ŞÜUR

 

İnsan cəmiyyəti haqqında yazdığım məqalələri bir daha nəzərdən keçirdikdə mənə aydın oldu ki, institutda oxuduğum zaman fəlsəfənin ikinci hissəsi kimi öyrəndiyimiz, ancaq qeyri-elmi saydığım “Tarixi materializm”in əsas aspektləri elmi olaraq bu məqalələrdə şərh edilmişdir. Ömür boyu elmlər elmi olan fəlsəfənin “Dialektik materializm” hissəsinin vurğunu olmuşam. Onun qanun və kateqoriyalarının köməyi ilə həyatın maraqlı hadisə və proseslərini saf-çürük edir, dialektik materializmdən fərqli olaraq o vaxt öyrənməyə çalışdığım “Tarixi materializm” məndə özünə qarşı inam oyada bilmir, onun saxta olduğu nəzərə çarpırdı.

 

XVII-XIX əsrlərdə dialektik materializm bir elm kimi formalaşdığı zaman tarixi materializmi də formalaşdırmağa cəhdlər göstərilirdi. Bu sahədə Marks, Engels, Leninin irəli sürdükləri əsl elmdən uzaq olan müddəalar bəşəriyyəti bir əsrə qədər çaş-baş saldı.

 

Bu müddət ərzində Qərbin filosofları bütün güclərini Marksizm-Leninizmin tarixi materializm kimi ortaya qoyduğu konsepsiyanın düzgün olmadığını sübut etməyə çalışsalar da, onların nəzəriyyələrinin səhv olduğunu həyat özü sübut etdi. Əfsus ki, tarixi materializmi bir elm kimi bizim günlərə qədər formalaşdırmaq mümkün olmadı və kor-koranə yaşayan bəşəriyyət Marksizm-Leninizmin günahı üzündən XX əsrin əvvəlində iki cəbhəyə parçalandı. Nəticədə insan artımı və ətraf mühitin qorunması kimi vacib problemlər diqqətdən kənarda qaldı. Bu gün sivilizasiya real məhv olma təhlükəsi ilə üz-üzədir. Təqdim olunan “Həyati oçerklər”də tarixi materializmin əsas aspektləri öz həllini tapmışdır. İrəli sürülən müddəalar dünya elmi tərəfindən bir gün də vaxt itirmədən saf-çürük edilməli və qəbul edilərsə təcili surətdə icrasına başlanmalıdır.

Qeyd etmək lazımdır ki, fəlsəfə elmini “Dialektik materializm” və “Tarixi materializm” kimi iki hissəyə bölmək o qədər də düzgün fikir deyil. Əslində, fəlsəfə elmlər elmi olmaqla kainatda baş verən bütün hadisə və prosesləri materializm zəminində, dialektik metodla öyrənir. İki misal:

Kelvin şkalası ilə 0 dərəcədən 273 dərəcəyə qədər buz şəklində olan suyun daha mütəhərrik, daha enerjili, ona görə də ali olan maye halı 2730-da buz halını inkar edir. İstiliyin artması ilə deyilən keyfiyyətlər güclənir və 373 dərəcədə daha ali forma olan buxar halı maye halını inkar edir. Qeyd etmək gərəkdir ki, bu proseslərdə suyun molekul quruluşu dəyişməz qalır. Bu təbiət hadisəsi, əslində, istilik və soyuğun vəhdəti və mübarizəsi fonunda baş verir və hər iki istiqamətdə işlənməsi ilə maraqlıdır. İstiliyin artması nəticəsində maye halı buz halını, daha sonra isə buxar halı maye halını inkar edirsə, soyuğun təsirindən, əksinə, əvvəl maye halı buxar halını, daha sonra isə buz halı maye halını inkar edir.

Məlumdur ki, musiqi səsləri do, re, mi, fa, sol, lya, si sırasına malikdir. Səslərin bir-birinə keçməsi, əslində zillə bəmin vəhdəti, mübarizəsi və bir-birini inkar etməsi deməkdir. Do səsindən re səsinə keçid do-nun re tərəfindən inkar edilməsi yox, zillin mövqeyinin möhkəmlənməsi, kəmiyyət dəyişməsidir. Bu proses səslərin sonrakı sırasında davam edib si səsində son həddə çatır və nəticədə daha zil tona malik olan növbəti do səsi, 7 səs əvvəlki bəm do səsini inkar etmiş olur. Bu proses eyni qayda ilə re və başqa səslərə də aiddir.

