Sürətli iqtisadi inkişaf və iqtisadi təhsil sistemi: problemlər, vəzifələr

 

Keçən əsrin son onilliyində SSRİ-nin dağılması ilə dünyanın yeni siyasi xəritəsində özünə layiqli yer tutmuş müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmuş və öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Prezident İlham Əliyev ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığını və “indi məqsədimizin inkişaf etmiş ölkəyə çevrilmək” olduğunu dəfələrlə bəyan etmişdir. Bu bəyanatlar ölkəmizin yaxın və uzaq perspektivdə sosial-iqtisadi inkişafının strateji inkişaf xəttini təşkil edir.

 

Tarixi əhəmiyyətli həmin strategiya bütövlükdə Azərbaycan elmi, o cümlədən ictimai və humanitar elmlər qarşısında keyfiyyətcə yeni vəzifələr qoyur. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, “İndi cəmiyyətimizin qarşısında ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.”

Məlum olduğu kimi, Azərbaycan bir çox dünya dövlətlərindən onunla fərqlənir ki, o elm və təhsil sahəsində inkişaf etmiş ənənələrə malikdir. Ali təhsil sistemimizin şərəfli tarixi vardır. Ali məktəblərimiz mövcud olduğu və inkişaf etdiyi illər ərzində zəngin təcrübə toplamış, dünyaya bir çox istedadlı alim və pedaqoqlar bəxş etmiş, çoxsaylı yüksək ixtisaslı mütəxəssislər korpusu hazırlamışlar. Azərbaycan alimləri dünyanın bir çox aparıcı elm və tədris mərkəzlərində ölkəmizi ləyaqətlə təmsil etmiş və etməkdə davam edir.

Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniyyətidir, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışdıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz—intellektual potensialımız da var. Bunu yaradanlar var. Bu dahi insanlar Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”. Bütün bunlar isə müasir dünyada mühüm strateji resurs hesab edilir.

Müasir mərhələdə Azərbaycanda elmin inkişafına və elmi islahatların aparılmasına iki mövqedən yanaşılması zəruridir: 1. Fəlsəfə, tarix, dil və s. elmlər qrupuna münasibət; bu sahələri biz inkişaf etdirməliyik. Heç kim bizim əvəzimizdən tariximizi yazmayacaq, dilimizi qorumayacaq, ideologiyamızı formalaşdırmayacaqdır.

2. Digər elmlər qrupuna münasibət. Bu sahədə seçim aparılmalıdır. Bu seçimdə Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərinə uyğun olaraq prioritet elm sahələri müəyyənləşdirilməlidir. Yəni, Milli Elmlər Akademiyası, ali təhsil və sahə elmi potensialı inteqrasiya edilməklə Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinə xidmət edən elm sahələrinin inkişaf etdirilməsi əsas götürülməlidir. Bu zaman:

- həmin sahələrin maliyyələşdirmə modeli yaradılmalı;

- böyük bizneslə təhsil və elmin əlaqəsi inkişaf etdirilməli;

- elmi kadrların, professor - müəllim heyətinin peşəkarlıq səviyyəsinin günün tələblərinə cavab verməsi, peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi. Bununla bağlı xüsusi Dövlət Proqramının qəbul olunmasına ehtiyac vardır;

- təhsilə, elmə əhalinin əlçatanlığı təmin edilməli. Hər 100000 adama düşən tələbələrin sayı, alimlərimizin sayı, əhalibaşına düşən ali məktəblərin, elmi-tədqiqat strukturlarının, subyektlərinin sayı optimal şəkildə müəyyənləşdirilməli;

- mütəxəssis hazırlığının çətinliyi, onu saxlamağın daha da çətin olması (5 ildə 5 min mütəxəssisin xaricdə aparıcı universitetlərdə hazırlanması) nəzərə alınmalıdır. Həmin mütəxəssislərin əsasən o məktəblərdə və elm strukturlarında iş yerləri və xüsusi məvaciblə təmin olunması və beyin axınının qarşısının alınması üçün tədbirlər görülməlidir.

Dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsi göstərir ki, davamlı iqtisadi inkişaf, əhalinin rifah səviyyəsi və həyat keyfiyyətinin yaxşılaşdırılması elm və təhsil sahəsində, insan amilindən istifadə edilməsində dönüş yaradılmadan, yüksək texnologiyalar tətbiq edilmədən, innovasiya fəaliyyəti aktivləşmədən mümkün deyildir. Çünki müasir dövrdə cəmiyyətin köklü surətdə yenidən qurulmasının əsasında elm və biliyin sürətli inkişafı və bunun əsasında əmək məhsuldarlığında inqilabi sıçrayışlar dayanır.

Belə ki, XXI yüzillikdə iqtisadi və sosial həyat üçün biliyin yaradılması və istifadə edilməsi üsulları, habelə insanın əmək fəaliyyətinin rolu köklü surətdə dəyişmişdir. Biliyin rolu və əhəmiyyətinin artması özünü əmək məhsuldarlığı sahəsindəki sıçrayışda və idarəçilikdə baş verən inqilabda göstərdi. Cəmiyyət bilikdən-biliklərə doğru yol ilə irəliləyir. Əvvəllər biliklər ümumi xarakter daşıyırdı. İndi isə biliklərdə dərin ixtisaslaşma özünü göstərir. Keçmişdə “biliyə malik olan insan” ifadəsi işlənmirdi. Deyirdilər: “Savadlı, elmli adam”. Savadlı adam - geniş eridusiyalı adamlardır. Onlar istənilən mövzuda yaxşı danışmaq məharətinə malik insanlar idilər. Lakin onlar hər hansı konkret və praktik fəaliyyətlə məşğul ola bilmirdilər. Müasir dövrdə bilik konkret nəticə əldə etmək üçün praktiki əhəmiyyəti olan informasiya hesab edilir. Hər hansı bir əhəmiyyətli nəticə əldə edə bilmək üçün isə yüksək dərəcədə ixtisaslaşmış bilik tələb olunur. Çünki ümummilli liderimiz Heydər Əliyev gənc nəsli daim belə öyrədirdi: “Kim ki öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur”.

Ümumi bilikdən ixtisaslaşmış biliklər kompleksinə keçid biliyi yeni cəmiyyət yaradan qüvvəyə çevirmişdir. İxtisaslaşmış biliklər kompleksində iqtisadi biliklər müstəsna rol oynayır. Çünki inkişaf etmiş sənaye cəmiyyətində tərəqqinin əsas hərəkətverici qüvvəsi, əmək və kapitalın təmərküzləşməsi idi. Hazırkı postsənaye cəmiyyətində isə əsas diqqət yüksək texnologiyanın inkişafına, istehsal və xidmət sahəsində modernləşmənin sürətlənməsinə verilir. Əvvəllər kapital yığımı sahibkarların bir neçə nəsli ərzində təmin edilirdi. İndi isə çox irimiqyaslı kapital az miqdar ilkin kapital qoymaqla dərhal yaradıla bilər. Lakin həmin sahibkar öz nəhəng müəssisəsində yalnız öz biliyi və məhdud saylı menecerlərin birliyi ilə kifayətlənə bilməz. Texnologiyanın daim yenilənməsi praktikada hər bir iş yerində tələb olunur. Ona görə də texnologiyanın inkişafına müasir istehsalın hər bir işçisinin cəlb olunması zəruridir. Bu isə onu göstərir ki, əvvəllər əmək ehtiyatı hesab edilən muzdlu işçilər əslində kapital ehtiyatlarının qorunması və artırılmasını təmin edir. Məhz bunun nəticəsində istehsal olunan məhsulun tərkibində əməyin xüsusi çəkisi əmək məhsuldarlığı yüksək həddə doğru irəlilədikcə daha da artacaqdır.

