Dövlət İdarəçilik
Akademiyasında keçirilən
tədbirdə 20 Yanvar
şəhidlərinin qəhrəmanlığı
yüksək dəyərləndirildi
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar
şəhidlərinin xatirəsinə həsr olunmuş
anım mərasimi keçirilmişdir.
Mərasimi
akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin
Qəndilov açmış və onun təklifi ilə şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir. Sonra o, 1990-cı ilin qanlı yanvar günlərini
xatırlamış, sovet imperiyasının törətdiyi bu
hərbi cinayət aksiyasını xalqımızın milli
azadlıq hərəkatını boğmağa, ərazi
bütövlüyümüzün qorunması naminə haqq səsimizi
susdurmağa çalışan siyasətin acı nəticəsi
olduğunu qeyd etmişdir. Rektor bu gün də qanlı hadisələrin
unudulmadığını, günahsız insanların əziz
xatirələrinin xalqımızın qəlbində hər
zaman yaşayacağını bildirmişdir. 1988- ci ildə
respublikamızda baş vermiş məlum hadisələrin
davamı olan və böyük fəlakətlə nəticələnən
bu faciənin tariximizə qanlı yanvar hadisələri ilə
daxil olunduğunu diqqətə çatdıran S.Qəndilov həmin
dövrdə Moskvada yaşayan xalqımızın
böyük oğlu, görkəmli siyasi xadim, ümummilli
lider Heydər Əliyevin böyük çətinliklər
hesabına öz haqq səsini ucaldaraq başımıza gətirilən
müsibətlərin dünya ictimaiyyətinə
çatdırılması üçün göstərdiyi səylərdən
danışmış, faciənin ertəsi günü Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək
keçirdiyi mətbuat konfransının böyük əhəmiyyətini
bir daha vurğulamışdır. Rektor Heydər Əliyevin
yenidən ölkə rəhbərliyinə
qayıdışından sonra bu istiqamətdə
gördüyü işlərdən, onun təşəbbüsü
ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət
verdiyindən danışmış, şəhidlərin xatirəsinin
əbədiləşdirilməsi, onların ailə üzvlərinə
kömək üçün ulu öndərin
imzaladığı sənədlərin bu insanların xatirəsinə
böyük ehtiram olduğunu bildirmişdir.
S.Qəndilov demişdir
ki, ulu öndərin siyasi kursunu böyük uğurla davam
etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
siyasi uzaqgörənliyi sayəsində hazırda müstəqil
ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri
cərgəsinə qoşulmaqdadır. Möhtərəm
Prezidentimiz Vətənimizin ərazi bütövlüyü
uğrunda canlarından keçənlərin əziz xatirəsinin
daim yad edilməsi, onların ailələrinin sosial rifah
halının yüksəldilməsi, mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində
mühüm əhəmiyyətli tədbirlərin həyata
keçirilməsinə göstəriş vermiş, çox
zəruri fərmanlar imzalamışdır. Şəhidlər
Xiyabanının yenidən abadlaşdırılması
üçün Prezidentimizin imzaladığı fərman Vətən
uğrunda, müstəqillik, azadlıq yolunda canlarını
qurban verənlərə göstərilən diqqət və
qayğının bariz nümunəsidir. Azərbaycana rəsmi
səfərə gələn dövlət nümayəndələrinin
Şəhidlər Xiyabanını ziyarət etmələri
şəhidlərimizə olan ehtiramın təcəssümüdür.
Onlar həmişə bütün soydaşlarımızın
qəlbində yaşayacaqlar.
Dövlət İdarəçilik
Akademiyası beynəlxalq münasibətlər və xarici
siyasət kafedrasının dosenti Elçin Əhmədov,
aspirantura və doktorantura şöbəsinin müdiri, dosent
Musa Quliyev 1988-1990-cı illərdə baş vermiş hadisələr
zəminində başa çatan bu faciə, onu təşkil
edənlər, törədənlər barəsində ətraflı
məlumat vermişlər. Qeyd olunmuşdur ki, SSRİ-nin o
vaxtkı rəhbəri Mixail Qorbaçovun göstərişi
ilə güc nazirləri Yazov, Bakatin və Kryçkovun rəhbərliyi
ilə Stavropol, Sevastopol və Krasnodar vilayətindəki hərbi
hissələrdə xidmət edən erməni əsgər və
zabitlərindən komplektləşdirilmiş qoşun birləşmələri
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Bakıda və Azərbaycanın digər rayonlarında dəhşətli
qırğın törətmiş, dinc əhalini vəhşicəsinə
qətlə yetirmişlər. Sovet ordusunun əsgər və
zabitləri faşistlərdən də betər qəddarlıq
nümayiş etdirərək əliyalın xalqa qanlı divan
tutmuş, bir gecənin içərisində küçə
və meydanları insan qanı ilə boyamışlar. Ancaq
imperiya bu qəddarlığı ilə də Azərbaycanın
haqq səsini boğa bilmədi və şəhidlərimizin
azadlıq, müstəqillik arzusu reallaşdı. Ulu öndər
Heydər Əliyevin zəngin idarəçilik qabiliyyəti,
siyasi uzaqgörənliyi sayəsində müstəqilliyimiz
daimi və əbədi oldu.
Sonra Azərbaycanın əməkdar
artisti Ağalar Bayramov və akademiyanın tələbələrinin
ifasında şəhidlərə həsr olunmuş şeirlər
səsləndirildi. Anım mərasiminə toplaşanlar 20
Yanvara həsr olunmuş kitab sərgisinə və faciənin
müxtəlif epizodlarını əks etdirən videolentə
baxdılar.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 5.