Fərdi və ictimai katarsis
Akademik R.Mehdiyevin “İctimai və humanitar elmlər:
zaman kontekstində baxış” adlı məqaləsində
müasir Azərbaycan cəmiyyətində gedən proseslərin,
onların pozitiv və neqativ cəhətlərinin, eləcə
də ictimai və humanitar fikir tariximizin öyrənilməsinin
ictimai elmlərin qarşısında duran ən mühüm vəzifələrdən
biri olduğu və bu məsələdə ictimai elmlərin
hələ lazımi səviyyədə olmadığı
göstərilir. İctimai elmlərin cəmiyyətin
ümumi inkişaf tempindən geri qalması, günün tələblərinə
cavab verə bilməməsi böyük narahatlıq
doğurur. Çünki ictimai elmlər nəinki günün
tələblərinə cavab verməli, hətta indi
başlanğıc və ya ilkin halında özünü
göstərməkdə olan proseslərin, hadisələrin gələcək
istiqamətini müəyyənləşdirməli, lazım gəldikdə
onların inkişafına müəyyən düzəlişlər
verməklə bu və ya digər istiqamətə yönəltməyi
bacarmalıdır.
Başqa sözlə,
ictimai elmlər cəmiyyətin nəbzini tutmağı
bacarmalıdır. Belə olmazsa biz inkişafımızın
istiqamətini müəyyənləşdirməkdə
çətinlik çəkər, sözdə inkişafdan
danışar, işdə isə yerində sayar və yaxud
geriləyə bilərik.
Ardıcıl ictimai inkişaf bir-birilə düyünlənən, bir-birilə kəsişən, bir-birini tamamlayan, bir-birilə vəhdətdə olan çoxsaylı sahələrin sinxron, yaxud kompleks halda araşdırılmasından, düzgün strategiya hazırlanmasından asılıdır. Taktiki gedişdə isə bu sahələrdən hər hansı birini, yaxud bir neçəsini ön plana çəkmək olar. Nəyə və yaxud nələrə isə üstünlük vermək olar.
Akademik R.Mehdiyevin məqaləsində ən çox diqqət verilən məqamlardan biri fəlsəfə elmi və bu sahədə aparılan tədqiqatların həm elmi, həm də praktik əhəmiyyəti məsələsidir. Bu isə hər şeydən əvvəl, hələ də fəlsəfənin elmi və praktik əhəmiyyətini başa düşə bilməyənlər, ali təhsil sistemində onu sıxışdırıb çıxarmağa çalışanlar üçün həm ciddi izah və həm də xəbərdarlıqdır. Çünki R.Mehdiyev yüksək səviyyəli alim-filosof olmaqla yanaşı, həm də yüksək səviyyəli dövlət xadimidir və onun fikirləri yalnız onun mövqeyi olmayıb, həm də haqqında söhbət gedən məsələlərdə dövlətin mövqeyini əks etdirir. Göründüyü kimi, dövlət ictimai elmlərə onların inkişafına, həm elmlər sistemində, həm də cəmiyyət həyatında nüfuzlu yer tutmasına böyük diqqət və əhəmiyət verir. Buna görə də ictimai elmlərdə, o cümlədən fəlsəfədə bügünkü Azərbaycan üçün hələ heç bir aktuallıq kəsb etməyən, bəlkə heç gələcəkdə də nəyə isə yaramayacaq və hətta onların yarandığı yerlərdə belə adi, sıravi bir fikir istiqaməti sayılan ideyaları Azərbaycana gətirməyə, burada onun haqqında kitab və məqalələr, hətta müxtəlif səviyyəli dissertasiyalar yazmağa o qədər də ehtiyac yoxdur. İnsan hüquqları adı altında eynicinslilərin əlaqəsi, azad kəbin, yaxud vətəndaş kəbini kimi hadisələr Azərbaycanın ənənə və yaşayış tərzinə uyğun olmayan bir şeydir və belə hallar ictimai təcridolunmaya, ictimai qınağa gətirib çıxaran hallardır və azərbaycanlılar üçün qəbuledilməzdir.
