Hər anı göz önündə ötən illərin...

 

XX əsrin ikinci yarısı və ondan sonrakı dövrdə respublikamız bütün sahələrdə olduğu kimi, nəşriyyat-poliqrafiya sahəsində də böyük inkişaf yolu keçmişdir. Ötən əsrin 70-ci illərinin ortalarında bir çox mətnlər hələ əllə yığılırdı. “Yeni Bakı” mətbəəsində yığım prosesinin sürətləndirilməsi məqsədilə mətnlərin perfolentaya keçirilərək linotip maşınında sətirtökmə tətbiq olunduqda bu, böyük tərəqqi hesab olunurdu. Bir qədər sonra fotonabor prosesi tətbiq olundu. O illərdən təqribən 35 il keçməsinə baxmayaraq, artıq bir vaxtlar yeni texnika hesab etdiyimiz linotip, monotip, fotonabor və digər maşın texnologiya və proseslər poliqrafiyada tarixə çevrilib.

 

Bütün bu inkişafın texniki tərəqqinin kəşfi və istehsalata tətbiq etməklə istifadəsi, sözsüz ki, cəmiyyəti irəli aparan ayrı-ayrı şəxslərin zəhməti ilə bağlı olmuşdur.

Xüsusilə ötən əsrin 60-cı illərinin sonlarında ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi, nəşriyyat və poliqrafiya sahəsində çalışan kadrlar üçün də geniş yaradıcılıq və inkişaf yolları açılmış, onlar daha əzmlə çalışmağa başlamışlar.

Bu dövrdə və ümumiyyətlə nəşriyyat və poliqrafiyamızın inkişafında indi haqq dünyada olan İsrafil Nəzərovun, Rəşid Mahmudovun, Əjdər Xanbabayevin, Nazim Əhmədovun, Rasim Quliyevin, Yura Talıbovun, Əkbər Vəliyevin və hazırda fəaliyyət göstərən Hacı Quliyev və Şəddat Cəfərovun xidmətləri danılmazdır.

Ömrünün 50 ilindən artıq bir dövrünü Azərbaycan poliqrafiyasının inkişafına həsr etmiş, bu sahədə respublikamızda ilk və yeganə alim olan Şəddat Cəfərovun artıq 70 yaşı tamam olur.

Cəmiyyətin inkişafında qəzet və kitab nəşri və bilavasitə poliqrafiya mühüm rol oynamışdır. Elmi-texniki tərəqqinin bugünkü səviyyəyə gəlməsini kitabsız təsəvvür etmək mümkün deyil. Kitabı da hasilə gətirənlər məhz poliqrafçılardır.

Şəddat müəllimlə ilk qiyabi tanışlığım çox hörmət və məhəbbət bəslədiyim, rəhmətlik anası Nəsibə xanım vasitəsiylə olmuşdu.

Nəsibə ana məni övladları ilə tanış edəndə demişdi ki, bir oğlum da var, mətbəədə işləyir — Şahi, səni onunla tanış edərəm. Savadlı oğlandır, sənə kömək edər, instituta da girərsən...

Bu, mənim Şəddat müəllim haqda ilk təəssüratlarım, ilk tanışlığım idi.

Həyat məni poliqrafiyaya gətirdi. Universitetin mətbəəsində işləyir, jurnalistika fakültəsində qiyabi oxuyurdum. Şəddat haqqında anasından və digərlərindən eşitsəm də, yanına getməmişdim.

Şəddat müəllim bu ərəfədə namizədlik dissertasiyası müdafiə edərək respublikada ilk poliqrafçı alim olmuşdu. Mən isə Sumqayıtda diktor-müxbir işləyirdim. Yaşayış yerim Bakıda idi. Yol əl vermirdi, özümə iş axtarırdım. “Yeni Bakı” mətbəəsi bir neçə il əvvəl istifadəyə verilsə də burada işlər yaxşı getmirdi. SSRİ-də ən geridə qalan mətbəə sayılırdı.

26 Bakı komissarı adına mətbəədə baş mühəndis işləyən Şəddat Cəfərovu bu geridə qalmış müəssisəni qaldırmaq üçün ora direktor təyin etmişdilər.

