Dünya azərbaycanlılarının
bir Vətəni var – Azərbaycan
Hər bir azərbaycanlı
dünyanın hansı ölkəsində yaşamasından
asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin
problemləri ilə yaşamalı, onların həlli
üçün mənəvi məsuliyyət hiss etməlidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə dünya azərbaycanlıları
on səkkiz ildir ki, hər il dekabrın 31-ni milli birlik və həmrəylik
günü kimi böyük təntənə ilə qeyd edirlər.
Bu bayram milli-mənəvi dəyərlərimizin təbliği,
doğma Vətənə bağlılıq dünyanın
müxtəlif diyarlarında yaşayan
soydaşlarımızın yekdilliyi və mütəşəkkillik
ideyalarını təcəssüm etdirir. On səkkiz ildir ki,
dünya azərbaycanlılarının həmrəyliyi
dövlət siyasətimizin əsas istiqamətlərindən
birini təşkil edir. Bu illər ərzində
soydaşlarımızın yaşadıqları ölkələrdə
təşkilatlanması, güclənməsi və əlaqələrinin
möhkəmləndirilməsi istiqamətində xeyli işlər
görülmüş, bir-birindən əhəmiyyətli tədbirlər
həyata keçirilmişdir.
Dünya azərbaycanlılarının
vahid məqsəd ətrafında birləşdirilməsi
ideyasının müəllifi böyük tarixi şəxsiyyət
Heydər Əliyevdir. Ulu öndər Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri olarkən belə bir təşəbbüs
irəli sürmüş və Ali Məclis 1991-ci il
dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik
və Birlik Günü elan olunması haqqında qərar qəbul
etmişdir. Həmin günün bütün ölkə
miqyasında dövlət bayramı kimi qeyd olunması
üçün Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi Azərbaycan Respublikasının Ali Soveti
qarşısında vəsatət qaldırmışdı. Lakin
hakimiyyəti hələ bir müddət də əlində
çaxlamağa çalışan o vaxtkı iqtidarın
başı öz şəxsi mənafelərini qorumağa
qarışdığından belə əhəmiyyətli və
vacib məsələyə “vaxt tapmamışdı”.
1993-cü ildə
xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gələn
ümummilli lider Heydər Əliyev xarici ölkələrdə
yaşayan soydaşlarımızın birləşməsi, məskunlaşdıqları
dövlətlərin ictimai-siyasi həyatında yaxından
iştirak etməsi doğma Vətənlə əlaqələrinin
möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər
həyata keçirdi. Soydaşlarımızın
hüquqlarının qorunması və
qarşılaşdıqları problemlərin aradan
qaldırılmasını diqqət mərkəzində
saxladı.
Sirr deyil ki, ulu öndər
Heydər Əliyev Kremldə tutduğu vəzifəsindən
istefa verdikdən sonra Azərbaycana qarşı təzyiqlər
güclənmişdi. Bütün sahələrdə ermənilərə
güzəştə gedən, daha dəqiq desək, millətlər
arasında ayrı-seçkilik salan, bəzilərinə,
xüsusilə ermənilərə xüsusi münasibət bəsləyən
SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun
dövlət başçısına xas olmayan bu hərəkətindən
sonra Azərbaycana qarşı münasibət beynəlxalq aləmdə
də pisləşmişdü. Ermənilərə
yaradılmış şərait onları xeyli fəallaşdırmış,
Azərbaycana qarşı informasiya blokadasını daha da
gücləndirmişdi. Əsl həqiqətlər,
reallıqlar olduğu kimi yox, ermənilərə sərf edən
formada yayılırdı. Xarici ölkələrdə
yaşayan soydaşlarımızla əlaqə çox zəif
olduğundan, diasporlar arasında həmrəylik
olmadığından, onların fəaliyyəti nəzərə
çarpmadığından Azərbaycan reallıqları
dünya ictimaiyyətinə olduğu kimi
çatdırılmırdı. Erməni diasporları və
lobbisi bundan yetərincə faydalanır, öz çirkin niyyətlərini
asanlıqla yerinə yetirirdilər. Lakin 1993-cü ildən
sonra həyat tədricən öz axarına düşdü.
Ümummilli lider Heydər Əliyev xarici ölkələrdə
Azərbaycan diasporunun formalaşdırılmasını,
lobbiçilik fəaliyyətinin gücləndirilməsini
prioritet vəzifə kimi qarşıya qoydu. Ulu öndərin
təşəbbüsü və himayədarlığı ilə
2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının
ı qurultayı xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması
baxımından tarixi dönüş nöqtəsi oldu. Bu
qurultay xaricdəki soydaşlarımızın ümumi məqsəd,
vahid azərbaycançılıq ideyası ətrafında
sıx birləşməsi yolunda böyük əhəmiyyət
kəsb etmişdir.
Dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və
həmrəyliyin təmin olunması, habelə Azərbaycan
icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi ilə bağlı məsələlərin
müzakirəsi məhz birinci qurultayda reallaşdı.
Ulu öndər xaricdə
yaşayan soydaşlarımıza xitabən demişdir: “Bizim
hamımızın bir Vətəni var — bu, Azərbaycan
dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya
bilər, ancaq azərbaycanlılığını, öz
dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun
qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Qurultaydan sonra
dünyanın, demək olar ki, hər yerində Azərbaycan
dövlətinin diaspor quruculuğu istiqamətində səyləri
gücləndi. Sistemli dövlət siyasətinin həyata
keçirilməsini təmin etmək məqsədi ilə
ümummilli lider Heydər Əliyev 2002-ci ilin iyununda “Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması barədə” fərman imzaladı. Bu sahənin
fəaliyyətinin daha da gücləndirilməsi
üçün qanunvericilik bazasının da zənginləşdirilməsi
qarşıya qoyulmuş əsas vəzifələrdən biri
idi. 2002-ci ilin dekabrında “Xarici ölkələrdə
yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında” Qanunun qəbul olunması bu sahədə həyata
keçirilən dövlət siyasətinin prioritet istiqamətlərini
və hüquqi prinsiplərini müəyyənləşdirdi.
Belə bir qanunun qəbul edilməsi dünya azərbaycanlılarının
təşkilatlanmasını, diaspor quruculuğunu daha da
sürətləndirdi, onlar arasındakı əlaqələri
möhkəmləndirdi və bir bayraq altında cəmləşdirdi.
Dövlət
maraqları ilə milli mənafeyin uzlaşdırılmasının
mahir bilicisi, kamil ustası olan ümummilli lider Heydər Əliyevin
Türk dünyasında, ümumilikdə dünya azərbaycanlıları
arasında böyük nüfuza sahib olması diaspor
quruculuğunda böyük rol oynadı. Bununla yanaşı,
ulu öndərin xarici ölkələrdə soydaşlarımızın
təşkil etdikləri qurumlar, cəmiyyətlər və təşkilatlarla
sıx əlaqə yaratması, problemləri ilə müntəzəm
maraqlanması diasporlarımızın formalaşmasını
xeyli sürətləndirdi, onların fəaliyyətini
stimullaşdırdı. Ulu öndərin diasporların
qarşısına qoyduğu ən mühüm vəzifələrdən
biri də azərbaycançılıq məfkurəsinin bir
ideologiya kimi qəbul edilməsi və dünyanın hər
yerində yaşayan soydaşlarımızın bu ideologiya ətrafında
birləşməsinə nail olunması idi. İllər
keçdikcə diasporlarımızın fəaliyyəti daha
da gücləndi. Artıq Azərbaycan həqiqətləri
dünyanın ən yüksək tribunalarından dünya
ictimaiyyətinə olduğu kimi çatdırıldı. Azərbaycan
informasiya blokadasından nəinki azad oldu, hətta bu sahə əksər
ölkələri geridə qoydu. Beynəlxalq aləmə bəlli
oldu ki, Azərbaycan hökumətinin heç bir dövlətin
ərazisində gözü yoxdur. Əksinə, ölkəmiz
işğala məruz qalmış dövlətdir. Dövlət
başçımızın yeritdiyi daxili və xarici siyasət,
həmçinin diasporlarımızın fəaliyyəti
hesabına dünya ictimaiyyəti şahidi oldu ki, Azərbaycan
sülhsevər, Ermənistan isə işğalçı
dövlətdir. Başqa dövlətlərin əraziləri
hesabına özünü müstəqil dövlət kimi
tanıdan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini
işğal etmiş, bir milyondan artıq
soydaşımızı öz ata-baba yurdundan didərgin
salmışdır. Təəssüf ki, beynəlxalq aləm
bu ədalətsizliyə hələ də dözür. Ermənistanın
işğalçılıq missiyasını davam etdirməsinə
ikili standartdan yanaşır.
