20 Yanvar faciəsi Azərbaycanın
tarixinə həm kədərli hadisə, həm də fədakarlıq
və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur
1990-cı il qanlı 20 yanvar hadisələrinin 20 ili
tamam olur. İyirmi il əvvəl sovet imperiyasının Azərbaycan
xalqına qarşı, eyni zamanda insanlığa qarşı
törətdiyi misli görünməmiş vəhşilik sinələrə
vurulmuş sağalmaz yaranı hələ də göynədir.
Bu qanlı faciə dəhşətli bir cinayət hadisəsi
kimi təkcə Azərbaycan tarixinə deyil, həmçinin
bəşər tarixinə də daxil olmuşdur.
İstiqlaliyyət, azadlıq və müstəqillik istəyi
ilə küçələrə çıxmış dinc,
əliyalın insanların gülləbaran olunması,
ağır hərbi zirehli maşınların altında
xıncım-xıncım edilməsi 1949-cu ilin Cenevrə
Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin,
Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan
haqlarına dair digər çoxsaylı beynəlxalq
aktların müddəalarının kobud şəkildə
pozulması demək idi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 20 Yanvar faciəsinin
onbeşinci ildönümünün keçirilməsi
haqqında 2005-ci il yanvarın 3-də imzaladığı sərəncamda
bu barədə deyilirdi: “Süquta məhkum olmuş sovet rejimi
öz son günlərində bütün tarixi boyu törətmiş
olduğu cinayətlər sırasına misli görünməmiş
bir vəhşilik aktı da əlavə etdi.”
1988-ci ildən başlayan
hadisələr Sovet rejiminin iflasından xəbər verirdi.
Bundan qorxuya düşmüş SSRİ-nin o vaxtkı rəhbəri
Mixail Qorbaçov çürüməkdə olan sovet
imperiyasını qoruyub saxlamaq üçün ən
çirkin vasitələrə əl atırdı. Son anda isə
əllərini xalqların qanına batırdı. Dinc əhaliyə
qanlı divan tutulması ilk dəfə 1989-cu ildə Tbilisidə
baş verdi. Gözləri insan qanından doymayan M.
Qorbaçov öz çirkin niyyətlərini Azərbaycanda
da həyata keçirdi. Bir il sonra isə 1991-ci ildə
Vilnüsdə belə bir vəhşilik törətdi.
Bütün bu
qırğınlara bais olan M.Qorbaçov sonradan gürcü
və Litva xalqlarından üzr istədi, lakin Azərbaycan
xalqından üzr istəmədi. Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
sonralar yazdığı əsərlərində bunu əsasən
üç amillə əlaqələndirmişdir: dini amil
(daha doğrusu, islam amili); Qafqaz amili; türk amili. Təbii ki,
akademik R.Mehdiyev öz mövqeyini şərh edərkən
çoxsaylı mənbələrə istinad etmiş, tarixi sənədlərə,
ədəbiyyatlara əsaslanmışdır.
...1990-cı ilin 20 Yanvarı
Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir.
İyirmi il əvvəl yanvarın 19-dan 20-nə keçən
gecə təpədən-dırnağadək ən müasir
silahlarla silahlanmış sovet ordusunun hissələri heç
bir xəbərdarlıq edilmədən Bakı şəhərinə,
eləcə də Azərbaycanın bir sıra şəhər
və rayonlarına yeridilərək, azadlıq və
istiqlaliyyət uğrunda ayağa qalxmış Azərbaycan
xalqına vəhşicəsinə divan tutdu. Xalq Ermənistanın
respublikamıza qarşı irəli sürdüyü ərazi
iddialarının SSRİ rəhbərliyi tərəfindən
dəstəklənməsinə, xalqın rəyi
soruşulmadan torpaqlarımızın bir hissəsinin Ermənistana
verilməsinə və Azərbaycan rəhbərlərinin xəyanətkar
siyasət yeritməsinə dözməyərək öz haqq
səsini qaldırmışdı. Öz Konstitusiya
hüquqlarının bərqərar edilməsi tələbi
ilə haqq səsini qaldıran dinc əhali gülləbaran
edildi və bir anın içərisində Bakı
küçələri insan qanına boyandı.