Eşitmişdim ki, bu müəssisəyə yeni təyin olunmuş direktor həm də kadr axtarışındadır. Sumqayıtda yaxşı tanınan kimyaçı alim, dostum Natiq Əsədullayevlə vədələşib birgə Şəddat müəllimin yanına gəldik.

Bizi çox yaxşı qarşıladı. Diktor-müxbir işləməyimi eşidib bir qədər fikirləşib dedi: — Sənin üçün iş yeri var: biri texniki nəzarət şöbəsinin rəisi, ikincisi isə çap sexində usta. Hansını istəsən ora təyin edərik.

Özünüz bilən məsləhətdir, — desəm də əlbəttə, şöbə rəisi işləmək istəyirdim, maaşı çox idi. Ancaq nədənsə, məni çap sexinə çapçı usta təyin etdi. Hərbi biletimdə yazılan kimi, əsgəri xidmətdə də mətbəədə böyük çapçı və mətbəə rəisi olmuşdum. Təyinatıma görə, ürəyimdə razı qalmasam da, sonrakı illərdə onun qərarının düzgün olduğu qənaətinə gəldim. O, mənim poliqrafiyanın sirlərinə daha yaxşı bələd olduğuma yol açmışdı. Bir müddət sonra məni yığma sexinə rəis təyin etdi.

Yığma sexində ondan poliqrafiya texnologiyası və uçot-hesabatla bağlı çox şeylər öyrəndim. Bu illərdə rəhbərlik etdiyim sex və “Yeni kitab” mətbəəsi, hər ay planları artıqlaması ilə yerinə yetirirdi.

Mətbəəyə hər yerdən qonaqlar gəlirdi. Şəddat müəllimin düzgün məsləhətləri ilə sexdə işi elə təşkil etmişdik ki, aylıq planı heç vaxt 70 faizə çatdıra bilməyən sex hər ay 140-150 faiz plan verirdi.. İşçilər sonsuz enerji və məhəbbətlə çalışırdılar. Bunun nəticəsi olaraq mətbəənin kollektivi SSRİ Nazirlər Soveti, ÜHİMŞ və ULKGİ-nin Keçici Qırmızı Bayrağına layiq görüldü. Keçici Qırmızı Bayrağı təqdim etmək üçün SSRİ Dövlət Mətbuat Komitəsinin sədri Boris Stukalin, Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin və digər qurumların məsul işçiləri mətbəəyə gəlmişdilər.

Kollektivin planları hər ay ödəməsi, şöhrəti, direktorun respublikada yeganə poliqrafçı alim olması respublika hökuməti və keçmiş SSRİ Mətbuat Komitəsi rəhbərlərinin mətbəəmizə gəlməsi, keçici qırmızı bayraqların təqdim olunması işçiləri daha da ruhlandırırdı.

Mətbəəmizdə gündə 18-20 min yumşaq, 12-14 min qalın cilddə – ümumilikdə 32 mindən çox kitab istehsal olunaraq satışa göndərilirdi. Dərsliklərin böyük hissəsi burada çap olunurdu.

Bunu gözü götürməyənlər də vardı. İşinin ən uğurlu vaxtlarında Şəddat müəllim sevimli peşəsindən uzaqlaşmalı oldu. Rayon partiya komitəsinin birinci katibinin “məsləhət”ilə bir müddət başqa sahədə fəaliyyət göstərdikdən sonra o vaxtkı “Kommunist” nəşriyyatının direktoru, nəsillikcə poliqrafçı olan, gözəl insan Nazim Əhmədov Şəddat müəllimə “Kommunist” nəşriyyatında direktor müavini vəzifəsində işləməyi təklif etdi. Şəddat müəllimin buraya gəlməsi ilə “Kommunist” nəşriyyatının inkişafı daha da sürətləndi.

Onun təşəbbüsü və rəhbərliyi ilə bağçılıq təsərrüfatında istifadəsiz qalmış böyük bir ərazi nəşriyyat üçün icarəyə götürülərək burada ilboyu tərəvəz və qərənfil yetişdirilməyə başlandı. Mətbəədə işləyənlər öz təsərrüfatlarında yetişdirilən tərəvəzi və gülü çox ucuz qiymətə iş yerlərində alırdılar. Nəşriyyatın yeməkxanasında ilboyu tərəvəz olmaqla yanaşı, yeməklər də keyfiyyətli və ucuz idi. Mənzil tikintisi sürətləndirildi, evsizlərə mənzil verildi. Camaatın güzəranı xeyli yaxşılaşdı.

