20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq
səhifəsidir
Milli azadlıq fədailərinin
poetik dünyası
Azərbaycanın indiyədək yaşanmış
tarixinə nəzər salanda ən qabarıq və aydın
görünən ülvi məqsədi milli müstəqilliyi,
vətən azadlığı və demokratik həyat uğrunda
mübarizəsi olub. Milli tarixin bu gedişatını təsəvvürümüzdə
dolğunlaşdırmaq üçün
apardığımız araşdırmalar içində
dünyəvi dəyərə malik hadisə, fakt 1918-ci il 28
Mayda Azərbaycan Demokratik Cümhuriyyətinin elan
olunmasıdır. 1918-1920-ci illərdə yaşanan günlərin
bədii əksini o dövrün ədəbiyyatında
bütün zənginliyi ilə görmək
mümkündür. Bağrımdan qopmayan 20 yaşlı bir
şəhid şairin – Ülvi Bünyadzadənin tale sirrinə
bələd olmaq üçün 1918-20-ci illərin ədəbi
gənclik səhifəsini vərəqlədim: 19 yaşlı
Cəfər Cabbarlı, 19 yaşlı
Ümmügülsüm, 19 yaşlı Əli Yusif (ADC-nin
Fransaya təhsil almaq üçün göndərdiyi 100 nəfərdən
biri), 26 yaşlı Əhməd Cavad imzalı şeirlər
ilə rastlaşdım. Həyatın bərkinə-boşuna
düşməyən, ancaq səmimi, dupduru duyğular
burulğanında qaynayan gənclik poeziyasının əsasən
qan yaddaşına, şeirimizin milli köklərinə
bağlılığını gördüm.
Ey türk, sən ey qəhrəman,
igid oğlu Turanın!
Şanlı, ulu
babanın öyüdünü unutma.
Sən də
yürü o yolu, ad çıxarsın əsgərin,
Ulular ardınca get, başqa bir yolu tutma!
Bu Ümmügülsümün
sətirləridir.
Bu ay, yıldız
boyaların qurultayı nə demək
Bizcə böylə söyləmək:
Bu göy boya moğaldan
qalmış bir türk nişanı,
Bir türk
oğlu olmalı.
Yaşıl boya
islamçılığın sarsılmayan inamı,
Ürəklərə
dolmalı.
Şu al boya
azadlığın, təcəddüdün ormanı,
Mədəniyyət
bulmalı.
Səkkiz uclu ulu
yıldız da səkkiz hərfli od yurdu.
Bu misralar isə
Cəfər Cabbarlının “Azərbaycan bayrağına”
şeirindəndir.
Qan
yaddaşı ilə köklənən gənclik poeziyası
mübarizə və döyüşkən duyğulu notlardan
ötüb yeni respublikanın tərənnümü hissinə
köklənmişdi. İlk əvvəl müharibə vəziyyətində
yaşayan Vətənimizi qorumağa, öz
oğullarını səfərbərliyə, xilas etməyə,
erməni daşnaklarının Bakıda, Şamaxıda,
Qubada, Göyçədə, Zəngəzurda, Dağlıq
Qarabağda... misli görünməmiş
qırğınların qarşısını almağa
çağırış sədalı şeirlər
eşidildi. Bu tərəfdən də ingilis
ordusunun Bakını dəstəkləyib əlinə
alması milləti sarsıtdı. Qarışıq
tarixi olayların nəticəsi olaraq Bakıda hərbi səfərbərlik
elan edildi.
Gənclik
ictimai-siyasi motivli şeirləri ilə Vətəni müdafiəyə
çağırırdı. Bu sətirlər igid
oğullar sayəsində qazanılmış milli
azadlığımızı, siyasi-mədəni təfəkkürümüzün
qələbəsini qorumağın səfərbərlik
poetikası idi. Onlar 1919-cu il 26 avqust
tarixdə parlament binasında rəsmən elan olunmuş
“Yaşıl qələm” dərnəyi ətrafında birləşərək
yenicə yaranmış milli dövlətin mənəvi
sütununa çevrildilər.
Ey buzlu şimaldan qopan
ruzigar,
Toxunma qəlbimə,
atəşi parlar.
Sakın, gəlmə, səni
nəfəsim boğar,
Dəf ol! Vətənimdə
görəməm səni!
Yenə
Ümmügülsümün sətirləridir.
