Balakən: 20 Yanvar şəhidlərinin xatirəsi
yad edilir
20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizin
hər yerində olduğu kimi, ucqar Balakəndə də
silsilə tədbirlərlə yad olunur. Balakən Rayon
İcra Hakimiyyətinin tədbirlər planına uyğun
olaraq, rayonun bütün idarə, müəssisə və təşkilatlarında
20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş tədbirlərin
keçirilməsinə hələ yanvarın 11-dən
başlanılmışdır. Şəhidlərimizin əziz
xatirəsinə həsr olunmuş silsilə tədbirlərə
fotostendlər, sərgilər, rəsm və inşa müsabiqələri,
“dəyirmi masa”lar, voleybol, güləş və şahmat
yarışları və s. daxildir.
15 yanvar 2010-cu ildə
şəhər 3 saylı orta məktəbində rayon üzrə
oğlanlar arasında voleybol yarışı
keçirilmiş, yanvarın 16-da isə güləş
üzrə xatirə turnirinə start verilmişdir.
Rayonun Nəsimi adına
şəhər orta məktəbində keçirilən
elmi-praktik konfrans da şəhidlərimizin əziz xatirəsinə
həsr olunmuşdu. Tədbir iştirakçıları təhsil
şöbəsi tərəfindən rayon məktəbliləri
arasında keçirilən rəsm müsabiqəsində yer
tutmuş və məktəbin foyesində nümayiş olunan
rəsm əsərləri ilə, fotostendlə, inşa
yazı nümunələri ilə tanış oldular. Daha
sonra konfrans işinə başladı. Rayonun idarə, müəssisə
və təşkilat rəhbərlərinin, təhsil
işçilərinin, Qarabağ əlillərinin, şəhid
ailələrinin və ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi tədbiri rayon icra hakimiyyəti
başçısının müavini Nəzakət Rüstəmova
açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
YAP rayon təşkilatının
sədri Akif Uluxanov “20 Yanvar–Xalqımızın qəhrəmanlıq
salnaməsi” mövzusunda məruzə ilə çıxış
etdi. Məruzə ətrafında çıxış edən
rayon statistika idarəsinin rəisi Məhəbbət Həsənov,
1 saylı peşə məktəbinin direktoru Rəhim
Tağıyev, “Balakən” qəzetinin redaktoru Mürsəl
Mikayılov, Nəsimi adına şəhər orta məktəbinin
tarix müəllimi Akif Məmmədli, Qabaqçöl qəsəbə
orta məktəbinin tarix müəllimi Həybullah Atayev,
Uşaq Texniki Yaradıcılıq Mərkəzinin direktoru
Xatın Qarayeva 20 Yanvar faciəsinin Azərbaycan tarixinin
şanlı səhifəsi olduğunu qeyd etmiş, həmin
günlərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gələrək bu
qanlı faciəyə öz etiraz səsini
ucaltdığını xüsusi vurğulamış, şəhidlərimizə
ulu Tanrıdan bir daha rəhmət diləmişlər.
Şəhidlərin
xatirəsinə həsr olunmuş tədbirlər davam edir. Yanvar
ayının 20-də isə ayon ictimaiyyətinin nümayəndələri
Şəhidlər xiyabanına gedərək şəhidlərin
xatirəsinə ucaldılmış tunc abidə önünə
çiçək qoyacaqlar.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 5.