Azərbaycan elmində modernləşmə
xətti: fəlsəfənin, sosiologiyanın və hüququn
əsas prioritetləri
Nə təbii sərvətlər,
nə də ki, coğrafi vəziyyət deyil, məhz
intellektual kapital, məhz elmin səviyyəsi hər bir ölkəni
lider ölkəyə çevirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın hərtərəfli inkişafının indiki mərhələsində həyata keçirilən mürəkkəb və çoxşaxəli islahatların ictimai düşüncədə obyektiv dərkinə təminat yaradan mühüm amillərdən biri də respublikanın çağdaş fəlsəfi-siyasi fikrinin elmi əsaslarla araşdırılması, əldə olunan pozitiv nəticələrin praktikada tətbiqidir. Respublikanın son illərdə keçdiyi inkişaf yolunun ayrı-ayrı mərhələləri, liberal dəyərlərə yol açan pozitiv sosial-iqtisadi proseslərin mahiyyəti, sosiomədəni tərəqqinin keyfiyyətcə yeni mərhələsi olan modernləşmə xəttinin əsas seqmentləri, bir sözlə, qloballaşma dövründə milli inkişafın başlıca hədəflərinin konkret elmi-nəzəri postulatlar şəklində ortaya qoyulması alimlərdən ciddi səylər, yeni cəsarətli yanaşmalar tələb edir.
Etiraf etmək lazımdır ki, respublikamız ötən əsrin sonlarında dövlət müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanın ictimai və humanitar sahədə çalışan elm xadimləri yeni ictimai-iqtisadi formasiyaya keçidlə əlaqəli mürəkkəb ictimai-siyasi, iqtisadi proseslər fonunda aktual fəlsəfi problemlərin elmi tədqiqinə xüsusi maraq göstərməmiş, yaxud da buna istiqamətlənmiş tədqiqatçılıq təşəbbüsləri obyektiv elmi nəticələrin əldə olunması baxımından yetərli olmamışdır.
Son illərdə Azərbaycanda elmi-fəlsəfi, ictimai düşüncənin düzgün formalaşmasına və inkişafına, eləcə də yeni dövrün tələbi kimi cəmiyyətdə həllini gözləyən bir sıra aktual nəzəri məsələlərin həllinə böyuk töhfələr vermiş Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqaləsi bu mənada yüksək elmi siqləti, aktuallığı, obyektiv tənqidi ruhu ilə nəinki elmi-mədəni mühitdə, ümumən, cəmiyyətdə böyük maraqla qarşılanmışdır. İctimai və humanitar elmlərin hazırkı problemlərinin, bu sahələrdə elmi tədqiqatların üstün və qüsurlu cəhətlərini açıb göstərən əsər ilk növbədə analitik təhlili ilə diqqəti çəkir...
Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Prezident İlham Əliyevin modernləşmə xətti və fəlsəfənin, sosiologiyanın, hüququn əsas prioritetləri” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndi.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq bildirdi ki, mövzunun aktuallığını nəzərə alaraq akademiyanın digər institutlarından da qonaqlar dəvət etmişik. İ. Məmmədzadə mövzu ilə əlaqədar sözünə davam edərək dedi:
— Son illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosiomədəni modernləşmə xətti ictimai elmlər sahəsində çalışan alimlərdən böyük fəallıq tələb edir.
Azərbaycanın sosiomədəni modernləşməsi təkcə bazar münasibətləri və ən yeni texnologiyaların cəmiyyətimizdə tez bir zamanda, yayılması demək deyil, eyni zamanda sivilizasiyanın yeniləşməsini şərtləndirə bilən, kreativ və innovasion şüur vasitəsilə yeni institutların, keyfiyyətcə fərqli qarşılıqlı münasibətlərin yaradılmasını da nəzərdə tutur. Qarşımızda qoyulmuş bu vəzifələrin həlli ictimai elmlərdə, ilk növbədə fəlsəfədə köklü islahatların aparılması və milli ideologiyanın təbliği yolu ilə mümkün ola bilər.
