Azərbaycan Dillər Universiteti ilə Hacəttəpə Universiteti
arasında əməkdaşlıq
müqaviləsi imzalanıb
Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada Azərbaycan
Dillər Universiteti ( ADU) və Türkiyənin Hacəttəpə
Universiteti arasında əməkdaşlıq müqaviləsi
imzalanıb. İmzalanma mərasimində ADU-nun rektoru, Milli Məclisin
deputatı professor Səməd Seyidov, Azərbaycanın
Türkiyə Cümhuriyyətindəki fövqəladə və
səlahiyyətli səfiri Zakir Həşimov, ADU-nun nümayəndə
heyəti, Strasburq Universitetinin və Fransanın Türkiyədəki
səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan Hacəttəpə Universitetinin
rektoru, professor Uğur Erdener bildirib ki, Azərbaycan ilə
Türkiyə arasında olan münasibətlər hər sahədə
olduğu kimi, təhsil sahəsində də sürətlə
inkişaf edir və bu cür layihələrin həyata
keçirilməsi ölkələrarası münasibətlərin
inkişaf dinamikasına öz töhfəsini verəcək.Professor
Uğur Erdener həmçinin iki universitet arasında olan
yüksək səviyyəli əməkdaşlığa
görə məmnunluğunu dilə gətirib. ADU-nun rektoru,
Milli Məclisin deputatı , professor Səməd Seyidov öz
çıxışında universitetlərarası bu əməkdaşlığı
sevindirici hal kimi qiymətləndirib və ADU, Hacəttəpə
və Strasburq Universitetləri arasında əməkdaşlığın
davamının da olacağını vurğulayıb.
Azərbaycanın
Türkiyədəki fövqəladə və səlahiyyətli
səfiri Zakir Həşimov ADU ilə Hacəttəpə
Universiteti arasındakı əməkdaşlığı
yüksək qiymətləndirib.
ADU-nun mətbuat xidmətindən
aldığımız məlumata görə, müqavilənin
imzalanmasında əsas məqsəd universitetlərarası əməkdaşlığı
gücləndirmək , elm və təhsil səviyyəsini təkmilləşdirməkdir.
Bu əməkdaşlıq
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində
mövcud olan əlaqələrə daha bir təkan verəcək
və ölkələrarası münasibətlərin
yüksəlişində müsbət rol oynayacaqdır.
Qəzənfər QASIMOV
Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 6.