Alimə də, elmə də münasibət dəyişməlidir

 

Azərbaycan dövlət müstəqilliyini qazanandan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq, elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdən də keçən müddət ərzində aparılan elmi tədqiqatlar səviyyə etibarı ilə respublikanın davamlı yüksəlməkdə olan inkişaf tempindən geri qalır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Elmi ictimaiyyət artıq xeyli müddətdir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanda ictimai və humanitar elmlərin mövcud durumundan bəhs edən çox əhatəli və dərin təhlilə əsaslanan məqaləsi ətrafında müzakirələr aparmaqda davam edir. Əminəm ki, bu müzakirələr hələ çox davam edəcəkdir. Ona görə ki, məqalədə həqiqətən Azərbaycan elminin çox ağrılı problemlərinə toxunulub. O problemlərə ki, onlar uzun illərdir elmi ictimaiyyəti düşündürür, narahat edir. O problemlər ki, onların aradan qaldırılması üçün çoxsaylı digər amillərlə bərabər, həm də zamana ehtiyac var.

 

Elm həm keçmişimizdir, həm də gələcəyimiz

 

Elm hər bir millətin və dövlətin həm keçmişidir, həm də gələcəyi. Bütün svilizasiyaların və ən yeni texnologiaların açarı həmişə alimlərin əlində olub və bundan sonra da daim onların əlində qalmaqda davam edəcəkdir. Vaxtında bu sadə həqiqəti dərk edən xalqlar indi hər sahədə, sözün əsl mənasında dünyaya meydan oxuyurlar. Azərbaycan xalqı fəxr edə bilər ki, onun nümayəndələri də zaman-zaman dünya elminə olduqca sanballı töhfələr, böyük dühalar bəxş edib. Prezident İlham Əliyevin təbirincə desək, “bəşəriyyətin fəlsəfi, mədəni və elmi irsinin, Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanmasında azərbaycanlı alimlər yaxından iştirak etmişlər. Onlar elmi təfəkkürün ən müxtəlif sahələrində sanballı əsərlər meydana gətirməklə İslam aləminin mədəni intibahında müstəsna xidmətlər göstərmişlər”. Etiraf edək ki, elə bu günün özündə də Azərbaycan elminin dünyanın ən uzaq nöqtələrindən belə çox aydın görünən parlaq ulduzları az deyildir. Amma bunlar bizi qane edirmi? Gəlin, razılaşaq ki, Azərbaycan elminin, o cümlədən ictimai və humanitar elmlərin bugünkü vəziyyəti ölkəmizin ümumi inkişaf dinamikasından çox geri qalır. Bunun da əslində heç bir obyektiv səbəbi yoxdur. Azərbaycanda elmin inkişaf tempinə təsir edən, daha doğrusu, mane olan amillərin hamısı birbaşa subyektiv amillərdir. Bəri başdan deyim ki, elmin, xüsusən də ictimai və humanitar elmlərin günümüzün reallıqları səviyyəsində inkişafına nail olmaq üçün həm akademiya, həm də ali təhsil sistemində çox ciddi islahatlar aparılmalıdır.

 

Ali təhsili köhnə stereotiplərdən xilas etməli

 

Bir sıra ali məktəblərimiz hələ də keçən əsrin 50-60-cı illəri səviyyəsində qalmaqdadır. Elə alim var ki, 40-50 ildir hansısa kafedraya “rəhbərlik”edir. Həmin alimlərin 40-50 il bundan əvvəl haradansa köçürmüş olduğu saralmış vərəqlərdən höccələyə-höccəlləyə oxuduğu mühazirələrdən tələbə nə öyrənsin?! Son 20-30 il ərzində təmsil etdiyi elmin müasir problemlərindən bəhs edən bir ədəd məqalə belə yazmayan alimin hansısa kafedraya başçılıq etməyə nə dərəcədə mənəvi haqqı var? Bu vəzifələrin hər birinin çox böyük yükü və məsuliyyəti var. Elə insanlar var ki, eyni zamanda bir neçə vəzifə tutur. Ümumiyyətlə, bir adam eyni zamanda bir sıra vəzifələri tutursa təbiidir ki, nə məsuliyyətdən, nə də hansısa uğurlu nəticədən danışmağa dəyər.

