"Aşıq Şəmşir gözəl ustadnamələr yaradıb"

 

Gülxani Pənah: "O, milli aşıq sənətimizin incəliklərinə dərindən bələd olan sənətkardır"

 

Aşıq Şəmşir XX yüzil Azərbaycan aşıq poeziyasının inkişafında mühüm rol oynamış sənətkarlarımızdan biridir. Araşdırmaçı Gülxani Pənah deyir ki, ozan-aşıq sənətini xalqımız minilliklərdən bəri qoruyub saxlayıb. Aşıq şeirinin ən qədim nümunələri Dədə Qorqud dövründən çox-çox əvvəl yaranıb təşəkkül tapıb. İstər ozanlar olsun, istərsə sonrakı dövrlərdə aşıq adlanan saz-söz sənət ustadları el içində sayılan, seçilən, istedadına, biliyinə hörmət edilən şəxsiyyətlər olublar: "Xalqın xeyir-şər məclislərinin yaraşığı olan aşıqlar onların istək arzularını öz şeirlərində ifadə etdiklərindən onlara daha yaxın olub, sevilib, seçiliblər. Aşıq ədəbiyyatımız onun ayrı-ayrı nümayəndələrinin hesabına inkişaf edib, formalaşıb. Dədə Qorqud, Dədə Kərəm, Dədə Əmrah, Dədə Novruz digər söz ustadlarının yaratdığı bədii sözə xalqımız həmişə yüksək qiymət verib, onların sələfləri bu böyüklüyü, ucalığı qoruyub saxlamağa çalışıblar. Qurbani, Miskin Abdal, Qul Mahmud, Koroğlu, Aşıq Cünun, Vanlı Göyçək, Sarı Aşıq kimi ustadların da hər biri fərdi yaradıcılığı ilə aşıq ədəbiyyatının bədii tamlığına müəyyən bir yenilik əlavə edib, onu zənginləşdiriblər. Tarixin müxtəlif pillələrində yetişən Yunis İmrə, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər digər onlarla, yüzlərlə el ustadları içərisində XX yüzilin ən böyük saz söz ustadlarından biri kimi tanınan Aşıq Şəmşir var. Aşıq Şəmşirin mükəmməl aşıq kimi yetişməsində doğulub böyüdüyü mühit mühüm rol oynayıb. O, Aşıq Qurbanın ailəsində dünyaya göz açıb, Aşıq Alı, Aşıq Ələsgər kimi böyük saz-söz sənətkarlarının sənətindən ilham alıb, bu kök üstə pərvəriş tapıb, püxtələşib, yazıb-yaradıb sənətilə xalq içərisində ustad aşıq kimi hörmətlə xatırlanmaqdadır. Aşıq Şəmşir yaradıcılığı şeiri, sənəti, onun sənətkarlıq qüdrəti haqqında çoxlu fikirlər, elmi, nəzəri mülahizələr söylənilib, yazılar yazılıb".

Araşdırmaçı qeyd edir ki, Aşıq Şəmşir yaradıcılığında gəraylıları mühüm yer tutur: "Azərbaycan şeirinin ən qədim şəkillərindən olan gəraylılar məzmun zənginliyilə diqqəti cəlb edir. "Birdi", "Endi", "Dağların", "Sənin", "Yalvara-yalvara", "Gəlin", "Başına" s. gəraylıları sənətkarlıq baxımından aşığın seçilən gəraylılarıdır. "Birdi" gəraylısında aşıq çətin gündə mərd iyidin qorxmazlığını, dəyanətini tərənnüm edir. "Dava günü mərd iyidə bərk birdi, boş da birdi"- deyir. Arif kəsin gözaçıqlığı, söz qanmağı əsasdır. Arif kəs işarədən qanan olar. Şair dost qədrini bilməyənlərə, el halına yanmayanlara, ağzının dadını bilməyənlərə, bal ləzzətini qanmayanlara "şor da birdi, da birdi"- deyir sətiraltı cahil, qanmaz, namərd insanları tənbeh edir. "Dağların" gəraylısında dağların gözəl, heyranedici görkəmi, füsunkar təbiəti lirik bir dillə tərənnüm olunur. Aşıq yazda "xalı tək" bəzənən al yaşıl yaylaqları, qoyun-quzu mələşməsi ilə xoş ovqatlı dağların nərgizini, bənövşəsini, ətəkləri "göy meşəli" eli, obalarını, çoxlu "soyuq bulaqlarını", kəklik səkən qayalarını, güllü-çiçəkli sinəsinə çökən dumanını, gözəl-göyçək təpələrini, ördəkləri yaraşığı olan göllərini, "sonalı" çaylarını, "şırıltıyla" axan çaylarını tərənnüm edir. Ümumiyyətlə, Aşıq Şəmşirin gəraylıları lirik tutumuna, bədii estetik gücünə, məzmun zənginliyinə, bədii ifadə, təsvir vasitələrinin zənginliyinə görə qiymətli sənət nümunələridir. Qoşmaları da lirik tutumuna, bədii estetik təsir gücünə görə gözəldir. "Var", "Ağdabana", "Bülbül", "Olaydı" kimi yüzlərlə qoşmanın müəllifi olan şair bu rəngarəng mövzulu sənət əsərlərində ustad sənətkar kimi diqqəti cəlb edir. Qoşmalarında el sevgisi, nəcib, gözəl əxlaqi keyfiyyətlər təbliğ olunur, zəmanədən şikayət var, oğurluq, xəsisilik, xəbislik, özgə malına susamaq tənqid edilir. Mövzu, şəkil oxşarlığı olsa da, orijinal keyfiyyətlərilə seçilən qoşmaların müəllifi Aşıq Şəmşir Ələsgərin, Qurbaninin, Molla Pənah Vaqifin adını çəkmədiyim onlarca şair el sənətkarlarının qələmə aldığı mövzulara müraciət edib. "Pəri", "Dağlar", "Yaylaq" s. qoşmaları buna misaldır".

