Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahanların obyektivliyi təmin olunur

 

Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının qızğın çağıdır. Azərbaycanın ən qocaman ali təhsil müəssisələrindən sayılan , ölkə məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna yeri olan Dövlət Pedaqoji Universitetində son illər tədris prosesinin təkmilləşdirilməsini, yeni texnologiyaların tətbiqini semestr imtahanlarının obyektiv və şəffaf şəkildə keçirilməsini təmin etmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hazırda universitetin əyani şöbəsində 4626, qiyabi şöbəsində isə 2852 tələbə təhsil alır. Bundan əlavə, əcnəbi tələbələrin işi üzrə şöbə müxtəlif ölkələrdən olan 83 tələbənin təhsil məsələləri ilə məşğuldur. Magistratura şöbəsində isə əyani və qiyabi yolla müvafiq olaraq 360 və 327 nəfər təhsil alır. Universitetin əyani şöbəsi üzrə 10 fakültədə tələbələrə 26 ixtisasın incəlikləri öyrədilir. Qiyabi şöbəniin 8 fakültəsində isə 9 ixtisas üzrə kadr hazırlanır.

 

Adı çəkilən ali təhsil müəssisəsində keçirilən qış imtahan sessiyasının gedişi, tələbələrin imtahan prosesinə münasibəti ilə tanış olub qəzetimiz üçün yazı hazırlamaq məqsədilə universitetin tədris – metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevlə görüşdük. Səhər saatları olduğu üçün universitetin ayrı-ayrı fakültələrinin əyani və qiyabi şöbələrində müxtəlif fənlər üzrə imtahanlar keçirilirdi. Elə buna görə də Namiq müəllim hər şey əyani olsun deyə, bizə imtahan prosesi ilə yaxından tanış olmaq, tələbələrlə söhbət edib onların imtahan barədə rəylərini öyrənməyi məsləhət bildi.

Namiq Hacıyevlə birlikdə universitetin üçüncü mərtəbəsində yerləşən filologiya fakültəsinə yollanırıq. Dəhlizdə bir qrup tələbə ilə rastlaşırıq. İmtahandan yenicə çıxdıqlarını bildikdən sonra onlarla söhbətləşməyi qərara alıram. Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bizi dekanlığa dəvət edir. Fakültənin əyani şöbəsinin dördüncü kurs 402-ci qrupun tələbələri Lalə Əliyeva, Gülnar Əmirova və Nəzrin Əliyevanın sevinclərinin həddi-hüdudu yoxdur. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan bu qızların hər üçü üslubiyyat fənnindən kompyuter üsulu ilə imtahan verib yüksək bal toplayıblar. İmtahanın onlar üçün çətin olub-olmaması ilə maraqlanıram. Qızlar birmənalı olaraq imtahanların kompyuter vasitəsilə keçirilməsini bəyəndiklərini bildirir , bu cür imtahan üsulunun tələbələrə öz bilik və bacarıqlarını tam nümayiş etdirməyə hərtərəfli imkan verdiyini söyləyirlər. Bayaqdan bizə qulaq asan dekanlığın xanım əməkdaşı söhbətə qoşularaq deyir: - Əyani şöbədə olduğu kimi, qiyabidə də savadlı tələbələrimiz çoxdur. İnanın ki, elə qiyabiçi tələbələrimiz var ki, onların yazılı imtahanlardan aldıqları yüksək qiymətlərlə tanış olarkən heyranlığını gizlədə bilmirsən. Fakültənin dekanı, professor Buludxan Xəlilov məsələyə bir qədər də aydınlıq gətirərək deyir ki, imtahanların istər kompyuter, istərsə də yazılı üsulla keçirilməsindən asılı olmayaraq son illər tələbələrimiz burada, sözün həqiqi mənasında, əsl məktəb keçirlər. Ümumiyyətlə, Dövlət Pedaqoji Universitetini bitirənlər yüksək ixtisaslı kadr olmaqla yanaşı, həm də cəmiyyətin layiqli vətəndaşı kimi formalaşırlar. Professor onu da əlavə edir ki, hazırda tədris prosesində tətbiq olunan kredit sistemi (Boloniya sistemi) özünü tam doğruldur. Bu sistem tələbələrin nailiyyətlərinin cari və yekun qiymətləndirilməsini təmin edir. Bu zaman 50 bal imtahanın nəticəsinə, 10 bal dərslərə davamiyyətə, 10 bal tələbənin sərbəst işinə, 20 bal seminar və laboratoriya məşğələlərinin nəticələrinə və 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə müəyyənləşdirilir.100 ballı qiymətləndirmə sistemi əsasında tələbənin biliyi “qeyri-kafi”(51baldan aşağı), “qənaətbəxş” (51-60 bal), “kafi” (61-70 bal ), “yaxşı”(71-80 bal), “çox yaxşı” (81-90 bal) və “əla” (91-100 bal) kimi qiymətləndirilir.

