çınqıl tökülmüşdür. Rayonun 7 kəndində kənddaxili körpülər təmir və bərpa edilmişdir. Sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün Balakürd kəndinin və Goranboy şəhərinin üst hissəsindəki sel arxları təmizlənmiş, müvafiq yerlərə iridiametrli su ötürücü beton borular qoyulmuşdur.
Rayonun əksər yaşayış məntəqələrində kəndarası yollara çınqıl tökülərək hamarlanmış, asfalt yollar cari təmir edilmişdir. İnzibati binalarda və sosial obyektlərdə təmir işləri aparılmış, ərazisi abadlaşdırılmışdır.
Prezident İlham Əliyev 2010-cü ili “Ekologiya ili” elan etmişdir. Bununla əlaqədar rayonda görüləcək işlərlə bağlı tədbirlər planı hazırlanmışdır. Artıq rayon üzrə 51,8 min ağac əkilmişdir. Hazırda rayonun bütün yaşayış məntəqələrində abadlıq-quruculuq işləri davam etdirilir. Goranboylular ilin ilk günlərindən bütün sahələrdə yeni uğurları təmin etmək üçün daha böyük səylə çalışırlar.
Goranboyda olarkən bu ilin mühüm buraxılış obyektlərinə də baş çəkdik. Rayon mərkəzində yaradılan üzgüçülük hovuzunda son tamamlama işləri gedir. Yanvar ayında yeni ünvan idmançıların istifadəsinə veriləcək. Hazırda köçkünlər üçün tikilən iki 60 mənzilli, bir 45 mənzilli beşmərtəbəli binalarda işlər sürətlə aparılır. İlin birinci yarısında bu evlərdə tamamlama işləri başa çatacaq. İl ərzində köçkünlər üçün daha doqquz beşmərtəbəli, 504 mənzilli yeni yaşayış binalarının tikintisinə başlanacaq. İlin sonunda isə Rus Borisi kəndində tikintisi sürətlə aparılan 180 yerlik məktəb istifadəyə veriləcək.
Xidmət sahəsi qış aylarında əhaliyə lazımi xidmət göstərir. Sosial sahələrin fəaliyyəti uğurla davam edir. Sənaye müəssisələrində işlər ahəngdar gedir. Fermerlər yaz-tarla işlərinə hazırlığı davam etdirirlər. Yeni il həyatın bu sahələrinə yeniliklərlə qədəm qoyub. Təkcə təqvim, hədəflər təzələnməyib. Ürəklərdəki həvəs, arzu-istək də yenidir. Bütün bunlar goranboyluları yüksəlişin yeni keyfiyyət mərhələsinə aparır.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 12 yanvar.- S. 5.