ADC süquta
uğrasa da milli mübarizlərimiz ədəbi-bədii salnamələrdə,
tarix səhifələrində azadlıq aşiqləri kimi “əbədiləşdilər”.
Bu poeziya milli
özünüdərketmə şüurunun bir daha
formalaşma mərhələsində müasir
poeziyamızın nur mayasına çevrilərək:
Həyat üçün
doğulmuşuq,
Vətən
üçün ölməliyik!
— ideallı
misralarla yeni səhifə açdı: Ülvi Bünyadzadə
imzasıyla.
Cəfər Cabbarlı da,
Ümmügülsüm də, Əli Yusif də, Əhməd
Cavad da “Molla Nəsrəddin” məktəbinin havasını,
suyunu dadmışdılar, Sabir, Hadi şeirləri ilə
köklənmişdilər. Əsrin əvvəllərində
– 1906-cı ildə Məhəmməd Hadi “Amali tərəqqi”
adlı bir şeir yazmışdı:
Əsasi-fikrimiz təmini-istiqbali-millətdir,
Ürəkdə
bəslənən amalımız-iqbali-millətdir.
Yeganə
nöqteyi mətlub-istiqlali-millətdir.
Burada əsas
fikir, şair ürəyində bəslənən, qorlanan
yeganə mətləb, niyyət, amal millətinin xoş
iqballı və istiqlallı olmasıdır. Təbii ki,
bunun üçün də yurd, Vətən keşiyi vacibdir.
Vətən keşiyi, millət
azadlığı isə müstəqillik və demokratiya
uğrunda mübarizədən başlayır. Elə bu
eşqlə yazıb-yaradan Abbas Səhhətin 1914-cü ildə
qələmə gətirdiyi:
Könlümün sevgili məhbubi
mənim,
Vətənimdir, Vətənimdir,
Vətənim.
- duyğuları
romantik hiss, gerçək yaşantıdır. Belə şərəfli
bir tarix yaşamış şeirimizə xitabən Ülvi
yazmışdı:
Düz yolda
çarpışmaq igidlik deyil.
İgidlik
balaca cığır açmaqdadır.
O, Hadilərin, Səhhətlərin,
Cəfərlərin açdığı
cığırı milli mübarizə zamanının gənclik
yoluna məşəl sanırdı. 1988-ci ildə
Azərbaycan torpağının, xalqının başı
üstündə qara buludlar topalaşanda gənclik daha duyuq
göründü. Bu yandan da sovet hökumətindən
ümid kəsilməmişdi. Moskvaya
teleqramlar, məktublar göndərilirdi, kömək istəyirdik.
Ermənilərin, daşnakların xəyanətkarlığını
isbata çalışırdıq. Moskva
isə guya heç nə bilmirdi, görmürdü. Sanki həmin teleqramların cavabı olaraq Azərbaycana
rəhbər sifətilə bir təlxək göndərildi.
Onun təfəkkürü imperiya qanunları ilə
elə manqurtlaşmışdı ki, xalq üçün,
torpaq üçün nə isə ummaq gülünc idi.
Minlərlə Azərbaycan ailəsi evindən-eşiyindən
qovulmuşdu, var-dövləti tarmar olunmuşdu, yüzlərlə
insan şikəst edilmişdi (burnu, qulağı kəsilmiş,
gözləri ovulmuşdu, ana bətnindəki körpə
süngülənmişdi, Topxana meşəsi
doğranmışdı, şəhid məzarları
yaranmışdı) — erməninin törətdiyi bir belə
zülmün qabağında isə o, sevincək TV-yə
müsahibə verirdi ki, “xalqım, gözün aydın, ermənilər
Bakıya qayıdır”. Onun xalq, Vətən
qarşısında ən böyük xəyanəti isə
Bakıya atəş açılması üçün
Qorbaçova fürsət yaratması olmuşdu.