Sovet hərbi hissələrinin
Azərbaycana təcavüzü, dinc, əliyalın
insanların kütləvi surətdə faciəli şəkildə
qətlə yetirilmələri artıq məhvə doğru
gedən sovet rejiminin dağılmasının əlaməti
deyildi. Bu, həm də azərbaycanlıları öz əzəli
və tarixi dədə-baba torpaqlarından
sıxışdırıb çıxarmaq barədə
qabaqcadan hazırlanmış məqsədyönlü siyasətin
tərkib hissəsi idi. Bu qanlı faciə SSRİ rəhbərliyinin
beynəlmiləlçilik adı ilə bütün vasitələrlə
ört-basdır etməyə cəhd göstərdiyi siyasətin
həyata keçirilməsini bir daha təsdiqlədi. Xalq
soydaşlarımızın öz isti ocaqlarından, əzəli
və tarixi torpaqlarından, yurd-yuvalarından kütləvi
surətdə qəddarlıqla çıxarılmasına, Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsinə
ciddi etirazını bildirir, buna yol verməməyi tələb
edirdi.
Həmin dövrdə Azərbaycan
Ermənistanın təcavüzünə məruz
qalmışdı. Təbii ki, SSRİ-nin o vaxtkı rəhbəri
Mixail Qorbaçovun millətlər arasında
ayrı-seçkilik salması və Ermənistana
açıq-aşkar himayədarlıq etməsi göz
qabağında idi. Belə bir şəraitdə sovet
ittifaqının rəhbərliyi ədalətli, qanuni qərar
qəbul etmək əvəzinə, Stavropol, Krasnodar və
Rostovdan səfərbərliyə alınmış erməni əsgər
və zabitlərdən, həmçinin Sovet hərbi hissələrində
xidmət edən ermənilərdən, hətta erməni
kursantlarından komplektləşdirilmiş ordunu Azərbaycana
yeritdi.Qəddarlıq və xüsusi amansızlıqla
insanlara divan tutan sovet ordusunun Bakıya və regionlara girməsi
və fövqəladə vəziyyətin elan edilməsi Azərbaycanın
o vaxtkı rəhbərliyinin razılığı, istəyi
və SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı,
eləcə də M.Qorbaçovun razılığı ilə
olmuşdur. Xalqın istiqlaliyyət və azadlıq arzusunu
gözündə qoymaq üçün Bakıya təxminən
35 minlik ordu yeridilmişdi. Bu çirkin, iyrənc qanlı əməliyyatın
yerinə yetirilməsində SSRİ Müdafiə Nazirliyi,
DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi
əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ
DTK-nın “A” təxribat qrupları əsas rol
oynamışlar. Sonradan isə öz qanlı əməllərinə
“həqiqət donu ” geyindirməyə cəhd göstərərək
utanıb-qızarmadan demişdilər ki, guya Bakıya yeridilən
Sovet ordusu şəhərdəki hərbi qulluqçuların
ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını alacaqmış. Təbii ki, bu, ittifaq rəhbərliyinin
öz qanlı əməllərini həyata keçirmək məqsədi
ilə quraşdırılmış ağ yalanı idi. Əgər
sovet ordusu belə “dinc” məqsədlə Bakıya
yeridilmişdisə, bəs onda niyə şəhərə
daxil olan kimi heç bir xəbərdarlıq etmədən
odlu silahlardan atəş açmağa başladı?
