Yetişməkdə olan nəsil 20 Yanvar haqqında həqiqətləri bilməlidir

 

“20 Yanvar hadisələri və onunla bağlı proseslərə, azadlıq yolunun şəhidlərinə, fəal mübarizlərinə münasibət elə bir milli sınaq meyarıdır ki, onu xalqımız əbədi yaşatmağa borcludur. 20 il bundan əvvəl o müdhiş gecədə Azərbaycan xalqı imperiyanın amansız ordusu ilə üz-üzə gəldi, öz mübarizliyini, azadlıq duyğularını bir daha təsdiq etdi. Bizim nəsil o günlərin dəhşətli hadisələrinin şahididir. Azərbaycan xalqı necə də bütövləşmişdi, uzun illər əsarətində olduğu imperiyaya meydan oxuyurdu. Bəli, bizə insanlıqdan, humanizmdən, beynəlmiləlçilikdən dərs deyənlər, dəstə-dəstə üstümüzə gəlmişdi. O günlər xalqımızın sınaq anları idi və bu sınaqdan böyük qəhrəmanlıqla çıxdı.

 

O vaxt ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, imperiya cəlladlarını, M.Qorbaçovun əməllərini ifşa etdi. Öz xalqı ilə həmrəy olduğunu bildirdi. Ulu öndərin həmin bəyanatı Azərbaycan xalqına güc verdi, onu azadlıq uğrunda mübarizəyə səfərbər etdi”. Bu sözləri Bakıdakı 1 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Elida Rzayeva söhbətimiz zamanı bildirdi. O, sözlərinə davam edərək dedi ki, biz o gecə şəhidlər verdik, qəhrəman oğul və qızlarımızı itirdik. Xalqımız bu faciənin ağrılarına dözdü. Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, “ən ağır sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”. Bu gün bu qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanı Azərbaycan xalqının əsl ziyarətgahına çevrilmişdir.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, nisgilləri, yaraları ilə deyil, həm də ibrət dərsləri ilə unudulmazdır. Və bu gün yetişməkdə olan nəslin bu hadisələrin mahiyyəti, azadlıq mübarizəsi tariximizin bu şanlı səhifələri ilə daha yaxından tanış olmalarında təhsil müəssisələri əhəmiyyətli rol oynayır.

Bakıdakı 1 nömrəli məktəbdə 20 Yanvar hadisələrinin ildönümünün keçirilməsi ənənə şəklini almışdır. Hər il 20 Yanvar ərəfəsində məktəbdə bu faciənin ildönümünə həsr olunmuş xüsusi fotostend hazırlanır. Şagirdlər həmin gün ərəfəsində Şəhidlər Xiyabanına gəlir, Azərbaycanın azadlıq mücahidlərinin xatirəsini yad edir, onların məzarları üzərinə tər güllər düzürlər. Sonra isə məktəbdə hazırlanmış tədbirə qoşulurlar.

Məktəbin direktoru Elida Rzayeva deyir ki, bizim tədbirlər əsasən Təhsil Nazirliyinin ümumi tədbirlər planının tərkib hissəsidir. Nazirimiz Misir Mərdanov hər il 20 Yanvar faciəsinin ildönümünün yüksək səviyyədə qeyd olunması ilə bağlı əmr imzalayır. Bu il isə artıq 20-ci ildir ki, biz 20 Yanvar hadisələrini məktəblərimizdə xüsusi tədbirlərimizlə xatırlayırıq. Gənc nəslə bu böyük faciənin tarixi əhəmiyyəti ilə bağlı ətraflı məlumat veririk. Azərbaycan artıq müstəqil dövlətdir və bu azadlığın qazanılması 20 Yanvar faciəsindən keçmişdir. Məktəbimizdə keçirilən tədbirdə şagirdlərimizə bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixindəki yeri, onun müstəqilliyimizin qazanılmasındakı rolu barədə ətraflı söhbət açır, onlar şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər deyir, kiçik tamaşalar nümayiş etdirirlər.

Elida xanım bildirdi ki, belə tədbirlər uşaqların dünyagörüşünə güclü təsir göstərir, onların tariximizin şanlı səhifələri ilə bağlı təəssüratlarını genişləndirir.

Bu gün dərsliklərimizdə də 20 Yanvar hadisələri ilə bağlı materiallar var. Uşaqlarımız bu tarixi faciə haqqında öyrənməyə xüsusi həvəs göstərir, onlara əlavə ədəbiyyat siyahıları verilir. Kitabxanalarımızda da 20 Yanvarla bağlı xüsusi guşə yaradırıq ki, şagirdlərimiz bu ədəbiyyatlarla tanış ola bilsinlər.

Elida xanım onu da əlavə etdi ki, tarix bu qəhrəmanları heç vaxt unutmayacaq, bizim də çalışdığımız odur ki yeniyetmələr, gənclər bu cür qəhrəmanlıq ruhunda tərbiyə olunsunlar.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 7.