2009-cu il Azərbaycanın xarici
siyasətində yüksəliş ili kimi qaldı
Ötən il regionda və dünyada baş verən əhəmiyyətli
hadisələrlə yaddaşlara yazıldı. Dövlətlərarası
münasibətlərdə bəzi məsələlərə
aydınlıq gətirildi, bəzi mühüm problemlərin
həlli üçün atılan addımlar isə yenə də
nəticəsiz qaldı. Ən əsası 2009-cu il ərzində
başlanan qlobal və regional proseslər beynəlxalq
münasibətlər sistemində yeni tendensiyaların
yaranmasına rəvac verdi. Siyasi İnnovasiya və
Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu
ilə söhbətimiz də məhz ötən il Azərbaycanın
maraq dairəsini əhatə edən sahələrdə və
coğrafiyada baş verən hadisələrlə bağlı
oldu:
— Mübariz müəllim,
ötən il beynəlxalq aləmdə və regiondakı yeni
geosiyasi və iqtisadi vəziyyət Azərbaycanın bölgə
və dünya ölkələriylə münasibətlərinə
necə təsir göstərib?
— Mən belə başa düşürəm ki, siz bu sualınızla ilk növbədə həm Türkiyə — Ermənistan sərhədlərinin açılması məsələsinə, həm də qlobal maliyyə böhranına və onun Azərbaycana təsirinə eyham vurursunuz. Bəri başdan qeyd edim ki, ötən il Surixdə Ankara ilə İrəvanın müvafiq protokolları imzalamasına paralel olaraq, Türkiyə rəhbərliyi tərəfindən səsləndirilən bəyanatlarda bildirildi ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayanadək, sənədlər parlamentdə ratifikasiya olunmayacaq. Bu bəyanatla həm Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğan, həm də Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin çıxış edib. Hər ikisi də Bakıya gələrək, məhz burada Ankaranın rəsmi mövqeyini Azərbaycan tərəfinə çatdırıblar. Təbii ki, bu il həmin açıqlamaların səmimi olub olmadığı hamı üçün tam aydın olacaq.
Qlobal böhrana gəlincə, dünyanın nəhəng dövlətləri iqtisadi sıxıntılara düçar olduğu halda, sevindirici haldır ki, Azərbaycan tam əksinə olaraq inkişaf etdi. Bunu dünyanın nüfuzlu nəşrlərindən hesab olunan “İnternational Livinq” jurnalının dünyanın 194 ölkəsində apardığı araşdırmalar da təsdiq edir. Reytinq göstəricisinə əsasən, Azərbaycan iqtisadiyyat sahəsində 2009-cu il üzrə MDB və region ölkələri arasında liderdir. Bu, ötən il də ölkəmizin iqtisadi yüksəlişə nail olduğunu sübut edən ən önəmli fakt hesab oluna bilər. Təbii ki, hər sahədə diqqəti cəlb edən inkişaf bu il də davam edəcək.
Ötən il Azərbaycan beynəlxalq münasibətlər sahəsində də mühüm nailiyyətlər əldə edib. Azərbaycanın şimal qonşumuzla — Rusiya ilə əlaqələri çox uğurlu mərhələyə qədəm qoydu. Təsadüfi deyil ki, Prezidenti İlham Əliyev bu münasibətləri problemsiz münasibətlər kimi dəyərləndirdi. Rusiya Prezidenti Dmitri Medvedevin şəxsi ehtiram əlaməti olaraq Prezident İlham Əliyevi Ulyanovsk şəhərindəki hava limanında qarşılaması da əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyinin göstəricisidir.
Dünyanın supergücü hesab olunan ABŞ da ötən il Azərbaycana marağının artdığını açıq şəkildə bəyan etdi. Vaşinqton Azərbaycanı üç vacib regionda - Yaxın Şərq, Avropa və Mərkəzi Asiyanının qovşağında yerləşən strateji tərəfdaşı hesab etdiyini açıqladı. Xüsusi vurğulamaq istəyirəm ki, bu, müstəsna əhəmiyyətə malik olan qiymətdir və supergücün Cənubi Qafqazda hansı ölkəyə daha çox diqqət yetirdiyini göstərən faktdır. ABŞ-la münasibətlərimizin tarixinə nəzər salanda indiyədək belə yüksək qiymətin verilmədiyinin şahidi olarıq. Ancaq maraqlı burasıdır ki, Vaşinqtonun Azərbaycanla bağlı siyasətində ziddiyətli məqamlar hələ də qalmaqdadır. Belə ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən ABŞ, oradakı separatçılara 8 milyon dollar məbləğində vəsait ayırdı.