“İşıq” nəşriyyatında işləyirdim. Sifarişlərimizin müəyyən hissəsi “Kommunist” nəşriyyatında çap olunurdu. Respublikada çap etdirdiyimiz rəngli albomları əsasən orada yerləşdirirdik. Heç vaxt yadımdan çıxmaz o vaxt üçün “şedevr” hesab edilən və “Kommunist” nəşriyyatının ən yaxşı və ilin ən keyfiyyətli nəşri sayılan “Azərbaycan təbiəti” kitabının çapını ora sifariş vermişdik, indiki naşirlərə qəribə görünsə də, kitabın siqnal nüsxəsi gecə saat 3-də hazırlandı. Rəhmətlik Nazim müəllim gecə yarısı kitabı MK-ya apardı. Ulu öndər Heydər Əliyev kitabın nəşrindən razı qalmışdı.

Şəddat müəllim direktor müavini olmaqla, bütün kitabların nəşrinə, nəfis şəkildə çap olunmasına, texnoloji proseslərin yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət edirdi.

“Kommunist” nəşriyyatında işləyərkən bimetal çap lövhələrini istifadə etdikdən sonra kiloqramı 20 qəpiyə olmaq şərti ilə konteynerlərə doldurub nəşriyyatın hesabına min kilometrlərlə uzaqda yerləşən Bratsk şəhərinə yola salırdılar. Şəddat müəllim poliqrafçı-iqtisadçı alim kimi bunun izafi xərc olduğunu nəzərə alaraq, bu metalın elə nəşriyyatda təkrar istifadəsi üçün sex açılmasına nail oldu və bu, nəşriyyata xeyli gəlir gətirməklə yanaşı, 100-ə yaxın adam üçün də iş yeri açıldı.

Rəhmətlik Nazim Əhmədov bimetal lövhələrin istehsalatda başqa cür tətbiqini mənə həvalə etdi və çox keçmədi ki, şilda istehsalına başladıq. Fəhlələr 600-700 manat maaş alırdılar. O vaxta qədər respublika zavodlarının şildaya olan tələbatını ödəmək üçün milyonlarla manat vəsait sərf edilir, xarici ölkələrdən gətirilirdi.

Bir qədər sonra N. Əhmədovu vəzifədən götürdülər. Yeni təyin olunan rəhbərlik şilda istehsal sahəsini sinkoqrafiyadan ayırdı. Bir qədər sonra şilda istehsalı işi dayandırıldı. Nazim Əhmədov işdən çıxarılmazdan əvvəl gözü götürməyənlərin təhriki ilə bir təkraristehsal sahəsi bağlanmışdı. Şilda istehsalı da dayandırıldıqdan sonra burada çalışanlar işsiz qalmaqla on tonlarla qiymətli bimetal lövhələr təkrarən 20 qəpikdən Bratska göndərilməyə başlandı. Halbuki, fəhlələrə verilən yüksək əmək haqqı və digər xərclər çıxılmaqla təkraristehsal və respublika sənayesi üçün lazımlı şilda istehsalına görə hər kiloqramdan 4 manat təmiz gəlir əldə edilir və xeyli vəsait respublikada qalırdı.

Bir qədər sonra Şəddat müəllim ulu öndər Heydər Əliyevin məsləhəti və Sov. İKP MK-nın sərəncamı ilə “Ulyanovskaya pravda” nəşriyyatına direktor vəzifəsinə təyin olundu. Burada işlədiyi dövrdə ona göstərilən etimadı doğruldaraq böyük hörmət qazandı, vilayət PK-nin üzvü, rayon sovetinin deputatı seçildi, institutda mühazirələr oxudu, kollegiya üzvü təyin olundu. Burada da yardımçı sahə yaratdı, fəhlələrin güzəranını yaxşılaşdırdı. Ulyanovskda yaşayan azərbaycanlıları bir yerə toplaya bildi. Nəşriyyatı onların görüş yerinə çevirdi. O dövrdə respublikamızdan kim onun yanına gedirdisə, oradan yaxşı soraqla, xoş xatirə ilə qayıdırdı.

