Türkiyə-Rusiya münasibətləri
tarixinin ən parlaq səhifəsində
İki ölkə arasında əlaqələrin
sürətli inkişafı Dağlıq Qarabağ
münaqişəsinin həllinə də təsirsiz
ötüşməyəcək
Tarixdə iz qoyan böyük imperiyaların varisləri
olan Türkiyə ilə Rusiya son dövrlərədək
biri-birinə qarşı düşmən mövqedə
dayanmış və daim ciddi rəqabət aparmışlar. Lakin
dünyada və regionda yaranmış yeni geosiyasi
reallıqlar, eyni zamanda bir sıra məsələlərdə
maraqların üst-üstə düşməsi, “köhnə
düşmənlər”i dost olmağa məcbur etdi. Münasibətlərin
inkişafında ilk addımı isə 2004-cü ildə
Rusiyanın o dövrdəki Prezidenti, praqmatik siyasətçi
Vladimir Putin atdı. O, “500 illik səddi aşaraq” ilk dəfə
Türkiyəyə səfər etdi. Həmin gündən bu
günədək qarşılıqlı səfərlər
mütəmadi hal aldı və əlaqələr ən yüksək
mərhələyə qədəm qoydu. Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın yanvarın
12-də Moskvaya səfəri isə münasibətlərin
yeni mərhələdə inkişafına təkan verdi.
Onu da xatırlatmaq yerinə
düşər ki, ötən ilin fevralında Türkiyənin
Prezidenti Abdullah Gül də həmkarı Dmitri Medvedevin dəvəti
ilə Moskvaya dövlət səfərinə gəlmişdi. Görüş
zamanı hər iki dövlət başçısı
Ankaranın təklifi ilə “Qafqazda Sabitlik və Əməkdaşlıq
Platforması”nı müzakirə edərək Ermənistan və
Azərbaycan ilə bağlı bəzi mühüm məqamlar
bərədə razılığa gəlmişdilər. Məhz
həmin müzakirələrin nəticəsində prezidentlər
dostluq və tərəfdaşlığın möhkəmləndirilməsi,
münasibətlərin yeni səviyyəyə yüksəldilməsini
nəzərdə tutan birgə bəyannamə
imzalamışdılar. Rusiyanın Baş naziri Vladimir Putinin
ötən ilin avqustunda Ankaraya səfəri zamanı isə tərəflər
9 əhəmiyyətli sənədə və müxtəlif
sahələri əhatə edən 20-dək əməkdaşlıq
barədə protokola imza atıblar. Mühüm enerji layihələri
ətrafında razılığa gəlinməsi isə,
münasibətlərin yüksələn xətt üzrə
inkişaf edəcəyinin göstəricisi idi. Bugünədək
Ermənistan tərəfi iki ölkə əlaqələrinin
səviyyəsindən gizli və açıq
narahatlığını gizlətməyib. Ötən ilin
avqustunda Türkiyə və Rusiyanın hökumət
başçılarının mətbuat konfransında Baş
nazir cənab Vladimir Putinin “Moskvanın Dağlıq Qarabağ
probleminin həllində səylərini
artıracağını” bəyan etməsi isə ermənilərin
kürkünə birə salmışdı. Çünki
onlar anlayırdılar ki, bəyanatın Azərbaycanın
strateji tərəfdaşı olan Türkiyənin
paytaxtında səslənməsi, məsələnin rəsmi
Bakının mövqeyinə uyğun həll edilməsinə
cəhd göstəriləcəyi mənasına gəlir.
Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın yanvarın 12-də
Moskvaya səfəri isə tərəflərin münaqişənin
beynəlxalq hüquq normaları çərçivəsində
həllində qətiyyətli olduğunu göstərdi. Bu
fikir cənab Ərdoğanın Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunda
çıxışında da öz əksini tapıb. Baş
nazir deyib: “Azərbaycan torpaqlarının
işğalının aradan qaldırılması, Qarabağ
münaqişəsinin davamlı həllinin tapılması həyati
əhəmiyyət kəsb edir. Bu məsələdə Minsk
qrupu həmsədrlərinin üzərinə böyük rol
düşür. Minsk qrupu üzərinə düşən vəzifəni
yerinə yetirməlidir”. Bəyanatdan da
göründüyü kimi, Türkiyənin Baş nazirinin
Moskvada apardığı danışıqların əsas
siyasi xəttindən biri Dağlıq Qarabağ münaqişəsinin
həllinə, yəni Azərbaycanın milli
maraqlarının təmininə yönəlib. Cənab Ərdoğan
Ermənistan ilə Türkiyə arasında münasibətlərin
qurulması və sərhədlərin açılması məsələsinin
də problemin məhz ədalətli həllindən
asılı olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistan
ilə imzalanan protokolların Türkiyə Böyük Millət
Məclisində ratifikasiyası üçün Dağlıq
Qarabağ münaqişəsi ətrafında yekun
razılaşmanın əldə olunması zəruridir. Əks-təqdirdə
rəsmi Ankara İrəvanla bağlı heç bir məsələyə
müsbət yanaşmayacaq. Baş nazir “Qafqazda Sabitlik və Əməkdaşlıq
Platforması”nı da xatırladaraq bildirib ki, regional problemlərin
həllində məhz region dövlətlərinin səy
göstərməsi xüsusi əhəmiyyətə malikdir. Bu
baxımdan, bölgədə söz sahibi olan Moskvanın təşəbbüsləri
önəmlidir: “Rusiya bu məsələdə daha aktiv rol
oynaya bilər və inanıram ki, aparacağımız hərtərəfli
danışıqlar nəticəsində məsələyə
tam aydınlıq gətiriləcəkdir. Qarabağda
işğalın olduğunu beynəlxalq ictimaiyyət də,
BMT də qəbul edir”.
