Zəlimxan Yaqub-60
Zəlimxan və özüm
Xalq şairi Zəlimxan Yaqubla ilk
tanışlığımın tarixini unutsam da, bu
tanışlıq olduğu kimi yadımdadır.
Bakının mərkəzində “Azərbaycan” kinoteatrı
ilə üzbəüz binada “Yazıçı “nəşriyyatı”
yerləşirdi. Mən də ilk kitabımın materiallarını
yığıb ora aparmışdım ki, kitab çap
etdirim. Gördüm Zəlimxan Yaqub dəhlizdə gah o
baş-bu başa gəzişir, gah da pəncərənin
qabağında dayanıb dərin fikirlərə dalır. Həm
də çox qayğılı görünür. Mən
sonralar biləcəkdim ki, bu qayğılar nədən
doğur, şairi sıxıntılarda yaşadan nədir?!
Daha doğrusu, 2010-cu il yanvarın 12-də şairin 60 illik
yubileyinə cəmi 8 gün qalmış onun dilindən
eşitdim: “Bakıda 20 il evsiz-eşiksiz, zirzəmiyə bənzər
daxmalarda yaşamışam. Yaşamamışam ey,
çürümüşəm!” Dedim “Zəlimxan, mən də
19 il o gündə olmuşam. Bütün
cavanlığımız kirayələrdə keçdi...”
“Yazıçı” nəşriyyatında
Zəlimxan müəllimə rast gəlməmişdən təxminən
bir-iki ay əvvəl, onun “Ədəbiyyat və incəsənət”
qəzetində “Zəlimxan” adlı bir şeiri dərc
olunmuşdu. Bu şeir haqqında, demək olar, bütün
yazıçı və şairlər
danışırdılar. Doğrusunu və tam səmimi deyirəm
ki, Zəlimxanın şeiri məni də çox təsirləndirmişdi.
Sövq-təbii hiss etməyə başlamışdım ki, ədəbiyyata
çox güclü, qüdrətli, tufana bənzər bir
şair gəlir. Çünki onun dillərdə gəzən
həmin şeiri heç kimin yaradıcılığına
bənzəmirdi. Şair başqaları kimi sadəcə
şeir yazmamışdı, yaratdığına ürəyini
qoymuşdu, qanını hopdurmuşdu. “Zəlimxan” şeirini
oxuyanda nədənsə Zəlimxanı şairdən
çox xana bənzətdim. Çünki həmin şeirdə
Zəlimxanın yüksəkliyini,
böyüklüyünü görürdüm, üstəlik,
şairin adındakı “xan” hecası onu mənim
gözümdə böyüdürdü... Elə indi də həmin
fikirdəyəm və düşünürəm ki, Zəlimxan
Yaqub şeirimizin, poeziyamızın xanıdır. Heç demə,
xalq şairi, mənim müəllimim Xəlil Rza sonralar deyib
ki, “Zəlimxan Yaqub Azərbaycan şeirinin, poeziyasının
hökmdarıdır”.
O zamandan bəri həmişə,
hər yerdə görüşürük, ayda azı
iki-üç dəfə bir-birimizin evimizə zəng vururuq,
yaradıcılıqdan da danışırıq, ictimai-siyasi
hadisələrdən də, cəmiyyət həyatından da.
Aradan illər keçib... Otuz-qırx il... Ha istəmişəm
Zəlimxan Yaqub haqqında, onun yaradıcılığı
haqqında bir yazı yazım, qələmi əlimə
götürmüşəm, tez də yerə qoymuşam. Fikirləşmişəm
ki, yox, mən Zəlimxanın yaradıcılığına
layiqli qiymət verə bilmərəm.
Yanvarın 21-də Zəlimxanın
60 yaşı tamam olur, yanvarın 29-da isə mənim. Dünyaya
gəlişimizdə cəmi 8 gün fərq var. Deməli, Zəlimxan
məndən 8 gün böyükdür. Valideynlərimdən
aldığım tərbiyə isə məni özümdən
bircə gün böyük olana belə hörmət etməyə
sövq edir. Uşaqlığımda da, gəncliyimdə də
belə idim, 60 yaşımda da beləyəm.
Görünür, insanın xasiyyəti hər deyəndə
dəyişmir.