Mən yaşlı nəslin nümayəndəsi olan professor-müəllim heyətinə qarşı hər cür hörmətsizliyin və diqqətsizliyin də qəti əleyhinəyəm. Onların məsləhət və tövsiyələrinə hər birimizin, özü də hər zaman çox ehtiyacımız var. Belə insanları gündəlik olaraq kifayət qədər gərgin əməli fəallıq tələb edən məsul vəzifələrdə saxlamaqla, əslində onlara hörmətsizlik edilir. Olmazmı ki, Azərbaycan elminin inkişafında həqiqətən xidmətləri olan həmin insanlar ömürlərinin ixtiyar çağında bu qədər yüklənməsin. Mən demirəm, Amerika kəşf edək. Yetər ki, bu sahədəki dünya təcrübəsindən yaranaraq. Məsələn, qonşu Rusiyada və bir çox başqa ölkələrdə yaşlaşmış alimlər normal əmək haqqı verilmək şərti ilə illər boyu çalışdıqları müəssisə, kafedra və ya şöbədə məsləhətçi kimi saxlanılır. Onların yerini isə daha enerjili, daha çevik və daha perspektivli kadrlar tutur. Bu halda təbiidir ki, həm elm qazanır, həm də elm adamları. Etiraf edək ki, vəzifəsini itirmək xofu ilə yaşayan bir çox şöbə və kafedra müdirləri istedadlı və perspektivli alimlərin irəli çıxmasına hər vasitə ilə mane olurlar. Nə qədər acınacaqlı olsa belə bu gün ali məktəblərimizdə çalışan dosent və professor heyətinin böyük bir qismi dissertasiyasını pulla ona-buna yazdıran insanlardır. Onların diplom alan kimi dərhal ali məktəblərə qaçmasının səbəbləri də hər kəsə yaxşı bəllidir. Əlbəttə, belələrinin Azərbaycan elminin inkişafı naminə nəsə bir iş görəcəyini düşünmək sadəlövhlük olardı.

Ali məktəblərin adının dəyişdirilməsi, bir neçə pillədən ibarət təhsil sisteminə keçilməsi, aspiranturanın doktoranturaya çevrilməsi və bu kimi kosmetik dəyişiklikləri elmdə aparılan əsaslı islahat kimi başa düşmək düzgün olmazdı. Yəni, dünənə kimi ateizmdən mühazirə oxuyan professor bu gün ilahiyyat fənnini tədris edir. Bəlkə ateizm və ilahiyyat eyni şeylərdir?! Sual olunur, həmin müəllim bir günün içərisində necə dəyişdi, harada kurs keçdi?! Cümhuriyyət tarixinin tədqiqi ilə məşğul olan insana Albaniya tarixindən, ən yeni dövr tarixi ilə məşğul olana isə qədim dünya tarixindən mühazirə oxumaq həvalə olunur. Arxeologiya, etnoqrafiya, epiqrafika, numizmatika, antropologiya, paleontologiya kimi spesifik fənləri də əksər hallarda mütəxəssis olmayan insanlar tədris edirlər. Halbuki, bu insanlar özləri tədris etdikləri fənni nəinki orta, heç kafi səviyyədə bilmirlər. Belə olan halda onlardan dərs alan tələbələrdən nə umaq? Bax, bu səbəbdəndir ki, ali məktəblərimizin bir çoxunda hətta intizamlı və yaxşı oxuyan tələbələr belə başdansovdu mühazirələrdə oturmaq istəmirlər.

Elə etmək lazımdır ki, ali məktəb sistemində aparılan islahatlar birbaşa təhsilin keyfiyyətinə təsir etsin. Fikrimcə, vəziyyəti dəyişmək üçün, hər şeydən öncə, tədris prosesinin özünü əsaslı şəkildə təkmilləşdirmək tələb olunur. Bunun üçün birinci növbədə ali məktəblərin qapıları yüksək ixtisaslı mütəxəssislərin üzünə geniş açılmalıdır. Ətalət və mühafizəkarlığın daşıyıcısı olan passiv və köhnə təfəkkürlü kafedra müdiri və dekan korpusu fəal və işgüzar kadrlarla əvəzlənməlidir. Tədris planları əsaslı şəkildə təzələnməlidir. Nuh əyyamından qalmış sovetsayağı tədris planları zibil qutularına atılmalıdır. Ayrı-ayrı fənlər üzrə xüsusi kursların çəkisi artırılmalıdır. Bu kursların tədrisi isə bilavasitə həmin problemin tədqiqi ilə məşğul olan görkəmli mütəxəssislərə həvalə olunmalıdır. Bu yolla da kafedra müdiri və dekanlar istisna olmaqla ştatlı işçilərin sayı ciddi şəkildə azaldılmalı, əvəzində ən nüfuzlu mütəxəssislər müqavilə yolu ilə ali məktəblərə cəlb olunmalıdır. Belə olarsa, tələbələr bu və ya digər elm sahəsində çalışan ən nüfuzlu alim və mütəxəssislərlə birbaşa təmasda olar. Məgər pis olar ki, Albaniya tarixinə dair mühazirələr bilavasitə tanınmış albanşünaslara, Naxçıvan tarixinə dair mühazirələr isə bu diyarın tarixini öyrənmək sahəsində xüsusi xidmətləri olan alimlərə həvalə edilsin?! Digər mövzu və problemlər də həmçinin.