Hazır fəlsəfi konsepsiyaları götürmək və mahiyyətinə fikir vermədən Azərbaycandan götürülmüş bir neçə faktla onların üzərində müəyyən kosmetik əməliyyatlar aparmaqla azərbaycanlılaşdırmaq nə elm üçün, nə də hər hansı bir praktika üçün heç bir müsbət nəticə vermir. Müxtəlif kompilyasiyalar, köçürmələr yolu ilə kitab, məqalə nəşr etdirmək adi hal olub. Buna görə də R.Mehdiyev “əli qələm tutan yazır” ifadəsini işlədir və bu ifadənin arxasında böyük bir narahatlıq və təəssüf hissi durur. Çünki fəlsəfə adı altında yazılan belə yazılar əslində filodeksiyadan və filosofistikadan başqa bir şey deyil və heç bir dəyər kəsb etmir. Belə hallar elmin özündə bir daxili katarsis, bir təmizləmə işinin aparılmasını tələb edir. Əlbəttə, Azərbaycan şəraitində bu o qədər də asan iş deyil. Xahişlər, yalvarışlar, telefon zəngləri, nüfuz təsiri, hədə-qorxu və s. hamısı işə düşür. Lakin tədricən olsa da bu proses getməlidir.
Akademik R.Mehdiyevin məqaləsinin ən maraqlı cəhətlərindən biri də elmdə kifayət qədər əsaslandırılmış fikir müxtəlifliyinin mövcud ola bilməsi və elmin inkişafında bu fikirlərin mübadiləsinin əhəmiyyətli rol oynaya bilməsi məsələsidir. İstər təbiətşünaslıq, istərsə də cəmiyyətşünaslıq elmlərində həmişə belə olmuşdur: müxtəlif elmi ideyalar, fərziyyələr və s. olmuş, onların qarşılaşması, toqquşması nəticə etibarilə bütövlükdə elmin inkişafına və praktik məsələlərin daha düzgün həllinə kömək etmişdir. Keçən əsrin 30-40-cı illərində A.Eynşteyn, V. Heyzenberq, P.Dirak, N.Bor və digərləri arasında gedən mübahisələr fizikanın yeni bir sahəsinin yaranmasına, formalaşmasına və inkişafına gətirib çıxardı. Yenə keçən əsrin 50-ci illərinin axırlarında və 60-cı illər ərzində hətta doqmatik sovet marksist fəlsəfəsi daxilində ontoloqlarla qnoseoloqlar arasında gedən mübahisələr gerçəkliyə və təfəkkür prosesinə münasibətdə doqmatik fəlsəfənin əsaslarını silkələməyə başladı, P.Kopnin, A.Zinovyev, E.İlenkov, S.Melyuxin kimi görkəmli filosofların meydana çıxmasına səbəb oldu.
Elm mövcud paradiqmaların dəyişməsi, yeni paradiqmaların yaranması yolu ilə inkişaf edir. Çünki istər mövcud gerçəkliyin özü, istərsə də onun dərk olunması əvvəlki metodların dəyişməsini tələb edir. Bu isə müxtəlif yanaşmaların qarşılaşması, sağlam fikir mübadiləsi olmadan mümkün deyildir. Buna görə də akademik R.Mehdiyev yazır: “Müxtəlif fikirlərin mübadiləsi o halda maraqlı ola bilər ki, elmin inkişafını stimullaşdırsın, əsl yaradıcı mühitdə cərəyan etsin və siyasi ittihamlardan, damğalamaq kimi yanlış praktikadan uzaq olsun. Bu, yeni təfəkkürün formalaşması yollarından biridir”.