Sözsüz ki, burada elmimizin, milli dəyərlərimizin ən yaxşı nümunələrinin yaradıcı surətdə istifadəsindən söhbət gedir. Zənnimizcə, bu, Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədə ictimai və humanitar elmlərin vəziyyəti barədə yazdığı “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı fundamental məqaləsinin əsas məzmununu təşkil edir. Müəllif məqalədə bu sahədə olan bütün müsbət və mənfi cəhətləri hərtərəfli işıqlandıraraq onların aradan qaldırılması yolları və inkişafımızın ümumi istiqamətlərini göstərmişdir.
Məqalənin əsas strateji mahiyyət daşıyan tezislərinə diqqət yetirmək istərdik: İlk növbədə, ölkəmizin sürətli iqtisadi inkişafı və dövlətçiliyimizin əsaslarının formalaşması iqtisadi sahədə keçid dövrünün başa çatmasını təmin etmişdir. İndi başlıca məqsəd bilik iqtisadiyyatına, sosial kapitala əsaslanan dövlət və cəmiyyət sisteminin qurulmasıdır. Bu isə ictimai sərvət və dəyərlərə, prioritet və meyarlara keyfiyyətcə yeni münasibət bəsləməyi nəzərdə tutur. Müasir şəraitdə qarşıya qoyulan məqsədə qloballaşmanın texniki imkanlarını milli səylərlə birləşdirərək elmin inkişafına impuls verməklə nail olmaq olar.
İkincisi, biliyin iqtisadiyyatına və sosial kapitala əsaslanmış sistemin qurulmasıdır. Yeni şərait, prioritet və məqsədlər azərbaycançılıq ideologiyasının inkişafını və yayılmasını tələb edir. Bunun üçün o, müasir fəlsəfi metodologiyaya əsaslanaraq müasirliyin ortaya çıxarmış olduğu ən mühüm suallara və çağırışlara cavab verə bilməli, mentalitetimizin və milli xüsusiyyətlərimizin ən gözəl tərəflərini əks etdirməklə onu gələcək nəsillərə ötürə bilməlidir.
Bu ideologiyanın əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Biz, filosof və ictimai elmlər sahəsində fəaliyyət göstərən alimlərin üzərinə həmin ideologiyanı inkişaf etdirmək və yaymaq məsuliyyəti düşür. Başqa sözlə, modernləşmə ideologiyası və fəlsəfəsi, inkişafın Azərbaycan modeli qloballaşma şəraitində azərbaycançılıq ideologiyasının mərkəzində durmalıdır. Keçmişə ehtiramla yanaşmaq, onu dərindən bilmək və onun ən gözəl nümunələrini gənclərin mənəvi, estetik və vətənpərvərlik ruhunda tərbiyə işində istifadə etmək günümüzün əsas vəzifələrindən biridir. Keçmişimiz haqqında bu biliklər ölkəmizin müasir inkişaf məqsədlərinə xidmət etməli və gələcəyə yönəlməlidir. Üçüncüsü, ölkənin modernləşməsi, bilik iqtisadiyyatında, təhsil sahəsində yüksək səviyyənin təmin olunmasını tələb edir. Gənclər ən yüksək keyfiyyətli bilik qazanmağa, öz tarixi ilə qürurlanmağa, vətənpərvərlik ruhunda tərbiyə almağa layiq olmaqla yanaşı, informasiya cəmiyyəti şəraitində yaşamağı da bacarmalıdır. Müasir informasiya cəmiyyətinə keçid yalnız müasir texnologiyadan istifadə etmək demək deyildir. Eyni zamanda, informasiyanı bir strateji resurs kimi, sərvətin yeni növü kimi anlamaqdır, başqa sözlə bilik iqtisadiyyatında izafi dəyər zəhmət sayəsində deyil, bilik sayəsində əldə edilir. Bilik iqtisadiyyatında fərdlərlə qarşılıqlı əlaqə uğur gətirir, ona görə də cəmiyyətdə milli ideologiyanın və qarşılıqlı etimadın, vətənpərvərlik və milli dəyərlərin olması olduqca vacibdir, eyni zamanda burada ənənə və yenilik arasındakı ölçü də gözlənilməlidir. Qeyd etmək istərdik ki, sovet dönəmində ictimai elmlər cəmiyyətdə etimad, müxtəlif düşüncələrin konsensusu, hakim düşüncə ilə digərlərinin qarşılıqlı təsiri problemləri kimi kateqoriyalara lazımınca diqqət yetirilmirdi. Bundan başqa, həmin illərdə ictimai elmlərə təbiət elmlərinin əlavəsi kimi baxmaq ənənəsi formalaşmışdı.
