20 Yanvar faciəsinə aparan hadisələrin
XRONOLOGİYASI
1987
18 oktyabr İrəvan şəhərinin
ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə
təşkil edilmiş mitinq zamanı Dağlıq Qarabağ
Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi
haqqında çağırışlar edilmiş və imza
toplanmışdır.
19 oktyabr Heydər Əliyev
1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə
keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun
üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin
1-ci müavini vəzifəsindən
uzaqlaşdırılmışdır.
18 noyabr Sov.İKP MK-nın
baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə
verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin
iqtisadi cəhətdən daha sərfəli olmasını və
bu məsələ üzərində xüsusi komissiyanın
işlədiyini bəyan etmişdi.
1 dekabr Dağlıq
Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin
Azərbaycanın tərkibindən çıxarılıb
Ermənistanın tərkibinə verilməsi haqqında
hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim
etmişlər.
1988
8 yanvar Dağlıq Qarabağın
erməni icmasının nümayəndələri muxtar vilayətin
Azərbaycanın tərkibindən çıxarılıb
Ermənistanın tərkibinə verilməsi haqqında
hazırlanmış daha bir müraciəti və
toplanmış imzaları SSRİ Ali Soveti sədrinin
müavini P.Demiçevə təqdim etmişlər.
25 yanvar Ermənilərin azərbaycanlı
yaşayış məntəqələrinə
basqınları nəticəsində Ermənistan SSR-in Qafan və
Meğri rayonlarından ilk yüzlərlə azərbaycanlı
qaçqınlar Azərbaycana gəlmişdir.
8 fevral Xankəndində
DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə
verilməsi tələbi ilə yeni imza toplanması
kampaniyasına başlanmışdır.
12 fevral DQMV-də gizli fəaliyyət
göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının
təşkilatçılığı ilə DQMV-nin Ermənistana
birləşdirilməsi tələbi ilə Xankəndidə
ilk mitinq keçirilmişdir.
18 fevral Kremldəki erməni
lobbisinin ən fəal təmsilçisi Georgi Şahnazarov Sov.
İKP MK-nın baş katibi M.Qorbaçovun köməkçisi
təyin edilmişdir.
Azərbaycan KP MK-nın
ikinci katibi V.Konovalov DQMV Partiya Komitəsinin büro
iclasında iştirak etmiş və mitinqlərin “Krunk” un rəhbərləri
tərəfindən təşkil edildiyini bildirmiş,
onların həbs edilməsi məsələsini
qaldırmışdır.
Zor tətbiqi nəticəsində
Ermənistanı tərk etmiş azərbaycanlı
qaçqınların sayı 4 min nəfərə
çatmışdır.
19 fevral DQMV Partiya Komitəsinin
geniş büro iclasında mitinqlərin keçirilməsinə
səbəb kimi Azərbaycan tərəfindən yaradılan
sosial-iqtisadi problemlər göstərilmişdir. Büronun qərarını
Moskvaya göndərmək və oradan nümayəndə heyəti
çağırmaq qərara alınmışdır.
İrəvanda anti-türk
çağırışları səsləndirilən mitinq
keçirilmişdir. “Ermənistanı türklərdən təmizləməli!”,
“Ermənistanda ancaq ermənilər yaşamalıdır!” millətçi
şüarlar irəli sürülmüşdür.
20 fevral Xankəndində
Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar
sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan
SSR-in tərkibindən çıxarılıb Ermənistan
SSR-in tərkibinə daxil edilməsi haqqında qəbul
edilmiş qərara anlaşıqlı yanaşılması
üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin
Rəyasət Heyətlərinə müraciət edilmiş,
bu məsələnin müsbət həlli üçün
SSRİ Ali Soveti qarşısında vəsatət
qaldırılmışdır.
21 fevral Sov.İKP MK-nın
Siyasi Bürosu Dağlıq Qarabağda vəziyyətlə
bağlı məsələ müzakirə etmiş, Azərbaycan
və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinə
vəziyyəti normallaşdırmaq
tapşırılmışdır.
Ermənilər İrəvanda
qalmış son məscidi də dağıtmışlar.
22-23 fevral “DQMV Azərbaycanın
ayrılmaz tərkib hissəsidir” şüarları ilə
Bakıda və Sumqayıtda ilk mitinqlər
keçirilmişdir.