Qloballaşma həyatın bütün sahələrində modernləşmə tələb edir. Məlum olduğu kimi, modernləşmə konsepsiyası (upgrading) iqtisadi aktivliyin bir növündən digər növünə hərəkəti əks etdirir. Bunun əsasında müxtəlif meyarlar - mənfəətlilik, ədalət, ekoloji sabitlik meyarları dayanır. Modernləşmə, adətən, əməliyyatların daha da mürəkkəbləşməsinə doğru aparır. Bu bir sıra amillərlə əlaqədardır. Yeni texnologiya və yaxud əlavə “nou-hau”-dan istifadə olunması, istehsal proseslərinin təkmilləşdirilməsi, ixtisaslaşma və yaxud inteqrasiya dərəcəsinin artırılması və s. ilə əlaqədardır. Rəqabət mübarizəsinin kəskinləşdiyi bir şəraitdə modernləşmə istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr üçün eyni dərəcədə əhəmiyyətlidir. Ona görə də innovasiyalara əhəmiyyət verməyən hər hansı bir ölkə qlobal istehsal və mübadilə sistemində səmərəli mövqe tutmağa qadir deyildir.

Modernləşmənin bütün istiqamətləri yeni biliklərin əldə edilməsini tələb edir. Bu biliklər layihələndirmə, texnoloji proseslərin təkmilləşdirilməsi və konstruktor işlərində çox mühümdür. Ona görə də təhsil və bilikləri almaq qabiliyyəti modernləşmənin əsasını təşkil edir. Modernləşməni yalnız istehsal prosesi, texnologiya və yaxud marketinq problemi hesab etmək olmaz. Bu istiqamətlər, şübhəsiz, çox mühümdür. Lakin modernləşməni daha geniş mənada, yeni biliklərin alınmasına və bu sahədə real addımlar atılmasına yönəlmiş bir axın kimi başa düşmək lazımdır.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək və prosesin səmərəliliyini təmin etmək, ali təhsilin məzmununu Bolonya tələblərinə uyğun qurmaq, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə müvafiq olaraq yüksək hazırlığa malik kadrlara tələbatı ödəmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il mayın 22-də “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu proqramda qarşıya qoyulan məqsəd və vəzifələr Azərbaycan ali təhsilinin inkişafında əsaslı keyfiyyət dəyişmələrinə zəmin yaradır.

Belə bir şəraitdə respublikamızda iqtisad elmi və iqtisadçı kadrların hazırlanması sahəsində olduqca mühüm vəzifələr durur. Lakin həqiqətən etiraf etməliyik ki, bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz. İstər iqtisad elminin inkişafında, istərsə də təsərrüfat həyatının yüksək ixtisaslı kadrlarla təmin olunmasında iqtisadi təhsilin günün tələbləri səviyyəsinə yüksəldilməsi müstəsna əhəmiyyətə malikdir və bu sahədə çox işlərin görülməsinə ehtiyac vardır.

Məlum olduğu kimi, sovet dövründə iqtisadçı kadrlar inzibati-amirlik sisteminin tələblərinə uyğun olaraq hazırlanmış və bazar iqtisadiyyatının idarə olunması üzrə mütəxəssislər yetişdirilməsinə ehtiyac duyulmamış, tədris planları və proqramlarında praktikadan çox nəzəri biliklərə, ideoloji baxışlara üstünlük verilmişdir. Müstəqillik əldə edildikdən sonra təhsildə həmin neqativ halların aradan qaldırılması üzrə köklü tədbirlər görülmüşdür.