Bu istiqamətdə artıq işlər görülməkdədir. Misal üçün, başa vurduğumuz ildə Heydər Əliyev Fondunun dəstəyi ilə AMEA-nın keçirdiyi bir sıra nüfuzlu beynəlxalq tədbirləri göstərmək olar. AMEA-nın bir çox institutlarında nüfuzlu elmi jurnallarda məqalələrin nəşrinə böyük diqqət yetirilir. Bu da qabaqcıl dünya elmi, onların nümayəndələri ilə birbaşa əlaqələr yaratmaq deməkdir. Daha önəmlisi isə, bir tərəfdən dünya elmi ictimaiyyətinin ölkəmizin əldə etdiyi elmi uğurlardan xəbərdar olması, digər tərəfdən isə elmimizin ən yeni tədqiqat metodologiyası və metodikasına yiyələnməsidir.
Müasir bilik iqtisadiyyatı ABŞ-da Silikon vadisindən başlamış, müasir innovativ elmin başlanğıcı Rusiyanın Dubna şəhərində qoyulub. Biz də ölkə Prezidenti İlham Əliyevin dəstəyinə güvənərək bütün səylərimizi səfərbər edəcəyik ki, qloballaşma dövründə informasiya cəmiyyətinə doğru inkişaf etməkdə olan ölkəmizdə Azərbaycan elminin ən gözəl ənənələrini yaşadaraq davam etdirək və tez bir zamanda dünya elminin diqqətini cəlb edə bilək.
İsa Alıyev– AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor:
— Müstəqil Azərbaycan Respublikası öz inkişafının tamamilə yeni, həm də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən bir mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə üzərimizə strateji əhəmiyyətli, tale yüklü, son dərəcə məsuliyyətli vəzifələrin həlli düşür. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu işdə elmin inkişafının danılmaz rol oynayacağını xüsusi diqqətə çatdırmış və Azərbaycanda ümumən elmin zamanı qabaqlaya biləcək vəzifələrin öhdəsindən gəlməsini aktual bir tələb kimi qarşıya qoymuşdur: “Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərindən asılı olacaqdır. Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları, ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir”.
Milli iqtisadi inkişafın modernləşməsinin əsas xətti strateji baxımdan işlənmiş olsa da, taktiki baxımdan dünyada gedən qloballaşma prosesi ilə bağlı daim təkmilləşdirməli və inkişaf etdirilməlidir. Ölkədə iqtisadi inkişaf nəticə etibarilə ölkə vətəndaşlarına, şəxsiyyətin hüquq və azadlıqlarının təmin olunmasına, liberallaşmanın sürətlənməsinə, bir sözlə, iqtisadi modernləşmənin mərhələli demokratikləşməsinə gətirib çıxarmalıdır. Bu gün ölkə iqtisadiyyatının inkişaf istiqamətini düzgün müəyyənləşdirmək, ölkədə gedən quruculuq işlərini dərindən təhlil etmək, qloballaşan dünyada Azərbaycanın özünəməxsusluğunu təmin edəcək səviyyədə elmi tədqiqat işlərini yerinə yetirmək lazımdır.