“Millətçi ekstremistlər”in
hakimiyyətin zorakılıqla ələ keçirilməsindən
söhbət düşmüşkən burada bir məqamı
qeyd etmək mütləq vacibdir. Adlarını xalq hərəkatının
liderləri qoyan, əslində isə “meydan qəhrəmanları”
kimi tanınan İsa Qəmbərov, Etibar Məmmədov, Nemət
Pənahov, Rəhim Qazıyev və başqaları 20 Yanvar
faciəsinə görə bilavasitə siyasi və mənəvi
məsuliyyət daşıyırlar. Silahsız insanları təpədən-dırnağadək
silahlanmış sovet ordusunun üstünə göndərən
üzdəniraq xalq hərəkatının liderləri faciəli
nəticələr üçün məsuliyyət hiss etməli
idilər. Özlərini qədirbilən, millətin,
xalqın qayğısına qalan, təəssübkeş kimi
göstərməyə çalışan “xalq hərəkatının
liderləri”nin burunları da qanamadı. Hətta bu “liderlərin”
həmfikirləri, cəbhədaşları da təsdiqləmişdilər
ki, Bakıda qan tökülməsində və hakimiyyətin
devrilməsində onların maraqları olub. Fakt
üçün qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi
yaranan gündən bu qurumun fəallarından biri olan Zərdüşt
Əlizadə öz fikrini açıq şəkildə bəyan
etmiş və həmfikirlərinin bəzilərini ifşa
etmişdir. Özlərini lider adlandıranlar imperiya
qoşunlarının Bakıya daxil olmasından xəbər
tutan kimi qaçıb aradan çıxmış, bəziləri
isə qorxusundan öz evlərində yox,
dost-tanışlarının bağ evlərində gizlənmişdilər.
Bu fakt da M.Qorbaçovun “millətçi ekstremistlərin”
hakimiyyətin zorakı yollarla ələ keçirilməsinin
qarşısını almaq bəhanəsini alt-üst edir. 20
Yanvar faciəsinin təşkilatçılarından — Kremldə
yüksək vəzifə tutanlardan birinin sonradan İsa Qəmbərovu
ciddi-cəhdlə müdafiə etməsi, “onunla işiniz
olmasın, bizim adamdır” deməsi bir daha təsdiqlədi ki,
elə “millətçi ekstremistlər” də Kremlə xidmət
edən, onların tapşırıqlarını yerinə
yetirən muzdlular imiş. Belə xəyanətkarlıqların
və sovet rejiminin qəddarlığının nəticəsində
bir neçə gün ərzində 137 nəfər vəhşicəsinə
qətlə yetirildi , 700- dək adam yaralandı, 800-dən
çox adam qanunsuz həbs edildi. Həlak olanlar arasında
dinc sakinlər-gənclər, uşaqlar, qocalar və
qadınlar var idi.
Bakının imperiyanın nəzarəti
altına alınması planı DİN-in, DTK-nın və
sovet ordusunun hissələri ilə, müdafiə naziri Yazovun
komandanlığı altında həyata keçirildi. Azərbaycanın
o vaxtkı rəhbərliyinin cəsarətsiz, qətiyyətsiz
addımları, siyasi təslimçilik nümayiş etdirməsi
qanlı faciənin üstünün ört-basdır edilməsinə,
cinayətin baş verməsində əsas günahkarın Azərbaycan
xalqında olmasını sübut etməyə istiqamətlənmişdi.
O vaxt informasiya blokadasında boğulan Azərbaycan bu qanlı
hadisə barəsində dünya ictimaiyyətinə ətraflı
məlumat verməkdə aciz idi. SSRİ DTK-nın “ALFA”
qrupunun yanvarın 19-da saat 19.27-də Azərbaycan
Televiziyasının enerji blokunu partlatması nəticəsində
bu dəhşətli hadisə barəsində hətta yerli əhali,
regionlarda yaşayanlar da ətraflı məlumat ala bilməmişdilər.
1987-ci ildə Kremldə tutduğu vəzifədən uzaqlaşdırılan, lakin bundan sonra da təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü – yanvarın 21-də həyatını riskə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və dünyanın onlarla kütləvi informasiya vasitələri təmsilçiləri qarşısında sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pisləyən bəyanat verdi, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Ümummilli lider dünyanın tanınmış kütləvi informasiya vasitələri qarşısındakı çıxışında demişdir: “ Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər — 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, Desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, Daxili İşlər Nazirliyinin daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdırlar, zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.