Sonra universitetin tarix fakültəsinin əyani və qiyabi şöbələrində keçirilən imtahanlarla tanış oluruq.Yazılı imtahan verən tələbələr Sevinc Cəfərova, Ayaz Əliyev və başqaları qiyabi şöbələrdə də imtahanların kompyuter vasitəsilə keçirilməsini arzuladıqlarını dilə gətirirlər.

Universitetin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor Oqtay Sultanovla görüşüb söhbət etdik. O dedi:- Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə semestr imtahanları artıq dördüncü ildir ki, tamamilə yeni sistem əsasında həyata keçirilir. Ötən illərin təcrübəsi göstərir ki, bu metod tələbələrin biliyini şəffaf və obyektiv qiymətləndirmək baxımından özünü tam doğruldur. İmtahanlara hazırlıq prosesi və onların keçirilməsi dekabr ayının əvvəllərində rektorluğun bu barədə imzaladığı müvafiq əmrlə başlanır. Təlimata uyğun olaraq,bütün kafedralarda əyani şöbə üzrə imtahan testləri hazırlanır. Belə ki, imtahan keçirilməsi nəzərdə tutulan hər bir fənn üzrə 500-dən az olmayaraq test bankı yaradılır. Onu da deyim ki, bu ilkin təşəbbüsdür. Gələcəkdə müvafiq fənlər üzrə bütün mövzuların tam əhatə olunması üçün testlərin sayının daha da artırılması nəzərdə tutulur. Bu yaxınlarda konstitusiya , ən yeni tarix və türk xalqlarının tarixi fənlərinin hər biri üzrə 1000 testdən ibarət kitabçalar nəşr edilərək tələbələrin istifadəsinə verilmişdir.

Test sualları müvafiq kafedra müdiri və müəllimlər tərəfindən imzalanaraq testlərə nəzarət etmək məqsədilə yaradılmış komissiyaya təhvil verilir. Burada isə məxfilik gözlənilmək şərtilə fənn müəllimləri tərəfindən testlər diqqətlə nəzərdən keçirilir. Bu da kompyuterlə imtahan verən tələbənin səhv sualla üzləşmək ehtimalını azaldır. Proses başa çatdıqdan sonra imtahan cədvəlləri hazırlanıb tədris şöbəsinə təqdim olunur.

Qiyabi şöbə üzrə imtahanlara hazırlıq prosesi isə fərqlidir.Belə ki, bu zaman imtahanların ənənəvi bilet üsulu ilə keçirilməsi nəzərə alınaraq müvafiq kafedralarda üç sualdan ibarət biletlər hazırlanıb fakültə dekanlıqlarına təqdim olunur.

Həm əyani, həm də qiyabi şöbələrdə keçiriləcək imtahanlara bir gün qalmış rektorluqda imtahanlarda iştirakı nəzərdə tutulan koordinator rəhbərləri, koordinatorlar, fakültə dekanları və dekan müavinlərinin iştirakı ilə toplantı keçirilir. Burada imtahanların tam obyektiv keçirilməsi üçün müvafiq göstərişlər verilir. İmtahan günü isə səhər tezdən universitetin kiçik akt zalında yuxarıda qeyd etdiyim kontingent toplaşaraq koordinator rəhbərləri və koordinatorların qruplar üzrə dəqiq bölgüsü aparılır. Məlumat üçün bildirim ki, imtahanların keçirildiyi auditoriyalara, bir qayda olaraq, qeyri-ixtisas müəllimləri göndərilir. Bundan da məqsəd imtahan prosesinə mümkün müdaxilə hallarının aradan qaldırılmasıdır. Sonra bölgü əsasında müəyyənləşdirilən imtahan qrupu dekanlığa göndərilir və burada koordinatorların imtahan keçiriləcək auditoriyalar üzrə bölgüsü aparılır. Daha sonra isə tələbələrin siyahısı və qiyabi şöbə üzrə imtahan biletləri sayılaraq koordinatorlara təqdim olunur.