Aşıq Şəmşir yaradıcılığının sənətkarlıq məsələləri barədə danışan G.Pənahi bu qənaətdədir ki, Aşıq Şəmşir milli aşıq sənətimizin incəliklərinə dərindən bələd olan sənətkardır: "Onun qoşmalarının, gəraylılarının dili xalq şeiri üslubunda kökləndiyindən əsərləri aşıq yaradıcılığının kamil sənət nümunələridir. Şeirlərinin dili bədii cəhətdən zəngin, obrazlı, canlı xalq danışıq üslubundadır. Qurbaninin tərənnüm etdiyi Bənövşə aşığın ruhuna, əhval-ruhiyyəsinə uyğun bir dillə vəsf edilir. Yarından ayrı düşüb boynu bükük qalmış aşiq bənövşənin boynu büküklüyünü ayrılığın gətirdiyi qüssə, qəm kimi ifadə edir. Qurbaninin əksinə olaraq Aşıq Şəmşir burada nikbindir. Yazın gəlişini duyan kimi, dağların qarı əriyib axan kimi "dağın sinəsinə" düzülən bənövşələr şairin nikbin ruhuna uyğun vəsf edilir. Aşıq Şəmşirin yaratdığı qoşmalar, gəraylılar, təcnislər, ustadnamələr, müxəmməslər, cığalı müxəmməslər, divanilər digər müxtəlif şeir şəkillərindən istifadə etməklə yaratdığı əsərlər sənətkarlıq imkanlarını, yaradıcılıq istedadını, aşıq sənətinin sirlərinə dərindən bələd olmasını sübut edir.

Onun təcnisləri qoşmaları içərisində mühüm yer tutur. "İndi, "Tərəf", "Qaldı", "Yaz", "Ay qara bağlar", "Məni" digər təcnisləri aşıq şerinin gözəl nümunələridir. Təcnislərində ayrı-ayrı bəndlər arasında yaratdığı cinas qafiyələr daxili məna ilə vəhdətdədir. Ustadnamələr elə bir yaradıcılıq məhsuludur ki, sənətkardan onun yaradılması üçün dərin bilik, həyatı yüksək şəkildə müşahidə edə bilmək qabiliyyəti ilə yanaşı, sənətkarlıq da tələb edir. Adətən ən böyük ustadlar saz, söz sənətini öyrətdikləri, bu sahədə yetişdirdikləri gələcəyin mükəmməl aşıqlarına - şagirdlərinə, eləcə aşıq sözünə yüksək qiymət verən insanlara mərifət, ədəb-ərkan sahibi olmaları üçün nəsihətlərini veriblər. Bu nəsihətlər ustadnamələrin əsas məzmununu ideyasını təşkil edir. Özündən böyüklərə kiçiklərə hörmət etmək, halal zəhmətlə yaşamaq, təmiz əxlaqa, düzlüyə, dəyanətə sahib olmaq, xalqını, vətənini sevmək, el yolunda mərd, mübariz olmaq kimi keyfiyyətlərə malik olmaq ustadnamələrin əsas qayəsidir. Aşıq Şəmşir xalqın yaratdığı dastanlardan, özündən əvvəlki ustad sənətkarların qoyub getdiyi ənənələrdən faydalanaraq gözəl ustadnamələr yaradıb. Ustadnamələr aşıq şeirinin ən qiymətli inciləridir. Şairin nəzərində əlindən ancaq yaxşı işlər gələn insana pislik etmək ədalətsizlik, haqsızlıq, günahdır. İnsanları ağzıbütöv olmağa, sirrini sirr saxlamaz adama açmamağa çağırır. İlqarsız dostların səxavətli olmadığını bildirir. Hünərsiz, bacarıqsız, qabiliyyətsiz, bacarmaz insanların özünü öyməsi, boş yerə "qayna"yıb coşması mənasızdır, gülüncdür.

Aşıq Şəmşirin yaradıcılığı elə bir dövrə təsadüf edir ki, bu dövr klassik aşıq poeziyası ilə müasir aşıq poeziyası arasındadır. Aşıq ədəbiyyatının əsas mövzularından biri olan məhəbbət mövzusu Aşıq Şəmşir yaradıcılığında özünəməxsus bir dillə, dəsti-xətlə vəsf olunur. Onun lirikasında insanın arzu istəkləri, ülvi duyğuları, hiss həyəcanları, təbiətin gözəlliklərinin insanda doğurduğu əhval-ruhiyyə tərənnüm olunur. Məhəbbət insanları bir-birinə bağlayır, onları bir-birinə yaxınlaşdırır. Saf duyğular, ümumbəşəri nəcib təmiz hisslər, insanlarda həyat eşqini artıran məhəbbət onun yaradıcılığının ruhunu təşkil edir. Yaşadığı, qoynunda böyüyüb boya-başa çatdığı təbiətin zəngin, bir-birinə bənzəməyən bənzərsiz gözəlliklərini tərənnüm edir.

Gördüyü gözəlliklərdən ilham alan saz, söz, musiqi ustadından bizlərə yadigar qalan lent yazılarında öz ifasında canı-dildən söylədiyi misraların insanda yaratdığı unudulmaz duyğular hələ çox-çox ürəkləri bizdən sonra da yerindən oynadacaq.               

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 13 yanvar.- S.14.