Son 70 ilin
siyasi-mənəvi terroru kimi aşkarladığımız
bir faktı da 1918-20-ci illərdə Azərbaycanın azadlığı
uğrunda olan minlərlə şəhidin qanının
ört-basdır edilməsi idi. Bəlkə də elə
o şəhid ruhların qiyamıyla bu mübarizələr
başlamışdı. İmperiya
ideologiyası ilə o şəhidlərin məzarları
üstündə diskoteka, gecə barları fəaliyyət
göstərirdi. 1918-ci ilin milli mücahidlərinin
təbirincə desək, “onlar — o böyük vüsudlar tam
vaxtında bir məleykeyi-nicat kimi yetişərək özləri
öldülər, fəqət bizi ölümdən
qurtardılar. Onlar – o ölümü
istehkar edən böyük adamlar, bizə yaşamaq
üçün ölmənin nə məsud, nə
şanlı, nə şərəfli bir xislət olduğunu
öyrətdilər. Onlar — o fədakar insanlar Azərbaycan
Cümhuriyyətinin payidar olmasına, məmləkətimizin
cəllad ciyəsindən qurtulmasına səbəb oldular!.. Şühadə qəbri
üzərinə gedib də fatihə verməyinizi
unutmayınız!”
1990-cı il
yanvar ayının 19-dan 20-nə keçən gecə... O gecəyəcən
iki il idi ki, Azərbaycan xalqı haqq
uğrunda, azadlıq, Azərbaycanın
bütövlüyü uğrunda mübarizə meydanında
ayaq üstə idi. Torpağının, yurdunun
azadlığını istəyirdi. Heç
kəsdən heç nə ummurdu, istəmirdi. Özünü yağı tapdağından, nəfsindən
müdafiəyə qalxmışdı. Bir
həftə idi ki, imperiya sovet ordusu libasında öz tank-topu
ilə, avtomat-pulemyotu ilə gəlib Azərbaycanın Xəzər
duvaqlı Bakısının ətrafında
şöngümüşdü. Xalq
imperiyaya məxsus ağır hərbi sursatları görə-görə
əliyalın, qəlbi Vətən, Azərbaycan, Bakı
eşqi ilə dolu yol üstünə
çıxmışdı. 19-dan 20-nə keçən
gecə atəş açılacağını
çoxlarımız iş yerindən, oxuduğumuz məktəbdən
eşitmişdik (bu gümanı onsuz da hər gün
yaşayırdıq). Və hər gün də
əzmimizdə dönməz idik. Tankların
qabağında qurduğumuz oyuncaq çəpərlər
yanından çəkilmirdik.
Ülvinin fəlsəfə
müəllimi professor Nurəddin Kazımov danışır
ki, (həmin söhbəti IV sinfin “Oxu” kitabından şagirdlər
də bilirlər) ayın 19-da səhər saat 11 olardı. Ülvi mənə
yaxınlaşdı ki, müəllim, bir imtahanım qalıb
— fəlsəfədəndir. İzn verin,
bu gün o imtahanı verim. Dedim ki, oğul, indi imtahandan çıxmısan, get dincəl, sabah gələrsən,
ilk olaraq səndən soruşacam. O isə inad etdi. “Nə dincəlmək, müəllim, dünya
qarışıb, ordu gəlib oturub Bakının dörd tərəfində.
Bu gecə, deyirlər atacaqlar. Həyatı bilmək olmaz. Borclu
qalmaq istəmirəm. Qaçıb gizlənməyəcəyik
ki?”
Gəncliyinə
heyfim gəldi, kövrəltdi məni, cəsarətinə isə
heyran oldum.
Dedim, yaxşı, nə bilirsən, danış. Razılaşmadı. Bilet çəkdi.
Elə ayaqüstəcə suallara əhatəli cavab verdi. 5 verdim. Sevincək
getdi. Səhəri səksəkədə
açdım. İnstituta zəng etdim, onu
soruşdum. Dedilər ki, hamı Ülvini
axtarır. Axşam isə onun şəhid
olmasını eşitdim. Özümü
bağışlaya bilmirəm ki, niyə onu qorumağa cəhd
etmədim.
Ülvi isə
bütün xalqla birgə idi. 1990-cı il
yanvarın 20-nə keçən gecə ilk andan güllələr
göydən qucaq-qucaq səpələndi. Sovet
ordusu Bakıya təcavüz edərək dinc əhalini
qanına qəltan etdi. Yollar-izlər tank
tırtılları altında darmadağın oldu. Evlərdə, yollarda, maşınlarda insanlar şəhid
oldular. Gecə güllələri uşaq,
böyük, gənc-qoca tanımadı. O gecənin
güllələri hamımıza dəydi — içimizdən
keçdi. Səhəri qızıl qan
içində açdıq. Amma ölmədik.