2009-cu il Azərbaycanın elm, innovasiya və XXI əsrin milli intellektual potensialını səfərbər etmək baxımından tarixi əhəmiyyətli dövlət qərarlarının qəbul edildiyi il kimi yaddaşlarda qalacaq. Ölkə Prezidenti İlham Əliyev keçən il elmin inkişafına və bu sahədə problemlərin kompleks həllinə xidmət etməyə yönəlmiş bir sıra mühüm sənədlər imzalamışdır. Bunlardan 4 may 2009-cu il tarixli “2009- 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı və “Azərbaycan Respublikasında 2009- 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı, 22 may 2009-cu il tarixli “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncamları qeyd etmək olar.
Bir sözlə, elmin inkişafı üçün geniş imkan yaranmışdır. Prezident İlham Əliyevin dediyi kimi, respublika iqtisadiyyatında keçid dövrü başa çatmış, sosial-iqtisadi inkişafın yeni dövrü başlanmışdır. Bax, rəsmi səviyyədə elan olmuş bu müddəa hər birimizin üzərinə böyük vəzifələr qoyur. Və hesab edirəm ki, təmsil etdiyimiz elm sahəsində bundan sonra daha böyük səylə, əzmkarlıqla çalışmalıyıq. Məhz belə bir möhtəşəm vəzifələrin öhdəsindən gəlmək haqqında düşünərkən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinin mətbuatda işıq üzü görməsi bu məsələlərə tam aydınlıq gətirməklə bizə — elm adamlarına həm kömək, həm mesaj, eləcə də diqqət və qayğı kimi qiymətləndirilməlidir. Ramiz müəllim bu məqaləsində problemlərlə bağlı çox məqamlara aydınlıq gətirmiş, onların yeni dövrün tələblərinə uyğun həlli yollarını uzaqgörənliklə acıb göstərmişdir.
Sözsüz ki, yeni iqtisadi münasibətlər dövründə, iqtisad elminin üzərinə daha böyük vəzifələr düşür. O, cəmiyyətdə baş verən sosial-iqtisadi proseslərdə düzgün nəticələr əldə etməyin, baş verə biləcək böhran və ziddiyyətli halların qarşısının alınması yollarını diktə etməlidir. İqtisad elmi həm də nadir inkişaf yolu keçmiş və yeniləşən Azərbaycan cəmiyyətinin gələcək dayanıqlı inkişafının əsaslarını, konseptual problemlərin həlli yollarının işlənib hazırlanmasında da mühüm işlər görməlidir.
Bir sözlə, iqtisad elmi qarşısında duran vəzifələrin prioritetlərinin dəqiq müəyyənləşdirilməsi zamanın tələblərindəndir.
Rəfiqə Əzimova– şöbə müdiri, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru:
— Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2009-cu ildə ölkənin aparıcı qəzetlərində dərc etdirdiyi silsilə məqalələrdə yaşadığımız müstəqillik illərinin sosial-siyasi mahiyyəti və fəlsəfi ümumiləşdirmələri verilmışdır. Burada dövlət başçısı cənab İlham Əliyevin elmə göstərdiyi qayğı və diqqət xüsusi vurğulanmışdır. Göstərilmişdir ki, elmə qoyulan sərmayə xalqın intellektual sabahına xidmət etməlidir.
“İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinin ruhundan irəli gələn böyük vəzifələri həll etmək üçün, hesab edirəm ki, ölkədə müasir tələblərə cavab verə bilən kadrlar hazırlanmalıdır. Bu da hər bir ali məktəbdə, elmi tədqiqat institutlarında kadr hazırlığına tələbkarlığın əsaslı surətdə yaxşılaşdırılmasını və bu sahədə radikal addımlar atılmasını tələb edir.
