Nurlu insan
1988-ci ilin xoş bir yaz səhəri idi. Kabinetdə
oturub qəzet üçün material hazırlayırdım.
Hökumət telefonu zəng çaldı. Vilayət partiya
komitəsinin birinci katibi nəzakətli mülayim səslə
salamlaşdıqdan sonra onun yanına gəlməyimi xahiş
etdi. Birinci katibin otağında dolu bədənli, dən
düşmüş saçları seyrələn orta
yaşlı bir kişi oturmuşdu. İlk baxışdan
adamı özünə çəkirdi, necə deyərlər,
üz-gözündən nur yağırdı.
— Tanış ol, Cahangir
müəllim Mərkəzi Komitənin mətbuat bölməsinin
əməkdaşıdır. Birinci dəfədir
Naxçıvana gəlib, beş gün qonağımız
olacaq.
Sonra üzünü
qonağa tutaraq:
— Bayaq haqqında
danışdığım müxbir budur. Muxtar Respublikanı
beş barmağı kimi tanıyır, əhali arasında da
böyük hörməti var. Məncə, bir-birinizi
yaxşı başa düşəcəksiniz.
Təqdimat mərasimi qurtaran
kimi katiblə xudahafisləşib kabinetdən
çıxdıq. Təzə istifadəyə verilmiş “Təbriz”
mehmanxanasında lüks nömrə alıb, səhər yeməyi
yedik.
— Uzaq yol gəlmisən, bəlkə,
bir az istirahət edəsən — deyə dilləndim.
— Ehtiyac yoxdur, axşam qatarda
yaxşı yatmışam, haqqında çox eşitdiyim qədim
Naxçıvanla tanışlığı səbirsizliklə
gözləyirəm.
Şəhərə
çıxdıq. Mehmanxananın qənşərində
ucaldılan Cəlil Məmmədquluzadənin monumental heykəli
Cahangir müəllimin çox xoşuna gəldi. Bir az
aşağı enib Əcəmi seyrangahına
çıxdıq. Möminəxatun məqbərəsinin əzəməti
qonağı valeh etmişdi. Qonşuluqda salınmış
yaşıllıqların, gül-çiçəyin
arasında iki dəfə Sosialist Əməyi Qəhrəmanı
Heydər Əliyevin şərəfinə ucaldılan büstə
heyranlıqla tamaşa edən Cahangir müəllim dedi:
— Halal olsun
naxçıvanlılara, bu dahi şəxsiyyətin adına
layiq iş görüblər.
Əcəmi
seyrangahındakı yaşıl teatrla üzbəüzdə,
kolxoz bazarının alt hissəsində yerləşən
“Qızlar bulağı”na da baxdıqdan sonra şəhərin
digər qədim tarixi abidələrinə baş çəkdik.
Mineral sular istehsalat birliyinin müəssisəsi,
şüşə qablar zavodu, alt trikotaj malları fabriki və
başqa sənaye obyektləri ilə ətraflı
tanış olduq. Naxçıvanın mətbuat elm, mədəniyyət,
incəsənət və təhsil sahələrində əldə
etdiyi nailiyyətlər həmkarımda xoş təəssürat
yaratmışdı.
Axşam yeməyindən
sonra Cahangir müəllimlə daha ətraflı tanış
oldum. Öyrəndim ki, ömrünün 55 ilini Qərbi Azərbaycanda,
Türkiyə sərhədində qürurla dayanan Ağbaba
mahalının Amasiya rayonunda keçirib.
İşgüzarlığı, fərasəti və yüksək
təşkilatçılıq bacarığı sayəsində
uzun illər rəhbər vəzifələrdə
çalışıb, ali qanunvericilik orqanına dəfələrlə
deputat seçilib. Ailəsinin, qohum-əqrəbasının,
el-obasının təəssübünü çəkən
kişi olub. Millətçilər Ermənistanda baş
qaldıranda Bakıya köçüb.
— Lənət şeytana, erməniləri
yoldan çıxartdı, bizi də eldən-obadan didərgin
saldı — deyə Cahangir müəllim məyus halda
sözünü yekunlaşdırdı.
Səhəri gün
eşitdiyimiz dəhşətli bir xəbərdən
sarsıldıq. Erməni cəlladlarının əlindən
canlarını götürüb qaçan bütöv bir ailə
— ata, ana, üç uşaq Şərur rayonunun Xanlıqlar kəndi
yaxınlığında maşınla qəzaya düşərək
həlak olmuşdur. Hadisə yerinə Muxtar Respublikanın rəhbərləri,
ətraf kəndlərin camaatı da gəlmişdi. Onlar nankor
qonşularımıza lənət
yağdıra-yağdıra mərhumları torpağa
tapşırdılar, el adəti üzrə mağar qurub yas
saxladılar. Gördükləri Cahangir müəllimi heyrətləndirmişdi.
O, bir tərəfdən həmyerlilərinin müsibətinə
acıyır, digər tərəfdən isə
naxçıvanlıların geniş qəlbliyinə, mərdliyinə,
qonaqpərvərliyinə heyran qalmışdı.
Yas yerindən Sədərək
qəsəbəsinin yaxınlığındakı Arazdəyənə
getdik. Sərhəd-keçid məntəqəsindən
aydın görünən Ağrı dağına həsrətlə
tamaşa etdi qonaq. Uşaqlığını
xatırladı, doğma dağın ətəklərində
keçirdiyi günləri yadına saldı. Kövrəldi,
bir gilə yaş gözlərindən süzülərək
sifətini islatdı.
Könlünü almaq, qəmli
fikirlərini dağıtmaq üçün onu Arpaçay dəryaçısına
apardım. Yol boyu uzanıb gedən çiçəkləmiş
Beş günün necə
tez gəlib keçdiyini hiss etmədik. Xudahafizləşəndə
yüz ilin dostları kimi ayrıldıq. Tale bizi yenidən
görüşdürdü. Cahangir Əliyev Mərkəzi
Komitə ləğv ediləndə qəzetimizə redaktor
müavini gəldi. Az vaxtda kollektivlə
qaynayıb-qarışdı. Zəngin həyat təcrübəsi
yeni məkanda da özünə layiq yer tutmaqda karına gəldi.
1993-cü ildə oğlu Xanların vaxtsız vəfatı
kişinin belini əydi, ürəyi sözünə
baxmadı, neçə dəfə infarkt keçirdi. Xəstəhal
olsa da işdən qalmadı.
Ötən ay evdə xəstə
yatırdım. Zəng çalmışdı. İlk
tanışlığımızdan sonra mənə
“dünyanın düz adamı” deyə müraciət edirdi.
Bu dəfə də zarafatından qalmadı.
— Ay dünyanın düz
adamı, darıxmışıq, nə vaxt işə
çıxacaqsan — deyə soruşdu.
Vəfatından üç
gün əvvəl işə gəlmişdi.
Görüşdük, ürəyinin zəifləməsindən
şikayətləndi. Adəti üzrə öyüd-nəsihət
verməyi də unutmadı. Dedi ki, bir-birinizdən muğayat
olun, heç kəsin qəlbinə dəyməyin.
Şərəfli, ibrətamiz
həyat yolu keçmişdi, Cahangir müəllim. Onda,
sözün əsl mənasında, ağsaqqal müdrikliyi
vardı. Böyüklə böyük, uşaqla uşaq
dilində danışmağı bacarırdı.
Dost itkisi ağır olur. Dəfn mərasimində söylənilən vida sözlərindən təskinlik tapırıq. Yerin behişt olsun. Amin!
Telman ƏLİYEV
Xalq qəzeti.- 2010.- 20 yanvar.- S. 7.