Tariximizin faciə və qəhrəmanlıq
səhifəsi
Prezident Kitabxanası
20 Yanvarla bağlı
hazırladığı yeni
elektron nəşri təqdim etdi
1990-cı il yanvarın 20-də keçmiş SSRİ
Silahlı Qüvvələri və Daxili
Qoşunlarının hissələri tərəfindən
Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilmiş
qanlı qırğınlardan 20 il keçir. Azərbaycan
xalqı artıq 20 ildir ki, bu faciənin ildönümlərini
ürək ağırısı ilə qeyd edir,
Bakının Dağüstü parkındakı Şəhidlər
Xiyabanını ziyarət edir, Azərbaycanın
azadlığı, müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canından keçmiş yüzlərlə Vətən
övladının xatirəsini ehtiramla yad edir.
Ölkədə 20
Yanvar faciəsinin təbliği və dünya ictimaiyyətinə
əyani faktlarla olduğu kimi çatdırılması
istiqamətində də ardıcıl işlər
görülür. Bu baxımdan dünən Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsinin
Prezident Kitabxanasında keçirilən yeni elektron nəşrin
təqdimatı da diqqətəlayiq addımlardan biridir.
Artıq hazırlanaraq istifadəçilərin ixtiyarına
verilən elektron nəşr barədə ətraflı məlumat
verən Prezident Kitabxanasının rəhbəri Mayıl Əhmədov
bildirdi ki, Azərbaycan, rus və ingilis dillərində tərtib
olunmuş yeni nəşrdə 20 Yanvar faciəsinin baş vermə
səbəbləri, miqyası, ibrət dərsləri
haqqında ötən illər ərzində
aparılmış tədqiqatlar, yazılmış məqalə
və kitablar, ölkənin ali qanunverici orqanı tərəfindən
qəbul edilmiş qərarlar özünün geniş əksini
tapıb, sistemləşdirilmiş bir məlumat bazası
yaradılıb.
“Tədqiqatlar göstərir
ki, 20 il əvvəl Azərbaycana qarşı
aparılmış təcavüzün əsas məqsədi
ölkəmizdə geniş vüsət almış milli
azadlıq hərəkatını boğmaq, yenidən müstəqilliyə
qovuşmaq amalı ilə ayağa qalxmış xalqın iradəsini
qırmaq, onun milli mənlik hissini alçaltmaq,
başlıcası isə Dağlıq Qarabağ Muxtar Vilayətinin
Azərbaycandan qoparılıb Ermənistana verilməsinə
etiraz edən xalqı cəzalandırmaq olmuşdur.
Keçmiş SSRİ Silahlı Qüvvələrinin
Bakıya və respublikanın digər rayonlarına yeridilməsi
nəticəsində haqq- ədalətin müdafiəsi
üçün küçələrə
çıxmış silahsız, günahsız insanların
qəddarcasına qətlə yetirilməsi tarixdə totalitar
kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü
və bəşəri cinayət kimi qiymətləndirilmişdir”
– deyə Mayıl Əhmədov qeyd etdi.
Onun sözlərinə
görə, aparılmış son dəqiqləşdirmələr
nəticəsində müəyyən edilmişdir ki, 20 Yanvar
faciəsində 147 nəfər Azərbaycan vətəndaşı
şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər
qanunusuz olaraq həbsə alınmışdır.
“Xalqımıza qarşı həyata keçirilmiş bu
cinayəti ilk dəfə ümummilli liderimiz Heydər Əliyev
1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək
keçirdiyi mətbuat konfransında pisləmiş, əliyalın
xalqın kütləvi şəkildə qətlə yetirilməsini
hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi qiymətləndirmişdir.
20 Yanvar hadisələrinə dövlət səviyyəsində
siyasi-hüquqi qiymət verilməsi məsələsi də
ümummilli liderimizin sayəsində öz həllini
tapmışdır. 1994-cü ilin fevralında Milli Məclisin
xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin
xalqımıza qarşı hərbi təcavüz və cinayət
kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət
dərəcəsinin müəyyənləşdirilməsi də
məhz onun təşəbbüsü ilə baş
vermişdir. Eyni zamanda, 20 Yanvar hadisələri həm
ümumxalq faciəsi, həm də milli azadlıq hərəkatının
zirvəsi kimi xarakterizə edilmişdir”.