İqtisadiyyat cəmiyyət həyatının bazası olmaqla öz qanunları, öz problemləri, öz ziddiyyətləri ilə onun xüsusi və mühüm bir sahəsidir. Sonsuz drama və dedektivlərdən ibarət olan sərbəst bazar iqtisadiyyatı istər cəmiyyətin, istərsə də onun hər bir üzvünün həyat səviyyəsini müəyyən edir. Bu sistemdə fərdlər, ayrı-ayrı insanlar həmin sistemin təsirini öz gündəlik həyatında yalnız hiss etməklə qalmayıb, bu sistemin əsas subyektinə, aparıcı qüvvəsinə çevrilirlər. Mərkəzləşmiş planlı iqtisadiyyatdan fərqli olaraq bazar iqtisadiyyatında iqtisadi qərarlar yalnız dövlət tərəfindən deyil, həm də fərdlər tərəfindən qəbul edilir. Fərdlər, klassik iqtisadi məktəbin banilərinin dili ilə desək, iqtisadi insana çevrilirlər. Yəni onlar dövləti, hər şeyə qadir olan “sehrli çubuq” hesab etməyərək, öz hərəkətlərini faydalılıq və mənfəətlilik prinsipi əsasında quraraq, cəmiyyətin tərəqqisini təmin edir, öz rifah səviyyəsini hər şeydən əvvəl özü yüksəltməyə çalışır. Bu isə inkişaf etmiş iqtisadi şüur, normal iqtisadi davranış qaydaları və iqtisadi etikanın mövcudluğu əsasında mümkündür. Bütün bunlar cəm halında olduqda cəmiyyəti iztirab və əzablardan qurtaran, tərəqqiyə qovuşduran, biliyə əsaslanan iqtisadi quruluşun formalaşması və inkişafı üçün əlverişli zəmin yaradır.

Məhz buna görə də müasir şəraitdə iqtisadi təhsil sistemi respublikamız üçün mühüm əhəmiyyət kəsb edən həmin məqsədlərə tabe edilmişdir. Yüksək iqtisadi təhsil yalnız iqtisadçı kadrlar üçün deyil, bütün digər mütəxəssislər üçün də olduqca əhəmiyyətlidir. Çünki iqtisadi insan istər ümumi cəmiyyət səviyyəsində, istərsə də fərdi qaydada öz işlərini maksimum səmərəlilik səviyyəsində qurması üçün kifayət qədər iqtisadi bilik və təcrübəyə malik olmalıdır.

Deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, ölkəmizdə bazar iqtisadiyyatının müvəffəqiyyətli təşkilinin vacib şərtlərindən biri iqtisadi təhsil sisteminin köklü surətdə yenidən qurulması və həyatın tələbləri səviyyəsinə yüksəldilməsidir. Başqa sözlə desək, bu gün normal bazar iqtisadiyyatının əsasları şagird və tələbə skamyalarında qoyulmalıdır. Sürətlə artan iqtisadi potensialımız da buna geniş imkan verir. Bu arada dahi Üzeyir Hacıbəyovun belə bir fikrini yada salmaq yerinə düşər: “Hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması üzvü olduğu cəmiyyətin rifah və səadətinə bağlıdır”.

İqtisadi təhsil sisteminin köklü surətdə yenidən qurulması dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə bilavasitə əlaqədar olmaqla, ümumdövlət əhəmiyyətli ciddi tədbirlərdəndir. Çünki iqtisadi təhsil sistemi iqtisad elminin özünün inkişafı ilə bilavasitə əlaqədardır, ona əsaslanır və kompleksli yanaşmanı zəruri edir.

Cənab İlham Əliyevin ölkə iqtisadiyyatı və sahibkarlığın inkişafı üzrə qarşıya qoyduğu genişmiqyaslı yeni vəzifələr iqtisadçı kadrların hazırlanması sahəsində də ciddi dönüş yaradılmasını tələb edir. Çünki qarşıya qoyulan dinamik iqtisadi inkişaf vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi adekvat kadr potensialının yetişdirilməsi ilə əlaqədardır.

İqtisadçı kadrların hazırlanması prosesində sürətli yenilənmə hiss olunur. Tədris sistemində iqtisadiyyat üzrə ixtisaslar Təhsil Nazirliyi tərəfindən günün tələblərinə uyğunlaşdırılmış, iqtisadi təhsilin məzmunu və forması əhəmiyyətli dərəcədə yeniləşdirilmiş və yaxşılaşdırılmış, müasir iqtisadiyyat haqqında yeni-yeni fənlər tədris olunmağa başlanmışdır.

