Milli təhsilin davamlı
inkişafı üçün əsaslı təminat
yaradılıb
Azərbaycan müstəqillik
qazandıqdan sonra başqa sahələrdə olduğu kimi, təhsil
sahəsində də əsaslı islahatlar həyata
keçirilməyə başlanmışdır. Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil islahatı son illər sürətlə həyata
keçirilmiş, milli təhsilimizin bütün sahələrində
canlanma yaranmışdır. Bu gün fəxrlə deyə bilərik
ki, Azərbaycanda təhsilin məzmunu yeniləşmiş,
milli təhsilimizə informasiya texnologiyaları gətirilmiş,
ölkəmizin bütün bölgələrində yeni,
müasir tipli məktəblər inşa olunmuş, texniki təhsil
sistemində əsaslı islahatlara başlanılmış,
ali təhsildə Boloniya sisteminin tətbiqinə
keçilmişdir. Bütün bunlar ölkə Prezidenti cənab
İlham Əliyevin ulu öndərin başladığı təhsil
islahatlarını davamlı olaraq həyata keçirməsinin
nəticəsidir. Cənab İlham Əliyev ötən
müddətdə təhsilin inkişafına xidmət
göstərən 16-dan çox Dövlət Proqramına imza
atmış, onlardan bir çoxu reallaşmış, bir
neçəsi isə hazırda həyata keçirilməkdədir.
Ötən il bu proqramların
reallaşması istiqamətində çox önəmli nəticələr
əldə olunmuşdur. Təhsili Azərbaycanın
davamlı inkişaf strategiyasının ən öncül
istiqamətlərindən hesab edən cənab Prezidentimiz bu
sahənin inkişafına yönəldilmiş bir sıra sərəncamlar
imzalamış, milli təhsilimizin tərəqqisini diqqət
mərkəzində saxlamışdır. Məhz bunun nəticəsidir
ki, Azərbaycan təhsili ötən ili uğurlu nailiyyətlərlə
başa vurmuşdur. Bir fakta diqqət yetirək. Azərbaycan
dövləti təhsil sektorunun inkişafına ötən il
əvvəlki illərə nisbətən daha çox vəsait
ayırmışdır. Belə ki, əgər 2003-cü ildə
dövlət büdcəsindən 243253,2 manat məbləğində
vəsait ayrılmışdısa, bu vəsait 2008-ci ildə
1,7 milyard, 2009-cu ildə 1,3 milyard manat təşkil
etmişdir. 2007-ci ilə nisbətən 2009-cu ildə məktəbəqədər
təhsil sahəsində bir təhsil alana düşən xərc
489 manatdan 884 manata, ümumi orta təhsil sahəsində 321
manatdan 577 manata, texniki peşə təhsili sahəsində
713 manatdan 1108 manata, orta ixtisas təhsili sahəsində 431
manatdan 741 manata, ali təhsil sahəsində 539 manatdan 1176
manata yüksəlmişdir. İnvestisiya qoyuluşları da
2004-cü ildəki 58 milyon manatdan 220 manata yüksəlmişdir.
Bu cür artım, söz yox ki, təhsilin maddi-texniki
bazasını daha da möhkəmləndirməyə əsaslı
şərait yaratmışdır.
Ötən ilin ən
yaddaqalan hadisələri “Təhsil haqqında” Qanunun Milli Məclis
tərəfindən qəbul olunması, ali təhsillə,
texniki peşə təhsilinin inkişafı ilə, məktəbəqədər
təhsillə bağlı dövlət proqramlarının
Prezident sərəncamı ilə təsdiq edilməsi
olmuşdur. Bundan başqa, cənab Prezident “ən yaxşı
ümumtəhsil məktəbi”, “ən yaxşı müəllim”
nominasiyalarını təsdiq edən sərəncam
vermişdir.
Son illər məktəbəqədər
təhsildə bir sıra yeniliklər baş vermişdir. Belə
ki, 240 məktəbəqədər təhsil müəssisəsi
özəlləşdirməyə
çıxarılmışdır. Özəl məktəbəqədər
təhsil müəssisələri xeyli artmışdır. Hələ
2007-ci il aprelin 12-də cənab Prezidentin “Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
proqramı”nı təsdiq edən sərəncamı bu sahədə
yeni mərhələnin başlanğıcını
qoymuşdu. Bu proqrama uyğun olaraq son 2 ildə ölkədə
28 yeni uşaq bağçası istifadəyə verilmiş,
20 uşaq bağçası əsaslı təmir
edilmişdir. 2009-cu ildə 6 özəl məktəbəqədər
təhsil müəssisəsi Təhsil Nazirliyinin
investisiyası əsasında fəaliyyətə
başlamışdır. 2009-cu ildə bu müəssisələr
37 adda təlim vəsaiti ilə təmin olunmuşdur. Bakı
şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 2 min nəfər artmışdır.
