Qoca Şərqin qapısı
Naxçıvan: son 15 ildə inkişafın qürur
doğuran səhifələri
Xalqın, Vətənin
taleyi hər bir insanın taleyinə çevrilməlidir. Həyatın
mənası çox və ya az yaşamaqdan ibarət deyil,
onun əsas mənası bu həyatda öz yerini tutmaq,
mövqeyini müəyyən etmək, ləyaqət göstərmək
və başqaları üçün nümunə
olmaqdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Çoxəsrlik tarixə və zəngin maddi-mədəniyyət
abidələrinə malik olan Naxçıvan Azərbaycanın
əzəli torpağıdır. Tarixi mənbələrdə
muxtar respublikanın paytaxtı Naxçıvan Yaxın Şərqin
ən məşhur və qədim şəhərlərindən
biri kimi təqdim olunur.
Tarixdən gələn səslər
Böyük karvan yolunun
üzərində yerləşən Naxçıvan şəhəri
miladın III yüzilliyində Sasanilər tərəfindən
dağıdılmışdır. Burda IV yüzilliyin birinci
yarısından VII yüzilliyin birinci yarısına qədərki
dövrdə sasanilərə məxsus zərbəxanalarda
üzərində “Naxç” sözü yazılmış
gümüş pullar kəsilmişdir...
İstər Səlcuqlar,
istər Atabəylər və Elxanilər hakimiyyəti
dövrü bu qədim diyarın şərəfli, eləcə
də çox qalmaqallı bir tarixidir...
1747-ci ildə Nadir
şah sui-qəsd nəticəsində
öldürüldükdən sonra Azərbaycanda yaradılan
iyirmiyə qədər müstəqil feodal dövlətinin
sırasında Naxçıvan xanlığının da
xüsusi yeri olmuşdur...
1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də sovet dövrü Naxçıvan tarixində yeni səhifələr açmışdır. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respubilkası adlandırılmışdır. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR respublikamızın istiqlaliyyət mübarizəsində həmişə öndə olmuşdur.
SSRİ-nin dağılma prosesi 1980-ci illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartmışdı. Müstəqillik hərəkatını boğmaq üçün 19 Yanvar 1990-cı ildə sovet ordusu hissələri Bakıya girərək qanlı qırğın törətmişdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal etmişdi, sərhəd boyu intensiv hücuma keçmişdi. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etmişdi. Bu, faktiki olaraq, SSRİ-nin süqutunun başlanğıcı olmuşdu.
Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz əks-sədasını tapmışdı. Bu dövrdə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərəfindən işğal təhlükəsi gözləyirdi. 1990-cı il iyulun 22-də Heydər Əliyev siyasi təqib ucbatından Moskvadan Naxçıvana gəlmişdi. Fəal siyasətə qayıdan Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Ali Məclisinə sədr seçilmişdi.
Heydər Əliyevin rəhbərliyi ilə, Naxçıvan parlamenti Azərbaycanda ilk dəfə olaraq milli dövlətçilik ənənəsinin bərpası istiqamətində addımlar atmışdı. Üçrəngli bayrağımız Naxçıvan MR Ali Məclisində dövlət bayrağı kimi qaldırılmışdı. Bayraq və digər müstəqillik atributları barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılmışdı. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan MR-in yaşaması üçün İran və Türkiyə ilə zəruri əlaqələr yaradılmışdı. Naxçıvan MR-in təhlükəsizliyi ilə əlaqədar konkret tədbirlər görülmüşdü. İlk dəfə olaraq Ermənistanla atəşkəsə nail olunmuşdu.
Son 15 il: dinamik inkişaf mərhələsi
1994-cü ildən bəri olan dövrü Naxçıvanın keçdiyi misilsiz inkişaf yolu adlandırmaq olar. Azərbaycanın hər hansı bir bölgəsində, eləcə də dünyanın harasındasa tarixən qısa bir müddətdə belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir.
Muxtar respublikada son 15 ildə həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adları ilə sıx bağlıdır.
Naxçıvan Muxtar Respublikasının son 15 ildəki sürətli inkişafını, həyatın bütün sahələrində respublikamız üçün nümunə olacaq nailiyyətlər qazamasını, diyarın kəmiyyət və keyfiyyət baxımından haradan haraya gəldiyini aydın, tam təsəvvür etmək üçün dövlət müstəqilliyinin ilk günlərindən 1994-cü ilə qədərki dövrə də qısaca nəzər salmaq lazım gəlir.