R.Mehdiyevin məqaləsində
qoyulan ən başlıca məsələ
bütövlükdə ruhun və düşüncə tərzinin
katarsisidir. Bu katarsis yeni düşüncə tərzinin
formalaşmasıdır. Lakin bu yeni
düşüncə yenilik etiketi altında hər şeyi qəbul
etmək deyil, kənardan yaxşı görünən hər
şeyin oxşarını yaratmaq, təqlid etmək deyil, Azərbaycan
gerçəkliyindən, bu gerçəkliyin tələblərindən
irəli gələn və həlli bu gerçəkliyi
irəli apara biləcək yenilikdir. Burada ən pis şey təqlid
etmək, kimə isə bənzəməyə
çalışmaq, görüntü yaratmağa səy
göstərməkdir. İctimai elmlər öz mahiyyəti
etibarilə mental elmlərdir. Bu elmlərin
hamısı, o cümlədən fəlsəfə Azərbaycan
gerçəkliyindən deyil, harada isə yaranan və hər
hansı bir ölkənin, yaxud arealın həyat və
düşüncə tərzindən çıxış edən,
zahirən parlaq görünən bir fəlsəfi
konsepsiyanı elə olduğu kimi Azərbaycana gətirməməlidir.
Çünki onu burada əkmək istəyi çətin ki,
yarandığı yerdə olan, nəticəni verə bilsin.
Qusarda bir nəfər mənə dedi ki, qonşu Xaçmazdan
alınan inək burada yaxşı əmələ gəlmir və
orada verdiyi qədər süd vermir. Çünki iqlim
başqadır. Cəmiyyət həyatında isə bu iqlim
ruh, psixologiya və düşüncə tərzidir.
İctimai elmlər təbiətşünaslıq və
texniki elmlərdən fərqli olaraq yuxarıda
sadaladığımız faktlarla bağlıdır. Bu elmlər sahəsində olan dünya elminə gəldikdə
isə oradan bu mühitdə, bu şəraitdə fayda verə
biləcək şeyləri götürmək lazımdır.
Ümumbəşəri dəyərlərlə, dünya elmi
ilə Azərbaycan gerçəkliyini təhlil və sintez edərkən
bu gerçəkliyin öz xüsusiyyətlərindən
çıxış etmək lazımdır. Onu başqa elmi
konsepsiyalar içərisində əritmək, assimilyasiya etmək
olmaz. Necə ki, bunu böyük bəstəkarlarımız
Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov etmişlər.
“Koroğlu”nun, “Sənsiz”in, “Yeddi gözəl”in, “Şur”un
musiqisi sanki həmişəlik ruhumuza girmiş və
qulaqlarımızda səslənməkdədir. Çünki
bu musiqilər milliliklə ümumbəşəriliyin ən
gözəl sintezidir.
* * *
“Katarsis” anlayışı eradan əvvəl IV əsrdə yaşamış və indi də öz fəlsəfi -elmi ideyaları ilə ümumbəşəri təfəkkürə, düşüncəyə xidmət edən qədim yunan filosofu Aristotel tərəfindən elmə daxil edilmişdir. Bu anlayış Azərbaycan dilinə çox vaxt “təmizlənmə” kimi tərcümə olunur. Xristian etikasında bu, kiminsə kilsəyə gedərək öz günahlarını ruhani ataya etiraf etməsi və bu ruhani atanın həmin şəxsi bir daha günah işlətməmək şərti ilə allahın adından bağışlamasıdır. İslam etikasında isə bu, müsəlmanın hər gün namaz zamanı, xüsusilə axşam namazında onun günahlarının bağışlanması üçün allaha dua etməsidir.
Məlumdur ki, orta əsrlərdə din nəzəriyyəçiləri, yaxud teoloqlar özlərinə əlavə məntiqi arqumentlər axtarıb tapmaq üçün Aristotelin “Katarsis” anlayışından gen-bol istifadə etmişlər. Günahlardan təmizlənmənin böyük əhəmiyyəti olmuş, insanlar təmiz yaşamağa səy göstərmişlər. Beləliklə, din ictimai və fərdi əxlaq rolu oynamışdır.
