2009-cu il Azərbaycan mədəniyyətinin
sürətli inkişaf
dövrü oldu
Öz inkişaf tempinə görə qabaqcıl
ölkələrlə yanaşı addımlayan Azərbaycanımız
bütün sahələrdə olduğu kimi mədəniyyətin
tərəqqisi sahəsində də əsaslı nailiyyətlər
əldə etmişdir. Ölkəmizin dünyada
tanıdılmasında, xalqımızın mənəvi dəyərlərinin
qorunub inkişaf etdirilməsində, eləcə də, mədəni
irsimizin gələcək nəsillərə
çatdırılması istiqamətində həyata
keçirilən davamlı tədbirlər bunu bir daha təsdiq
edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin tərəqqisinə göstərdiyi diqqət və qayğı söz yox ki, bu yüksəlişdə başlıca amildir. Çünki ölkə rəhbəri bütün il boyu mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın əsl himayədarı olmuş, öz fərman və sərəncamları ilə bu inkişafa güclü stimul yaratmışdır. Ulu öndər Heydər Əliyevin mədəniyyətin inkişafı ilə bağlı ölməz ideyaları bu gün dönmədən həyata keçirilir. Azərbaycan getdikcə sivil dövlətə çevrilir.
2009-cu il mədəniyyət sahəsində onunla əlamətdar oldu ki, Bakımız İslam Mədəniyyətinin Paytaxtı elan olundu. Bu beynəlxalq layihə çərçivəsində il boyu həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanın islami dəyərlərə böyük ehtiramla yanaşdığını, uzun illər, hətta, sovet qadağaları dövründə belə, onu qoruyub saxladığını bir daha təsdiq etdi. Bu, ölkəmizin tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, Azərbaycanımızın islam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoydu.
2009-cu il mədəniyyətin bütün sahələrində əsaslı islahatlar davam etdirilmişdir. Belə ki, teatr, kino, musiqi, tətbiqi sənət, milli-mənəvi dəyərlərin qorunması sahələrində bir sıra uğurlu nailiyyətlər qazanılmışdır.
Teatrlarımızın inkişafında Prezidentin 2009-cu il 18 may tarixli sərəncamı mühüm rol oynadı. Bu sərəncamla “Azərbaycan teatrı 2009- 2019-cu illərdə” Dövlət Proqramı təsdiq olundu. Məlumdur ki, bir sıra teatrlarımız artıq təmir edilmiş, Milli Akademik Dövlət Dram Teatrında əsaslı təmir işləri başa çatmaq üzrədir. Teatrlarımızda dünya və Azərbaycan klassiklərinin əsərləri, eyni zamanda, müasir əsərlər tamaşaya qoyulur. İl ərzində dövlət sifarişi ilə 29 tamaşa hazırlanmışdır. Çox maraqlı olan budur ki, son zamanlar tamaşaçıların teatra marağı artmaqdadır.
Ötən il kino sahəsində
də islahatlar davam etdirilmişdir. Milli kinomuzun inkişafı ilə bağlı Dövlət Proqramının
reallaşdırılması bu sahədə yeni canlanma yaratmışdır.
Kinoteatrlarımızda vəziyyət o qədər
ürəkaçan olmasa
da, onların təmiri və müasir səviyyədə
yenidən qurulması
istiqamətində layihələr
reallaşdırılır. Bu gün ölkənin
ən iri kino nümayişi müəssisəsi olan paytaxtın Nizami kinoteatrında əsaslı
təmir işləri
böyük sürətlə
davam etdirilir.
“Azərbaycanfilm” kinostudiyasının
fəaliyyəti xeyli genişləndirilmişdir. “Niyyət”
bədii filminin istehsalı tamamlanmış,
“İstanbul reysi”, “Aparıcı”, “Buta”, “Vəkil əhvalatı”, “Bəşəriyyətin xilaskarı”
filmlərinin istehsalı
davam etdirilmiş, “İbrus” şirkətində
“Kabus” (Azərbaycan-Fransa),
“Pozitiv media” şirkətində
“Aktrisa”, “Nərimanfilm”
prodüsser mərkəzində
“Sahə”, “Bizim kino” PM-də “Ölüm növbəsi”
bədii filmləri istehsal prosesinin ayrı-ayrı mərhələlərindədir.