Qeyd etdiyimiz kimi, sovet imperiyasının son günlərində Naxçıvan blokadaya alınmış, odlu qövslə əhatə olunmuşdu. Suverenliyin astanasında, dövlət müstəqilliyinin ilk aylarında Moskvaya itaət göstərən Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, məsuliyyətsizliyi, xəyanətkarlığı ucbatından Naxçıvanın respublika ilə əlaqəsi tamamilə kəsilmiş, muxtar respublika taleyin ümidinə buraxılmışdı.
O fəlakətli günlərdə muxtar respublika əhalisi ümummilli lider Heydər Əliyevin zəka və qüdrətinə sığınmışdı. Həmyerliləri Ulu Tanrının xalqımızın xilası və nicatı üçün qoruyub saxladığı böyük rəhbərin ətrafında sıx birləşmişdilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi ulu öndərin həyata keçirdiyi müdrik və qətiyyətli tədbirlər muxtar respublikanın etibarlı müdafiəsini təmin etmişdi.
O günlərdə əhalinin ehtiyac və fəlakətdən xilas edilməsi ümummilli liderin təkcə Naxçıvan deyil, bütövlükdə xalqımız qarşısında misilsiz tarixi xidməti olmuşdu. 1992—1993-cü illərdə AXC — Müsavat hakimiyyətinin xalqazidd siyasəti, bais olduğu başıpozuqluq və faciələr dövründə də ulu öndər Naxçıvanı qorumuş, onu məhv olmaqdan xilas etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin avqustunda Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi təntənəsində həmin dövrün mürəkkəb hadisələrini qiymətləndirərək demişdir: “O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət böhranı, vətəndaş qarşıdurması yarananda xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev Bakıya dəvət olunmuşdu. Ulu öndər ikinci dəfə respublika rəhbərliyinə qayıdandan sonra Naxçıvanı təcrid vəziyyətindən çıxartmaq, orada başladığı islahatları və quruculuq işlərini davam etdirmək üçün muxtar respublikaya diqqət və qayğısını davam etdirmişdi. Lakin ulu öndər Bakıya gələndən sonra iflas etmiş hakimiyyətin uğursuz siyasətçiləri, pozucu qüvvələr Naxçıvana üz tutmuşdular, burada itaətsizlik göstərməyə, sabitliyə və quruculuğa əngəl törətməyə çalışmışdılar.
Nəhayət, bütün bunlara son qoymaq, blokada şəraitində yaşayan Naxçıvanı əmin-amanlığa, geniş quruculuğa yönəltmək üçün Azərbaycan Prezidenti Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdi. Şərur rayonunun Aşağı Aralıq kəndində doğulmuş, ali humanitar təhsil almış, muxtar respublikada müxtəlif vəzifələrdə işləmiş Vasif Talıbov ümummilli lider Heydər Əliyev Naxçıvana gəldiyi ilk gündən onunla bir yerdə olmuş, ən çətin məqamlarda ulu öndərin mövqeyini və fəaliyyətini dəstəkləmişdi. O, 1991-ci ilin sentyabrından Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin baş köməkçisi olmuşdu, Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşkilatlanmasında fəal iştirak etmişdi.
Aydın məram, konkret hədəf
Dünya şöhrətli siyasətçi, misilsiz dövlət xadimi Heydər Əliyevin idarəetmə məktəbini keçən, onun dövlətçilik xəttinin incəliklərini mənimsəyən, muxtar respublikanı dərindən tanıyan, potensialını və problemlərini yaxşı bilən, təşəbbüskar, coşğun enerjili, aydın proqramlı 35 yaşlı muxtar respublika rəhbəri öz məramnaməsini bircə cümlə ilə ifadə etmişdi: Prezident Heydər Əliyevin dövlətçilik platformasına sadiq qalacağam, onun bu böyük etimadını layiqincə doğrultmağa çalışacağam.
Ötüb keçən ilk günlər, həftələr, aylar göstərdi ki, bu qısa bəyanat adi sözlər deyil, onun arxasında Naxçıvanı hüceyrələrinə qədər oyatmaq, ayağa qaldırmaq, irəli aparmaq, müasirləşdirmək, gözəlləşdirmək, yaşanmış ağrı-acıları hamıya unutdurmaq istəyi, əzmi, bacarığı və iradəsi dayanır. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov Prezident Heydər Əliyevin Azərbaycanda apardığı sabitlik və quruculuq strategiyasına uyğun olaraq, Naxçıvanda vətəndaş həmrəyliyinə nail oldu, əhalini islahatları uğurla həyata keçirməyə səfərbər etməyi bacardı.