Hə, onu deyirdim axı, Zəlimxandan yazmaq istəyirdim, yaza bilmirdim. O isə 2000-ci il yanvarın 29-da (doğulduğum tarix) Rəşid Behbudov adına Mahnı Teatrında mənim 50 illik yubileyimin aparıcısı olmuşdu. Haqqımda elə xoş sözlər söyləmişdi, yaradıcılığıma elə qiymət vermişdi ki, indiyədək dedikləri qəzetlərdə, kitablarda, mənim haqqımda yazılarda “səslənir”. Həm də yadımdadır, Zəlimxan həmin gecəni elə maraqlı idarə etdi ki, gecə davam edərkən də, sonralar da fikirləşmişəm ki, Zəlimxan olmasaydı, mənim 50 illik yubileyim o qədər gözəl keçməzdi, indiyədək yaddaşlarda qalmazdı. Yeri gəlmişkən, 10 il nə tez keçdi?!. Heç demə, Zəlimxan Naxçıvanda oxucuları ilə görüşdən təyyarə ilə Bakıya gəlmiş, evə getmədən, yorğun-arğın gəlib mənim məclisimi yola vermişdi. Görün, Zəlimxan neçə-neçə belə məsuliyyətli, böyük zəhmət tələb edən məclisləri yola verib, hər birinə ürəyinin odunu qoyub, danışığı, səsi, şeiri könüllərə hakim kəsilib!
Həmişə Zəlimxana diqqətlə, sevə-sevə, haldan-hala düşə-düşə qulaq asıram. O istər televiziyada danışsın, istər efirdə, istər səhnələrdə, istər üzbəüz, istər telefonda – sözündən-söhbətindən doymaq olmur.
Artıq, bunu hamı bilir ki, Zəlimxan böyük, əvəzedilməz, qüdrətli bir şairdir. Nizamidən, Füzulidən bu yana çox böyük şairlərimiz olub (əslində onlar çox deyil), amma Zəlimxanın öz yeri, öz səsi, öz nəfəsi var. Dahilərin içərisində öz səsi, öz nəfəsi olmaq da böyük işdir...
Yaxşısı budur, Zəlimxanın yaradıcılığına qiymət verməyə qalxmayım, onsuz da bunu bacarmaq hamıya nəsib olmur. Şairin yaradıcılığı o qədər çoxşaxəlidir ki, biri haqqında fikir söyləyəcəksən, o biri qalacaq. Oğul istəyirəm ki, böyük şairin yazdıqlarını sətir-sətir, misra-misra tədqiq eləsin. Ümumi formada yazmağa nə var ki?! Əgər şairin hər sözü, hər misrası haqqında yazılmalı olsa cildləri saya gəlməz kitablar ortaya çıxar. Bu isə çox çətin, ağlasığmaz bir iş olar.
Zəlimxanın yaradıcılığına qiymət vermək kimi “təhlükəli” bir işi kənara qoyub, onun bəzi bacarıq və qabiliyyətlərindən yadımda qalanlar haqqında yazmaq istəyirəm.
Zəlimxan Yaqub nəinki yazdığı yüzlərlə şeirlərini əzbərdən söyləyir, üstəlik, nə qədər şair tanıyırıqsa şeirlərini sinədəftər eləyib. Təcrübədən keçirin, onun yanında bir şairin adını çəkin, həmin şairin onlarla şeirini söyləyəcək. Onun bu qabiliyyəti hamını heyran edir.
Zəlimxanın şeirlərini oxumaq üçün aktyor çağırmaq lazım deyil. Şair öz şeirlərini hamıdan gözəl, yüksək səviyyədə “ifa” edir.
Zəlimxan yerindən qalxıb çıxış üçün mikrofona tərəf gedərkən ona fikir vermisinizmi? Mən həmişə fikir vermişəm. Şair xalq qarşısına, tamaşaçı qarşısına, oxucu qarşısına çıxdığı üçün, necə deyərlər, özünü “yığışdırır”, pencəyinin düymələrini bağlayır, üz-gözündən böyük bir məsuliyyət daşıdığı açıq-aydın görünür. Elə bil, şair çiyinlərində bir dağ daşıyır. Bu xüsusiyyət hər yaradıcı şəxsdə olmur. Bəziləri şeir söyləyəndə az qalır əlini-qolunu tamaşaçıların gözünə soxsun (Bu ifadə üçün üzr istəyirəm).