Şəhid olduq. Şahidlər
isə öz dizlərinə dayaq olub məğrurcasına
ayağa qalxdılar. Yanvarın 22-də
şəhidləri bəzəkli kəcavələrdə xalq
başı üstə bayraq edib şəhərin uca yerində
dəfn etdi. İndi ora Şəhidlər
Xiyabanı adlanır. Mirzə Cəlilin sözləri elə
bil həmin günlərə yazılmışdı: “Bu
gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik
meydanıdır. Yekə bir millətin dili,
namusu, hüququ, Vətəni təhlükədədir. Axıtmalı qanımız, ehsan etməli pulumuz
varsa, gözümüzün qabağında ürəklər
parçalayan Azərbaycan matəmgahı durur”.
Küçələrdəki
qan ləkələrini, gölməçələrin qərənfillə
bəzədilər. O il Bakı qərənfilləri
şəhidlərə qismət oldu. Ulularımız
deyib ki, Şəhidə ağlamazlar. Dahi Nizami Gəncəvi
isə şəhid müqəddəsliyini belə tərənnüm
edib:
Şəhidəm, qan rəngli
olsun kəfənim,
Qoy belə bəzənsin
bayramım mənim.
O gecə Vətən
andı içib azadlıq yoluna çıxan Ülvi
Bünyadzadə də şəhid oldu. 20
yaşlı tələbə idi. Xarici Dillər
İnstitutunda oxuyurdu, əlaçı idi, fəal ictimaiyyətçi
idi, gözəl şair qəlbi var idi...
Mən Ülviyəm,
ülvi sözə aşiqəm,
Saf ürəyə,
büllur üzə aşiqəm.
Gözlərintək ala
gözə aşiqəm,
Sevdiyim o ala gözə əlvida!
O gecədən sonra
doğulan oğullar 20 yaşı bitirib 21 yaşa qədəm
qoyurlar. Ülvinin şəhid yaşına.
Bir neçə ay öncə 20 yaşlı
şəhid Ülvinin 40 yaşı tamam oldu. Şəhid adı ilə yanaşı, bir də ədəbi
taleyi ilə 20 ildir ki, mənəvi ömür yaşayır.
Ülvi ölümündən 4 ay əvvəl bir And yazmışdı:
1920-ci ilin tarix səhifələrində
gəncliyə ünvanlanmış bir müraciət var: “Ey gənclik!
Sənin öhdəndə böyük vəzifə var: Səndən
əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir
ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək
dedi ki, bir kərə yüksələn bayraq, bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini
qırmayacaq, bu gün parlaman binası üzərində azərilərin
yanıq ürəklərinə enmiş bu bayrağı təkrar
o bina üzərinə dikəcək və bu yolda ya qazi, ya da
şəhid olacaqsan!”
Həmin müraciətə
XX əsrin son onilliyində:
Atama oğul deyiləm,
Anama oğul
deyiləm.
Bu ocağın kor
çırağı,
Yanmayacaq
işığıyam.
Atam-anam zəmanədir.
Mən zəmanə
uşağıyam.
- deyən
Ülvinin “And”ı Varis cavabı idi. 20 Yanvardan az sonra — 10-15
gün sonra onun ədəbi yaradıcılığı haqda
və Andı “Ədəbiyyat və incəsənət” qəzetində
– “Ülviləşən Ülvim” adlı bir məqalədə
dərc edildi. O vaxt həmin qəzetdə onu
tanıyırdılar. Əsgərlikdən, demək
olar ki, tez-tez məktub yazardı və həmin qəzetin
ünvanına göndərərdi. “Məktubu niyə
evimizə yazmırsan” — deyə soruşanda yazardı: “Sən
bilmirsən ki, hər dəfə o ünvana göndərəndən
sonra necə ilhama gəlirəm. Əsgərlik
yuxuma haram qatıb, şirin-şirin yazmaq həvəsindən
doymuram”.
O gecənin “Şəhid
şairləri” haqqında məqalələr dərc etmək
istədik. İlhamın sevgilisi Fərizənin əlyazmasını
çap etdik:
“Ana, məni
bağışla. Mən İlhamsız yaşaya bilmərəm!”
İkicə
qısa cümlədir. Amma o sözlərin arxasında
böyük bir eşq dastanı yaşandı.