Katarsis anlayışı çoxmənalı anlayış olduğu üçün onu yalnız mənəvi təmizlənmə və bu təmizlənmə nəticəsində yaranan mənəvi rahatlıq kimi başa düşmək onun birtərəfli başa düşülməsi olardı. Təsadüfi deyil ki, bu anlayışa fizioloji və psixoanalitik mövqedən yanaşanlar da olmuşdur. Mənim fikrimcə, bu anlayış həm ontoloji (fizioloji və hətta təsərrüfat və məişət baxımından), həm də qnoseoloji (hisslər duyğular, şüur, düşüncə) məzmun və mahiyyətə malikdir. Burada “mənim fikrimcə” ifadəsini heç də F.Bekonun mağara idolu kimi başa düşmək lazım deyil. Bu ifadə problemin hərtərəfli araşdırılması nəticəsində çıxarılan qənaətdir. Bekonun mağara idoluna gəldikdə isə bu o deməkdir ki, subyekt bəhs etdiyi obyekt və predmet haqqında heç bir əlavə biliyə malik olmadan, onu öyrənmədən öz məhdud və bəsit düşüncəsi əsasında fikir söyləyir ki, belə fikirlər futbol oyunda qapıdan xeyli aralı vurulan topa bənzəyir. Təəssüf ki, belə fikirlərlə biz tez-tez qarşılaşmalı oluruq.
Katarsis
anlayışına daha çox estetik mövqedən
yanaşılmışdır. Həm də bütün
bunların hamısı fərdi mövcudluğa, individiuma,
konkret insana aid edilmişdir. Lakin katarsis anlayışı
konkret bir fərdlə, insanla bağlı olmaqla yanaşı,
həm də ictimai, yaxud sosial məzmuna da malikdir. Belə ki, hər
bir fərd (individium) eyni zamanda həm də sosiumdur. Əlbəttə,
bu sosiumluq, yaxud ictimailik özlüyündə müxtəlif
səviyyəlidir. Lakin fərd istər
-istəməz, kortəbii, yaxud şüurlu şəkildə
cəmiyyətə xas olan müəyyən qaydaları,
normaları qəbul etməli olur. Çünki
cəmiyyət fərdlərdən təşkil olunduğu
kimi, fərdlər də cəmiyyət daxilində
yaşayır və istər-istəməz cəmiyyətdə
mövcud olan qaydaları və normaları qəbul etməli
olurlar. Bu qayda və normalar isə müxtəlif
və rəngarəngdir. Bunların
içərisində ənənəvi olanlar, keçmiş
sosial zamanla bağlı olduğundan artıq köhnələrək
öz dəyərini itirənlər, yeni yarananlar və
yaranmaqda olanlar da vardır. Köhnəliyi
üçün öz dəyərini itirənlərlə
yanaşı, heç bir dəyərə malik olmayan, haradansa
kalka, yaxud köçürmə yolu ilə götürülən,
yaxud elə cəmiyyətin özündə hansı qurumlar tərəfindənsə
qondarılan yeniliklər də olur. Buna
görə də hər bir yenini yenidir deyə, dəb xatirinə
qəbul etmək də sadəlövhlük, yaxud bir qədər
sərt desək kütlük əlamətidir. Çünki hər yeniyə yeni olduğu
üçün yaxşı demək olmaz. Bu, xüsusilə kənardan götürülən
həmin yerdə yaxşıdırsa, yaxud qəbul
olunandırsa, bu heç də o demək deyildir ki, başqa
yerdə də yaxşı nəticə verə bilər.
Əksinə, pis nəticələrə də
gətirib çıxara bilər. Məsələn,
Niderlandda artıq rəsmi ailə-kəbin getdikcə
azalır. Burada qadınlar və kişilər
əsasən vətəndaş kəbini ilə
yaşayırlar. Beləliklə də
bizim üçün səciyyəvi olan möhkəm ailə
institutu çox zəifdir. Üstəlik
eyni cinslilərin kəbin əlaqəsinə girməsi də
bu ölkədə qəbul edilən hallardan biridir. Bəla burasındadır ki, bu cür müxtəlif
patoloji hallara insan hüquqlarının qorunması donu
geydirilir. Hansı ki, hüququn əsasında
patoloji hallar deyil, normal təbii hüquq durmalıdır.