22 fevral Sov.İKP MK katibi
G.Razumovski Xankəndidə vilayət partiya fəallarının
yığıncağında mövcud milli-ərazi
quruluşunu dəyişdirmək məqsədini güdən
tələblərin millətlərarası münasibətlərə
ziyan vurduğunu, əgər ciddi tədbirlər görülməsə
ağır nəticələrə gətirib
çıxaracağını demişdir.
23 fevral Dağlıq
Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu Boris
Gevotkovu Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən
azad etmiş, həmin vəzifəyə qatı millətçi
Henrix Poğosyan seçilmişdir.
24 fevral Bakıda və
İrəvanda keçirilən respublika partiya fəallarının
yığıncaqlarında Dağlıq Qarabağ məsələsi
müzakirə edilmişdir.
Ermənilər Əsgəran
rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci
qətlə yetirdikdən sonra Ağdam rayonunu sakinləri ilə
Əsgəran sakinləri arasında Xankəndi-Ağdam yolunda
qarşıdurma olmuş, 19 nəfər
yaralanmışdır.
İrəvanda fəaliyyət
göstərən və DQMV-də erməni separatizminin
qızışdırılmasında təhrikçi rol
oynayan “Qarabağ” komitəsinin rəhbərləri Silva
Kaputikyan və Zori Balayan Moskvada Sov.İKP MK Siyasi Bürosunun
üzvü, Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevlə
üç saata yaxın danışıq aparmışlar.
23 fevral Etnik təmizləmə
siyasəti həyata keçirmək məqsədilə ermənilər
Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə
kütləvi basqınlar təşkil etmişlər.
25 fevral Kremldəki erməni
lobbisinin başçısı, baş katibin köməkçisi
Karen Şahnazarovun və Sov.İKP MK-nın katibi Aleksandr
Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş
katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul
etmişdir. Saatyarım müddətdə onlar M.Qorbaçova
saxta xəritələr və tarixi arayışlar təqdim
etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində
qalmasının mümkünsüzlüyünə
inandırmağa çalışmışlar.
Sov.İKP MK-nın katibi
V.Dolgixin Ermənistan televiziyası ilə
çıxış edərək Dağlıq Qarabağ məsələsinə
Kremldə kompleks şəklində baxılacağı barədə
söylədikləri erməni separatçılarını
daha da ruhlandırmışdır.
26 fevral Sov.İKP MK-nın
baş katibi M.S.Qorbaçov Azərbaycan və Ermənistan
xalqlarına və zəhmətkeşlərinə televiziya ilə
müraciət etmişdir.
Sov. İKP MK-nın beynəlxalq
əlaqələr şöbəsi müdirinin birinci
müavini Karen Brutens Bakıda olarkən İttifaq
respublikaları arasında sərhədlərin dəyişdirilməsinin
yolverilməzliyindən danışmışdır.
27 fevral Sov. İKP MK-nın
beynəlxalq əlaqələr şöbəsi müdirinin
birinci müavini Karen Brutens Xankəndinə gələrək
erməni separatçılarının rəhbərləri ilə
tam məxfi görüş keçirərək onları təlimatlandırmışdır.
Xankəndində
bütün müəssisələr işini
dayandırmışdır. “Bizə nə su, nə
çörək, ancaq anamız Ermənistan lazımdır!”,
“Azərbaycanla - heç vaxt!” şüarları altında
şəhərdə mitinq keçirilmişdir.
28 fevral Dağlıq
Qarabağda və Ermənistanda azərbaycanlılara
qarşı edilən zorakılıqlara etiraz əlaməti
olaraq keçirilən mitinqdən sonra erməni ekstremistlərinin
bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi
iğtişaşlar törədilmişdir. 26 erməni, 6 azərbaycanlı
qətlə yetirilmişdir. İstintaqla müəyyən
edilmişdir ki, iğtişaşların təşkilatçılarından
biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur.
İstintaq müəyyən etmişdir ki,
iğtişaşlar zamanı E.Qriqoryan daha çox qəddarlıq
edərək 5 ermənini qətlə yetirmişdir.
1 mart Sumqayıtda baş verən
iğtişaşlardan sonra şəhəri tərk edən
ermənilərin bir qismi Xankəndinə gəlmişlər.
2 mart Azərbaycanlı
qaçqınlarının yeni dalğası
başlanmışdır. Ermənistanın kəndlərindən
qovulmuş bir çox ailələr Azərbaycanın Zəngilan
və ona qonşu rayonlarına gəlmişlər.
2 mart Xankəndində
Sumqayıtda öldürülən ermənilərə əvvəlcədən
hazırlanmış abidə qoyulmuşdur.