Əyani şöbələrdə imtahanlar ən müasir kompyuterlərlə təchiz olunmuş beş zalda keçirilir. Hər bir tələbənin kompyuterə müraciəti üçün şəxsi kodu var. Tələbə əvvəlcə imtahan verəcəyi fənni seçir, bu zaman test sualları və beş cavab variantı monitorda əks olunur. İmtahan prosesi 40 dəqiqə çəkir və bu zaman tələbə test suallarının düzgün cavablarını seçir. O, seçdiyi cavabları bir daha nəzərdən keçirərək “təsdiq edirəm ” düyməsini basır. Bu zaman tələbə test suallarına verdiyi cavaba görə topladığı balı dərhal bilir. Sonra isə kompyuter balı ilə tələbənin semestr balı cəmlənərək yekun qiymət müəyyənləşdirilir. Yeri gəlmişkən, kompyuterlə davranmağı asanlaşdırmaq üçün əvvəlcədən tələbələrə xüsusi treninqlər keçirilir.

Qiyabi şöbələrdə isə imtahanlar yazılı şəkildə keçirilir. Bu zaman tələbə çəkdiyi biletdəki üç suala 90 dəqiqə ərzində cavabları yazır. İmtahan başa çatdıqdan sonra tələbələrin yazılı cavabları yığılaraq tədris hissənin nəzdində ayrılmış xüsusi otaqda şifrələnərək onlara möhür vurulur. Sonra yazılar yoxlanmaq üçün həmin fənni tədris edən müəllimlərə verilir. Yazılar isə bir gün ərzində yoxlanılaraq müvafiq qiymətlər tələbələrə elan olunur.

Bir sözlə, ölkəmizin ən qocaman ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetində formalaşmış bugünkü ab-havanın əsas təsir mənbəyi rektorumuz, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədovun xarakteri, onun elmə, tədris prosesinə münasibətidir. Yusif müəllimi qayğılandıran əsas məsələ hər bir tələbənin biliyinin düzgün və obyektiv qiymətləndirilməsidir. Yeri gəlmişkən, ölkəmizin ali məktəbləri arasında ilk dəfə Dövlət Pedaqoji Universitetində tətbiq olunan yeni imtahan üsulları Təhsil Nazirliyi tərəfindən də dəstəklənmişdir.

Tədris-metodika şöbəsinin müdiri Namiq Hacıyevlə ayrı-ayrı fakültələrin əyani şöbələri üzrə imtahanların keçirildiyi kompyuter otaqlarını gəzdikcə universitetdə tələbələrin biliklərinin oyektiv şəkildə qiymətləndirilməsi üçün yaradılmış şəraitin, həqiqətən də, yüksək səviyyədə təşkilinin bir daha şahidi oluruq. Onu da öyrənirik ki, univesitetdə baş verə biləcək neqativ hallarla bağlı məlumatların operativ araşdırılması, müvafiq tədbir görülməsi, sessiyanın monitorinqinin təşkili, ictimai nəzarətin gücləndirilməsi məqsədilə rektor Y.Məmmədovun müvafiq əmri ilə bütün fakültələrdə münaqişə komissiyası, universitet üzrə isə “qaynar xətt” yaradılmışdır. Tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Süleyman Məmmədovun rəhbərlik etdiyi “qaynar xətt”in 9 nəfər üzvü, sözün əsl mənasında, ayaq üstədirlər və onlar imtahan prosesinə tam ciddiliyi ilə nəzarət edirlər. Bütün bunlardan məqsəd isə, baş verə biləcək neqativ halların aradan qaldırılması, imtahanların obyektiv və şəffaf aparılmasının təmin edilməsi, tələbələrin biliyinin ədalətli qiymətləndirilməsidir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 13 yanvar.- S. 4.