Bununla yanaşı etiraf etmək lazımdır ki, iqtisadi təhsil sistemi cəmiyyətin sürətli sosial-iqtisadi inkişafından doğan yeni tələblərə cavab vermir. Təhsil sahəsində görülməsi tələb olunan ən mühüm işlərdən biri təhsil sisteminin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğunlaşdırılması, təhsil sistemi ilə biznes strukturları arasında qarşılıqlı faydalı əlaqələrin optimallaşdırılmasıdır.

Məlum olduğu kimi, bazar iqtisadiyyatı mexanizminin təməl ünsürlərindən biri biznes, əmək bazarı və təhsil xidmətidir. Onlar arasında harmoniya iqtisadi tərəqqinin vacib şərtidir. Lakin reallıq onu göstərir ki, ölkəmizdə ali təhsil hələlik müəyyən dərəcədə qapalı xarakter daşıyır və onun əmək bazarı ilə qarşılıqlı əlaqəsi zəifdir. Bu, özünü ali təhsil müəssisələri məzunlarının aldıqları ixtisasa uyğun olaraq işə düzəlmə göstəricilərinin aşağı olmasında, onların ixtisas nomenklaturalarının biznesin tələblərinə uyğun gəlməməyində və s. məsələlərdə göstərir.

Həqiqətən müasir biznes çevik və dinamikdir. İş axtaranlar qarşısında yeni tələblər qoyur. Onlar biznesin tələblərinə uyğun ixtisas almış olmalıdırlar, öz ixtisasını daim artırmağa, qeyri-müəyyən anlarda fəaliyyət göstərməyə, müstəqil qərar verməyə hazır olmalıdırlar. İş verənlərin müasir şəraitdə mütəxəssislərə tələbi fundamental “bilik” termini rakursundan daha çox “bacarmaq”, “qabiliyyət”, “hazır olmaq” terminlərinin əks etdirdiyi fəaliyyət üsuluna yönəlmişdir. Söhbət özünün iş keyfiyyəti və vərdişləri ilə yüksək nəticələr əldə edə bilən mütəxəssislərdən gedir.

Müşahidələr göstərir ki, işə götürənlərin ehtiyacları və iş yerlərinə iddiaçılar qarşısında qoyduqları tələb ilə ali təhsil müəssisələrində mütəxəssis hazırlığının keyfiyyəti arasında disbalans mövcuddur. Azərbaycanda müasir biliklərə yiyələnmiş peşəkar menecerlərə ehtiyac olduqca böyükdür. Bu ehtiyacın ödənilməsində universitetlərimiz xüsusi rol oynayır. Lakin etiraf etmək lazımdır ki, həmin kadrlar hələlik öz peşəkarlığı ilə iri biznesin, xüsusən xarici firmaların ehtiyacını ödəyə bilmir. Hər il Azərbaycandan xeyli gənc böyük xərc hesabına xarici universitetlərdə həmin ixtisaslara yiyələnirlər. Xarici firmalar isə bu sahədə öz ehtiyaclarını bahalı əcnəbi kadrlar hesabına ödəyir. Yerli iri sahibkarlar isə Türkiyədən peşəkar menecerlər dəvət edirlər.

Təcrübə göstərir ki, peşə təhsili və təliminin modernləşdirilməsi, açıq və məsafədən təhsil, idarəedici kadr hazırlığı və sosial tərəfdaşlıq istiqamətləri əsas fəaliyyət sahəsi seçilməklə, hər bir istiqamət üzrə ixtisaslaşmış mütəxəssislər qrupunun yaradılması daha çox səmərə verir. Bu mənada idarəedici kadrların hazırlanması sahəsində aşağıdakılar tələb olunur:

- real əmək bazarının tələbinə uyğun idarəedici kadrların peşə hazırlığını təmin etmək üçün menecer və korporativ müştərilərin hazırlığı ilə məşğul olan təhsil müəssisələri arasında daha səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;

- təhsil müəssisələrində strateji marketinqin üsullarını tətbiq etmək və təkmilləşdirmək;

- müvafiq kadr hazırlığı şəbəkəsinin möhkəmləndirilməsi, bazar tələbatının mütəmadi müzakirəsi məqsədilə daxili əlaqələri genişləndirmək və eyni zamanda, idarəedici kadr hazırlığı sahəsində təcrübə mübadiləsi və monitorinq mexanizmini yaratmaq.

