Uğurla aparılan enerji siyasəti
sosial-iqtisadi layihələrin həllinə müsbət təsir
göstərir
Bu gün Azərbaycanda aparılan enerji siyasəti nəticəsində
ölkə yeni tarixi mərhələyə qədəm
qoymuşdur. Hazırda qloballaşan dünyada artan neft gəlirləri
ölkələrin iqtisadi siyasətinin müəyyənləşdirilməsində
həlledici rol oynayır. Neftlə zəngin Azərbaycan
iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi
ilə bu gəlirlərdən səmərəli istifadə
edir. Azərbaycan mədən sənayesində şəffaflıq
təşəbbüsünə qoşulmuş ilk ölkələrdən
biridir, neft gəlirlərinin xərclənməsi
baxımından uğurlu siyasət yürüdülür.
Azərbaycan Prezidenti
ölkənin daxili enerji tələbatının təmin
edilməsinə xüsusi əhəmiyyət verir. “Azərbaycanın
çox güclü energetika potensialı olacaqdır. Azərbaycan
öz enerji təhlükəsizliyini tam şəkildə təmin
edəcəkdir” - deyən ölkə başçısı
bəyanatlarını bu məqsədə xidmət edən
müəssisələrin açılışı ilə
sübuta yetirir.
Prezident İlham Əliyevin bu sahədə ən böyük uğurlarından biri müasir tipli modul elektrik stansiyalarının tikilib istifadəyə verilməsidir. Ölkənin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı tam təmin edir. Müasir “Şimal” elektrik stansiyasının istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində 7 modul tipli elektrik stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymuşdur. Ümumilikdə son 5 ildə elektroenergetika sahəsində ümumi gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası tikilib istismara verilmiş, energetika sisteminin istismar gücü 24,3 faiz artırılmışdır. Yeni elektrikötürmə, kabel və hava xətləri çəkilmiş, elektrik şəbəkəsinin dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün zəruri işlər görülmüşdür. Artıq Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Dövlət başçısı İlham Əliyev ölkənin iri sənaye mərkəzi olan Sumqayıtda 525 meqavat gücündə elektrik stansiyasının açılışı mərasimində bildirmişdir ki, biz növbəti illərdə həm ənənəvi stansiyaların tikintisi, eyni zamanda, alternativ enerji mənbələrinin yaradılması işində çox ciddi çalışmalıyıq. Bu məqsədlə lazımi tədbirlər görülür. Dövlət Neft Fondunun hesabına və dövlət büdcəsi hesabına Azərbaycanda kütləvi şəkildə alternativ və bərpa olunan enerji mənbələri yaradılacaqdır...
Azərbaycan Prezidentinin tapşırığına əsasən respublikanın qaz almayan rayonlarının təchizatının bərpası istiqamətində də işlər davam etdirilir. Hazırda ölkənin qazlaşdırılması 85 faizə çatdırılmış, bütün rayon mərkəzlərinin qazla təchizatı təmin olunmuşdur.13 illik fasilədən sonra Naxçıvana təbii qazın verilməsi bərpa olunmuş, hələ keçmiş Sovet İttifaqı zamanında da mavi yanacaqla təmin edilməyən, ölkənin ən ucqar bölgələri sayılan Lerik və Yardımlı rayonlarının qazlaşdırılması başa çatdırılmış, həmin rayon mərkəzlərinə təbii qaz verilmişdir. Həyata keçirilən tədbirlər sayəsində qazla təmin olunan əhali abunəçilərinin sayı 1 milyon 143 mini keçmiş, rayonların sayı isə 54-ə çatdırılmışdır. Beləliklə də, əlavə olaraq 268 min 172 əhali abunəçisinin və 19 inzibati-ərazi bölgəsinin qazla təminatı bərpa edilmişdir.
Hazırda Azərbaycan özünü elektrik enerjisi, neft və qazla tam təmin edir. İqtisadiyyatın məhz bu real sektoru vasitəsilə ölkə təkcə öz regionuna deyil, həm də daha uzaq qonşularına, məsələn, Avropa İttifaqı ölkələrinə sabitləşdirici təsir göstərir...