Konkret olaraq aşağıdakı vəzifələrin tez bir zamanda həyata keçirilməsini zəruri hesab edirəm:
1. Təhsil ocaqlarında ixtisasından asılı olmayaraq müasir cəmiyyətin sosial-humanitar problemləri ilə bağlı dərsliklər (mühazirələr kursu) hazırlanmalıdır;
2. AMEA-nın tədqiqat institutlarında aspirant, dissertant, kiçik elmi işçi və laborantlara silsilə mühazirələr kursları keçirilməli və minimum imtahanlarına salınmalıdır;
3. AMEA-da humanitar, sosial elmlərə gələn gənclər qarşısında yeni tələblər işlənməli və həyata keçirilməlidir. Bununla bağlı hesab edirəm ki, ictimai humanitar bölmədə gənc kadrlar hazırlığı məsələləri ilə bağlı bu humanitar institutların nümayəndələrindən təşkil olunmuş komissiyanın yaranması çox faydalı ola bilərdi. Düşünürəm ki, komissiya tərəfindən aspirantura və dissertanturaya qəbul, onların hazırlıq dövrü və müdafiə şərtləri köklü surətdə yenidən işlənib dəyişməlidir. Ancaq bu yolla bizim humanitar elmlərə təsadüfi adamların axınının qarşısını ala bilərik. Yaradılan komissiya bu məsələlərlə bağlı yeni prinsiplər işləyib humanitar tədqiqat institutlarına ünvanlasa gələcəyimiz üçün vacib strateji əhəmiyyətli məsələlərdə dönüş yarada bilərik.
Mən bir şöbə müdiri və təcrübəli alim kimi akademik Ramiz Mehdiyevin məqaləsini ürəkdən dəstəkləyirəm və orada irəli sürülmüş tələblərin yerinə yetirilməsi üçün üzərimə düşən vəzifələrin icrasını təmin edəcəyimə söz verirəm.
İsaxan Vəliyev– şöbə müdiri, hüquq elmləri doktoru:
— Mən akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsini Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi haqqında” sərəncamının icrası istiqamətlərini müəyyənləşdirən olduqca dəyərli bir sənəd kimi qiymətləndirirəm. Əsər milli elmimizin inkişafının lokomotividir, desək səhvə yol vermərik.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda dövlət siyasətinin aparıcı istiqamətlərindən biri də elmin inkişafı ilə bağlıdır. Cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının real təminatı, onların dövlət idarəçiliyinə cəlb edilməsi elmi əsaslara söykənmədən uğurla nəticələnə bilməz. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasətin elmiliyi göz qabağındadır. Avropa məkanına inteqrasiya, yüksək iqtisadi inkişaf, MDB məkanında və regionunda ən qabaqcıl mövqedə qərarlaşması qeyd olunanların bariz nümunəsidir. Bəs hüquq elmi inkişafın bu tempi ilə ayaqlaşa, öz üzərinə
düşən vəzifələrin öhdəsindən gələ bilirmi? Bu sual müasir cəmiyyətdə hüquq elminin qarşısında duran vəzifələrə yanaşma mövqeyindən asılı olaraq müxtəlif cür cavablandırıla bilər.
Bugünkü yanaşma elmi kadrların hazırlanmasından başlayaraq, ortaya qoyulmuş elmi-tədqiqat işinin təcrübəyə tətbiqinə qədərki dövrün qiymətləndirilməsini tələb etdiyindən bu suala"hə" cavabı vermək olduqca böyük məsuliyyət tələb edir. Hər şeydən əvvəl ona görə ki, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “ali məktəblərdə humanitar fənlərin tədrisi hələ də müasir tələblərə uyğun qurulmamışdır” və nəzərə alınmalıdır ki, elmi kadrların seçilməsi bu təhsilin yetirmələri içərisindən aparılır. Digər tərəfdən, həqiqi alim olmaq üçün deyil, alimlik adını özünün keyfiyyət nişanına çevirmək istəyən çoxsaylı praktiki işçilərin vaxtilə dissertanturaya qəbul edilməsi bu problemi bir qədər də çətinləşdirir. Mən bütövlükdə praktiki işçilərin elmlə məşğul olmasının əleyhinə deyiləm, lakin uzun müddət hüquq-mühafizə orqanlarında təcrübəsi olan bir insan kimi qeyd etməliyəm ki, ağır vəzifə yükünü daşımaqla bərabər, səmərəli elmi fəaliyyətlə məşğul olmaq inandırıcı görünmür.