Mikayıl Müşfiqin əmisi
nəvəsi Cavad İsmayılzadənin inamla
yazdığı:
Mən də öz
dövrümün bir Müşfiqiyəm!
- sətirlərini,
publisist Nəsib Ələkbərovun oğlu Azərin bir hekayəsini,
Səxavətin:
Azərbaycan – canım, ruhum
mənim!
- misralı
şeirlərini tapıb mətbuata təqdim etdik.
Ülvinin zəngin
ədəbi irsindən indiyəcən altı kitabı nəşr
olunub. 200-ə
qədər şeiri toplandı – qrup qızlarından,
dostlarından, əsgərlik yoldaşlarından, institut qəzetinin
redaksiyasından, sinif yoldaşlarından, Daşkəsəndə
üzv olduğu “Daşkəsən” ədəbi birliyinin
üzvlərindən, “Daşkəsən” rayon qəzetinin səhifələrindən,
ədəbiyyat müəllimlərindən, bir də evdə
divanın içində gizlətdiyi qovluqlarında, əl
boyda vərəqlərdə və s.
Ülvinin
şeirlərində Uca Türk qəlbinin
döyüntüsü, böyük Turan dünyası əks
olunub.
O taydan Savalan, bu taydan
Qoşqar,
Buludlar
başında körpü salıbdı.
Bu mənfur dirəklər,
acı tikanlar,
Bilmirəm
heç kimdən miras qalıbdı.
və ya
Bilin, daşdan deyil mənim
ürəyim,
Səttarxan hədəsi,
Cavanşir bəhsi,
Koroğlu gərdişi,
Nəsimi səsi.
Xətai cürəti, Nəbi
gülləsi,
Babək
qılıncının dəvasıdı o.
Ülvinin şeirlərində
gənclik təravəti şehlidir:
Bahar nə şirin
şeymiş,
Ətri bənövşədəymiş.
Ömrüm sənin
eşqindi,
Eşqin də bənövşəymiş!
Aşiqanə
duyğularını isə ancaq sətirlərdə
yaşadı:
Kipriklərin məni aldı
nişana,
Ürəyimdə
qaldı səndən nişana.
Dedim: Ay qız, anam gəlsin
nişana,
Gözlərini süzdün
yana dilbərim.
Dedim, sənsən gözəlliyin
ilk barı,
Qoyma
sıxsın məni sevgi qubarı.
Ülvinin qəbrinə
qoyarsan barı,
Bir bənövşə, sən,
ey sona dilbərim!
“Ölüm insanların son
heyrətidir” – bu hansısa bir filosofun sözüdür” –
yazan Ülvinin şeirlərində “ölüm” obrazına
tez-tez rast gəlmək olur:
Mən qorxmuram
uzaq yola çıxmaqdan.
Bu yolun
şaxtasından, soyuğundan mən
qorxmuram.
Mən qorxmuram
uzaq yola çıxmaqdan.
Bu yolun acısından,
ağrısından,
“Ölüm”
adlı yuxusundan mən qorxmuram.
və ya
Məni belə aciz görmə
qəbirdə,
Qəbirdə
də Qarabağın özüyəm.
və ya
Deyirəm, vüsalın nə
azmış ömrü,
Gedirəm, əlvida,
gözəl, əlvida.
və ya
Səbrsiz olsa da sənin
gül oğlun,
Səbrlə
duracaq qəbrim, ay ana.
və s. Bu şeirlərin elmi təhlili,
yəqin ki, ayrıca tədqiqat mövzusudur.
Ülvinin iki əsəri
– “Qansızlar” povesti və “Ömür yolu” poeması Əfqanıstanda
həlak olmuş Azərbaycan oğullarının xatirəsinə
ithaf olunmuşdu. 19 yaşın qələmində bu əsər
çox kövrək, həssas, Vətən məhəbbətli,
ağır psixoloji məqamlı, lirik duyğulu, təsirli
alınıb. Poemadakı obrazlar – Əfqanıstanda
günahsız yerə ölən oğulların
ruhlarıdır. Ruhların dili ilə
onları Əfqanıstan torpağına aparıb
çıxaran imperiya oyunlarını, oyunbazlarını lənətləyir.