6 mart Dağlıq Qarabağ
Muxtar Vilayət Partiya Komitəsinin geniş büro
iclasında DQMV-nin adının dəyişdirilərək
Dağlıq Qarabağ Erməni Muxtar Vilayəti adlandırmaq
qərara alınmış və onun təsdiqi
üçün Sov.İKP MK-ya müraciət edilmişdi.
9 mart Sov.İKP MK-da
keçirilən müşavirədə hər iki
respublikanın partiya rəhbərlərinin məlumatları
dinlənilmişdir.
10 mart Ermənistanın Zəngibasar
(Masis) rayonunun Mehmandar kəndinə ermənilər basqın
etmiş, 5 nəfəri qətlə yetirmişlər.
17 mart Azərbaycan KP
Dağlıq Qarabağ Vilayət Komitəsinin plenumu DQMV-nin
Ermənistana birləşdirilməsi haqqında məsələ
müzakirə etmişdir.
22 mart Martın 21-də
“Pravda” qəzetində dərc olunmuş “Emosiya və zəka
(Gmoüii i razum)” məqaləsindən narazı qalan ermənilər
Xankəndində tətillərə başlamışlar.
23 mart SSRİ Ali Soveti Rəyasət
Heyətinin iclasında Dağlıq Qarabağda, Azərbaycan
SSR-də və Ermənistan SSR-də vəziyyətlə
bağlı məsələ müzakirə edilmişdir. Qəbul
edilmiş qətnamədə qeyd edilirdi ki, milli-ərazi
quruluşunun hakimiyyət orqanlarına təzyiq vasitəsilə
dəyişdirilməsinə cəhdlərin edilməsi
yolverilməzdir.
24 mart Sov.İKP.MK və
SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan
SSR-in DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək
tədbirləri haqqında” birgə qərar qəbul
etmişdir.
Xalqlar arasında nifaq salmaq
işində təqsirləndirilən separatçı “Krunk”
təşkilatının fəaliyyəti Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin qərarı ilə qadağan
edilmişdir. Həmin gün Xankəndi şəhər
İcraiyyə Komitəsi “Krunk” təşkilatını rəsmi
olaraq Dağlıq Qarabağı Ermənistana birləşdirici
komitə kimi tanımışdır.
8 aprel Ermənilərin Zəngibasar
(Masis) rayonunun Sarvanlar kəndinə basqını nəticəsində
üç nəfər kənd sakini ağır bədən
xəsarəti almışdır.
24 aprel Xankəndi şəhər
İcraiyyə Komitəsinin qərarı ilə ilk dəfə
olaraq uydurma “erməni soyqırımı”nı anma mərasimi
keçirilmişdir.
Mayın 1-ci
ongünlüyü Ermənistandan yenə min nəfər azərbaycanlı
qaçqın gəlmişdir.
3 may Erməni
separatçıları DQMV-nin Tuğ kəndində Ermənistan
SSR-in bayrağını qaldıraraq iğtişaşlar
törətmişlər.
11 may Ermənilər Vedi
(Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş,
iki nəfər qətlə yetirilmiş, onlarla nəfər
yaralanmış, evlər yandırılmışdır. Əhali
Sovet-Türkiyə sərhədinə çəkilərək
çadırlarda yaşamaq məcburiyyətində
qalmışdır.
Ermənilərin İrəvandakı
M.F.Axundov adına orta məktəbə və C.Cabbarlı
adına İrəvan Azərbaycan Dövlət Dram Teatrına
basqınlarından sonra həmin müəssisələr
öz fəaliyyətlərini dayandırmışlar.
DQMV Vilayət Prokurorluğuna
azərbaycanlı müavinin təyin edilməsinə etiraz
olaraq Xankəndində mitinq keçirilmişdir.
13 may Ermənilər Xankəndində
azərbaycanlıların yaşadıqları məhəllələrə
hücum etmişlər. 6 nəfər yaralanmışdır.
16 may Xankəndindəki
Pedaqoji İnstitutun azərbaycanlı tələbələrini
erməni tələbə və müəllimlər instituta
buraxmamışlar. Bu hadisə iyunun 6-da da təkrarlanmışdır.
18 may Bakıdakı
“Azadlıq” meydanında (keçmiş V.İ.Lenin adına
meydan) azərbaycanlıların Ermənistandan qovulmasına
etiraz əlaməti olaraq mitinq keçirilmişdir.
