Nizami rayonunda 20 Yanvar şəhidlərini anma mərasimi

 

Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiyanın — 20 Yanvar qırğınının 20-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nizami rayonunda da geniş qeyd edilmişdir. Xalqımızın qəhrəmanlıq salnaməsinə qanla yazılmış 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rayonun bütün təhsil, səhiyyə, mədəniyyət ocaqlarında, idarə və müəssisələrində geniş tədbirlər həyata keçirilmiş, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunmuşdur. Məlumat üçün bildiririk ki, 1990-cı ilin qanlı yanvar hadisələri zamanı rayonun 8 sakini həlak olmuş, 20 nəfər isə güllə yarası alaraq fiziki sağlamlığını itirmişdir.

 

Dünən Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhidlərinin ruhlarına ehtiram əlaməti olaraq keçirilən mərasim yanvar qırğını qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev ehsan süfrəsi arxasında oturan şəhid ailələrinin üzvlərinə başsağlığı verərək bildirdi ki, XX əsrdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş zorakılığın, qəddarlığın ən dəhşətli səhnələrindən olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına əbədi yazılmışdır. Natiq keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi tarixi cinayətin dəhşətlərindən danışaraq qeyd etdi ki, bu qanlı aksiya soydaşlarımızın milli mübarizə əzmini qıra bilməmiş, əksinə xalqımızı Azərbaycanın azadlığı və müstəqilliyi naminə səfərbər etmişdir. İ.Mehdiyev yanvarın 19-dan 20-nə keçən gecə şahidi olduğu dəhşətli səhnələrdən söhbət açaraq dedi ki, imperiya cəlladlarının dinc əhaliyə ölümsaçan silahlardan açdıqları atəş xalqımızın azadlıq, müstəqillik arzusunu gözündə qoymaq məqsədi daşıyırdı. Bununla belə, xalqımızın imperiyaya nifrəti bir qədər də artdı, soydaşlarımız bir yumruq kimi birləşməyi bacardı. Təəssüf ki, Azərbaycanın o zamankı səbatsız, səriştəsiz rəhbərlərinin, imperiya nökərlərinin maymaqlığı ucbatından uzun müddət faciəyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız canından da artıq sevdiyi xalqının müsibətinə biganə qala bilməyən ümummilli lider Heydər Əliyev faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək bu qanlı aksiyaya qəti etirazını bildirmiş, imperiya rəhbərliyinin xalqımıza qarşı törətdiyi soyqırım aktını kəskin pisləyən bəyanatla çıxış etmişdir. Natiq onu da qeyd etdi ki, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər 1994-cü ilin fevral ayında 20 Yanvar faciəsinə həsr olunmuş geniş iclas keçirmiş, o qanlı hadisələrin əsl səbəbini araşdırmaq məqsədilə komissiya yaradılması barədə göstəriş vermişdir. Bu həm də 20 Yanvar hadisələrinə verilmiş ilk və düzgün siyasi-hüquqi qiymət idi.

İ.Mehdiyev ötən dövr ərzində 20 Yanvar qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə və o müdhiş şənbə gecəsində sağlamlıqlarını itirmiş soydaşlarımıza göstərilən dövlət qayğısından bəhs etdi. Bildirdi ki, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə və əlillərə göstərilən diqqət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir və həmin şəxslər dövlət qayğısı ilə getdikcə daha çox əhatə olunurlar.

Mərasimdə iştirak edən respublika “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, eləcə də şəhid ailələrinin üzvləri çıxış edərək qayğı və diqqətə görə dövlət başçısı İlham Əliyevə, eləcə də Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Nizami rayon uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinin üzvlərinin nümayiş etdirdikləri “20 Yanvar şəhidləri unudulmur” adlı ədəbi-bədii kompozisiya tədbirin təsir dairəsini xeyli artırdı, iştirakçıları sanki bir anlığa da olsa, o müdhiş faciənin baş verdiyi anlara qaytardı.

Mərasimdə yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açıldı, şəhidlərin ruhlarına dualar oxundu, günahsız qurbanlara Allahdan rəhmət diləndi.

Tədbir iştirakçıları rayon məktəblilərinin 20 Yanvar faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sonda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və əlillərə maddi yardım göstərildi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 19 yanvar.- S. 5.