Sirr deyil ki, ali məktəblərimizin hamısında olmasa da, bir qismində yoxlama işi, kurs işi və diplom işlərinə dair mövzuların verilməsi və icrası bütünlüklə təmənna üzərində qurulub. Əgər istəyiriksə ali məktəblərdə mənəvi-psixoloji mühit sağlamlaşsın, tələbələr elmi axtarışlara meyl etsin, onda bu cür neqativ halların kökü birdəfəlik kəsilməlidir. Belə olarsa, tələbə məcburən kitaba və kitabxanaya üz tutar.

Akademiya elminin vəziyyəti barədə də nikbinliklə danışmaq çətindir. Azərbaycan elmində islahatların aparılması ilə bağlı Prezident sərəncamında deyildiyi kimi, “akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmiş qayda və metodlarla davam etdirdikləri tədqiqatlar yeni dövrün standartlarına cavab vermir. Müasir dövrün tələbləri ilə ayaqlaşmaq iqtidarında olan kollektivlər isə maddi-texniki bazanın zəifliyi və maliyyə çatışmazlığı səbəbindən öz elmi laiyhələrini gerçəkləşdirməkdə çətinliklə üzləşirlər”.

Fikrimizcə, akademiya sistemində islahatlara başlamaq üçün birinci və ən təxirəsalınmaz vəzifə kimi institutların, şöbə, laboratoriya və bölmələrin strukturu təkmilləşdirilməlidir. Büdcəyə yük olan paralel strukturlar ixtisar edilməli, perspektivi olmayan bölmə və strukturların “fəaliyyəti” dayandırılmalıdır. Ştatda oturanların yarıdan çoxu, əslində elmə aidiyyatı olmayan insanlardır. Lakin həyatını bütünlüklə elmə həsr edən, bu sahədə xüsusi xidmətləri olan insanlar da az deyildir. Düzünü bilmək istəsəniz 40-50 il akademiya divarları içərisində oturub sırf elmlə məşğul olmağın özü də bir fədakarlıqdır, qəhrəmanlıqdır. Təbiidir ki, yaş həddi ilə bağlı işləmək imkanları məhdudlaşmış bu insanları elmdən kənarlaşdırmaq ədalətsizlik olardı. Fikrimizcə, bu kateqoriyadan olan alimləri normal əmək haqqı vermək şərti ilə elə çalışdıqları şöbə və ya laboratoriyalarda məsləhətçi ştatına keçirərək, gənc və perspektivli kadrların elmə cəlb olunması üçün şərait yaradılmalıdır. Əlbəttə, əmək haqqı sistemini qaydaya salmadan bu sahədə heç bir uğur qazanmaq olmaz.

Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bazarda isə dəyərə uyğun qiymət formalaşır. Akademiya sistemində isə bu meyar hələ ki, özünü göstərmir. Sual olunur: İndiki halda hansı intellektli gənc 100 -120 manat məvaciblə elm sahəsində çalışmağa razı olar?! Elmimizin gələcəyi üçün son dərəcə gərəkli olan hansısa istedadlı gənc əslində gündəlik olaraq işlətdiyi kağıza, qələmə və kitab-dəftərə yetməyən bu məvaciblə necə yaşasın, necə ailə qursun, necə mənzil alsın?! Axı, bu gənclər də yaxşı geyinmək, yaxşı istirahət etmək, ən azı normal dolanmaq istəyirlər.

Xatırladaq ki, bu gün akademiya sistemində şöbə müdiri və elmlər doktorunun aylıq məvacibi təqribən 220-250 manat təşkil edir. Ehtiyac üzündən bu adamların bir çoxu gündəlik olaraq elmlə bağlı tapşırıqları bir təhər yola verib çörək dalınca ora-bura qaçır, repetitorluq edir və s. Nəzərə alaq ki, həmin insanların əksəriyyətinin Azərbaycan elminin inkişafında bu və ya digər dərəcədə xidmətləri var. Elə isə onlar niyə dövlət qulluqçusu hesab edilməsin?! Aidiyyatı orqanlar ən azı Azərbaycan elminin maraqları naminə bu sahədəki uyğunsuzluqların aradan qaldırılması barədə düşünməlidirlər.