Qayda-qanunun möhkəmlənməsində, genişmiqyaslı quruculuğa başlanmasında dövlətçilik maraqlarının uca tutulması, milli-mənəvi dəyərlərə ehtiram, şəxsi nümunə, yaxşı işin dəyərləndirilməsi, ziyanlı fəaliyyətin qarşısının kəsilməsi həlledici rol oynadı. Problemlər, nöqsanlar, ehtiyaclar dəqiq öyrənildi. Ehtiyatlar, imkan və qüvvələr aşkara çıxarılıb inkişafa yönəldildi. Ali Məclis sədrinin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan (1996) və ”Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları" (2000) beynəlxalq simpoziumları Naxçıvanın yeniləşməsi, layiqli mövqeyə çıxması üçün siyasi-mənəvi və sosial-iqtisadi yönlərdə aydın, məqsədyönlü, ardıcıl fəaliyyətə əlavə impuls verdi.
Ulu öndərin daimi diqqəti, himayəsi, yerli potensialın hərəkətə gətirilməsi ilə ölkədə ilk dəfə Naxçıvanda Heydər Əliyevin başladığı aqrar islahat uğurla həyata keçirildi. Mövcud sənaye müəssisələri özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsalat sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, bütün yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlandı. Sosial-mədəni binalar təmir və bərpa edildi, çoxsaylı yeni zəruri obyektlər tikildi. Təhsil, səhiyyə, xidmət ocaqlarında nümunəvi şərait yaradıldı. Əhalinin elektrik enerjisi, qaz, içməli və suvarma suyu problemi aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndirildi. Rabitə-nəqliyyat şəbəkəsi müasirləşdirildi, tələbata uyğun quruldu. İdarəçilikdə aşkarlıq, demokratik tələblər bərqərar oldu. Muxtar respublikanın daha etibarlı müdafiəsi təmin olundu, hərbi quruculuğa daim önəm verildi.
Yeniləşmə və yüksəliş
məktəbi
Gecəli-gündüzlü zəhmətin, gərgin fəaliyyətin bəhrəsi çoxaldıqca Naxçıvan respublikada sosial-iqtisadi quruculuq, siyasi-mədəni fəallıq poliqonu kimi tanındı. Ulu öndər dəfələrlə muxtar respublikada oldu, uğurları yüksək dəyərləndirdi, hər səfərdə qayğı və köməyini artırdı. Ümummilli liderin layiqli davamçısı, regionların inkişafını prioritetə çevirmiş, bu yöndə quruculuğu şəxsi nəzarətə götürmüş Prezident İlham Əliyev Naxçıvanın daha yüksək inkişafı üçün mümkün olan hər şeyi edir. Ölkə rəhbəri hər il Naxçıvana gəlir, uğurları təqdir edir, yeni hədəflərə diqqət yetirir.
Son 15 ildə muxtar respublikanın hərtərəfli tərəqqisi aşağıdakı makroiqtisadi göstəricilərdən daha aydın görünür. Ümumi daxili məhsul 1994-cü ildəki 37287,7 min manatlıqdan 2009-cu ilin yanvar – noyabr aylarında 850526,6 min manatlığa yüksələrək 22,8 dəfə artmışdır. Həmin dövrdə adambaşına ümumi daxili məhsul isə 18,8 dəfə çoxalaraq 113,4 manatlıqdan 2128,4 manatlığa çatmışdır. Təkcə son 1 ildə ümumi daxili məhsul istehsalı 20,5 faiz yüksəlmişdir.
Naxçıvan
Muxtar Respublikasında 2009-cu ilin yanvar–noyabr aylarında
1994-cü illə analoji nisbətdə iqtisadi-sosial artım:
— ümumi daxili məhsul 22,8 dəfə;
— adambaşına ÜDM 18,8 dəfə;
— sənaye məhsulunun ümumi həcmi 82,3 dəfə;
— əsas
kapitala yönəldilən investisiyalar 826,1 dəfə;
— kənd
təsərrüfatının ümumi məhsulu 7 dəfə;
— nəqliyyatda
yük daşınması 16,4 dəfə;
— poçt
və rabitə xidməti 289,5 dəfə;
— pərakəndə
əmtəə dövriyyəsi 61,8 dəfə;
— əhaliyə
göstərilən pullu xitdmətlər 126,4 dəfə;
— xarici
ticarət dövriyyəsi 11,4 dəfə;
— dövlət
büdcəsinin həcmi 166,2 dəfə;
— əhalinin
gəlirləri 31,2 dəfə;
— bir
işçinin orta aylıq əmək haqqı 207,8 dəfə
artmışdır.