“Salnamə”
studiyası “Dədə
yolları” (“Zəlimxan
Yaqub”) filmini ötən il
çəkib qurtarmış
və təqdimatı
uğurla keçmişdir.
“Yaddaş” studiyasında
da yeni filmlər
istehsal eedilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ötən il aprelin
13-də Dövlət Film Fondunun
yeni inşa edilmiş binasının açılışında istirakı
mədəniyyətimizə qayğının bariz nümunəsi kimi yaddaşlarda qaldı. Bu binada milli
sərvətimiz olan filmlərimizin saxlanılması
və mühafizəsi,
eyni zamanda, bərpası üçün
hərtərəfli şərait
yaradılmışdır. Dövlət
sifarişi ilə çəkilmiş “40-cı qapı”
filminin beynəlxalq festivallarda qazandığı
uğurları da ilin hadisəsi kimi qeyd etmək
olar.
Bundan başqa, XI “Şərq-Qərb”
beynəlxalq kinofestivalının,
İran, Misir, Türkiyə, İordaniya
və Mərakeşin
kino günlərinin keçirilməsi də
2009-cu ilin mühüm
tədbirlərindən olmuşdur. Bu ölkələrin Azərbaycanda
keçirilən mədəniyyət
günləri böyük
maraq və məhəbbətlə qarşılanmışdır.
Prezident İlham
Əliyevin sərəncamı
ilə 2009-cu ildə
5 sənətçi Prezident
təqaüdünə, 100 nəfər incəsənət
xadimi Prezident mükafatına layiq görülmüş, 1 nəfər
xalq artisti, 7 nəfər əməkdar
incəsənət xadimi,
46 nəfər əməkdar
artist, 1 nəfər əməkdar
rəssam, 16 nəfər
əməkdar mədəniyyət
işçisi fəxri
adları almışlar.
Bakıdakı “Muğam aləmi” beynəlxalq muğam festivalı da böyük müvəffəqiyyətlə
keçmişdir. Eyni zamanda, gənclər
arasında keçirilən
Beynəlxalq Muğam müsabiqəsi də ilin hadisəsinə çevrilmişdir.
Kitabxana işinin yenidən qurulması istiqamətində
də 2009-cu ildə bir sıra uğurlu
layihələr həyata
keçirilmişdir. Respublika
Prezidentinin 2008-ci il 16 oktyabr tarixdə imzaladığı
sərəncamda təsdiq
olunan “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı”
bu sahədə əhəmiyyətli rol oynamışdır. Kitabxanalarda elektron
kataloq, elektron kitabxanaların yaradılması
istiqamətində bir
sıra əhəmiyyətli
tədbirlər reallaşdırılmışdır
ki, bu da
müasir oxucuların
tələbatını ödəmək
baxımından olduqca
əhəmiyyətlidir. Dövlət
Proqramına əsasən,
Bakı şəhərinin
9 rayonunda fəaliyyət
göstərən kütləvi,
uşaq, gənclər
kitabxanalarının əsasında
mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması işinə
başlanılmışdır.
Mədəniyyət və Turizm Nazirliyi ötən il
iki cildlik “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)” kitabının
elektron versiyasını
hazırlamışdır. Eyni zamanda, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət
sahəsində gördüyü
işləri, həyata
keçirdiyi layihələri
əks etdirən “Kultura i kulturnie
şedevrı Azerbaydjana
— unikalnoe poslanie buduşim pokoleniyam” kitabı işıq üzü görmüş
və M.F.Axundov adına Milli Kitabxanada bu kitabın geniş təqdimatı keçirilmişdir.
Ötən il tarixi-memarlıq abidələrinin bərpası,
mühafizəsi, abidələrlə
bağlı yerli əhalinin maarifləndirilməsi
istiqamətində aparılan
işlər də təqdirəlayiqdir — “Şirvanşahlar
Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq Muzeyinin 45 illiyi də yüksək şəkildə qeyd olunmuşdur.
Yeni kitabların nəşri də diqqət mərkəzində olmuşdur. Bir sıra
yazıçılarımızın əsərləri Mədəniyyət
və Turizm Nazirliyinin vəsaiti hesalbına təkrar nəşr edilərək
oxuculara çatdırılmışdır.