Azərbaycanla Avropa İttifaqı arasında da gələcəyə hesablanmış mühüm strateji addımlar atıldı. Ölkəmiz İttifaqın “Şərq tərəfdaşlığı” proqramına qoşuldu. Bundan başqa, Azərbaycan Avropa istiqamətində özünün müstəqil qaz bazarını yaratmağa başladı. Qazın və qazın nəqlinin qiymətləri ilə bağlı Türkiyə ilə Azərbaycan arasında yaranmış vəziyyət ölkəmizi buna təhrik etdi. Eyni zamanda, Azərbaycan Rusiya və İrana da qaz satmaqla bağlı müqavilələr imzaladı. Qəzvin-Rəşt-Astara dəmiryolu xəttinin tikilməsi ilə məşğul olan müəssisənin yaradılması ilə bağlı Rusiya, Azərbaycan və İran prinsipial qərar qəbul etdilər. Bu üç dövlət arasında vahid elektroenergetika sisteminin yaradılması barədə danışıqlar da uğurlu oldu. Bütün bunlar region dövlətləri ilə münasibətlərimiz inkişaf etdiyini göstərir.
— Təbii ki, bizim ən ağrılı problemimiz Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsidir. Bu mənada ötən ili Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından necə qiymətləndirmək olar?
— Mən ötən ili “Qarabağ ili” adlandırardım. 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarkisyan arasında çoxsaylı görüşlər keçirildi. Danışıqlarda müzakirə olunan bütün yeni elementlər İrəvanın ziyanına idi. Təkcə bunu demək kifayətdir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentləri adından yayılmış “Yenilənmiş Madrid prinsipləri” bütün “vətənpərvər” ermənilər tərəfindən Ermənistanın “milli mənafeyinə böyük təhlükə” hesab olunur.
Digər tərəfdən, iki il dalbadal Dağlıq Qarabağla bağlı iki mühüm sənəd imzalanıb ki, bunun biri də ötən ilin payına düşür. Həmin sənədlər 2008-ci il noyabrın 2-də Mayndorf Bəyannaməsi və 2009-cu il dekabrın 1-də Afinada ATƏT-in Nazirlər Şurasının 17-ci iclasında iştirak edən 5 dövlətin nümayəndələri — ABŞ Dövlət katibinin müavini, Rusiya, Fransa, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən imzalanan qətnamədir. Bunu xüsusi qeyd etmək istərdim ki, həmin qətnamədə ATƏT tarixində ilk dəfə “xalqların bərabərliyi və millətlərin öz müqəddəratını təyinetmə hüququ” təsbit olunub. Bu günə qədərsə həmin ifadə “millətlərin öz müqəddəratını təyinetmə haqqı prinsipi” kimi yazılırdı.
— “Xalqların bərabərliyi” ifadəsinin sənədə əlavə olunması nəyi dəyişdirdi? Ümumiyyətlə, Afina qətnaməsinin digər sənədlərdən fərqi nədir?
— Fakt budur ki, Dağlıq Qarabağ probleminin həlliylə bağlı irəli sürülən əvvəlki formulla indiki arasında prinsipial fərqlər var. Bu fərq təkcə hüquqi deyil, həm də siyasi fərqdir. Bu günə qədər deyilirdi ki, münaqişənin tənzimlənməsində beynəlxalq hüququn iki prinsipi bir-biri ilə “mübarizə aparır”: Biri ərazi bütövlüyü, digəri isə millətlərin öz müqəddəratını təyinetmə hüququdur. Bura “xalqların bərabərliyi” sözünün əlavə olunması, o deməkdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər vilayətin Ermənistana birləşdirilməsini istəsələr də, eyni hüquqdan istifadə edən yerli azərbaycanlılar bölgənin Azərbaycanın tərkibində qalmasını tələb edə biləcəklər. Yaradılan komissiya isə bunu müəyyənləşdirəcək. Bu, Azərbaycanın ərazi bütövlüyünə əlavə bir dəstək xarakteri daşıyır.