Muxtar respublikada 15 ildə sənaye
məhsulu istehsalı 1994-cü ildəki 2243 min manatlıqdan
82,3 dəfə artaraq ötən ilin 11 ayında 184590,2 min
manatlıq olmuşdur. Bu müddətdə əsas kapitala
yönəldilən investisiyalar 826,1 dəfə
artaraq 444,4 min manatlıqdan 367139,2 manatlığa
çatmışdır. Kənd təsərrüfatının
ümumi məhsulu isə 15 ildə 22905 min manatlıqdan
160004,9 min manatlığa yüksəlmişdir. Bu, sahə üzrə 7 dəfə artım deməkdir.
1994-cü ildən bəri nəqliyyatda
yük daşımaları 520,7 min manatlıqdan 8523,8 min
manatlığa qalxaraq 16,4 dəfə, poçt və rabitə
xidmətləri 95,5 min manatlıqdan 27648,8 min manatlığa
çataraq 289,5 dəfə çoxalmışdır.
Müvafiq dövrdə əhaliyə göstərilən pullu
xidmətlər isə 126,4 dəfə artmış, yəni
616 min manatlıqdan 77879,2 min manata yüksəlmişdir. 15 il əvvəl
xarici ticarət dövriyyəsi ötən ilin 11
ayındakı 149271,4 min manatlıqdan 11,4
dəfə az — 13045 min manatlıq olmuşdur. Əhalinin gəlirləri
1994-cü ildən bəri 31,2 dəfə artaraq 25632 min
manatdan ötən ilin 11 ayında 800466,5 min manata
qalxmışdır. Müvafiq olaraq adambaşına gəlirlər
78 manatdan 2003,3 manata çatmış,
25,7 dəfə çoxalmışdır. Bir işçinin
orta aylıq əmək haqqı isə 207,8
dəfə artaraq 270,2 manat olmuşdur.
Bu müddətdə
Naxçıvanın şəhər və kəndlərində
188 təhsil ocağı, 158 səhiyyə müəssisəsi,
143 mədəniyyət obyekti, 355 inzibati bina tikilib istifadəyə
verilmişdir. Ötən dövrdə 105 yeni
körpü salınmış, 52 tarixi abidə və dini
obyekt əsaslı təmir və bərpa olunmuşdur.
Əhalinin
içməli suya və suvarma suyuna tələbatını
ödəmək üçün son illərdə 331
subartezian quyusu qazılmış, 148 nasos stansiyası
qurulmuşdur.
1995-ci ildə muxtar respublikada cəmi 16 kilometr asfalt yol çəkilmişdisə,
ötən ilin 11 ayında bu rəqəm 172 kilometr
olmuşdur. Ümumiyyətlə,
Naxçıvanın indiki inkişafı dövründə
3763 yeni istehsal, xidmət və əlavə infrastruktur obyekti
yaradılmışdır. 1995-ci ildən bu günədək
61391 yeni iş yerləri açılmışdır. Bunun 33,4 faizi dövlət, 66,6 faizi özəl
bölmənin payına düşür. Bu iş yerlərinin
60 faizə yaxını — 36585-i daimi məşğuliyyətlə
bağlıdır.
İndi muxtar
respublikada 104 növ ərzaq, 173 növ qeyri-ərzaq məhsulu
buraxılır. Naxçıvan 224 adda məhsulla
özünü təmin edir, ölkənin ticarət şəbəkəsinə
və xarici bazara dünya standartları səviyyəsində
mallar çıxarır. “Blokada” məfhumu
məzmunca heçə endirilib. Naxçıvan
şəhərində yaradılmış yeni beynəlxalq
aeroport Bakı və Gəncə ilə daimi, etibarlı əlaqə
yaratmağa imkan verir. Buradan xarici ölkələrə
də uçuşlar həyata keçirilir. Culfa–Biləsuvar arasındakı məsafə
Güney Azərbaycandan keçilməklə ölkənin əsas
ərazisi ilə gündəlik avtomobil əlaqəsi
yaradılır.
