Azərbaycanın xarici siyasətində
ölkəmizin enerji resurslarından səmərəli istifadə
böyük önəm kəsb edir
Sabah Batumidə işə başlayacaq enerji sammitində
də öncə bu məsələ müzakirə ediləcək
Əlbəttə,
2009-cu ildə Azərbaycanın xarici siyasətində enerji
resurslarından səmərəli istifadə məsələsinə
verilən önəm, bu yöndə reallaşdırılacaq
tədbirlər barədə aşağıda söz
açacağıq. Ancaq ən əvvəl qeyd edək ki,
2001-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan
televiziyası ilə çıxış edərkən belə
bir proqnoz vermişdi ki, 7-8 ildən sonra Azərbaycanda bir ildə
50 milyon ton neft hasil ediləcək. O zaman bu proqnoza sevinənlər
çox olsa da bəzi bədxah adamlar inanmaq istəmirdilər.
Nəticə göz qabağındadır.
İkinci, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ilin oktyabrında öz çıxışlarından birində söyləmişdi ki, yaxın illərdə regionda Azərbaycanın iştirakı olmadan heç bir iqtisadi layihə reallaşdırıla bilməyəcək. Həmin tezis də artıq öz həllini çoxdan tapıbdır. Xüsusən, 2009-cu il bu baxımdan çox böyük tarixi faktlarla yadda qaldı. Ən böyük beynəlxalq təşkilatlar və regionda marağı olan qüdrətli dövlətlər Cənubi Qafqazda hansısa iqtisadi layihəni reallaşdırmaq istəyərkən ilk növbədə rəsmi Bakının mövqeyini öyrənirlər və Azərbaycanın iştirakı gözlənilməyən layihələrin icrası təxirə salınır. 2010-cu ildə regionda həyata keçirilən ilk iqtisadi layihədə Azərbaycanın aparıcı söz sahibi olması da tamamilə təbii və hətta, qanunauyğundur.
Maraqlıdır, “2000-ci ildə regionumuzda dünyanın müxtəlif qütblərini təmsil edən çoxsaylı ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən ilk beynəlxalq tədbirdə mühüm söz sahiblərindən biri də Azərbaycandır” ifadəsi artıq ölkəmizdən xaricdə də səsləndirilmişdir. Gürcüstanın energetika naziri Aleksandr Xataqurinin kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, yanvarın 14-də Batumidə işə başlayacaq enerji sammitində 9 ölkə dövlət başçısı, bir neçə ölkə isə müxtəlif vəzifəli şəxslər səviyyəsində təmsil olunacaq. İştirakçı ölkələrin sırasına isə təbii olaraq Azərbaycan rəhbərlik edir. Gürcüstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Polşa, Litva, Macarıstan və Rumıniyanın yüksək səviyyədə təmsil olunacağı sammitin gündəliyindəki bütün məsələlər energetika sahəsinə aid olsa da, ilk müzakirə olunacaq məsələ Xəzər dənizi hövzəsinin enerji resurslarının Avropa ölkələrindən keçməklə dünya bazarlarına nəqli məsələsi olacaqdır. Bu məsələ isə Azərbaycanın bugünkü xarici siyasətində çox böyük önəm kəsb edir.
2009-cu ildə Azərbaycan—Avropa Birliyi, Azərbaycan—ATƏT, Azərbaycan—Avropa Şurası əməkdaşlığında və digər beynəlxalq təşkilatlarla, xüsusən, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, eləcə də əməkdaşlıq etdiyimiz bütün dövlətlərlə münasibətlərimizdə Xəzərin Azərbaycan sektorundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində çox uğurlu danışıqlar aparılmış, kifayət qədər perspektivli layihələr barədə müqavilələr imzalanmışdır. Təxminən üç-dörd il əvvələ qədər Rusiyadan alınan təbii qaza böyük ehtiyac hiss edən Azərbaycan bu gün artıq Rusiya Federasiyasına qaz ixrac edir. 2009-cu ildə aparılan səmərəli danışıqlar və həyata keçirilən çoxsaylı hazırlıq işlərinin başa çatması nəticəsində yeni ilin ilk günündən etibarən şimal qonşumuza qaz satışını təmin edən layihə işə salınmışdır. Bu layihənin iqtisadi səmərəsi məsələnin bir tərəfidirsə, mənəvi səmərəsi daha qiymətli olan başqa bir tərəfidir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, bir neçə il əvvələdək Azərbaycana qaz idxal edən boru kəmərləri vasitəsi ilə indi Azərbaycandan qaz ixrac edilir. Bu isə müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının artıq yeni mərhələyə qədəm qoymasının nəticəsidir. Şimal qonşumuzla olduğu kimi, cənub qonşumuz olan İran İslam Respublikası ilə energetika sahəsindəki əməkdaşlığımız da 2009-cu ildə tərəflərin hər ikisini qane edəcək səviyyədə yenidən qurulmuş və səmərəli müstəviyə gətirilmişdir.
Ötən il Prezident İlham Əliyevin xarici ölkələrə, xarici ölkə rəsmilərinin isə Azərbaycana səfərləri çərçivəsində elə bir görüş və ya müzakirə olmadı ki, orada Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması məsələsi müzakirə edilməsin. Avropa Birliyini və ümumiyyətlə, Avropa ailəsini təmsil edən ölkələrin hamısında Azərbaycan haqqında söhbət edərkən daha çox iki məsələ yüksək qiymətləndirilir. Birinci məsələ rəsmi Bakının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ardıcıllıq və prinsipiallıq nümayiş etdirməsidir. Bu zaman Avropa ekspertləri Azərbaycanın müstəqil siyasət yeritmək qətiyyətini alqışlayırlar. Təqdir olunan ikinci məsələ isə hasil olunan neft və qazın ixrac edilməsi üçün müəyyən edilmiş kəmərlərin şaxələndirilməsi məsələsidir. Burada artıq avropalı ekspertlər deyil, siyasətçi və diplomatlar önə çıxırlar. Onların fikrincə, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol bu ölkənin hansısa beynəlxalq təşkilat və ya ölkələrlə olan münasibətini pozmamaqla reallaşdırılarsa, daha münasib nəticələr əldə edilər. Yəni hansısa Avropa rəsmisi Azərbaycandan alınan neft və qaza görə öz ölkəsinin başqa bir ölkə ilə münasibətlərinin soyumasını istəmir. Maraqlıdır ki, həmin siyasətçilər bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin xarici siyasət kursunun mühüm tərkib hissələrindən olan balanslaşdırıcı siyasət prinsipini yüksək qiymətləndirir, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən məmnunluq ifadə edirlər. Onların fikrincə, Prezident İlham Əliyevin ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılması zamanı ixrac kəmərlərinin şaxələndirilməsini üstün tutması da məhz xarici siyasətdəki balanslaşdırma prinsipinin nəticəsidir.
Bu məsələlər ətrafında mülahizələrimizi Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində söylədiyi fikirlərlə tamamlayırıq: “Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edibdir. Qarşıda duran bütün neft-qaz layihələri icra edilib. Biz nəzərdə tutulmuş bütün məsələləri həll etmişik, ixracımızı şaxələndirə bilmişik. Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla çıxarılır və ixrac coğrafiyası gələn ildən başlayaraq daha da genişlənəcəkdir”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.-13 yanvar.- S. 1.