20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda geniş qeyd olunur

 

20 Yanvar faciəsindən iyirmi il ötür. Xalqımızın qan yaddaşına əbədi yazılmış bu tarixin ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Səbail rayonunun idarə, təşkilat və müəssisələrində də geniş qeyd olunur.

 

Rayon icra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, bu günlərdə Azərbaycan Dövlət Pedaqoji və İqtisad universitetlərində 20 Yanvara həsr olunmuş xatirə mərasimləri, “Qərb” Universitetində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir. Faciənin ildönümü ərəfəsində İstiqlal Muzeyində 20 Yanvar faciəsi ilə bağlı fotosərgi təşkil olunmuşdur. Rayonun orta məktəblərində Qanlı Yanvar mövzusunda foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilir. Hər bir məktəbdə anım mərasimləri keçirilmiş, şagird və tələbələrin “Şəhidlər Xiyabanı”na ziyarəti təşkil olunmuşdur. Yanvar ayının 18-19-da orta məktəblərdə birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.

Şəhidlərimizin uyuduğu lŞəhidlər Xiyabanı”nın Səbail rayonu ərazisində yerləşməsi ilə əlaqədar rayonun təsərrüfat xidmətləri bu günlərdə xüsusi iş rejimində çalışırlar. Xiyaban və onun ətrafında abadlıq, xüsusi tərtibat işləri aparılır. Yanvar aynıın 20-də rayonun təsərrüfat xidmətlərinin işçiləri səliqə- sahman yaradılması üçün bütün gün ərzində “Fəxri Xiyaban”da olacaqlar.

Həmin gün ictimai asayişin və “Şəhidlər Xiyabanı”na ziyarətə gələnlərin təhlükəsizliyinin təmin olunması və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının “Şəhidlər Xiyabanı”nda yerləşən binası ildönümü ərəfəsində rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunmuşdur. Qərargahın açılış mərasimində rayon rəhbərliyinin, ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu və Mərkəzinin, Ağsaqqallar və Veteran Təşkilatları Şurasının nümayənləri torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara xüsusi diqqət göstərmişdir. Onun himayəsi ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri hər cür qayğı ilə əhatə olunmuşlar. Prezident İlham Əliyev də ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə böyük diqqət yetirir, onlara verilən təqaüd və müavinətləri artırır. Natiq bu qayğının gələcəkdə də davam olunacağını qeyd etmişdir.

Rayon icra hakimiyyətinin başçısı görüş zamanı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmışdır. Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları paylanmışdır.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 6.