Xalq yazıçısı
İsa Muğannanın
6 cildlik “Seçilmiş
əsərləri”, Məsud
Əlioğlunun 2 cildlik
“Darıxan adamlar”, Hüseyn Abbaszadənin “Nurdan yoğrulmuşlar” kitabları və başqa nəşrlər
maraqla qarşılanmışdır.
İlin ədəbi hadisələri
sırasına “Qızıl
kəlmə” ədəbi
mükafatının verilməsi
ilə bağlı keçirilən mərasimi
xüsusi olaraq qeyd etmək lazımdır. Aqil Abbasın, Elçin Hüseynbəylinin, Zakir Fəxrinin, Taleh Həmidin, Hüseynbala Mirələmovun, Saday Budaqlının, Məmməd
Orucun, Gülşən
Lətifxanın adları
bu mükafatçılar
sırasında olmuşdur.
Azərbaycan kitabı beynəlxalq kitab sərgisi yarmarkalarında uğurla nümayiş etdirilmişdir. Ötən
il Muzey
Mərkəzində Azərbaycanda
ilk dəfə olaraq Bakı beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunmuşdur.
Burada 20 xarici ölkədən təxminən
35-ə yaxın, o cümlədən
60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisələri
iştirak etmişdir.
Bakı beynəlxalq
mədəniyyət tədbirlərinin
mərkəzinə çevrilmişdir.
Ötən ilin oktyabr ayında Bakıda keçirilən
İslam Konfransı Təşkilatına üzv
dövlətlərin Mədəniyyət
Nazirlərinin VI konfransı
əhəmiyyətli hadisəyə
çevrildi. Konfransda
ümumilikdə 42 ölkədən
20 nazir, 10 nazir müavini və digər rəsmi şəxslər, 17 beynəlxalq
və regional təşkilatın
nümayəndələri, bir sıra universitet
və akademiyaların
rəhbərləri, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, Azərbaycan
hökumətinin üzvləri
iştirak etmişdir.
Konfrans iştirakçılarını
qəbul edən Prezident İlham Əliyev bu tədbirin böyük beynəlxalq əhəmiyyəti
olduğunu, islam dəyərlərinə ölkəmizdə
böyük qayğı
göstərildiyini bildirmişdir.
Konfransda islam dünyasında təhlükə
altında olan mədəni və dünyəvi irsin qorunmasına dair qətnamə qəbul edilmiş, erməni işğalçılarının qəsb etdikləri Azərbaycan torpaqlarında
İslam irsinin məhv edilməsi məqsədi ilə həyata keçirdikləri
vandalizm hərəkətləri
pislənmiş, BMT-nin
822, 853, 874 və 884 saylı
qətnamələrini Ermənistan
Respublikası tərəfindən
dərhal və şərtsiz yerinə yetirilməsi tələb olunmuşdur.
Başqa bir beynəlxalq tədbir
TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının XXIV toplantısı
oldu. Oktyabr ayında “Bakı İslam Mədəniyyətinin
Paytaxtı” çərçivəsində
keçirilən bu tədbirdə 8 ölkənin
nümayəndələri iştirak
edirdilər. İclasın
yekun bəyannaməsində
3 oktyabr 2009-cu il tarixində Naxçıvan
Muxtar Respublikasında
keçirilmiş türkdilli
ölkələrin dövlət
başçılarının IX zirvə toplantısında
qəbul edilmiş “Naxçıvan Bəyannaməsi”
dəstəklənmiş, türk
mədəniyyəti irsinin
qorunması və inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi
nəzərdə tutulmuşdur.
Əlbəttə, belə
beynəlxalq tədbirlərin
Azərbaycanın mədəni
irsinin tanınması,
beynəlxalq aləmə
inteqrasiyası böyük
əhəmiyyəti vardır.
Qəbələdə keçirilən
beynəlxalq musiqi festivalı, Beynəlxalq Caz festivalı, müxtəlif yubileylər
və yaradıcılıq
gecələri ölkəmizin
mədəni həyatına
xüsusi rəngarənglik
gətirməklə onu
daha da zənginləşdirmişdir.
Ötən ilin mədəniyyət hadisələri
bunlarla yekunlaşmır.
Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin,
eyni zamanda, rayonların müvafiq idarələrinin keçirdikləri
tədbirlər də
mədəniyyətimizin inkişafında
mühüm rol oynamışdır.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 14 yanvar.-
S. 2.