Əgər biz tez-tez Avropaya
inteqrasiya olmaqdan danışırıqsa və bu kursu
götürmüşüksə onda fikirləşməliyik:
bu inteqrasiya necə getməlidir. Biz bu
inteqrasiyada nəyi götürməliyik. Bəziləri
deyir ki, biz Avropadan yalnız elmi-texniki və texnoloji yenilik
götürməli, mental sahələri isə olduğu kimi
saxlamalıyıq. Əlbəttə, belə
fikirlər birtərəflidir. Birincisi elm,
texnika və texnologiya istər-istəməz mental sahələrə
də təsir göstərir. İkincisi,
bizim mental sahəmizdə doğrudanmı hər şey
qaydasındadır. Burada da artıq
köhnəlmiş, bugünkü həyatla ayaqlaşmayan
müxtəlif xüsusiyyətlər vardır ki,
mentallığın özünün də təmizlənməsinə
ehtiyac var və bu ilk növbədə fəlsəfənin və
sosial psixologiyanın üzərinə düşən işlərdir.
Yadda saxlamalıyıq ki, Avropa bizə inteqrasiya
olmur, biz Avropaya inteqrasiya olmaq istiqaməti
götürmüşük. Buna görə
də, tutalım Niderlanddan iqtisadi həyat tərzini, sənaye
texnologiyasını, kənd təsərrüfatı sahəsində
olan bilik və bacarığı götürmək və həm
də Azərbaycanın tələbatından irəli gələn
sahələri götürmək lazımdır. Onu götürmək lazımdır ki, Niderland
özünü ərzaq məhsulları ilə tam təmin edən
ölkədir və ərzaq məhsulları idxal etməyə
heç bir ehtiyacı yoxdur və buradakı məhsulların
hamısı yüksək keyfiyyətlidir. Mən yalnız Niderlanddan misal gətirdim. Əlbəttə, Avropa ölkələrinin hər
birindən Azərbaycan üçün yararlı olan, burada
özünə yer tuta bilən, xeyir verə bilən şeyləri
götürmək lazımdır. Hər
şeyi öz beynimizin, psixologiyamızın, şüurumuzun
süzgəcindən keçirməliyik. Bu isə o qədər
də asan iş deyil, çünki biz öz psixologiyamızı
da təhlil etməliyik. Buradakı ətalətliyi,
mütiliyi, kimi isə yamsılamanı, özümüzə
yox, başqalarına oxşamağa çalışmanı
aradan qaldırmağa çalışmalıyıq. Bu təqlidlər, oxşamalar daha çox ekzoterik,
yaxud xarici görüntülərlə bağlıdır.
Əgər hər hansı bir iş, hadisə
daxilən, ruhun və düşüncənin hərəkətə
gəlməsi, tələbi vasitəsilə fəaliyyətə
məcbur etmirsə, həyat tərzinə çevrilə
bilmirsə, o zaman kənardan götürülən, gətirilən
hər hansı bir şey daha çox dekorativ olaraq
qalacaqdır. Çünki insan
düşüncəsi ilə yaranan hər bir şey
özünün ən unikal halında belə bütün
zamanlar üçün eyni olaraq qala bilmir. Cəmiyyət həyatının inkişafı isə
indiki dövrdə daha çox texnika ilə
bağlıdır. Bu isə öz növbəsində
nəzəri və praktik düşüncənin həyata
keçirilməsinin, tətbiqinin nəticəsidir. Düşüncə və onun tətbiqi isə bir
yerdə dayanmır, daim dəyişir, təkmilləşir və
yeni-yeni qənaətlərə gəlir. Bu
yolla həyatı və praktikanı öz arxalarınca
çəkib aparır. Platon, Hegel və
digərləri həyatın əsasında ruhu, şüuru
qoyanda nə qədər haqlı idilər. Çünki insan özü də ictimai varlıq
kimi ruhun, şüurun düşüncənin məhsuludur.