Heydər Əliyevin siyasi uzaqgörənliyi, milli təəssübkeşliyi və böyük təşkilatçılığı sayəsində formalaşan diasporlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyəti ilə daha da möhkəmləndi, inkişaf etdi. Möhtərəm Prezidentimizin ölkəyə rəhbərlik etdiyi dövrdə irəliyə doğru atdığı hər bir qətiyyətli addımını müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltməsi və Azərbaycanın iqtisadi qüdrətinin artırması xaricdə yaşayan soydaşlarımızı daha da ruhlandırdı, onları xalqımızın milli maraqları ətrafında daha sıx birləşdirdi. Ölkə Prezidenti fəaliyyətinin ilk günlərindən bəyan etdi ki, hər bir dövlətin xarici siyasətinin uğur qazanmasında mükəmməl formalaşmış və təşkilatlanmış diaspor və lobbinin fəaliyyətinin rolu böyükdür. Ona görə də diaspor quruculuğu işinə xüsusi önəm yetirildi. Biz hadisələrin sonrakı gedişində də bunun şahidi olduq. Artıq dünyanın tanınmış beynəlxalq qurumları və inkişaf etmiş dövlətləri ölkəmiz haqqında əsl reallıqlarla barışmaq məcburiyyətində qaldılar.
2006-cı ilin martında Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakıda Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu sahəsinə xüsusi diqqətin yetirilməsindən xəbər verirdi. Bu qurultayın keçirilməsində əsas məqsəd diaspor quruculuğu istiqamətində görülmüş işləri qiymətləndirmək, xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin daxili siyasətinə təsir imkanlarını öyrənmək, onlara bu sahədə kömək etmək, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsinə maddi və mənəvi dayaq olmaqdan ibarət idi. Qurultayda xüsusi olaraq qeyd olunmuşdur ki, son illər Azərbaycan Respublikası iqtisadi inkişaf yolu ilə inamla irəliləmiş, ümumi daxili məhsulun və sənaye istehsalının artım tempinə görə dünyanın lider dövlətinə çevrilmişdir. Həyata keçirilən iqtisadi islahatlar və qlobal əhəmiyyətli transregional layihələr ölkəyə investisiya axınını sürətləndirmiş, adambaşına düşən xarici sərmayələrin həcminə görə onu MDB və Şərqi Avropa məkanında ön mövqelərə çıxarmışdır. Qısa vaxt ərzində respublikanın əksər rayonlarının, xüsusən Bakı şəhərinin siması xeyli dəyişmiş, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirilmişdir. Ölkənin hərbi qüdrəti ildən-ilə artmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi işlər görülmüşdür. Bu müddət ərzində aparılan hüquqi və siyasi islahatlar müstəqil dövlətimizin demokratik, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla addımladığını təsdiqləmiş, ölkəmizin beynəlxalq nüfuzunu xeyli yüksəltmişdir. Təbii ki, bütün bu uğurlarda diasporlarımızın fəaliyyətini qeyd etmək mütləq vacibdir.
2007-ci ildə Azərbaycan Prezident İlham Əliyevin ideyası ilə Bakıda keçirilmiş Azərbaycan və türk diaspor rəhbərlərinin I forumu da mühüm əhəmiyyətli bir tədbir kimi tarixə əbədi həkk olundu. Bu, dövlət başçımızın iki xalq arasında, həmçinin türk xalqları arasında birliyin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü idi. Bu forum iki dövlətin diasporları arasındakı münasibətləri daha da yaxşılaşdırmış, əlaqələri möhkəmləndirmişdir. Beynəlxalq miqyaslı tədbirlərdə Azərbaycan və türk diasporlarının bir mövqedən çıxış etmələri onların düşmənlərinə, xüsusilə güclü erməni lobbisinə sarsıdıcı zərbə vurmuşdur.
Azərbaycan diasporunun vahid təşkilatda birləşməsi istiqamətində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, diaspor təşkilatlarımızın müxtəlif ölkələrdə bir araya gəldikləri Ümumdünya Azərbaycan Konqresi, Avropa Azərbaycanlıları Konqresi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyaları, Benilüks Azərbaycanlıları Konqresi, Kanada Azərbaycan Təşkilatları Federasiyası, həmçinin digər qurumlar yaradılıb. Bu sıraya Avropa Azərbaycanlıları Konqresini də əlavə etsək, son illər vahid diaspor təşkilatlarının sayının artdığının şahidi olarıq. Bu isə bizim gücümüzün bir yerə cəmləşməsi və artması deməkdir.
Artıq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hamısı dərk edir ki, bizim bir Vətənimiz var — bu da Azərbaycandır. Bizim xalqımız böyükdür, çox böyük! Biz 50 milyonuq, dünya miqyasında böyük bir xalqıq! Bir bayraq altında birləşən 50 milyonluq xalqın qarşısında düşmən tab gətirə bilərmi? Sözsüz ki, yox! Ona görə də doğma Vətənimizin qüdrətini daha da artırmaq, möhkəmləndirmək və dünyanın ən inkişaf etmiş ölkələri sırasına qaldırmaq üçün bir olmalıyıq!
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 12 yanvar.- S. 4.