1990-cı ildə sovet qoşunları Bakını qanına qəltan edib, xeyli ziyalını həbs edərək, bir hissəsini Ulyanovsk həbsxanasına göndərmişdilər. Şəddat müəllim orada onlara xüsusi qayğı göstərmiş, azad olunmaları, ərzaqla təminatı və respublikaya göndərilməsi işini təşkil etmişdi.

Şəddat müəllim harada işləyib, harada olubsa xalqına, millətinə başucalığı gətirib. 1980-ci ildə olmuş bir hadisəni yada salmaq istərdim.

SSRİ xalq rəssamı, Dövlət mükafatları laureatı İbrahim Zeynalovun kitabı Moskvada çap olunmalı idi. Sifarişi XTNS-nin mətbəəsində yerləşdirmişdim. Birinci dəfə idi ki, bu mətbəəyə gedirdim. Katibə direktor Boris Qorbatkinə Azərbaycandan qonaq gəldiyini telefonla xəbər verdikdə, gözləmədiyim halda direktor qapını açaraq məni qarşıladı, qucaqlayıb qoluma girərək içəri apardı. Çox təəccüb etdim. Yuxarı başda yer verdi və mənimlə üzbəüz oturdu. Hal-əhval tutdu, harada yerləşdiyimi, çətinliklərimlə maraqlandı. Sonra isə Şəddat Cəfərovu tanıyıb-tanımadığımı soruşdu. “Müəllimim və dostumdur” — dedim. Kişi bir də ayağa durub əlimi sıxdı” və “əgər Şəddatla dostsansa, deməli yaxşı adamsan” — dedi.

Onun mənimlə belə xoş rəftarı “Dostunu mənə göstər, sənin kim olduğunu deyim” — atalar sözünü yadıma saldı. Şəddat müəllim namizədlik dissertasiyasının müdafiəsi ərəfəsində avtoreferatını bu mətbəədə çap etdiribmiş. Şəddatı ruhlandırmaq üçün qardaşları Moskvaya gedir. Böyük qardaşı rəhmətlik Xudadat müəllim Şəddatın XTNS-nin mətbəəsində olacağını ehtimal edib oraya gəlir. Direktorun katibəsi onun Boris Qriqoryeviçin yanında olduğunu deyəndə, qapını döyüb icazə istəyir. Direktorun əlavə qonaqları da var imiş. Şəddat böyük qardaşı ilə hörmətlə görüşüb yerini ona verib özü ayaq üstə durur, direktor Şəddata nə qədər “əyləş” desə də, oturmur və deyir ki, böyük qardaşımın hüzurunda ayaq üstə durmalıyam.

O vaxt Şəddatın vəzifəsi qardaşlarınınkından yüksək olur. Direktor hesab edir ki, vəzifəcə hamıdan böyük və alim əvvəl oturmalıdır. Şəddat xalqımızda olan adət-ənənələri direktora danışanda o, heyrətlənir və həmişəlik Azərbaycan xalqına məhəbbəti artır. Boris Qriqoryeviç bütün bunları danışdıqca mənə məhəbbətlə baxırdı. Qürur hissi duyur və sevinirdim ki, dostum və müəllimim xalqımızın adətlərinə, böyük qardaşına başqa xalqın nümayəndəsinin yanında göstərdiyi hörmətə görə burdakıların gözündə ucalmaqla xalqını da ucaltmışdır.

Yeri gəlmişkən, onu da deyim ki, Şəddat Cəfərovun Moskvada həmişə xüsusi hörməti olub. Vaxtilə “Soyuzpoliqrafprom” deyilən bir qurum vardı. Bütün SSRİ poliqrafiyasını materiallarla təmin edirdi. Onun rəisi Semyon Mixayloviç Qalkin Şəddat müəllimlə bir yerdə namizədlik dissertasiyası müdafiə etmişdi və Şəddatın nə dərəcədə savadlı bir alim və poliqrafçı olduğunu yaxşı bilirdi. Bunu mənə özü deyib.

Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq Şəddat müəllim həmişə xalqını, Vətənini, onun müstəqilliyini düşünüb və bu yolda bütün bilik və bacarığını əsirgəməyib. “Azərbaycan” nəşriyyatında direktor işlədiyi dövrdə “Xalq ordusu” qəzetinin nəşriyyatın qazancı hesabına pulsuz çapını təşkil etmişdi. Belə bir kollektiv qərar qəbul edilmişdi. “Torpaqlarımız azad edilənə qədər bu qəzet pulsuz çap olunmalı, digər hərbi nəşrlərə də yardım göstərilməlidir”. Lakin o, “Azərbaycan” nəşriyyatından getdikdən sonra “Xalq ordusu” sonra isə “Azərbaycan ordusu” qəzetinin nəşri pul olmadığına görə 6 ay dayandı, hətta kağız verildikdən sonra belə, çap pulu ödənməmiş qəzet işıq üzü görmədi.

O, mənim xahişimlə “Hərbi bilik” jurnalının da nəşrinə böyük yardımçı olub, dəfələrlə kağızını verməklə güzəştli qiymətlərlə çap etdirmişdi.

Şəddat Cəfərov həmişə ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olmuşdur. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri işləyərkən o, “Naxçıvan döyüşür və yaşayır” kitabını qısa bir müddətdə nəfis şəkildə çap etdirərək Naxçıvana göndərilməsini təşkil etmişdi.

Respublikanın üç böyük mətbəəsində və “Azərbaycan” nəşriyyatının cild sexində kitabların preslənməsi əməliyyatının avtomatlaşdırılması və axın xəttinin qurulub işə salınması, bilavasitə Şəddat Cəfərovun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. Bu sətirlərin müəllifi də haqqında danışılan işlərin görülməsinin iştirakçısı olmuşdur. “Azərbaycan” nəşriyyatının qəzet korpusunun, yaşayış binalarının və bir sıra obyektlərin tikilib istifadəyə verilməsində onun xidmətləri danılmazdır. Gördüyü işlərin hamısını sadalamaq fikrində deyiləm. O, hazırda Respublika Veteranlar Şurası rəyasət heyətinin üzvü, “Vətən” nəşriyyatının direktorudur.

Şəddat müəllim çətin, lakin şərəfli bir ömür yolu keçmişdir. Onun uşaqlıq illəri İkinci Dünya müharibəsi illərinə düşüb, aclıq dövrü olub. 6-7 yaşından çörək qazanmağa başlayıb.

Məktəbdə həmişə əla qiymətlərlə oxuyub. 14 yaşından işləməyə başlayıb. Ən ağır və zərərli sex sayılan sinkoqrafiyada çalışıb. Bu sexə rəhbərlik etmiş adam kimi deyə bilərəm ki, Azərbaycanda və SSRİ məkanında heç bir sinkoqraf şagirdi iki ilə rəngli klişe hazırlayaraq VI dərəcə almayıb. 20 il işləyənlər IV-V dərəcəli sinkoqraf olmuşlar. Buna xüsusi istedad və sənətə məhəbbət tələb olunurdu.

Şəddat müəllim gözəl ailə başçısı, uşaqlarının cəmiyyətimizin ən layiqli üzvləri olması üçün əlindən gələni etmişdir. Hamısı ali təhsilli gözəl mütəxəssisdir.

Bütün dostların və işlədiyi kollektiv üzvlərinin xeyir-şərində iştirak etməklə onlara ehtiram və məhəbbət göstərir. Mən onu belə tanıyıram. O, bu gün də sıramızdadır, gənclik enerjisi ilə çalışır və heç vaxt yoruldum demir.

Bu gün 70 yaşı tamam olan müəllimim, həmkarım və böyük dostum Şəddat müəllimə Allahdan ona ayırdığı ömür payının qalan hissəsini, sevdiyi insanlar, övladları, doğmaları və dostları ilə birlikdə sağlamlıq və firavanlıq şəraitində başa vurmasını diləyirəm.

 

 

Hacı Mehman FƏRZULLAYEV,

naşir-publisist

 

Xalq qəzeti.- 2010.- 16 yanvar.- S. 7.