Azərbaycanda orta
ümumtəhsil məktəblərinin fəaliyyətində
də ötən il əsaslı yeniləşmə
dövrü olmuşdur. Ümumiyyətlə, son illərdə
Azərbaycanın təhsil sistemində həyata keçirilən
islahatlar daha çox ümumtəhsil sahəsini əhatə
etmişdir. Bu təhsil pilləsində
reallaşdırılan dövlət proqramları həm
sayına, həm də əhatə dairəsinə görə
üstünlük təşkil etmişdir. Dərslik, məktəblərə
informasiya texnologiyalarının verilməsi, təhsilin məzmun
yeniləşməsi, məktəb tikintisi, yeni
avadanlıqlarla təchiz olunma sahəsində həyata
keçirilən proqramlar orta ümumtəhsil məktəblərində
yeni dövrün əsasını qoymuşdur.
Xüsusilə son illərdə
350 yerlik 1300-dək yeni məktəb binası tikilib istifadəyə
verilmişdir. 2008-ci ildə 161 yeni məktəb tikilib istifadəyə
verilmiş, 169 məktəb əsaslı təmir
edilmişdir. 2009-cu ildə isə 68 yeni məktəb və əlavə
korpus tikilmiş, 28 məktəb əsaslı təmir
olunmuşdur.
Qeyd edək ki, cənab
Prezident məktəb tikintisi sahəsində yeni Dövlət
Proqramı imzalamış, hazırda bu proqram əsasında
yeni, müasir məktəblər inşa olunur. 2013-cü ilə
qədər məktəb tikintisinin həyata keçirilməsini
əks etdirən bu proqram bütün bölgələri əhatə
edir. Bundan başqa, “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsinə uyğun olaraq Heydər Əliyev Fondu da
ölkədə məktəb tikintisini uğurla davam etdirir. 2009-cu
ildə fondun təşəbbüsü ilə 1600 şagird
yerlik 6 yeni məktəb binası inşa olunmuşdur.
Ölkəmizin tarixində ilk dəfə olaraq fənlər üzrə elektron təlim materialları və əyani vəsaitlər hazırlanıb məktəblərə çatdırılmış, bir neçə məktəbdə “elektron məktəb” layihəsinə başlanmışdır. Söz yox ki, bu, məktəblərdə informasiya texnologiyalarının tətbiqi üzrə Dövlət Proqramının tərkib hissəsi kimi reallaşdırılır. 2009-cu ildə Məlumat və Resurs Mərkəzi yaradılıb, 500 məktəb genişzolaqlı sürətli internetə qoşulub. Şagirdlərə 400 noutbuk hədiyyə edilib. 4 ali təhsil müəssisəsi İKT avadanlığı ilə təmin olunub. Məktəblərə verilmiş kompyuterlər üçün 30 min lisenziyalı proqram təminatı alınıb. 2009-cu il ərzində 2000 nəfərdən artıq pedaqoji işçiyə İKT-nin təhsildə tətbiqi üzrə treninqlər keçirilib.
Ötən il Azərbaycan şagirdləri bir neçə beynəlxalq olimpiadada iştirak edib, yüksək nəticələr qazanmışlar. 2009-cu ilin 3-10 dekabr tarixlərində Bakı şəhərində Heydər Əliyev Fondu, İJSO və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə on beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600-dən çox şagird iştirak edib. Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 9-nun adı mükafatçılar sırasında olub.
2009-cu ildə məktəblərimizin II siniflərində kurikulum islahatı davam etdirilib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2009-2010-cu dərs ilində I siniflərdə işləyən 9 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin edilib.
Texniki peşə təhsili sahəsində də islahat davam etdirilib. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilib. Ötən il 3 peşə təhsili müəssisəsi təmir olunub. Yeni dərsliklər hazırlanıb və şagirdlərin istifadəsinə verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq işlər davam etdirilmişdir. Azərbaycanın qocaman ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin 90 illik yubileyinin qeyd olunması ilin ən mühüm hadisələrindən olmuşdur.
İndi orta ixtisas təhsili sahəsində də yeni Dövlət Proqramı hazırlanır. Təhsil Nazirliyindən verilən məlumata görə, proqramın layihəsi hazırlanıb Nazirlər Kabinetinə təsdiq üçün göndərilmişdir.
Ötən il təhsil sahəsində beynəlxalq əməkdaşlıq da xeyli genişlənmişdir. Bu gün Azərbaycandan kənarda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində 10000-ə yaxın tələbə təhsilini davam etdirir. Hazırda dövlət xətti ilə 85 nəfər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 446 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alır. 2009-2010-cu tədris ilində isə 303 nəfər azərbaycanlı gənc Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilib. Azərbaycanın ali məktəblərində isə dünyanın 50-yə yaxın ölkəsindən gəlmiş 6812 əcnəbi tələbə təhsil alır.
Göründüyü kimi, ölkəmizdə təhsilə qayğı ildən-ilə artır və Azərbaycan təhsilində aparılan davamlı islahatlar öz real nəticələrini verir. Qarşıda isə yeni vəzifələr durur. Milli təhsilimizin 2010-cu ildə yeni-yeni nailiyyətlər qazanacağı isə şəksizdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 13 yanvar.- S. 2.