Qarabağın başına açılan
müsibətlərdən narahatçılıqlar
keçirirlər. Cismən məhv olan
oğulların ruhları müəllifin — Ülvinin yuxusuna
dolur və ona Vətənə ləyaqətli, şərəfli
oğul olmağı arzulayırlar. Onların acı
taleyinə ağrıyan və nakam talelərini qələmə
alan Ülvi yazır:
Zəifdi qüdrətim,
kütdü qələmim,
Ürək
dolub daşır, yaza bilmirəm.
Mən də sizin kimi həyat
yolunda,
Azmaq istəyirəm,
aza bilmirəm.
Pyeslər qovluğunda
“Uğursuz məhəbbət”, “Məhəbbətin manifesti”,
Göyçə gözəli Həcərə ithaf
olunmuş “Bir papağın sərgüzəşti”, “Dilqəmi”,
səhnələşdirdiyi “Dədə Qorqud” kimi səhnə
əsərləri vardı.
Nəsr qovluğunda
40-a qədər hekayəsi var. “Tale” adlı
yarımçıq hekayəsi var. Üç-dörd variantda
işləyib.
1986-cı ildə yazılıb. Əsərin qəhrəmanı 20 yaşında
olanda Bakının qaranlıq küçəsində millətinin
və öz başına gələcək faciəni qələmə
alıb - oxuyanda heyrətlənməyə bilmirsən.
İngilis ədəbiyyatı
şedevrlərinin — Makkey, Bayron, Kiplinq, Hud,
Şelli, Sauti ... digər 10-a qədər dünyaşöhrətli
müəllifin əsərlərindən ən gözəl
nümunələri orijinaldan tərcümə edib.
Ülvi əsgərlikdən
— Uzaq Sibirdən tez-tez məktub yazardı. O məktublar daha çox
ictimai-siyasi, ədəbi məzmunlu məqalələrə
oxşadığından atmamışdım. Bəzən
bir məktubda 3-4 şeir göndərərdi. Uzaq Sibirin
havasını:
Bu torpağa Allah
qarğıyıb nədir,
Günəşi
buz, adamları buzdu, buz.
və ya
Bizim yerdə günəş
gülümsəyəndə,
Torpaq da öz
al rənginə bələnir.
Bizim yerdə qar gözləri
üşütmür,
Bizdə qar da
çiçək kimi ələnir.
O, fəal ictimaiyyətçi
idi. Uzaq Sibirdə yaratdığı “Xətai” dərnəyinin,
əsgərlikdən qayıtdıqdan sonra dostları ilə
birgə yaratdığı “Şimali Azərbaycan Azad Tələbələr
İttifaqı”nın proqram və nizamnaməsini özü
yazmışdı. Gözəl publisistik qələmi
var idi. Onun publisistikası siyasi-ictimai
xarakterdədir. “10 yanvar 1990-cı il”
tarixli bir məqaləsini “Azərbaycan” qəzetinə
aparmışdı. Qayıdanda dedi ki, “baş redaktorla
tanış oldum. Çox məzmunlu
görüş-söhbətimiz oldu”. Amma
o məqalə çap olanda Ülvi artıq şəhid
olmuşdu.
Ülvi Azərbaycanın
Azadlığı uğrunda şəhid oldu. Azərbaycan
öz müstəqilliyini qazandı. 19
ildir ki, bu xoşbəxtliyin şirinliyini ruhumuzda duyuruq. Amma kaş torpaqlarımız — Göyçə, Zəngəzur,
Qarabağ azad olaydı. Bütöv Azərbaycan
eşqini XXI əsrin balalarına təhvil verəydik.
Anam da, övladlarım da,
Məni qəmgin
xatırlasın,
Qoy ən əziz
dostlarımsa,
Həmişəlik
yadırğasın.
Bir ocağın ətrafında,
Mənə
ehsan paylasınlar.
Qoy lap məni “bəxtsiz” deyə
Bənzətsinlər
bir yazığa.
Ancaq gözlə, gəlməliyəm
Bir
ölümün acığına.
Bu şeir,
sanki, Ülvinin vida nəğməsidir. Ülvi gəldi
— Şəhid ucalığı, nəğməli sətirləri,
rəngarəng ədəbi yazıları ilə. Təbii ki, Ülvi ömrünü bir məqalə
çərçivəsində vərəqləmək olmur.
Allah bütün şəhidlərimizə
rəhmət eləsin!
Azadlığımız daim
var olsun!
Almaz ÜLVİ
Xalq qəzeti.- 2010.- 20 yanvar.- S. 5.