Zəlimxan zəhmətsevər bir insandır. Bu xüsusiyyətini onun haqqında televiziya filmindən hiss etmişəm. Əvvəla, o, “ağır yüklərin” altına girməsəydi, o boyda əsərlər yarada bilməzdi. Filmdə Zəlimxan danışır ki, Gürcüstanın Kəpənəkçi kəndindəki evlərində ən ağır işləri o görürmüş. Hətta çaydan daş daşıyıb, ev tikib! Şair qəlbli olasan, əlində qələm tutasan, həyatın məcburiyyəti qarşısında qalıb daş daşıyasan, özünə ev tikəsən, yurd-yuva qurasan! Ona görə mən həmişə böyük şairlərə, yazıçılara qibtə etmişəm ki, həyatın bu qədər qayğılarına, məişət “əzabları”na baxmayaraq, tanınmış yaradıcı şəxsiyyətə çevrilmişlər. Zəlimxan Yaqub kimi!
Bu yazını yazmağa məni Zəlimxanla yanvarın 12-də telefon söhbətimiz zamanı söylədiyi bir fikir təhrik etdi. Zarafatla ona dedim ki, “Zəlimxan, əgər mənim yubileyimdə çıxış etsən, nə deyəcəksən! Kitablarımı sənə verməmişəm ki, oxuyasan. 50 illik yubileyimdən sonra nə qədər kitabım çıxıb, pyeslər yazmışam. Axı, sənin bunlardan xəbərin yoxdur”. Zəlimxana belə söz demək olar? Yaxşıdır, məni acılamadı. Amma görün, nə cavab verdi: “Mən nəinki sənin bütün yaradıcılığınla tanışam, nəfəsin necə gedib-gəlir, onu da bilirəm. Yazılarını qəzetlərdən oxuyuram, pyeslərinin tamaşalarına baxmışam, çıxışlarını görürəm, eşidirəm, daha nə istəyirsən? Bir də axı, mən sənin yaradıcılığına bir şair, yazıçı fəhmi ilə yanaşıram”...
Bu söhbət ondan yarandı ki, 60 yaşım münasibətilə “Xalq qəzeti”ndə “Onun əsərlərində zamanın ruhu duyulur” adlı yazı dərc olunmuşdu və həmin yazıda əsərlərimdən bəziləri haqqında fikir söylənmişdi. Bir tanışım zəng vurub bildirmişdi ki, “yazı çox sanballıdır, lakin sənin xeyrinə olmaya bilər”. Səbəbini soruşanda həmin tanışım dedi ki, satiralarında nöqsanları çox kəskin tənqid edirsən. Zəlimxan Yaqub isə həmin məqaləni oxuyandan sonra zəng vurub tərifləmişdi. Tanışımın fikrini ona bildirəndə Zəlimxan yuxaradakı sözləri söylədi və əlavə etdi. “Deməli, tanışın sənin yaradıcılığınla tanış deyil!”
Bəli, Zəlimxan doğru deyirdi. Tanışım rusdillidir və indiyədək heç bir kitabımı oxumamışdır. Və o bilmirdi ki, mənim yaradıcılığımı da, şəxsi keyfiyyətlərimi də heç zaman dəyişmir. 1980-cı ilin axırlarında ümummilli lider Heydər Əliyev təkbaşına müdafiəyə qalxanda heç kim gəlib demədi ki, bunu yazma, səni məhv edərlər. Sonralar bu sözləri Heydər Əliyev özü mənə dedi: “Sən özünü əjdahaların, ilanların içərisinə atmısan, Məhv edə bilərdilər....” İndi də heç kim mənə irad tutmur və tutmamalıdır. Mən həmin adamam! Dəyişməmişəm. Bilənlər bilirlər...
Zəlimxan Yaqub da dövlətimiz, dövlətçiliyimiz uğrunda böyük mübarizələr aparır, güclü təbliğat işi görür. Bəziləri isə buna çox qısqanc yanaşırlar. Axı, şair, yazıçı dövlətdən necə ayrı ola bilər? Hansı ki, dövlət dağ kimi onların arxasında dayanır. Zəlimxan Yaqub daim xalqın içərisindədir, ömrü-günü yollarda, səfərlərdə keçir. Hamının xeyir-şərinə yarımağa çalışır. Bu da insanlara sevgidən, xalqa bağlılıqdan, böyük-kiçik yeri bilməkdən, ədəb-ərkan gözləməkdən irəli gəlir. Şair böyük olduğu qədər də sadədir, səmimi insandır. Onunla görüşəndə ayrılmaq istəmirsən...
... Əgər günlərlə oturub düşünsəm, bu yazını on dəfə, yüz dəfə böyüdə bilərəm. Vaxt isə azdır. İstəyirdim Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi münasibətilə mən də onun haqqında bir-iki fikir söyləyim. Ondan da yazdım, özümdən də. Axı, Zəlimxan məndən 8 gün tez dünyaya gəlib...
Xeyrəddin QOCA
Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 7.