Digər tərəfdən, Ermənistan çalışırdı ki, ATƏT-in qətnaməsində prinsiplərin sadalanma ardıcıllığını dəyişdirsin. Hətta bu ardıcıllığı dəyişdirmək üçün Ermənistanın təkidi ilə növbəti iclas da keçirilib. Ancaq rəsmi İrəvanın təkliflərini heç bir tərəf ciddi qəbul etməyib. Ardıcıllıq belədir: Güc və ya güc hədəsi tətbiq etməmək, ərazi bütövlüyü, üçüncüsü isə xalqların bərabərliyi və millətlərin öz müqəddəratını təyinetmə hüququ məsələsidir. Nalbandyan hətta, ATƏT-in Nazirlər Şurasının iclasında çıxışı zamanı bu ardıcıllığı öz bildiyi kimi, yəni ərazi bütövlüyü prinsipini son sırada göstərməyə çalışdı. Lakin Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlunun ciddi reaksiyası nəticəsində susmaq məcburiyyətində qaldı. Burada bir məqamı da qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycan ötən il “4 tərəfli hücum” taktikasını həyata keçirməyə başladı. Hazırda prosesdə ölkəmiz siyasi, diplomatik, hərbi və iqtisadi gücündən maksimum istifadə edir. Azərbaycanda hərbi proseslərin inkişafındakı müsbət dinamika mühüm əhəmiyyətə malikdir. Ötən il ölkəmizdə genişmiqyaslı hərbi təlimlər keçirildi. Təlimlər də göstərdi ki, ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir və Silahlı Qüvvələr Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları dərhal yerinə yetirmək qüdrətinə malikdir. Hərbi sənaye sahəsində də ölkəmiz böyük uğurlar əldə etdi. İstehsal edilən məhsulların sayı artırılaraq 453-ə çadırıldı. Bu baxımdan, mən ötən ili həm də Azərbaycan üçün “hərbi il” hesab edirəm. Ermənistanın düşdüyü vəziyyət isə çox acınacaqlıdır. Erməni hakimiyyətinin yürütdüyü siyasət nəticəsində ölkə müdafiəsiz vəziyyətə düşüb, ətrafında geosiyasi boşluq yaranıb. Ermənistanın ən yaxın müttəfiqi Rusiya ilə münasibətləri də kifayət qədər mürəkkəbləşib. İrəvanın Moskvadan “qaçmaq” siyasəti əvvəllər Rusiya tərəfindən önəmsiz addım kimi qəbul edilirdisə, indi vəziyyət tamam başqadır. Təkcə onu demək kifayətdir ki, ilin sonlarına yaxın Ermənistan və Rusiya prezidentləri təxminən üç dəfə eyni məkanda olsalar da, Dmitri Medvedev Serj Sarkisyanla bir dəfə də görüşmədi. Yəni Ermənistan artıq təklənməyə doğru gedir. Ölkədə iqtisadi vəziyyət də acınacaqlıdır. Ötən il Ermənistanın milli valyutası olan dram devalvasiyaya uğradı. Beynəlxalq maliyyə qurumları 2009-cu ildə iqtisadi geriləmənin 18,6 faiz təşkil etdiyini bildirdilər. Azərbaycanda isə əksinə, 8 faizdən çox iqtisadi artım qeydə alınıb. Bütün bunları nəzərə alan Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycanın hərtərəfli inkişafı və artan hərbi potensialı qarşısında davam gətirə bilməyəcək. Bəlkə də ona görə, 2009-cu ilin sonunda Ermənistan xalqına müraciətdə Serj Sarkisyan Dağlıq Qarabağ və onun “müstəqilliyi” barədə qətiyyən danışmadı. Bunu mən inqilabi dəyişiklik hesab edirəm. Çünki bu vaxtadək Sarksiyan da daxil olmaqla Ermənistan prezidentlərinin hamısı öz çıxışlarında üç əsas amili xüsusi vurğulayırdılar: Ermənistanın bu günü və gələcəyi, Dağlıq Qarabağın “müstəqilliyi” və diasporla əlaqələrin inkişafı. Sarkisyan bu dəfəki çıxışında yalnız iki məsələ barədə danışdı. Dağlıq Qarabağ barədə bir kəlmə belə demədi. Bu da Serj Sarkisyanın Dağlıq Qarabağın “müstəqilliyi” üstündən xətt çəkdiyini göstərir.