Deməli, biz insan cəmiyyətinin mahiyyətini dialektikanın qanunlarının köməyi ilə aça bilsək, fəlsəfə elmi qarşısında duran çox vacib bir məsələni də həll etmiş olar və “bəşər hara gedir” sualını cavablandıra bilərik.

“Bəşəriyyət” məqaləsində insan cəmiyyətinin fəlsəfi formulasını, “insan cəmiyyəti ədalət və ədalətsizliyin vəhdəti və mübarizəsi şəraitində mövcudluq tapır” kimi xarakterizə etmişdim. Ancaq, hiss edirdim ki, bu formula insan cəmiyyətinin fəlsəfi mənasını tam ifadə etmir. Düşünürdüm ki, insan cəmiyyətinin bu günü, xüsusən də gələcəyi şüurdan asılıdır. Ona görə də şüur haqqında daha ətraflı düşünməyi qərara aldım.

 

* * *

 

Məlumdur ki, şüur baş beyinin fəaliyyətinin məhsuludur. Bu, o deməkdir ki, şüur az və ya çox dərəcədə baş beyinə malik olan bütün canlılara xas olan bir qabiliyyət hesab edilməlidir. Məsələn, ölmüş heyvanın leşi ilə qidalanan yırtıcı quşlar heyvanın hər hansı səbəbdən qırılmış sümüklərinin içərisində ilik olduğunu “başa düşəndən” sonra, sınmamış sümükləri də göyə qaldırıb oradan qayalara çırpıb qırmasını və ilik çıxarmasını şüurun ilk qığılcımları hesab etməmək olmaz.

Şübhəsizdir ki, ayrı-ayrı canlıların şüur imkanı onların xromosom quruluşu ilə təyin edilir. Deməli, insanın şüur imkanı da, birinci növbədə onun xromosom quruluşundan asılıdır. Bu, hər şeydən əvvəl, baş beyin çəkisinin ümumi bədənin çəkisinə nisbətində öz əksini tapır. Həmin nisbətə görə, insan canlılar arasında birinci yerdədir və ona görə də onun şüur imkanları yüksəkdir. İnsanın xromosomunun quruluşundan asılı olan bədən quruluşunun, xüsusən də əllərin quruluşunun, şüurun imkanlarının üzə çıxarılmasında (məsələn, əmək alətlərinin yaradılması zamanı) xüsusi rolu vardır. Deməli, delfin nə qədər “ağıllı” olsa da və bundan sonra nə qədər zaman mövcudluq tapsa belə, əlləri olmadığı üçün, həm də bu səbəbdən əqli imkanlarına görə insan səviyyəsinə yüksələ bilməz. Yəqin ki, insana ən yaxın olan meymunların da, baş beyinlərinin nisbi kiçikliyi üzündən, şüur imkanları məhduddur.

“Canlılıq” məqaləsində qeyd etdiyimiz kimi, tərkibin sabitlik qanunu canlıların hər birinin özünəməxsus quruluşa malik olan xromosomlarına da aiddir. Kainatın hər hansı nöqtəsində bu xromosomların hər hansı birinin yaranması üçün şərait meydana gələn kimi müvafiq olan canlı varlıq orada mövcudluq tapır. Bu fikrin həqiqət olmasına şübhə yeri qalmır və o, Ç.Darvinin uydurma təkamül nəzəriyyəsinin tabutuna vurulan axırıncı mismar hesab edilə bilər.

Maraqlıdır ki, insanın Yer üzərində hansı yolla mövcudluq tapmasından asılı olmayaraq, o, mövcud olduğu zamanın əksəriyyətini instinktiv olaraq, yarıvəhşi formada yaşamış, əqli imkanları təsəvvürəgəlməz surətdə yavaş inkişaf etmişdir. İnsan bu gün öz baş beyninin imkanından 3-5 faiz istifadə edə bilirsə, milyon illər bundan əvvəl bu imkan, yəqin ki, bundan çox-çox az, faizin mində — biri qədər olmuşdur. Milyon illər boyu insan qəbilələri əsasən instinkt əsasında yaşasa da, qəbilə həyatında şüurun rolu az qala yox dərəcəsində olsa da, şəksizdir ki, yavaş-yavaş da olsa şüurun rolu daim artırdı.

