Həmkarımızın xatirəsinə
Azərbaycan ictimaiyyətinə, çoxsaylı
jurnalistlər ordusuna ağır itki üz vermişdir. Tanınmış
ictimai xadim, milli mətbuatımızın təşkilatçılarından
və cəfakeşlərindən biri, görkəmli
ziyalı, xeyirxah insan Cahangir Həsənəli oğlu Əliyev
ömrünün 79-cu ilində dünyasını dəyişmişdir.
Cahangir Əliyev 1931-ci
il mayın 5-də Qərbi Azərbaycanın Ağbaba
mahalında – Amasiya rayonunun Düzkənd kəndində anadan
olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra
əmək fəaliyyətinə Düzkənd məktəbində
müəllim kimi başlamışdır. İctimai işlərdə
fəal iştirakı diqqətdən yayınmamış,
1952-54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra
isə birinci katibi işləmişdir. 1956-1962-ci illərdə
Amasiya rayonunda çıxan “Kolxozçu tribunası” qəzetinin
redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon
partiya komitəsinin büro üzvü seçilmişdir. 1962-64-cü
illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali
siyasi təhsil aldıqdan sonra rayonlararası “Şirak” qəzetinin
redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat
– təşviqat şöbəsinin müdiri vəzifəsində
işləmişdir.
1965-ci ildə Amasiya
Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin
olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən
sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat
şöbəsinə məsul işə irəli çəkmişlər.
1974-cü ilin dekabrında Cahangir Əliyev Amasiya Rayon Partiya
Komitəsinin birinci katibi seçilmişdir. Səkkiz ilə
yaxın həmin vəzifədə
çalışdığı dövrdə o, əhalisinin
85 faizdən çoxunu azərbaycanlıların təşkil
etdiyi bu ucqar dağlıq rayonda iqtisadiyyatın
inkişafı, mədəni-quruculuq işlərinin genişlənməsi,
yeni-yeni təhsil ocaqlarının tikilməsi, əhaliyə səhiyyə
xidmətinin yaxşılaşdırılması istiqamətində
çox böyük işlər görmüşdür. C.Əliyevin
təşəbbüskarlığı, təşkilatçılıq
qabiliyyəti, idarəetmə bacarığı əhali və
respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
O, IX-X çağırış (1975-1985-ci illər) respublika
Ali Sovetinə deputat seçilmiş, Ermənistan Ali Soveti Rəyasət
Heyəti sədrinin müavini (1982-85-ci illər), respublika KP
MK üzvü olmuşdur.
1981-ci ildə C.Əliyev Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin baş redaktoru təyin edilmişdir. Ermənistanda Azərbaycan dilində respublika səviyyəsində nəşr olunan bu yeganə qəzet Cahangir müəllimin redaktorluğu dövründə daha məzmunlu və oxunaqlı olmuş, həm peşəkarlıq, həm də milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirməsi ilə oxucu auditoriyasını genişləndirmişdir. Tale elə gətirmişdir ki, Cahangir müəllimin ömrünün son 25 ili doğma Azərbaycanla, xalqımızın tarixinin çox məsuliyyətli, sevincli – kədərli günləri ilə bağlı olmuşdur. 1985-ci ildən Bakıya köçən C.Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında, mətbuat bölməsində işləmiş, 1991-ci ildən isə “Xalq qəzeti”ndə çalışmışdır.
Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra qəzetin yeni cəmiyyətdə də öz yüksək mövqeyini qoruyub saxlamasında Cahangir müəllim öz biliyini və zəngin təcrübəsini əsirgəməmişdir. Bu müddətdə o, Azərbaycan jurnalistikasının sayılıb-seçilən ağsaqqallarından biri kimi, yeni nəsil jurnalistlərin yetişdirilməsi işinə də öz töhfəsini vermişdir. Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Cahangir müəllim erməni fitnəkarlığının ifşa edilməsində, onların xalqımıza qarşı zaman-zaman törətdikləri soyqrımı və faciələrin açılıb geniş ictimaiyyətə çatdırılmasında fəallıq göstərmişdir. Bütün bunlar Cahangir Əliyevə cəmiyyətdə böyük nüfuz, dərin ehtiram qazandırmışdır. Cahangir Əliyev çoxillik səmərəli xidmətlərinə görə bir sıra orden və medallara layiq görülmüşdür.
Gözəl insan, böyük vətəndaş, tanınmış ictimai-siyasi xadim Cahangir Həsənəli oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
“Xalq qəzeti”nin kollektivi
Xalq qəzeti.- 2010.- 16 yanvar.- S. 6.