M.Əhmədov qeyd etdi
ki, Prezident Kitabxanasının əməkdaşları tərəfindən
hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990”
adlı elektron nəşr beş fəsildən ibarətdir.
”Azərbaycana qarşı cinayət” adlanan birinci fəsildə
qan yaddaşımız olan 20 Yanvar faciəsi haqqında
dolğun məlumat verilir. 20 Yanvar faciəsinə elmi-analitik
yanaşma ilk dəfə akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara
qarşı soyqırım gerçəklikləri” (Bakı,
2000) əsərində öz əksini tapmışdır. Həmin
əsərdə qanlı faciə bir neçə - dini, milli,
Qafqaz amilləri və geosiyasi aspektdən, Dağlıq
Qarabağ problemi kontekstində araşdırılmış,
qanlı yanvarın ibrət dərsləri təhlil
edilmişdir.
Məruzəçinin
sözlərinə görə, birinci fəslin sonrakı
bölmələrindən birində 20 Yanvara aparan hadisələrin
qısa xronologiyası öz əksini tapmşdır. Fəslin
sonuncu bölməsində isə 20 Yanvar şəhidlərinin
tam siyahısı verilmişdir.
Elektron nəşrin “Rəsmi
sənədlər” adlanan ikinci fəslinin birinci bölməsində
istər sovet hakimiyyəti illərində, istərsə də
müstəqillik dövründə Azərbaycan parlamentində
20 Yanvar hadisələri ilə əlaqədar qəbul
edilmiş qərarların tam mətnləri
toplanmışdır. İkinci bölmədə Azərbaycan
Prezidentinin 20 Yanvarla bağlı indiyədək
imzaladığı fərman və sərəncamlar öz əksini
tapmışdır. Sonuncu bölmədə isə dövlət
başçısının faciə ilə bağlı
görüşləri, çıxışları,
müsahibələri və bəyanatları
toplanmışdır.
Nəşrdəki
üçüncü fəsil “Müraciətlər, bəyanatlar,
tədbirlər” adlanır. Fəslin birinci bölməsində
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi
ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyətinin
19 yanvar 1990-cı il tarixli fərmanının, Bakı şəhər
komendantının əmrlərinin mətnləri öz əksini
tapmışdır. ”Müraciətlər, bəyanatlar və
digər materiallar” adlı bölmədə 1990-cı il
yanvarın 20-dən başlayaraq Azərbaycan SSR Ali Sovetinin bəyanatları,
ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin,
ayrı-ayrı kollektivlərin, hüquq-müdafiə təşkilatlarının
müraciətləri verilmişdir. “Stenoqramlardan
çıxarışlar” bölməsində Azərbaycan KP
MK plenumlarında və Ali Sovetin sessiyalarında 20 Yanvarla
bağlı aparılmış müzakirələrin
protokollarından çıxarışlar təqdim edilir.
”Anma tədbirləri” adlı bölmədə isə xarici
ölkələrdə 20 Yanvar şəhidərini anma tədbirləri,
müxtəlif aksiyalar haqqında məlumatlar xronoloji
ardıcıllıqla toplanmışdır.
“Elektron resurslar” fəslində
faciə ilə əlaqədar xarici və yerli mətbuatda dərc
edilmiş yazılar, analitik materiallar, kitabların elektron
versiyaları və mövzuya dair biblioqrafiya əks olunur.
M.Əhmədov onu da
bildirdi ki, Bakıda qanlı qırğınların baş
verdiyi günlərdə bir çox videogörüntülər
və fotoşəkillər çəkilmişdir. Bu gün həmin
kadrlar sovet rejiminin qanlı əməllərini sübut etmək
üçün canlı faktlardır. Elektron nəşrin
“Fotoarxiv” fəslində tanınmış fotoqraf Mirnaib Həsənoğlunun
Bakıda hökm sürən fövqəladə vəziyyət
rejimində çəkdiyi şəkillər yerləşdirilmişdir.
Bu şəkillərin bəziləri ilk dəfədir ki,
ictimaiyyətə təqdim olunur. M.Əhmədov xahiş etdi
ki, kimdəsə o dövrdə çəkilmiş şəkillər
varsa, kitabxanaya təqdim etsin və həmin şəkillər
mütləq bu resursa daxil ediləcək. Çünki
elektron nəşr mütəmadi olaraq yenilənir, 20 Yanvarla
bağlı hər gün baş verən yeniliklər həmin
dəqiqə nəşrə daxil edilir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 5.