Belə kəskin bəyanat vermək yüksək cəsarət tələb edirdi. Ulu öndərin etiraz səsi bütün dünyaya yayıldı və böyük rezonans doğurdu. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri əks mövqe tutdular və ümidlərini yenə də Moskvaya bağladılar. Həm SSRİ, həm də Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmüş, əksinə törədilmiş cinayətləri ört-basdır etmək üçün əllərindən gələni etmişdilər. 20 Yanvar faciəsinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də öz siyasi-hüquqi qiymətini vermişdir. Bu tarixi sənəddə qeyd olunmuşdur ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP MK katibi A.Girenko, SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri B.Bakatin,Sov.İKP MK -nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, DTK-nın sədri V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər və birbaşa məsuliyyət daşıyırlar.
Ulu öndər Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırmışdır. Həmin il avqust ayının 29-da böyük öndər parlamentdəki çıxışında bir daha bu məsələyə münasibət bildirmiş və qətiyyətlə demişdir : “20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda da cürbəcür söhbətlər gedir...Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib ? Bu məsələnin həm siyasi, həm də hüquqi tərəfləri var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. 20 Yanvar hadisəsini törədənlər xalqımıza xəyanət ediblər. Ancaq ondan sonrakı işlərdə də bu hadisənin üstünü ört-basdır edənlər ikiqat xəyanət ediblər.
Sonradan hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü dövründə də Qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilmədi. Yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu dəhşətli cinayət əməlinə obyektiv qiymət verildi. Böyük tarixi şəxsiyyətin təşəbbüsü və təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilir: “ Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, bu 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir.
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının bu barədə müvafiq qərarı olmuşdur. Lakin 1992-ci il 19 yanvar tarixli bu qərarda yanvar hadisələrinin əsl səbəbləri açıqlanmamış,həqiqi günahkarları aşkar edilməmişdir. Bununla belə həmin qərarın özü də qəbul edildiyi 2 il ərzində yerinə yetirilməmişdir.”
Məhz bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin. Bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi məsələsi qərara alınmışdır. Bundan sonra Milli Məclis 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi sessiya keçirmiş və 1994-cü il martın 29-da qərar qəbul etmişdir. Həmin qərarın ayrı-ayrı bəndlərinə diqqət yetirdikdə bu dəhşətli faciənin təşkilatçılarının kimlər olduğu tam dəqiqliklə müəyyənləşir. Məsələn, həmin qərarın bəndlərində bildirilir:
2-ci bənd: “İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun”.
3-cü bənd: “Xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşür. Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə Sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun”.
Qərarda həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi məsuliyyət daşıdıqları qeyd edilir.
...Bakının ən yüksək nöqtələrinin birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı hər bir soydaşımız üçün ən ülvi ziyarətgahdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəhidlər Xiyabanı yenidən abadlaşdırılmış, faciə qurbanlarının ailələrinin sosial problemlərinin aradan qaldırılması istiqamətində daha təsirli tədbirlər görülmüşdür. Hər bir azərbaycanlı, yetişən gənc nəsil çox yaxşı bilir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Bu zirvəyə yüksəlmək çox çətindir. Çətin olduğu qədər də şərəflidir. 20 Yanvar faciəsi tarixi yaddaşımıza kədərli hadisə, hüznlü gün kimi həkk olunsa da, bu, həm də Azərbaycanın tarixinə fədakarlıq, qəhrəmanlıq, mərdlik zirvəsi kimi əbədi həkk olunub. Azərbaycan xalqı yüzilliyin sonunda əvəzedilməz qurbanlar verməklə bütün dünyaya sübut etdi ki, haqq-ədalətin, müstəqilliyin bərqərar olması yolunda, öz ləyaqətini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. 20 Yanvar faciəsi bir daha təsdiqlədi ki, Azərbaycanın mərd oğul və qızları torpaqlarının hər bir qarışının azadlığı uğrunda canlarını qurban verməyə hazırdırlar. Bu faciə Azərbaycanın dövlət müstəqilliyinin qazanılması yolunda dönüş məqamı oldu. Mərd oğul və qızlarımızın qəhrəmanlığı və qanı bahasına qazanılmış müstəqillik dönməz və əbədidir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 15 yanvar.- S. 4.