Müğənnilərin əksəriyyəti gecə-gündüz toy və şənliklərdə “pul qırır”. Halal xoşları olsun. Buna sözümüz yoxdur. Bəs onlara verilən fəxri adlar, yüksək dövlət mükafatları, fərdi təqaüd və mənzillər necə? Onu da unutmayaq ki, Azərbaycanda alimlərin sayı müğənnilərin sayından qat-qat çoxdur. Onların vətən və xalq qarşısındakı xidmətləri də müğənnilərin xidmətindən az deyil. Bu günlərdə telekanallardan birində yüksək təltifləri və fəxri adları olan, ayda 1000 manat Prezident təqaüdü alan (bu, akademiyada çalışan elmlər doktorunun aylıq əmək haqqından 4 dəfə artıq məbləğdir), özünün dediyinə görə bir neçə yerdə evi və villası olduğu halda, dövlət tərəfindən daha bir mənzil bağışlanan müğənnilərdən birinin guya çətin dolandığı barədə giley-güzarını eşitməsəydim, bəlkə belə bir müqayisə də yadıma düşməzdi. Halbuki, belə müqayisələrə ehtiyac var. İstərdik ki, akademiyanın rəhbərliyi və elm sahəsinə birbaşa nəzarəti olan qurumlar da bu barədə düşünsünlər.

Elm daha çox zəka sahiblərinin meydanıdır. Bir sıra hallarda stimullaşdırıcı mühit olmadığından zəka sahibləri başqa sahələrə qaçırlar. Elmi isə diletantların ümidinə buraxmaq olmaz. Bu cür yanaşmanın ağır nəticələri ola bilər. Alimlərin bütünlüklə özünü elmə həsr etməsi və istedadlı gənclərin elmə cəlb olunması üçün çox ciddi stimullaşdırıcı tədbirlər görülməlidir. Bunun üçün təkcə dövlətin qayğısı azdır. Yaxşı olar ki, imkanlı insanlar da elmin və alimin problemlərinə biganə qalmasınlar. Qoy, hər kəs həzrəti Peyğəmbərimizin (s) “Alimin mürəkkəbi şəhidin qanından əfzəldir” kəlamından irəli gələn borc və vəzifəsini icra etməyə tələssin.

 

Bir daha dissertasiyalar barədə

 

Akademiya sistemində təxirəsalınmadan görülməli olan tədbirlərdən biri də ayrı-ayrı elm sahələrində prioritet istiqamətlərin müəyyən olunması və tədqiqatların daha çox məhz həmin istiqamətlərə yönəldilməsidir. İndiki halda institutlarda da, şöbə və laboratoriyalarda da tədqiqatlar daha çox xaotik məcrada gedir. Uyğun elm sahələrinin və problemlərin koordinasiyası əvəzinə paralelçilik baş alıb gedir. Bütün bunlar isə nəticə etibarı ilə tədqiqatların yetərincə səmərə verməməsinə gətirib çıxarır. Elmdə xaltura və plagiatçılığın da miqyası genişlənib.

Ötən il akademiya xətti ilə ictimai və humanitar elmlər üzrə 120 nəfərə yaxın gənc aspiranturaya qəbul olunub. Onlara verilən mövzular təbiidir ki, müvafiq şöbə və elmi şuralarda, daha sonra isə akademiyanın ictimai elmlər bölməsində və Rəyasət Heyətində müzakirə edilərək təsdiq olunmuşdur. Həmin müzakirələrin son iki mərhələsində mən də iştirak edirdim. O zaman bir-iki nəfər istisna olmaqla qalan hamı təqdim olunan mövzulara “amin” dedi. Halbuki, həmin mövzuların yarıdan çoxu son dərəcə bəsit və aktual olmayan mövzular idi. Təbiidir ki, bu cür mövzularda kimi desəniz “alim” etmək olar, amma Azərbaycan elmini inkişaf etdirmək olmaz.