Lakin xüsusilə vurğulamaq lazımdır ki, bütün yuxarıda qeyd olunanların həyata keçirilməsi təhsil müəssisələri, kommersiya strukturları və bütövlükdə cəmiyyətdən xüsusi hazırlıq tələb edir. Burada əsas amil böyük, orta və kiçik biznesin nə dərəcədə öz fəaliyyətlərinin biliyə əsaslanmalı olduğuna, mürəkkəb və kompromissiz rəqabət mühitində öz mövcudluğunun yalnız ali təhsil müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlıqda mümkünlüyünə əminliyidir. Nəzərə almaq lazımdır ki, biliyə əsaslanan iqtisadiyyatda rəqabətlilik və keyfiyyətli həyat bizneslə ali təhsil arasındakı səmərəli bilik mübadiləsindən asılıdır. Bu sahə kifayət qədər səmərəli və əhatəli olmadıqda iqtisadiyyatın bir çox aparıcı baza sahələri müasir tələblərə cavab verən kadrların çatışmazlığı üzündən rəqabətə davam gətirməyərək sıradan çıxır və illərlə toplanmış təcrübə məhv olur. Müasir iqtisadi fəaliyyətdə daha geniş biliklər cəmləşdiyindən biliyin yaradılması, yayılması və ötürülməsi prosesinə daha çox müxtəlif səviyyəli mütəxəssis və ekspertlər cəlb edilir. Burada həlledici sözü, şəksiz ki, universitetlər deməlidir. Universitetlər artıq biznes-cəmiyyət birliyinin yaradılması prosesinə cəlb olunmanın zəruriliyini hiss edirlər.

Lakin nəzərə almaq lazımdır ki, universitetlərdə bir çox professor-müəllim heyəti biznesin bugünkü tələblərinə uyğun fəaliyyət göstərə bilmədiklərinə görə bizneslə ali təhsil müəssisələri arasındakı əlaqələrin intensiv inkişafına təkan verə bilmirlər və bir çox hallarda özləri də istəmədən müxtəlif maneələr törədirlər.

Bir çox ixtisaslar üzrə tədris planları və proqramları bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenilənmiş, təzə fənlər tədris edilir. Lakin bu fənləri kimin və necə tədris etməsi, hansı dərslik və tədris vəsaitindən istifadə olunması yeni tələblərə uyğun olaraq yüksək ixtisaslı kadrlar hazırlanmasında həlledici məsələlərdən biridir. Halbuki bir çox universitetlərdə müəllim potensialı əsas etibarı ilə sovet dövründə yetişmiş kadrlardan ibarətdir. Səmərəli təkmilləşmə şəbəkəsi yaradılmadığından onların yenidən ixtisaslaşması və ya ixtisaslarını artırması işləri hələlik zəifdir. Hamıya aydındır ki, bazar iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən yüksək ixtisaslı kadrlar hazırlanması üçün professor-müəllim heyətinin çatışmazlığı bu gün Azərbaycanın təhsil sisteminin ən zəif sahələrindən biridir. Hesab edirik ki, professor-müəllim heyətinin təkmilləşdirilməsi və inkişafı aşağıdakı istiqamətlərdə aparılmalıdır:

1. Heyətin təkmilləşdirilməsi. Maliyyə, mühasibatlıq, marketinq, menecment, beynəlxalq biznes, ümumilikdə isə iqtisadiyyat sahələrində çalışan müəllimlərin fənn yönümlü inkişafı: treninqlərin təşkili, xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak, peşəkarlığın artırılmasına xidmət edən digər tədbirlər (seminarlar, dəyirmi masalar və s.)

