Azərbaycan iqtisadi artım tempinə görə dünyada ilk sıralardadır

 

Dünyanın nüfuzlu nəşrlərindən hesab edilən “İnternational Living” jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərini açıqlamışdır. Hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğu bildirilir. Jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə etmişdir. Bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilmişdir. Jurnalın bu il açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülmüşdür. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.

 

İqtisadi göstəricilərinə görə Rusiya 38, Gürcüstan və İran 33, Türkiyə 32, Türkmənistan və Ukrayna isə 31 balla qiymətləndirilmişdir. “İnternational Living”in hesablamalarında Azərbaycan iqtisadi göstəricilərinə görə təkcə MDB və region ölkələrindən deyil, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərdən də irəlidədir.

Jurnalın açıqladığı reytinq siyahısında Avropa ölkələrindən Portuqaliya iqtisadiyyatı 35, Malta 36, Slovakiya 37, Yunanıstan isə 39 balla qiymətləndirilmişdir. Dünyanın inkişaf etmiş ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilmişdir. İqtisadi göstəricilərinə görə ən yüksək qiymət-69 bal - ümumi siyahıda 79 balla ikinci yerdə olan İsveçrəyə verilmişdir. Maliyyə böhranının davam etdiyi 2009-cu ildə dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda ümumi daxili məhsulun həcmi 8-9 faiz artmışdır. Halbuki bir çox inkişaf etmiş ölkələrdə ötən il iqtisadi artım müşahidə olunmamışdır. Azərbaycanın iqtisadi artım tempinə görə dünyada ilk sıralarda olduğu beynəlxalq təşkilatların hesablamalarında da öz əksini tapmışdır. Avropa İnkişaf və Yenidənqurma Bankının hesabatında qeyd olunmuşdur ki, Azərbaycan iqtisadi artım tempinə görə Avropa və Mərkəzi Asiya ölkələri arasında ilk üçlüyə daxildir.

Qeyd edək ki, “İnternational Living”in təqdim etdiyi ümumi siyahıya 80 balla Fransa başçılıq edir. ABŞ 78 balla üçüncüdür.

Xatırladaq ki, dünyanın nüfuzlu nəşrlərindən olan sözügedən jurnalın ölkəmizlə bağlı reytinq göstəricisi Azərbaycan iqtisadiyyatının dinamik xarakter daşıdığının təzahürüdür. Bu uğur eyni zamanda artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuş ölkəmizin yeni mərhələdə inkişafın miqyasının genişlənəcəyini şərtləndirir.

Heç kəsə sirr deyil ki, Azərbaycan iqtisadi sahədə keçid dövrünə hədsiz çətinliklərlə, problemlərlə başlamışdır... Yaxın tarixi keçmişi yaxşı xatırlayırıq. SSRİ dağıldıqdan sonra Azərbaycan iqtisadiyyatında böhranlı vəziyyət yaranmışdı. Ölkə həyatının bütün sahələrini bürümüş tənəzzülün qarşısı yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra alındı. Yalnız bundan sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, atəşkəs əldə edilmiş, 1994-cü ildə ilk neft sazişi imzalanmış, irimiqyaslı iqtisadi islahatlara başlanılmışdır. Nəticədə iqtisadiyyata cəlb olunan investisiyaların məbləği ildən-ilə artmış, maliyyə vəziyyəti sabitləşmiş, dinamik iqtisadi artım təmin edilmiş, bütün sahələrdə əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Belə ki, 1995-2003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi və o cümlədən ixrac 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı təxminən 5,6 dəfə artmış, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir. Beləliklə, keçid dövrünün ilk illərində uğurlu strategiya sayəsində ölkənin maliyyə imkanlarının genişlənməsi inkişafın yeni mərhələsinə – sıçrayışlı sosial-iqtisadi inkişafa qədəm qoyulmasını təmin etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifah göstəriciləri davamlı olaraq yaxşılaşmışdır.

Yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. 2004-2008-ci illərdə ümumi daxili məhsulun həcmi 2,6 dəfə artaraq, 1990-cı ilin səviyyəsini 2 dəfə üstələmişdir. Bu dövrdə pul gəlirlərinin ümumi artımı inflyasiyanı 1,8 dəfə üstələmiş, yoxsulluq səviyyəsi 13 faizə enmiş, ölkədə 760 mindən çox yeni iş yeri açılmışdır.

Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunur. Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, özəl sektorun ÜDM-də xüsusi çəkisi 85 faizə çatmışdır. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.

Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etmişdir. Dünyanın aparıcı ölkələrində gedən kəskin resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Yanvar-noyabr aylarında ÜDM-in real artımı 9 faiz, o cümlədən neft-qaz sektorunda 15,1 faiz təşkil etmişdir. Azərbaycanın uğurları nüfuzlu jurnallarda, beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Yazının əvvəlində haqqında söhbət açdığımız jurnal məqaləsi də bunun bariz nümunəsidir.

Yaxud, başqa bir fakt. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, “Doing Business 2010” hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu günlərdə nüfuzlu Standard and Poors beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu “stabildən” “pozitivə” yüksəltmişdir. Beləliklə, iqtisadiyyatımızın bugünkü vəziyyəti keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir.

Mütəxəssislərin fikrincə, sosial-iqtisadi inkişafın yeni mərhələsində qarşıda duran əsas vəzifə makroiqtisadi sabitliyin qorunub saxlanılması olmalıdır. Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da gücləndirilməsi üçün sistemli tədbirlər davam etdirilməlidir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyi də təmin edilməlidir. Bu məqsədlə iqtisadiyyatın şaxələndirilməsi genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.

Növbəti illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, praqmatik, düşünülmüş siyasəti, dönməz iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş hədəflərə nail olunmasını təmin edəcəkdir.

Ümumiyyətlə, 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmişdir. Bu inkişaf istehsalın və investisiyaların məbləğinə, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının məbləği əhəmiyyətli dərəcədə genişlənmişdir. Statistik məlumatlara əsasən, 1995-ci ildə kredit qoyuluşlarının ümumi məbləği 289,8 milyon manat təşkil etdiyi halda, 2008-ci ildə bu rəqəm 25 dəfə artaraq 7,16 milyard manata çatmışdır. Regional inkişaf proqramlarının və infrastruktur layihələrin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi inkişafı üçün güclü baza formalaşmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi - makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin inkişafıdır. SSRİ dağılan zaman heç bir bazar institutuna, heç bir sahibkara, heç bir özəl müəssisəyə malik olmayan Azərbaycanda bu gün ÜDM-in 85 faizi özəl sektorda istehsal olunur, tam bazar prinsiplərinə uyğun qanunvericilik, hüquqi-normativ baza və təsisatlar mövcuddur.

Mütəxəssislər bildirirlər ki, keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrü başlayır. Bu dövrdə ölkənin gələcək inkişafı çoxşaxəli, dinamik, müasir innovasiyalara arxalanan iqtisadiyyatla, xüsusilə onun qeyri-neft sektoru ilə bağlıdır. Qeyri-neft sektorunu inkişaf etdirərkən bu sektorda ənənəvi sahələr ilə bərabər yeni iqtisadi sahələrin, xüsusilə də idxalı əvəzləyən və ixrac yönümlü sahələrin yaradılması istiqamətində mühüm addımlar atılır.

Əlverişli biznes mühitinin inkişafı, eyni zamanda, müasir təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hazırda 500 nəfərə yaxınlaşır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkəmizdə müasir biznes mühitinin formalaşmasına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradır və yaradacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 12 yanvar.- S.1.