21 may Ermənipərəst
mövqe nümayiş etdirən Kremlin tövsiyəsi ilə Əbdürrəhman
Vəzirov Azərbaycan KP MK-nın birinci katibi
seçilmişdir.
Sov.İKP MK-nın katibi
Y.Liqaçov DQMV-nin Ermənistana birləşdirilməsinin
yolverilməz olduğunu bildirmişdir.
DQMV Xalq Deputatları Sovetinin
sessiyasında SSRİ Ali Sovetinə Ermənistan SSR Ali Sovetinin
qərarını müdafiə etmək və DQMV-nin müvəqqəti
olaraq Azərbaycanın tərkibindən çıxarmaq
haqqında müraciət qəbul olunmuşdur.
22 may Sov.İKP MK-nın
katibi Y.K.Liqaçevin Bakıda olarkən guya DQMV məsələsinin
həlli olunduğu və bir daha müzakirə
olunmayacağı barədə fikir söyləməsinə
etiraz olaraq Xankəndində üçüncü tətil
dalğası başlanmışdır.
İyunun 1-ci
ongünlüyü Azərbaycanı bir daha qaçqın
dalğası bürümüşdür. Bir neçə
gün ərzində Ermənistandan 2 min nəfər gəlmişdir.
DQMV-də azərbaycanlılar iş yerlərinə
buraxılmamışlar. Onlardan vilayəti tərk etmək tələb
olunmuşdur.
11 iyun Bakının “Vorovski”
adlanan qəsəbəsində Krasnodardan gəlmiş erməni
terrorçusu Aleksandr Aqabekyan milis serjantı Fazil
İsmayılovu odlu silahla qətlə yetirmişdir.
14 iyun Azərbaycan Dövlət
Statistika Komitəsinin məlumatına görə, respublikaya
daha 4 min qaçqın gəlmişdir.
15 iyun Ermənistan SSR Ali
Soveti DQMV Xalq Deputatları Sovetinin DQMV-nin Azərbaycan SSR-nin tərkibindən
çıxıb Ermənistan SSR-in tərkibinə qəbul
edilməsi xahişi ilə bağlı müraciətinə
müsbət cavab vermək haqqında qərar qəbul
etmişdir.
17 iyun Azərbaycan SSR Ali
Soveti Ermənistan SSR Ali Sovetinin 15 iyun tarixli qərarının
qəbuledilməzliyi haqqında qərar qəbul etmişdir.
19-20 iyun Ermənilər Zəngibasar
(Masis) rayonunun Zəhmət, Zəngilər, Dəmirçi,
Dostluq, Nizami, Sarvanlar kəndlərinə hücumlar etmiş, əhali
Sovet-Türkiyə sərhədinə sığınmağa
məcbur olmuşdur.
İyunun
üçüncü ongünlüyü Ermənistandakı
mürəkkəb vəziyyət yeni qaçqın
axınına səbəb olmuşdur. Onlar çadır şəhərciklərində
yerləşdirilirlər.
4 iyul DQMV İcraiyyə Komitəsi
Ermənistandan gələn azərbaycanlı
qaçqınların Şuşada və onun ətraf kəndlərində
yerləşdirilmələrini qadağan edən qərar qəbul
etmişdir.
9 iyul Azərbaycan KP
MK-nın birinci katibi Ə.Vəzirovun
tapşırığı ilə Şuşada və DQMV-nin
digər məntəqələrində məskunlaşmış
azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən
çıxarılaraq digər rayonlara göndərilmişlər.
12 iyul DQMV Xalq Deputatları
Sovetinin sessiyası muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən
çıxması haqqında qərar qəbul etmişdir.
13 iyul Azərbaycan SSR Ali
Sovetinin Rəyasət Heyəti DQMV Xalq Deputatları Soveti
sessiyasının 12 iyul 1988-ci il tarixli qərarını
qeyri-qanuni hesab etmişdir.
18 iyul SSRİ Ali Sovetinin Rəyasət
Heyəti geniş iclasında “Ermənistan SSR və Azərbaycan
SSR Ali Sovetlərinin Dağlıq Qarabağ barəsində qərarları
haqqında” məsələni müzakirə etmiş,
mövcud sərhədlərin və milli-ərazi
bölgüsünün dəyişdirilməsini qeyri-mümkün
hesab etmişdir.
(ardı növbəti
sayımızda)
Nazim MUSTAFA,
AMEA Tarix İnstitutunun elmi işçisi
Xalq qəzeti.- 2010.- 16 yanvar.- S. 5.