Müzakirəyə təqdim edilmiş elmi işlərə gəldikdə isə, təəssüf hissi ilə qeyd etməliyəm ki, bu işlərin böyük əksəriyyəti dəfələrlə rus alimləri tərəfindən tədqiq edilmiş elmi işlərin bu və ya digər formada yenidən gündəmə gətirilməsindən başqa bir şey deyildir. Bu qəbildən olan işlərin isə praktiki əhəmiyyətindən danışmaq sadəlövhlük olardı. Hörmətli akademikimizin qeyd etdiyi kimi, bir şəxsiyyət olmaq etibarı ilə alimin öz həmkarlarına və yetirmələrinə güclü mənəvi-psixoloji təsiri vardır.
Əsərdə qarşıya qoyulan əsas məsələlərdən biri də elmi istiqamətlərin dövrün tələbləri baxımından müəyyənləşdirilməsinə diqqətin artırılmasıdır. Bu baxımdan hüquq elmi öz prioritetlərini müəyyənləşdirməlidir. Burada ilk növbədə hüquq elminin milli təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki inkişafına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağ problemi həll edilmək ərəfəsində olduğundan, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqları təqdirdə onların hüquq və qanunla qorunan mənafelərinin təminatı məsələləri tədqiqat işlərimizdə ön plana çəkilməlidir.
Ümumiyyətlə, “şəxsiyyətin hüququ və qanuni mənafelərinin təminatı” problemləri tədqiqatçıların diqqət mərkəzində olmalıdır. Avropa məkanına inteqrasiya və Azərbaycanın beynəlxalq aləmdə özünə məxsus yer tutması müqayisəli hüquqşünaslığın inkişafına, Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinin respublikamızda tətbiqi məsələlərinə də xüsusi diqqət yetirilməsini tələb edir. Hüququn sosiologiyası, hüquq tətbiqetmə fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından istifadə məsələləri ən az tədqiq edilmiş sahələrdən biri olaraq qalmaqdadır.
Rəhbərlik etdiyim “Cinayət hüququ və cinayət prosesi” şöbəsi aparılan tədqiqat işlərinin sadalanan prioritetlərə uyğunlaşdırılması istiqamətində müəyyən işlər görməkdədir.
Bir məsələ üzərində də dayanmaq istərdim. Bu elmi işçilərin əməyinin qiymətləndirilməsində bərabərlik prinsipinə münasibətdir. Düşünürəm ki, ciddi elmi fəaliyyətlə məşğul olan alimlərin əməyinin dövlət səviyyəsində dəyərləndirilməsi elm aləmində işgüzar mühitin yaranmasına gətirib çıxara bilər. Yaxşı olardı ki, respublikamızda xalq arasında müsbət qarşılanan peşə bayramları qeyd edildiyi kimi, respublikamızda “Elm Günü”nün də qeyd edilməsi nəzərdə tutulsun və yüksək nəticələr əldə etmiş alimlərimiz də mükafatlandırılsınlar. Həmçinin elmi dərəcəsi olan hüquqşünasların dövlət qulluğuna və hüquq-mühafizə orqanları sisteminə testdən kənar işə qəbulu da məqsədə müvafiqdir. Bu, alimin nüfuzunun artmasına müsbət təsir göstərərdi.
Əlikram TAĞIYEV– şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor:
— Ümummilli lider Heydər Əliyevin zəngin siyasi və elmi-nəzəri ideyaları ilə silahlanmış akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsində ictimai və humanitar elmlər sahəsində çalışan alimlərin gələcək fəaliyyəti üçün metodoloji rol oynayan mühüm müddəalar irəli sürmüşdür. Onun əsərlərində irəli sürülən ideyalar keçid dövrünü uğurla başa vurmaqda olan Azərbaycan cəmiyyəti üçün müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ardıcıl daxili və xarici siyasət xətti üzərində köklənmiş bu yeni ideyalar həm siyasi, həm də elmi-metodoloji yük daşıyır.