Son vaxtlar
neyrofizioloqlar, psixoloq və psixoanalitiklər tərəfindən
beynə, onun quruluşuna və funksiyalarına aid söylənilən
fikirlərdə belə bir cəhət üstünlük təşkil
edir ki, bütün beyinlər heç də eyni səviyyədə
düşüncə potensialına malik deyildir. Bu, heç də
ümumiyyətlə beynin düşüncə, fikir
aparatı olmasını inkar etmir. Sadəcə
olaraq potensial müxtəlif səviyyəlidir. Vaxtilə sovet psixologiya və pedaqoqika elmində
C.Lokkun “ağ lövhə” nəzəriyyəsinin təhrif
olunması da buradan irəli gəlirdi. Çünki
C.Lokk “ağ lövhə” nəzəriyyəsində heç
də beynin təbii imkanları, təbii potensialın səviyyəsini
inkar etməmişdir. O, sadəcə olaraq uşaq
beyninin hələ heç bir informasiya almadığı, hələ
oraya heç bir informasiyanın yazılmadığı
dövrü nəzərdə tutmuşdur. Bu informasiya isə
müsbət və mənfi, bəsit və kifayət dərəcədə
əlaqəli və əsaslı ola bilər.
Bu isə uşağın tərbiyə
aldığı mühitdən, tərbiyə edənlərin
səviyyəsindən asılıdır. Burada
söhbət normal psixoloji durum şəraitində verilən
ilkin tərbiyədən, duyğu və hisslərə əsaslanan
ilkin biliklərdən, yaxud bilik elementlərindən gedir.
Burada sadə və bəzi hallarda isə hətta
lazımsız nəsihətlər çox az
əhəmiyyətli və bəzi hallarda isə ziyanlıdır.
Məsələn, uşağı həkimlə, iynə
vuranla, cinlə, şeytanla, polislə, ata və s. ilə
qorxutmaq ən ziyanlı haldır və uşağın
psixikasına zərərli təsir göstərməkdir. Hətta ən adi şeylərin məzmun və
mahiyyətini, onlarla rəftarın, əlaqənin, münasibətlərin
hansı nəticələr verə biləcəyini isə
çox sadə, uşağın qavraya biləcəyi səviyyədə,
səbrlə, təmkinlə, dözümlə təkrar-təkrar
izah etmək isə zəhmət tələb edən bir
işdir. Burada ən zərərli, ən eybəcər
iş isə uşağa qarşı olan
çığır-bağır və
zorakılıqdır. Uşağı
ardıcıl, sistemli halda mərhələ-mərhələ
başa salmaq, tərbiyə etmək əvəzinə sillə,
qapaz işlətmək ən böyük nadanlıqdır.
Bu, uşağın formalaşmaqda olan iradəsini,
sərbəst düşünə bilmək qabiliyyətini
heçə endirmək, onu kütləşdirmək, fəallıqdan,
təşəbbüskarlıqdan məhrum etməkdir. Belə hallarda uşaqlar həddən artıq əsəbi
olur, özünü idarə edə bilmir, onların
düşüncə tərzi frustrasiyaya uğrayır.
Hörmətlə
qorxaqlıq, düzlüklə yalançılıq, təxəyyüllə
qondarmaçılıq dəyişik düşür. Eləcə də
məktəb yaşlı uşağa oxumaq öyrətmək
üçün mümkün olan bütün şəraiti
yaratmaq valideynin borcu və vəzifəsidir. Valideyin məktəbli uşağın
oxumasını və istirahətini nəzarətdə
saxlamalıdır ki, özünəqapanma və avaralanma kimi
hallar baş verməsin. Valideyin bilməlidir
ki, məktəb başlıca təlim və tərbiyə
müəssisəsi olsa da, heç də bütün məsələləri
həll etmir və edə də bilməz. İstər
təlim, istərsə də tərbiyə məsələlərinin
xeyli hissəsi valideynlərin öz üzərinə
düşür. Bununla da onlar
uşağı adətən “küçə təsiri” deyilən
mənfi təsirdən xeyli dərəcədə qoruyub saxlamış
olarlar.