Neft sənayesinin, ümumiyyətlə, energetika sahəsinin uğurla inkişaf etdirilməsi ölkəmizin qarşısında duran problemləri həll etməyə, iqtisadi və sosial layihələri həyata keçirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə geniş imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, indi qarşıda duran ən mühüm vəzifə neft gəlirlərinin səmərəli istifadəsini təmin etməklə qeyri-neft sektorunun inkişafını sürətləndirmək və sosial problemləri həll etməkdir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir. Artıq “Şahdəniz” yatağından qazın hasilatına başlanılmışdır və hazırda yataqdan gün ərzində 23 milyon kubmetr qaz, 6 min ton kondensat hasil olunur. Ölkəmiz hər il Rusiyadan alınan 5 milyard kubmetrə qədər idxal qazından azad olmuş, əhalinin və iqtisadiyyatın bütün sahələrinin ehtiyacını tam ödəməklə bərabər xeyli qaz ixrac potensialı yaratmışdır. Belə ki, 2012-ci ilədək “Şahdəniz” yatağından ildə təxminən 9 milyard kubmetr qaz və gündə 40 min barrel kondensat çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması da məhz bu yatağın işə salınması nəticəsində mümkün olmuşdur. “Şahdəniz” yatağından hasil olunan təbii qaz hesabına Azərbaycan nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Gürcüstan, Türkiyə, Rusiya, İran və Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır. Son beş ildə neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3 dəfədən çox artmışdır.
Azərbaycanın inkişafını onun büdcəsindən də aydın görmək olar. Ölkə Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət büdcəsi investisiya yönümlü büdcəyə, inkişaf və quruculuq büdcəsinə çevrilmişdir. Büdcənin gəlir və xərclərinin səmərəli və şəffaf şəkildə icrasında əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Son beş ildə dövlət büdcəsi on dəfədən çox artmışdır. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci illərdə 15-20 faiz artdığı halda, respublikamızda bu rəqəm 8 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon, 2005-ci ildə 2 milyard 100 milyon, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə dövlət büdcəsinin 10 milyard manatı ötməsinin özü də yüksək göstəricidir.
2010-cu ilin dövlət büdcəsi isə Azərbaycanın keyfiyyətcə yeni mərhələdə davamlı inkişafı üçün yaxşı imkanlar açır. Büdcə layihəsi hazırlanarkən dövlətin inkişafı üçün elmi əsaslar üzərində müəyyən edilmiş strateji xəttə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiya yönümlülüyünün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının gücləndirilməsinə, ölkənin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz (3 milyard 878 milyon manat) olmaqla cari illə müqayisədə 1,8 faiz çoxdur.
Dövlət başçısının qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirildikcə və iri infrastruktur layihələri reallaşdıqca ölkəmizin iqtisadi qüdrəti artır, beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir. Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş sosial yönümlü tədbirlətin səmərəli şəkildə həyata keçirilməsi ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin tam təmin olunmasına şərait yaradır. Yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları uğurla icra edilir. Xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların problemlərinin həllini nəzərdə tutan bu mühüm əhəmiyyətli Dövlət Proqramının kompleks meyarlar əsasında icrası ölkənin daha da çiçəklənməsinə əlverişli şərait yaradır.
Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Respublikanın sosial-iqtisadi həyatında regionların rolu yüksəldikcə, bütövlükdə sahibkarlığın, sərmayə mühitinin yaxşılaşması üçün yeni imkanlar açılır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sahibkarlığa dövlət tərəfindən maliyyə dəstəyinin gücləndirilməsinə xüsusi diqqətin yetirilməsi, ölkənin sahibkarlıq subyektlərinə ayrılan vəsaitin həcminin artırılması da təqdir olunur.
Xatırlatmaq yerinə düşər ki, birinci regional inkişaf proqramının icrası dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6,991 sahibkarlıq subyektinə ümumilikdə 323,4 milyon manat kredit verilmişdir.
Azərbaycan iqtisadiyyatının digər xarakterik xüsusiyyətlərindən biri də investisiya fəallığının yüksək olması ilə bağlıdır. Ümumilikdə son 10 ildə Azərbaycan iqtisadiyyatına 33 milyard dollardan çox investisiya cəlb edilmişdir. Ölkənin maliyyə imkanlarının genişlənməsi nəticəsində daxili sərmayələr xarici investisiyalara nisbətən təxminən 9 dəfə yüksək sürətlə artmışdır. Bu gün investisiyaların ümumi həcmində daxili sərmayələrin xüsusi çəkisi 34,3 faizə çatmışdır. Bu, yerli investorların potensialının güclənməsinin, sərmayə qoymaq imkanlarının genişlənməsinin əyani göstəricisidir.
Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi məqsədilə sahibkarlıq, o cümlədən kənd təsərrüfatı üçün büdcədən ayrılan güzəştli kreditlər ilbəil artmaqdadır. Azərbaycanda sahibkarlığın inkişafı işsizliyin aradan qaldırılması sahəsində görülən işlərə güclü təkan vermişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 17 yanvar.- S. 1.