2. Tədrisin inkişafı. Dərslər və kurrikulumlara aid məsələlərlə bağlı tədrisin inkişafı: sillabusların, kurrikulumların, dərsliklərin, tədris texnologiyalarının, onların tələbələrə çatdırılması mexanizmlərin təkmilləşdirilməsi və inkişafı.

3. Tədqiqatın inkişafı. Elmi tədqiqat, tətbiq, təcrübə, sınaq bacarıqlarının, təqdimat və ünsiyyət fəaliyyətlərinin təkmilləşdirilməsi və inkişafı.

4. Xidmətlərin inkişafı. Daxili (universitet) və xarici (cəmiyyət və şirkətlər) obyektlərlə əməkdaşlığa əsaslanan xidmətlərin inkişafı. Tədris və tədqiqat prosesində əldə olunan nəticələri yaymaq, zəruri ünvanlara çatdırmaq (məqalələr, xülasələr, və s. vasitəsilə) bacarıqlarının inkişaf etdirilməsi.

5. Təşkilati inkişaf. Universitetlərdə struktur və bölmələrin siyasətlərini, insan qaynaqlarını əhatə edən, islahatlara şərait yaradan və onları tətbiq etməyə imkan verən fəaliyyətlərə əsaslanan təşkilati inkişaf.

Bazar iqtisadiyyatı üçün lazım olan aşağıdakı bir çox mühüm fənlər respublikamızda bu gün arzu edilən səviyyədə tədris edilmir. Məsələn, “Beynəlxalq biznes”, “İnvestisiya layihələrinin təhlili”, “İnnovasiya menecmenti”, “Qlobal portfel menecmenti” və s. Həmin biliklərə malik olmayan iqtisadçılar isə tamamilə təbiidir ki, biznesi müvəffəqiyyətlə idarə edə bilməzlər. Gələcək iqtisadçıların qlobal düşüncələrinin formalaşdırılması iş-təhsil sistemində zəif təşkil olunmuşdur. Bu isə onların Azərbaycandan kənarda işlə təmin olunması imkanlarını məhdudlaşdırır.

Bir çox fənləri tədris edə bilən müəllimlər sadəcə olaraq yoxdur. Onların hazırlanması prosesi zəif gedir və xüsusi diqqət tələb edir. Bu sahədə dərsliklər və dərs vəsaitlərinin hazırlanması işində müəyyən irəliləyiş olsa da qənaətbəxş deyildir. Geniş imkanlara malik Rusiyada bu problem yeni dərsliklər yazılmaqla yanaşı, bir çox dərslik və kitabların ingilis dilindən tərcümə olunub yayılması yolu ilə həll edilir. Respublikamızda çox baha qiymətə satılan bu azsaylı kitablardan isə Azərbaycan bölməsi tələbələrinin istifadə etmək imkanları olduqca məhduddur. Ona görə də müasir dərsliklərin tərcümə olunaraq yayılması üçün ölkəmizdə təşkilati və maliyyə dəstəyinə böyük zərurət vardır.

2010-cu il yanvarın 1-dən ölkəmizin beynəlxalq mühasibat uçotu və hesabatlar sisteminə keçilməsi qərarlaşdırılmışdır. Bu günlərdə Təhsil Nazirliyində İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin Dünya Bankı nümayəndələri ilə birlikdə həmin məsələyə həsr edilmiş müşavirədə təhsil sisteminin bu sahədə gördüyü işlər qənaətbəxş hesab edilmədi. Sadəcə olaraq ölkə bu gün beynəlxalq mühasibat uçotu və hesabatını mükəmməl bilən mühasiblərlə təmin edilməmişdir. Bu boşluğun aradan qaldırılması üçün təcili tədbirlər görülməsi qərara alındı.