Türkiyənin Baş
naziri Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və
Baş nazir Vladimir Putinlə görüşündə də
bu məsələni ətraflı müzakirə edib. Məlumatlara
əsasən, tərəflər Cənubi Qafqazda
münaqişələrin həlli məsələsində
ötən il əldə olunmuş razılaşmanın həyata
keçirilməsi barədə eyni mövqedən
çıxış ediblər. Türkiyəli politoloqlar isə
iddia edir ki, rəsmi Ankaranın təkidləri nəticəsində
Moskva və həmçinin digər əlaqədar dövlətlər
bu il Dağlıq Qarabağ münaqişəsinin həllinə
nail olmaq üçün İrəvanla fəal diplomatik
danışıqlar aparırlar. Politoloq Halil Kurumahmut ABŞ
dövlət katibinin müavini Uilyam Bernsin Türkiyənin
Baş naziri ilə eyni gündə Moskvaya gəlməsini təsadüf
hesab etmir: “Düzdür, rəsmi məlumatlara görə
Bernsin səfərində məqsəd Rusiya ilə ABŞ
arasında münasibətləri müzakirə etməkdir. Ancaq
mən belə hesab edirəm ki, dövlət katibinin
müavini burada həm də Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsini müzakirə
edib. Bu da təsadüf deyil ki, Ermənistanın müdafiə
naziri Seyran Ohanyan Türkiyənin Baş nazirinin səfərindən
bir gün öncə Moskvaya gəlib. Səfərin ertəsi
günü isə Rusiyanın xarici işlər naziri Sergey
Lavrov İrəvana gedib. Bütün bunlar belə deməyə
əsas verir ki, ABŞ, Rusiya və Türkiyə Dağlıq
Qarabağ münaqişəsinin həllində birgə səy
göstərirlər. Təzyiqə məruz qalan tərəf
isə rəsmi İrəvandır. Proseslərin Ermənistanda
təşvişlə izlənilməsi, siyasi çevrələrdə
və ictimaiyyət arasında narahatlıq yaranmasının səbəbi
də budur. Lavrovun İrəvana son səfəri də bu
baxımdan dəyərləndirilməlidir.”
Politoloqun fikrincə,
proseslərin sürətlənməsinin digər əsas səbəbi,
Qərbin Türkiyə – Ermənistan sərhədlərinin
açılmasını istəməsi, rəsmi Ankaranın
isə Dağlıq Qarabağ münaqişəsinin həlli
şərtini irəli sürməsidir. Rusiya isə bu məsələdə
neytral mövqedən çıxış edir. Əvvəllər
Moskva Ermənistanın onun əlindən
çıxacağından ehtiyatlanırdısa, bu gün
Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq
münasibətlərini möhkəmləndirdiyi
üçün artıq İrəvana o qədər də
ehtiyac duymur: “Moskva bir sıra sahələrdə, o cümlədən,
enerji və enerji nəqli sahəsində Azərbaycan və
Türkiyə ilə sıx əməkdaşlıq edir. Rusiyanın
dünyada üç önəmli ticarət tərəfdaşı
var. Bunlar İtaliya, Almaniya və Türkiyədir. 2008-ci ildə
Türkiyə Almaniyanı geridə qoydu. Həmin il Türkiyə
ilə Rusiya arasındakı ticarət dövrüyyəsi 38
milyard dollara çatdı. Bu il iqtisadi böhran səbəbi
ilə həmin rəqəm 22 milyard dollaradək azaldı. Ancaq
Baş nazir Ərdoğanın səfərində tərəflər
5 il ərzində ticarət dövriyyəsini 100 milyard dollara
çatdırmaq barədə razılığa gəliblər.
Bundan başqa, həm Rusiya, həm də Türkiyə viza
rejimini ortadan qaldıracaq. Bu isə dolayısıyla ölkələrin
daha da yaxınlaşması deməkdir.”
Türkiyə və
Rusiyanın yaxınlaşmasını göstərən digər
bir amil isə ötən il iki ölkənin hökumət rəhbərlərinin
razılaşmasına əsasən, birgə komissiyanın
qurulmasıdır. Baş nazirlər Vladimir Putin və Rəcəb
Tayyib Ərdoğanın həmsədr olduğu bu komissiya əlaqələrin
inkişafını diqqətdə saxlayacaq və problemləri
operativ şəkildə həll edəcək. Həmin
komissiya bu aydan fəaliyyətə başlayacaq. Müzakirə
olunacaq məsələlər isə çox əhatəlidir.
Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin
region dövlətlərinin səyləri nəticəsində
həlli məsələsidir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2010.- 15 yanvar.- S. 4.