Şəhidlərin xatirəsinə böyük ehtiram

 

Nəsimi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirildi. Əvvəlcə 20 Yanvar və A.Məhərrəmov küçələrinin kəsişməsində həmin hadisə zamanı canlarını Vətən uğrunda qurban vermiş soydaşlarımızın xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzüldü.

 

Sonra 20 Yanvar əlilləri və şəhid ailələrinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçiridi. Tədbiri açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dedi ki, xalqımıza qarşı törədilmiş amansız cinayətdən 20 il ötür. O vaxt Azərbaycana qarşı edilən bu qəddar qanlı aksiyanın məqsədi ölkəmizdə genişlənən milli-azadlıq hərəkatını boğmaq, əzəli torpağımız olan Qarabağı Azərbaycandan ayırıb Ermənistana verilməsinə etiraz edən xalqı qorxutmaq və cəzalandırmaq idi. Lakin düşmənlərimiz istəklərinə çata bilmədilər və xalqımız bütün çətiniklərə və məhrumiyyətlərə baxmayaraq, azadlığa qovuşmuş və öz müstəqil dövlətini qurmuşdur. Elə suveren və çiçəklənən Azərbaycanın mövcudluğu 20 Yanvar hadisələrində şəhid olmuş qardaş və bacılarımızın müqəddəs ruhları üçün ən böyük təsəllidir.

Natiq bildirdi ki, 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət ikinci dəfə hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində verilmşdir. Şəhidlərin xatirəsinin uca tutulması ilə bağlı işlər həmişə ümummilli liderimizin diqqət mərkəzində olmuş və o həmin hadisələrdə əlil olmuş insanlara və şəhid ailələrinə qayğısını əsirgəməmişdir. 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı, onların problemlərinin həlli dövlətimizin və möhtərəm Prezidentimiz İlham Əliyevin həmişə önəm verdiyi məsələlərdəndir.

Sonra Nəsib Məhəməliyev Nəsimi rayon 20 Yanvar Cəmiyyətinin sədri Tofiq Allahverdiyevə Nəsimi Rayon İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etdi.

Respublika 20 Yanvar Cəmiyyətinin sədr müavini Tahir Fətullayev çıxışında dövlətimizin 20 Yanvar əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan danışaraq bildirdi ki, bu istiqamətdə Nəsimi rayonunda böyük işlər görülür. O qeyd etdi ki, rayonda bu kateqoriyadan olan insanların bütün problemləri vaxtında həll olunur və həmin fəaliyyətinə görə respublika 20 Yanvar Cəmiyyəti Nəsimi rayonu rəhbərliyinə minnətdarlığını bildirir. T.Fətullayev bununla əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin cəmiyyətin fəxri fərmanı ilə təltif olunduğunu bildirdi. Fəxri fərman N.Məhəməliyevə təqdim olundu. Sonra millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Nəsimi rayon 20 Yanvar Cəmiyyətinin sədri Tofiq Allahverdiyev çıxış etdilər.

Şəhidlərin xatirəsinə ehsan süfrəsi açıldı. H.Sarabski adına Mədəniyyət evi üzvlərinin ifasında 20 Yanvar mövzusunda ədəbi-bədii kompozisiya göstərildi.

Sonda 20 Yanvar əlillərinə və şəhid ailələrinə maddi yardım verildi.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 5