Rusiya və Türkiyə naşirlərinin birgə səyi ilə

 

Azərbaycana və mənəvi dəyərlərimizə ehtiramın yeni nümunəsi

 

“Tələbə imtahanda, cinayətkar hakim qarşısında, insan ölümlə üz-üzə dayananda canında bir peşmançılıq yaşayır.” Oxuyacaqlar, düşünəcəklər və uca səslə, ehtirasla deyəcəklər: “Biz də təqsirkarıq. Biz də fəaliyyətsizliyimizə, biganəliyimizə, məğlubiyyətimizə səbəb olan karlığımıza görə günahkarıq. Peşmanıq və öz xalqımızla üz-üzə dayanaraq bir dəfə və həmişəlik and içirik, tövbə edirik!” Müasir rus poeziyasının ən görkəmli nümayəndələrindən birinin Azərbaycanlı müəllifin kitabını oxuduqdan sonra bu kitabın ruscaya tərcümə edilmiş variantı üçün yazdığı ön sözün abzasını məhz bu şəkildə tamamlanması təkcə düşündürücü deyil, həm də iftixar gətirən bir məqamdır. Çünki bu ifadəni alman, ispan və ya ərəb xalqını təmsil edən kimsə oxusa, onun üçün təkcə düşündürücü olar.

 

Yəni ayrılıqda bir xalqın deyil, ümumiyyətlə, bəşəriyyətin üzləşdiyi problemlərin səbəblərinin sadalanması, həmin problemlərin yaranmasında hər birimizin günahkar olduğumuzun etiraf edilməsi, çıxış yollarının göstərilməsi istənilən insan üçün düşündürücüdür. Qeyd edilən problemləri yada salıb, onları dəf etməyin yollarını göstərən, üstəlik, bu yolları əhatəli bir izahatla deyil, yığcam, lakonik, kəlamlarla göstərməyi bacaran mütəfəkkirin azərbaycanlı olması isə bizim oxucular üçün həqiqətən iftixar gətirən məqamdır.

Söhbət Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatı İdarə Heyətinin sədri, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, görkəmli şair Vladimir Boyarinovun azərbaycanlı mütəkəllim Hacı Fərhad Mirzənin bu günlərdə Moskvada işıq üzü görmüş “Kəlamlar” kitabına yazdığı ön sözdən gedir. Rusiyalı şair soruşur ki, insanların yaşadığı zamandan və doğulduğu yerdən, millətindən və dinindən asılı olmayaraq Tanrının xeyir-duasıyla yaranmış planetimizdə xoşbəxt yaşaması mümkündürmü? Müharibələr, inqilablar, bir-birini əvəz edən siyasi təbəddülatlar, iqtisadi böhranlar həqiqətən qaçılmazdırmı? Yer üzünü bürüyən daşqınlar, ulduz müharibələri planetin qədər-qismətidirmi? Şair öz oxucularına bu sualları verəndən sonra astaca əsas məqamın üstünə gəlir: “ Bəlkə biz nadir daxili enerjiyə malik bəşəriyyətin və ayrılıqda hər bir insanın hədsiz imkanlara malik olduğuna böyük inamla yanaşan, bu əqidə ilə yaşayan Hacı Fərhad Mirzənin şövqlə, ehtirasla söylənilmiş kəlamlarını eşidək ?” Vladimir Boyarinov bu kəlamları dinləyir, eşidir və belə bir nəticəyə gəlir: “Planetimiz od-alov içərisindədirsə, xalqlar əzab çəkirsə, susmaq olmaz.” Şairin fikrincə Hacı Fərhad Mirzənin “Kəlamlar” kitabı məhz müdrik bir insanın, bəşərin sabahını düşünən ziyalının dünyada baş verən proseslərə biganə qala bilməməsinin, susmaq istəməməsinin nəticəsidir.

Haqqında söhbət açdığımız “Kəlamlar”(rusca) kitabı yeni ilin ilk günlərində Moskvada işıq üzü görmüşdür. 368 səhifəlik bu kitabda (tərcümə edən professor Əli Abbasovdur) Vladimir Boyarikovun ön sözü, müəllifə həsr etdiyi şairi, kitabın 1997-ci və 2009-cu il nəşrlərinə yazılmış ön sözlər və 263 sahəni əhatə edən 1500-dən çox kəlam verilmişdir. Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva şəhər təşkilatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (Ankara) birgə səyi ilə ərsəyə gəlmiş bu kitab həqiqətən Azərbaycan təfəkkür tərzinə ehtiramın nəticəsi kimi qəbul edilir. Yeri gəlmişkən, “Kəlamlar” kitabı ötən ilin yazında Ankarada Anadolu türkcəsində də çap edilmiş və böyük rezonansa səbəb olmuşdur. Türkiyədəki və ümumiyyətlə, türk dünyasındakı bir sıra ictimai və qeyri hökumət təşkilatlarından sonra Azərbaycanda bu kitab araşdırma mərkəzlərinin keçirdiyi sorğunun nəticələrinə görə yüksək qiymətləndirilmişdir. Onlardan biri İRAM təşkilatıdır. Beləlliklə “İctimai Rəy” Araşdırmalar Mərkəzinin təxminən 2 minə yaxın respondent arasında keçirdiyi sorğunun dekabrın son günlərində elan edilmiş nəticələrinə görə Hacı Fərhad Mirzənin Ankarada çap edilmiş “Kəlamlar” kitabı “ İlin ən yaxşı kitabı ” nominasiyasının qalibi olmuşdur. Ən başlıcası odur ki, həm Türkiyədə, həm də Rusiyada bu barədə söz açılarkən “Kəlamlar” kitabının və Hacı Fərhadın adından əvvəl Azərbaycanın adı çəkilir, müstəqil dövlətimizin ünvanı təbliğ olunur. Azərbaycan yaşadıqca onun təfəkür tərzini təbliğ edənlər də bütün dünyada tanınacaqlar.

 

 

Natəvan İSMAYILLI

 

Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 6.