Məlumdur ki, yeni ideyalar və hətta ideologiyalar özbaşına yaranmır. Əvvəlcə müəyyən seçilmiş siyasətçilərin və mütəfəkkirlərin başında yaranır və sonradan digərlərinə aşılanır. Bu mənada Ramiz müəllimin irəli sürdüyü ideyalar hazırkı şəraitdə azərbaycançılıq ideologiyasının formalaşmasında xüsusi rol oynamışdır. Onun siyasi, fəlsəfi və elmi-nəzəri ideyalarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Azərbaycan cəmiyyətində baş verən mühüm sosial-siyasi innovasiyaların hazırkı və gələcək inkişaf meyillərinin aşkara çıxarılması;
2) Dövrümüzdə mövcud olan sosial-siyasi reallıqların müqayisə və təhlil yolu ilə izahı;
3) Cəmiyyət inkişafının elmi-fəlsəfi və metodoloji cəhətdən düzgün qiymətləndirilməsi və mövcud sosial-siyasi problemlərdən çıxış yollarının göstərilməsi;
4) Qloballaşma şəraitində dövlət, cəmiyyət və xalq qarşısında duran bir sıra vəzifələrin həlli istiqamətində mühüm tövsiyə, təklif və tapşırıqların verilməsi.
Akademik R.Mehdiyev çox haqlı olaraq göstərir
ki, SSRİ dağılandan sonra kommunist ideologiyası iflasa
uğradı və cəmiyyət bir müddət ideoloji
vakuuma məruz qaldı. Bundan
istifadə edən bir sıra surroqat ideyalar meydan sulamağa
başladı. Məlum məsələdir ki, cəmiyyətdə
baş verən belə boşluqlardan istifadə edən
bir sıra qüvvələr öz ideyalarını cəmiyyətin
ideoloji görüşü səviyyəsinə
qaldırmağa çalışır və onlar da ictimai
fikrə müəyyən təsir göstərərək hətta
siyasətin də istiqamətini özlərinin istədikləri
səmtə yönəltməyə səy göstərirlər.
Yaxşı ki, bu hal uzun sürmədi və
ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıdandan sonra bütün sahələrdə olduğu kimi
ideologiya sahəsindəki mövcud xaos və
özbaşınalıq da aradan qaldırıldı və azərbaycançılıq
milli ideologiya və dövlət siyasəti səviyyəsinə
qaldırıldı.
Danışılan
dövrün çox mühüm fərqləndirici cəhətlərindən
biri də öz ömrünü başa vurmuş fənlərin
süni surətdə, heç bir hazırlıq tədbirləri
görülmədən yenilərilə əvəz
olunması idi.
Məsələn, “Elmi kommunizm” “Politologiya” ilə, “Sov.İKP
tarixi” isə “Vətən tarixi” ilə əvəzləndi və
bu köhnə fənlərdən dərs deyən müəllimlər
də bir gecənin içində dönüb oldular yeni fənlərin
müəllimləri. Maraqlı burası idi ki,
həmən köhnə fənn kafedralarının müdirləri
də dönüb yeni fənlər üzrə kafedra
müdirlərinə çevrildilər. Bunlar
çox böyük nöqsanlar idilər və biz istəsək
də, istəməsək də bunları hamı ilə
birlikdə yaşamalı olduq.
Son illərdə ictimai elmlərin
prestijinin aşağı düşməsinin bir sıra digər
səbəbləri də vardır:
1) Fəlsəfi təfəkkürün
dərk edilməsi üçün ictimai şüur hələ
yetərli səviyyədə deyil;
2) bəzi
dairələr bilərəkdən bu elmlərə laqeyd
münasibət bəsləyirlər;
3) ali məktəblərin
bəzi dairələri bu fənlərin həqiqi mənasını
və əhəmiyyətini lazımınca qiymətləndirə
bilmirlər;
4) ictimaiyyətçilərin özlərinin içərisində hələ də yerində olmayan kadrların olması: bu da ona imkan yaradır ki, zəif dissertasiyalar və kitablar cəmiyyətə yol tapır, aspirant, dissertant və doktrinalara lazımi tələbat göstərilmir, onların sırasına zəif, yaxud diletant alimlər daxil olur ki, onlar da bu elmləri korrupsiyaya doğru aparırlar.