Hesab edirik ki, şöbələrin, elmi şuraların, dissertasiya şuralarının, aparıcı müəssisələrin, rəsmi opponentlərin və ekspertlərin müdafiəyə təqdim olunan əsərlərə daha tələbkarlıqla yanaşmaları üçün təsirli tədbirlər görülməlidir. Vəzifə borcunun məsuliyyətini dərk etməyənlər, prinsipsizlik göstərənlər, bilərəkdən saxtakarlıq və ya himayədarlıq edənlər ciddi surətdə cəzalandırılmalıdır. Təsəvvür edin, bir doktorluq işini oxuyub ona rəy yazmaq üçün ən azı 20-25 gün vaxt tələb olunur. Bir adam il ərzində bəzən 6-7 iş oxumalı olur. Bunun ödənişi olmamalıdırmı?! İndi hansı zəmanədir ki, günlərlə, həftələrlə başqaları üçün müftə işləyəsən?

“Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu var. Əgər alimlər və elmi idarələr də bu qanunun tələblərini pozursa, onda başqalarına nə deyəsən? Halbuki bəzi dissertasiya şuralarında hələ də müdafiələrin rus dilində aparıldığının şahidi oluruq. Fikrimizcə, bu və ya digər elmi kəşf və yenilikləri özündə ehtiva edən dissertasiyaların ilkin olaraq məhz dövlət dilində bəyan olunmasının prinsipial məsələ olduğunu izah etməyə ehtiyac yoxdur.

Yeri gəlmişkən daha bir anlaşılmaz məqama toxunmaq istərdik. Məsələn, elə tədqiqatçı vardır ki, onun dissertasiyası və avtoreferatı Azərbaycan dilində olsa da, rəsmi opponenti Azərbaycan dilini bilməyən əcnəbi alimdir. Maraqlıdır, bu halda həmin opponent “təqdim” olunan əsəri oxyub ona necə rəy yazır?

Çap məsələsi elm adamları üçün çox ciddi problemə çevrilib. Alimlər illər boyu üzərində işlədiyi monoqrafiyanı çap etdirə bilmir. Zarafat deyil, 30-35 çap vərəqi həcmində əsəri kiçik bir tirajla çap etdirmək üçün ən azı bir neçə min manat xərcləməlisən. Ayda 180-200 manat əmək haqqı alan alim bu məbləği haradan tapsın?! Yaxşı olardı ki, heç olmasa, elmi tədqiqat müəssisələrinin plan işi üzrə yazılmış əsərlərin dövlət vəsaiti hesabına çapı təmin olunsun. Özü də bu zaman hökumətdə, parlamentdə və akademiya rəhbərliyində təmsil olunan yüksək maaşlı alimlərlə müqayisədə aztəminatlı kateqoriyaya üstünlük verilməsi ədalətli olardı.

 

Uğurlar bizimdir, gəlin, problemlər barədə düşünək

 

Biz Azərbaycan elminin, daha doğrusu, ictimai və humanitar elmlərin problemləri ilə bağlı yalnız bəzi məqamlara toxunduq. Düşünməyin ki, elmimizin və elm adamlarının başqa problemləri yoxdur. Digər problemlər də var. Problemlərin çoxluğu əlbəttə ki, yaxşı hal deyil. Amma bu qorxulu hal da deyil. Qorxulu onda olar ki, onları görməyək, həlli yolları barədə düşünməyək. Əslində, elmin özü mahiyyət etibarı ilə problemli sahədir və onun ətrafında çoxsaylı digər problemlərin olması da anlaşılandır.

Elmimizin inkişafını əngəlləyən problemlər barədə geniş bəhs etməyimiz oxucuda elə təəssürat yaratmasın ki, Azərbaycan elmi bütünlüklə problemlər içərisindədir və onun heç bir uğuru yoxdur. Bu cür düşünənlərə bildirmək istərdim ki, Azərbaycan ərazisində insanların hələ iki milyon il öncə məskunlaşdıqlarını elmi cəhətdən sübut edərək dünyaya bəyan edən Azərbaycan alimləri deyilmi?! Bütövlükdə Qafqazda, Avropada, Yaxın və Orta Şərq ərazisində qeydə alınan ən qədim insan məskənlərindən hesab edilən neçə-neçə nadir abidənin aşkara çıxarılması və kompleks şəkildə tədqiq olunması Azərbaycan alimlərinin çox böyük uğuru kimi dəyərləndirilməlidir.