Bununla belə, Sarkisyanın bəyanatlarına qətiyyən inanmaq lazım deyil. Nəzərə almalıyıq ki, Ermənistandakı partiya Dağlıq Qarabağ kartı ilə hakimiyyətə gəlib. İkincisi, erməni prezident danışıqlar prosesində də tez-tez mövqeyini dəyişir. Unutmayaq ki, “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması razılaşdırılıb”, “Dağlıq Qarabağda yaşayan azərbaycanlıların Dağlıq Qarabağa qayıdıb yaşamaq hüququ var” bəyanatları da Sarkisyana aiddir. Ancaq bir müddət sonra o, öz bəyanatlarını təkzib edib. Bütün bunlara baxmayaraq, proseslər də göstərir ki, vaxt-vədə çatmaq üzrədir. İnanıram ki, 2010-cu il münaqişənin həllində ciddi dönüş ili olacaq. Başqa bir məqama diqqət yetirək. Ermənistan 2008-2009-cu illər ərzində regionda formalaşan siyasi arxitekturanın onun əleyhinə olduğunu anlayır. Ona görə də Cənubi Qafqazda “maraqlar kokteyli” yaratmağa çalışır. Çin, Suriya, Xorvatiya və Serbiya kimi ölkələrlə İrəvanın münasibətlərini inkişaf etdirmək cəhdi də bununla bağlıdır. İrəvan istəyir ki, bununla regionda maraqların toqquşması meyllərini gücləndirsin. Yəni əgər “bölgədə vəziyyət mənim xeyrimə deyilsə, qoy, hər kəsin ziyanına olsun” prinsipi ilə hərəkət edir. Gürcüstanın MDB-dən çıxması nəticəsində Ermənistan qurumla birbaşa ərazi təmasını da itirdi. Hazırda Ermənistanın üzv olduğu heç bir ciddi qurumla coğrafi təması qalmayıb.
Ötən il İrəvan Cavaxetiya məsələsini daha çox gündəmdə saxlamağa çalışdı. Erməni prezident Sarkisyan Gürcüstanın tərkibində olan Cavaxetiyada erməni dilinə regional dil statusu verilməsini rəsmi olaraq gündəliyə gətirdi. Bu da onu göstərir ki, İrəvan bu bölgəyə qarşı iddialarını artıq yüksək səviyyələrdə də dilə gətirməyə başlayıb. Səbəb isə budur ki, ermənilər Ermənistanın coğrafiyasını uğursuz hesab edir. Bu uğursuzluğu aradan qaldırmaq üçün Cavaxetiyanın ölkənin tərkib hissəsi olmasını vacib sayırlar. Yayılan məlumatlardan da məlum olur ki, Gürcüstan rəsmiləri hələlik bağlı qapılar arxasında ermənilərə etirazlarını bildirirlər. Qarşılıqlı ittihamların açıq müstəvidə davam etməsi ehtimalı isə yüksəkdir.
Ötən il üçün xarakterik olan bir məsələyə də toxunmaq istərdim. Bu, qloballaşma prosesinin ortaya yeni yanaşma çıxarmasıyla bağlıdır. Həmin yanaşma isə bundan ibarətdir ki, dövlətlər artıq öz regionlarındakı münasibətlər vasitəsi ilə beynəlxalq aləmə çıxmalıdır. Yəni hər bir dövlət ilk növbədə özünü mənsub olduğu regionda iqtisadi, geosiyasi və təhlükəsizlik parametrlərində təsdiq etməlidir. Bu prosesə regionallıq və ya qlokallaşma adı verilib. Qlokallaşma Cənubi Qafqaz üçün ilk növbədə aktualdır. Çünki bu region müasir dünyanın vacib kommunikativ regionudur. Yuxarıda sadaladığım parametrlərə nəzər saldıqda isə bir daha aydın olur ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.
Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2010.- 12 yanvar.- S. 4.