İnsan bir bioloji varlıq olmaqla həyat səhnəsinə çıxan kimi öz xromosom quruluşunun diktəsi ilə instinktiv olaraq, icma, qəbilə halında yaşamağa başladı. İnstinktiv olaraq qida axtaran qəbilə üzvü, məsələn, çoxlu meyvə olan bir sahə taparkən, instinktiv olaraq əvvəl öz qarnını doyurur, yalnız bundan sonra tapıntı haqqında xəbər vermək üçün düşərgəyə qaçırdı. Şüur aşağı səviyyədə olduğu üçün, o yeri gizlin saxlayıb hər gün öz qarnını doyurmaq onun heç ağlına da gəlmirdi. Nə qədər ki, hər bir qəbilə üzvü həm öz qeydinə, həm də qəbilənin qeydinə instinktiv olaraq qalırdı, ibtidai icma dövrü də mövcudluğunda idi. Hər bir qəbilə üzvü yaşamaq üçün, instinktiv olaraq, qəbilənin yaşaması üçün də çalışırdı. Ancaq, qəbilənin yaşamasının onun özünün yaşaması üçün vacib olduğunu qətiyyən başa düşmürdü.

Ən çoxu iyirmi min il bundan əvvəl insan həyatının idarə olunmasında şüur instinkti üstələməyə başladı və bu yekun nəticədə sonralar quldarlıq adlandırılan dövrün meydana gəlməsinə səbəb oldu. Şüurun kifayət qədər yüksək olmaması səbəbindən qəbilələrdə hökm sürən, demək olar ki, mütləq ədalət az qala mütləq ədalətsizliklə əvəz olundu. Bəşər həyatının qəbilə dövrü, “qızıl dövrü” bitdi, onun ən ağır dövrü “insan insanın canavarıdır” prinsipinin tüğyan etdiyi dövr başlandı. Lakin bəşər həyatını cəhənnəmə döndərən şüurun özü də onu bu vəziyyətdən qurtarmağa məhkum idi. Odur ki, şüur artdıqca insan cəmiyyətindəki ədalətin itirilmiş mövqeləri yavaş-yavaş (əslində, insan həyatının keçmiş milyon illəri ilə müqayisədə çox böyük sürətlə) quldarlıq, feodalizm, kapitalizm keçidində özünə qayıdırdı. Bu proses dönməzdir və şüurun köməyi ilə ədalətin az qala mütləq dərəcədə bərqərar olmasına qədər davam edəcəkdir (ekoloji fəlakətdən yan keçə bilsək).

Bu gün insanların çoxu öz xeyrini əsasən şüurlu surətdə qoruyur və başa düşür ki, onun mövcudluğu cəmiyyətin mövcudluğundan asılıdır. Ona görə də, öz xeyrindən çox, cəmiyyətin xeyri üçün çalışan yüksək şüura malik insanlar vardır və zaman keçdikcə onların sayı daim artacaqdır. Yəqindir ki, instinkt hər bir fərdə, əsasən, “özün yaşamalısan” deyirsə, ondan fərqli olaraq şüur “biz yaşamalıyıq fikrini irəli çəkir.

Deyilənlər əsasında insan cəmiyyətinin fəlsəfi formulunu dəqiqləşdirmək olar; insan cəmiyyəti instinkt ilə şüurun vəhdəti və mübarizəsi fonunda mövcudluq tapır. Lakin qeyd etmək gərəkdir ki, gələcək inkişaf dövründə heç zaman instinktin payı sıfıra qədər azala, şüurun rolu isə yüz faizə qədər arta bilməz. Bu proses insan cəmiyyətinin həyatında instinktin zəifləməsi, şüurun rolunun artması yolu ilə əbədiyyətə qədər uzanacaqdır. Göründüyü kimi, insan cəmiyyətinin İbtidai icma fazasından başlamış və əbədiyyətə qədər uzanmaq imkanına malik olan ali icma fazası boyunca İnkarı-inkar qanunu tam mənasında fəaliyyət göstərə bilməz, yəni, şüurun instinkti tam inkar etməsindən söhbət gedə bilməz.

Deməli, kainatda olan bütün hadisə və proseslərin təkamülündə olan sadədən mürəkkəbə, ibtidaidən aliyə prinsipləri insan cəmiyyətinə də aiddir. Yəni, bəşəriyyət öz inkişafının instinktlə idarə olunan İbtidai icma dövrünü arxada qoymuşdur, keçid dövrünü bitirmək üzrədir və mütləq şüurun idarə etdiyi Ali icma fazasına keçməlidir.

 

 

Pənah QURBANOV,

kimya elmləri doktoru,

şair

 

Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 8.