Daha bir mühüm faktı yada salmaq istərdim. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2008-ci il tarixli sərəncamı ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi məqsədilə bir milyon manat əlavə vəsait ayrılmışdı. Hansı ki, həmin vəsait hesabına arxeoloqlar iki il ərzində son 30 ildə olduğundan daha çox abidədə tədqiqat axtarışları aparmaqla bir çox sanballı elmi nailiyyətlər əldə etdilər. Ədalət naminə onu da etiraf etmək lazımdır ki, Azərbaycanın tarixçi alimləri son illər tariximizin müxtəlif problemlərinə dair bir sıra çox mühüm və sanballı tədqiqat əsərləri ortaya qoyublar. İndinin özündə də bu istiqamətdə çox ciddi işlər görülməkdədir. İndi gəlin görək, Vətənin, xalqın ən azı iki milyon illik tarixini layiqincə tədqiq edib ortaya qoymuş insanlar üçün aidiyyətı orqanlar nə edib?

Əgər desək ki, elm adamları, o cümlədən tarixçilər öz üzərlərinə düşən vəzifəni tam mənada icra ediblər, bu da doğru olmaz. Görüləsi işlər, həlli vacib olan problemlər həddən artıq çoxdur. Nəzərə almaq lazımdır ki, tarix elmi sözün müəyyən mənasında həm də siyasi elmdir. Odur ki, sovet rejimi şəraitində və marksist-leninçi ideologiya ruhunda yazılmış tarix müstəqillik məfkurəsi ilə həmahəng ola bilməzdi. Deməli, tariximizin yenidən, həm də daha ədalətli və daha sistemli şəkildə işlənməsi gündəmdə qalmaqda davam edir.

Bu günlərdə təsadüfən yolum AMEA İnformasiya Texnologiyaları İnstitutuna düşmüşdü. Elm adamı üçün arzu etdiklərimin, demək olar ki, hamısını əyani şəkildə orada gördüm. Orada elə bir mənəvi-psixoloji mühit yaradılıb ki, sadəcə olaraq yaxşı işləməmək mümkün deyil. Təsəvvür edin, elə elmi işçi var ki, ayda qonorarla birlikdə 1,5-2 min manat əmək haqqı alır. Belə şəraitdə kim işləməz?! Bax, bunun nəticəsidir ki, İnformasiya Texnologiyaları İnstitutu orada aparılan tədqiqatların miqyası və əhəmiyyəti baxımından nəinki MDB məkanında, bütövlükdə Avropada ön mövqelərdə duran qabaqcıl elm ocaqları ilə eyni sırada addımlayır. Amma “bir güllə bahar olmaz”, – deyiblər. İstərdik akademiya sistemində bu cür nümunələr artsın.

Bu gün Azərbaycan regionun lider dövlətidir. Bir sıra elm sahələri üzrə də liderlik məhz Azərbaycana məxsusdur. Amma ikinci, üçüncü, hətta daha aşağı sıralarda qərarlaşan elm sahələrinin olduğuna da göz yummaq olmaz. Deməli, haradasa səriştəsizlik, haradasa biganəlik, haradasa ətalət və süstlük var.

Başqalarından fərqli olaraq elm adamları adətən giley-güzar etməyi deyil, daha çox işləməyi, yazıb-yaratmağı xoşlayırlar. Onların başlıca amalı odur ki, millətimiz həmrəy, Vətənimiz, dövlətimiz qüdrətli olsun. Bütün bunlar isə xeyli dərəcədə Azərbaycan elminin inkişaf səviyyəsindən asılıdır. Bu yerdə Prezident İlham Əliyevin 10 aprel 2008-ci il tarixli sərəncamına əsasən hazırlanmış 2010-2015-ci illər üçün elmin inkişafı üzrə Milli Strategiya və həmin strategiyanın həyata keçirilməsinə dair Dövlət Proqramının əhəmiyyətini xüsusi olaraq qeyd etmək istərdim. Hansı ki, həmin sənəddə yuxarıda barəsində bəhs etdiyimiz ağrılı problemlər, o cümlədən “elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potenisialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə Azərbaycan elminin beynəlxalq elm məkanına interqrasiyasının sürətləndirilməsi” məsələləri öz əksini tapıb. Elm adamları ölkə Prezidentinə inanır və ümid edirlər ki, onun tapşırığı ilə hazırlanmış Dövlət Proqramından irəli gələn bütün vəzifələr aidiyyətı orqanlar tərəfindən layiqincə həyata keçiriləcəkdir. Bu isə nəticə etibarı ilə Azərbaycan cəmiyyətində alimin də, elmin də özünə layiq mərtəbədə olmasına gətirib çıxaracaqdır.

 

 

Qafar CƏBİYEV,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2010.- 15 yanvar.- S. 5.