Burada iki məsələni
araşdırmağa xüsusi ehtiyac yaranır. Düzdür,
bu məsələlər arasında bir-birilə
bağlılıq, əlaqə olsa da, lakin onlar müxtəlif
hadisələrdir. Bunlar təlim və tərbiyədir.
Bəzən bunlara vəhdətdə olan hadisələr,
yəni biri yoxdursa, digəri də olmayan hadisə kimi
baxırlar. Təcrübə isə
göstərir ki, bunlar müxtəlifliyə malikdir. Əgər təlim, yaxud bilik əldə etmək,
yaxud nəyi isə öyrənmək əsasən təhsil
müəssisəsi tərəfindən yerinə yetirilirsə,
tərbiyə prosesi həm təhsil, həm də ailə
mühitində formalaşır. Əlbəttə,
bütövlükdə ictimai mühitin də rolunu nəzərə
almaq lazım gəlir. Lakin yadda saxlamaq
lazımdır ki, ictimai mühiti də formalaşdıran məktəb
və ailədir. Çünki bu ictimai mühitdə
ünsiyyətdə olduğun, rast gəldiyin hər bir adam özü də ailədən və məktəbdən
çıxmışdır. Deməli,
yaxşının da, pisin də bünövrəsi ailə və
məktəbdə qoyulur.
* * *
Təhsil, peşə və
ixtisas məktəblə yanaşı, az və
ya çox dərəcədə valideyinlərin də rolu
vardır. Lakin bu işdə ağırlıq məktəbin
üzərinə düşür və elə məktəbin
başlıca vəzifəsi də bundan ibarətdir. Əlbəttə, məktəb bu işdə
mövcud olan və mümkün olan bütün metod və
vasitələrdən istifadə etməlidir. Müəllim sözün həqiqi mənasında hər
tərəfə işıq saçan zəka və tərbiyə
lampası rolunu oynamalı və oynamağa
çalışmalıdır. Müəllim
dərs otağına girdikdə bütün digər
qayğılarını unutmalı, musiqiçi öz alətini
köklədiyi kimi, özünü izah edəcəyi
mövzu üstündə kökləməlidir. Bunu bacarmayan şəxsdən müəllim olmaz.
Müəllim doğrudan da ürəyini və
zəkasını şagirdlərə verməyi və bunun
üsullarını tapmağı, öyrənməyi
bacarmalıdır. Müəllimlik peşəsi
çarəsizlikdən yox, qəlbin, beynin, ruhun
çağrışı əsasında seçilməli və
bunu seçən insan həvəslə ömrünü bu
işə sərf etməyə hazır olmalıdır.
Bu yeganə peşədir ki, insanların ruhu və
zəkası ilə işləyir.