Bu zirvələr
“Naxçıvan möcüzəsi”nin
hüdudlarını göstərməklə heyrət doğurur,
heyranlıq yaradır, hər birimizə sevinc və qürur gətirir.
Qəddar düşmənimiz ermənilər və
onların havadarları Naxçıvanı blokadaya salmaqla onu
ehtiyac dəryasında boğmaq, batırmaq istəyirdilər.
Naxçıvanlılar öz dözüm, qeyrət
və hünərləri ilə bütün daxili
ehtiyatları hərəkətə gətirdilər. Mövcud olan dəyərli hər şey qorundu, yeniləşdirildi.
Hər qarış torpaqdan, hər damla
Muxtar
respublikanın rəhbəri, Heydər Əliyev idarəetmə
məktəbinin istedadlı və təcrübəli yetirməsi
Vasif Talıbov öz diyarını irəli aparmaq, modernləşdirmək
üçün məqsədyönlü, irimiqyaslı,
ardıcıl işləri uğurla davam etdirir.
Son söz əvəzi
Ümummilli lider Heydər Əliyevin
Naxçıvanla bağlı arzularını yüksək səviyyədə
gerçəkləşdirən, ulu öndərin ideya və əməllərinə
sonadək sadiq olan muxtar respublika rəhbəri Vasif
Talıbovun 15 illik səmərəli fəaliyyətini
Prezident İlham Əliyev yüksək dəyərləndirərək
demişdir: “Hər bir Naxçıvan sakini əldə
edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu
böyük uğurlar münasibətilə təbrik etmək
istəyirəm. Naxçıvan rəhbəri
Vasif Talıbova öz minnətdarlığımı bildirmək
istəyirəm”.
15 il əvvəl 35
yaşında respublikanın ən ağır, çətin,
mürəkkəb bölgəsinə — Azərbaycanla
yalnız hava əlaqəsi olan, problemlər məngənəsində
sıxılan Naxçıvan Muxtar Respublikasına rəhbər
seçilən Vasif Talıbov bu gün anadan olmasının
50 illiyini ölkə və xalq naminə göstərdiyi
genişmiqyaslı xidmətin üzağardan, başucaldan
uğurları ilə qarşılayır. Ötən 15 il onu respublikamızda, eləcə də ondan kənarda
aydın proqramlı siyasətçi, ciddi dövlət xadimi,
yurdsevər, əməlpərvər vətəndaş kimi
tanıtmışdır. Yarım əsrlik bu ömrün son
15 ili on illər qədər məzmunlu,
faydalı, məhsuldar olmuşdur.
“Vasif
Talıbovun bütün fəaliyyəti Azərbaycanda, onun
ayrılmaz hissəsi olan Naxçıvan MR-də cərəyan
edən mühüm siyasi, ictimai və mədəni proseslərlə
sıx bağlıdır. Onun apardığı məqsədyönlü
iş sayəsində qonşu dövlətlərlə —
Türkiyə Cümhuriyyəti və İran İslam
Respublikası ilə normal münasibətlər
yaradılmış, çoxsaylı müqavilələr
imzalanmışdır. Bu münasibətlər
Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin,
elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə
kömək etmişdir.
Azərbaycanda müstəqil
dövlətçiliyin qurulması və möhkəmləndirilməsi,
Vətənin ərazi bütövlüyünün
qorunması, ölkədə demokratik dəyərlərin bərqərar
olması kimi ali məqsədlərə
çatmaq üçün Vasif Talıbov xalqın
ümummilli lideri Heydər Əliyevin respubilka rəhbərliyinə
qayıdışı uğrunda mübarizənin
öncüllərindən olmuş və müdrik rəhbərin
yanında olmaqla, əsl mənada, onun məktəbini
keçmiş, yaxın silahdaşı olmuşdur”.
Naxçıvan
Ensiklopediyasından götürülmüş bu sözlər
muxtar respublika rəhbərinin tarixi xidmətlərinə onun
həmyerlilərinin yüksək qiyməti kimi bu əlamətdar
gündə xüsusi məna və ahənglə səslənir.
Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU,
Naxçıvan — Bakı
Xalq qəzeti.- 2010.- 14 yanvar.- S. 3.