Fəlsəfi ictimaiyyətin qarşısında duran digər problem isə son illərdə tez-tez səslənilən “milli fəlsəfə” məsələsidir. Əgər fəlsəfə ümumbəşəri bir sərvətdirsə, bəs onda “milli fəlsəfə” nə deməkdir? Nə üçün milli fəlsəfə mütləq ümumi və mücərrəd fəlsəfəyə qarşı durmalıdır? Burada alimlər arasında vahid fikir birliyi yoxdur, çoxları milli fəlsəfəni milli ideya və milli ideologiya ilə eyniləşdirirlər. Milli fəlsəfəni millətin idealı, onun məqsədi, arzu və istəklərinin tərcümanı kimi görmək istəyirlər, bizcə heç də səhv etmirlər. Hər halda bu sahədəki mübahisələri genişləndirməklə ortaq bir məxrəcə gəlib çatmaq olar. N.Berdyayev yazırdı ki, “rus ideyası” elə əslində rus təfəkkürünün və fəlsəfəsinin əsasını təşkil edir.
Bu dediklərimizə bir cəhəti də əlavə etmək istərdik. Fəlsəfə elmləri üçün xüsusi magistratura şöbələri yaradılmalı və gələcək tədqiqatlar üçün seçiləcək kadrlar AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yetişdirilməlidir. Bu keyfiyyətin artırılmasına çox köməklik göstərə bilər. Çünki bu institutda güclü kadr potensialı var, burada yüzdən yuxarı alim (23 elmlər doktoru və 92 elmlər namizədi - fəlsəfə doktoru) fəaliyyət göstərir. Elmin rolunun aşağı düşməsinin bir səbəbi də onun lazımi səviyyədə maliyyələşdirilməməsidir. Əgər bu iş qaydaya düşərsə alimlərdən daha keyfiyyətli məhsul tələb etmək olar.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda 2003-cü ildən “Politologiya” (2008-ci ildən etibarən “Politologiya və siyasi sosiologiya”) şöbəsi fəaliyyət göstərir. Bu müddətdə şöbə işçiləri politologiyanın müxtəlif problemlərini tədqiq etmiş, bir sıra kitablar və monoqrafiyalar, izahlı və ensiklopedik lüğətlər, dərsliklər və dərs vəsaitləri yazıb çap etdirmişlər. Bununla bərabər, biz bu sahədə xeyli çatışmazlıq və boşluqların olduğunu görür və işimizi də onların aradan qaldırılması istiqamətində qurmağa çalışırıq. Ona görə də akademik R.Mehdiyevin 2009-cu il noyabrın 21-də keçirilən müşavirədə, habelə “Elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı ilə bağlı ictimai və humanitar elmlər qarşısında duran vəzifələr haqqında” AMEA Rəyasət Heyətinin 11 dekabr 2009-cu il tarixli iclasının qərarına uyğun olaraq şöbə əməkdaşları qarşıdakı 5 il müddətində öz fəaliyyətlərində əsaslı dönüş yaratmışlar.
Şöbə 2010-2015-ci illərdə qarşısında duran vəzifələr və strateji inkişaf proqramını müəyyənləşdirmişdir.
Bəhram Zahidov– Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor:
— Ölkə Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya”nın və bu
strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın təsdiq edilməsi alimlər
qarşısında böyük vəzifələr
qoymuşdur. Bu sənəd ölkədə problemlərin
hüquqi baxımdan yenidən və yaradıcılıqla həll
edilməsinə böyük zəmin yaratmışdır. Hüquqi dövlət quruculuğunun həyata
keçirildiyi bir mərhələdə hüquq elmlərinin
inkişafının və dövlət həyatında
hüquqşünas alimlərin rolunun
artırılmasını təmin edən müvafiq tədbirlərin
görülməsi olduqca vacib və aktualdır.
Xalq qəzeti.- 2010.- 14 yanvar.- S. 4.