Lakin məktəb və
müəllimin qarşısında belə bir vəzifə
qoyulmamalıdır ki, onun şagirdlərindən neçə
nəfər ali məktəbə daxil olub
və neçə nəfər müxtəlif sahələrdə
ad-san qazanıb. Ümumiyyətlə belə
statistikadan, göstəricilərdən imtina
olunmalıdır. Buradan təbii bir sual əmələ
gəlir ki, bəs onda təhsilin səviyyəsinin göstəricisi
kimi nə götürülməlidir? Cavab verirəm: məktəbin
və müəllimin vəzifəsi sadəcə olaraq normal,
zəhmətkeş, işgüzar, düşünə bilən
vətəndaş yetişdirmək olmalıdır. Daha dərin düşünmək qabiliyyətinə,
daha böyük təşəbbüskarlıq və
işgüzarlıq qabiliyyətinə malik olanlar isə daha
yüksək təhsil, ixtisas və peşə əldə etməyə
səy göstərməlidirlər. Həyat
hamıya öz yerini tutmağa imkan verir. Normal
vətəndaş mədəniyyəti, tərbiyəsi
lazımdır ki, insanlar sadəcə olaraq cəmiyyətdə
tutduqları yerə görə deyil, halal və işgüzar
əməklərinə, insani keyfiyyətlərinə görə
qiymətləndirilsin. Normal tərbiyə, mənəvi
keyfiyyətlər olmadıqda, ictimai qınağa məhəl
qoymadıqda, ondan çəkinmədikdə daha
bacarıqlı, daha qabiliyyətli insanlar, daha çox təhlükəli
olurlar və cəmiyyətin üzərində
dayandığı mənəvi təməli
dağıtmağa, hüquqi normları isə nəzərdən
salmağa, özbaşınalıq, narazılıq toxumu səpməyə
başlayırlar.
Bax elə bu da
fərdi katarsislə yanaşı ümumi, ictimai bir katarsisin
vacibliyi məsələsini ortaya çıxarır. Yenə sual meydana
çıxır: bəs necə? Bunun
başlanğıcı olaraq qanunun aliliyi prinsipi sözdə
yox, işdə yerinə yetirilməlidir və bu ilk növbədə
dövlətin öz işində bu aliliyə əsaslanmasıdır.
Qanunun aliliyinə, müqəddəsliyinə riayət etməyən
hər bir adam ən azı işdən
getməlidir. Qanunun aliliyi, müqəddəsliyi
praktik olaraq özünü göstərməsə, bilavasitə
işdə yerinə yetirilməsə, heç bir vətəndaş
cəmiyyətindən, heç bir demokratiyadan və hər
hansı bir ideologiyadan danışmaq mənasız olacaq.
Burada deklorativ şüarlar,
çağırışlar heç bir köməyə gəlməz.
Təsadüfi deyil ki, Konfutsidən, Platondan
başlamış indiyə qədər dünyanın
bütün məşhur filosofları cəmiyyətin idarə
olunması məsələsindən bəhs edərkən
qanunların məzmununu və onların praktik olaraq işləməsini
ön plana çəkmişlər. Dövlətin
tərbiyəedici və nümunə göstərici rolundan bəhs
etmişlər. Vətəndaşların
hüquq və azadlıqlarının qorunması ilk növbədə
qanunların düzgün tətbiqindən, işləməsindən
asılıdır. Çünki
azadlıq da, müstəqillik də yalnız qanun daxilində
olan müstəqillik və azadlıqdır. Qanunlar düzgün yerinə yetirilmədikdə
ictimai əxlaq da olmur. Adamlar müxtəlif
kələk və fırıldaqlarla işləməyə
başlayır. Beləliklə,
ideologiyanın da, ictimai əxlaqın da çıxış
nöqtəsini, nüvəsini qanunların işləməsi
təşkil edir. Belə olmadıqda
bütün danışıqlar əhəmiyyətsiz və mənasız
ibarəbazlığa çevrilir, çoxüzlü üzlər
yaranır.
Cəmiyyətimizin
müstəqillik illərində əldə etdiyi nailiyyətlər
çoxdur. Azərbaycan müstəqil bir ölkə kimi,
özünün inkişaf xəttini müəyyənləşdirməyə
modelini qurmağa çalışır və bu sahədə
də xeyli işlər görülmüşdür. Bütün bunlar məhz ictimai elmlərin və eyni
zamanda Azərbaycan gerçəkliyini araşdıran və bu
araşdırmalar əsasında ictimai inkişafın universal
qanunauyğunluqlarını verə bilən fəlsəfənin
və filosoflarımızın daha gərgin və səmərəli
axtarışlar aparmasını tələb edir.
Aydın ŞİRİNOV,
professor
Xalq qəzeti.- 2010.- 13 yanvar.- S. 5.