İqtisadi artıma köklənmiş biliyin inkişaf etdirilməsi, əmək bazarının genişlənməsi, sosial əlaqələrin güclənməsi və mühitin dəyişməsi siyasi elitanın təhsil sisteminə, onun səmərəliliyinin artırılmasına daha geniş yer ayırmasına və diqqət yetirməsinə səbəb olur. Bununla da təhsilin iqtisadi və sosial siyasətin tərkib hissəsinə çevrilməsini ölkələrin rəqabətlilik səviyyəsinin yüksəldilməsinin zəruri elementi olduğuna əmin olurlar.

Qloballaşmanın aqreqasiya olunmuş tarixi mərhələlərinin təhlili göstərir ki, təhsil sistemi güclü olan ölkələr qloballaşma və beynəlmiləlləşmədə daha böyük təsir gücünə malik olur. Halbuki təhsil sistemi çevik olmayan ölkələrin nəinki müstəqil təhsil, hətta müstəqil iqtisadi siyasət aparmaq imkanları getdikcə azalır və onlar asılı vəziyyətə düşürlər.

Ona görə də ölkənin təhsil sistemində əməkdaşlığa açıqlıq, dinamiklik və adaptasiya olunmaq, vahid horizontal idarəetmə şəbəkəsinə girmək və bu şəbəkəyə yeni elementlər daxil etməklə onun tərkib hissəsinə çevrilmək imkanlarını artırmaq lazımdır. Ölkənin təhsil sisteminin Bolonya və Lissabon prosesini qəbul etməsi bu istiqamətdə atılmış ən vacib addım hesab olunmalıdır.

Belə bir şəraitdə hər şeydən əvvəl tədrisin dövrün tələblərinə uyğunluğu iqtisadçı kadr hazırlayan universitet rəhbərlərinin daim diqqət mərkəzində duran məsələlərdən olmalıdır. Universitetlər dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq etməlidirlər. Tədris planları və proqramları onların zəngin təcrübəsi nəzərə alınmaqla hazırlanmalı və həyata keçirilməlidir.

Bu gün Azərbaycanda iqtisadi təhsilin mühüm nöqsan cəhətlərindən biri də ali məktəbəqədər təhsil müəssisələrində iqtisad yönümlü təhsilin təşkil edilməməsidir. Peşəkar iqtisadçıların erkən yaşlardan hazırlanmağa başlaması təxirəsalınmadan həyata keçirilməlidir.

İstər sahibkarlıq sahəsində çalışan, istərsə də bütün fəaliyyət növlərində işləyən digər kadrların işinin səmərəlilik prinsipi ilə təşkili üçün mühüm şərt olan müasir iqtisadi biliklər kütləvi informasiya vasitələri, o cümlədən dövlət televiziyası ilə daha geniş təbliğ olunmalıdır. İqtisadi biliklər müasir dövrdə ziyalılıq səviyyəsini də müəyyən edən mühüm amillərdən biridir. Ona görə də iqtisadi təhsilin orta məktəblərdə tədrisinin yenidən qurulması konsepsiyasının hazırlanması və həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməsi təxirəsalınmaz məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, iqtisadi təhsil sistemi seçdiyi və seçəcəyi ixtisasdan asılı olmayaraq bütün şagird və tələbələri elə tərbiyə etməlidir ki, onlar gələcəkdə öz fəaliyyətlərini faydalılıq və mənfəətlilik, yəni rasionallıq prinsipləri əsasında qursunlar.

Ölkəmizin yaxın və uzaq perspektivdə sosial-iqtisadi inkişafının strateji inkişaf xəttini müəyyən edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin xəttin reallaşması mexanizmini də göstərmişdir: “Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək təbii resurslarımızı insan kapitalına çeviririk. Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət- ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir”.

 

 

Akif MUSAYEV,

AMEA-nın müxbir üzvü,

Azərbaycan Universitetinin rektoru,

Dünyamalı VƏLİYEV, Azərbaycan

Universitetinin kafedra müdiri,

iqtisad elmləri namizədi, dosent

 

Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 3.