Prezident İlham ƏLİYEV: 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə nail olduq

 

Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 18-də keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı Azərbaycanın hesabat dövründə əldə edilən uğurlarından ətraflı danışmışdır. Prezident İlham Əliyev demişdir ki, 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər... Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

 

Dövlətimizin başçısı nitqində ölkəmizdə aparılan ciddi sosial-iqtisadi islahatların müsbət nəticələrini belə açıqlamışdır: “...2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı”.

İclasda çıxış edən digər natiqlər də dünya iqtisadiyyatının maliyyə böhranı ilə üzləşdiyi halda, ölkəmizin sosial-iqtisadi inkişafının dinamik xarakter aldığını vurğulamışlar. Bildirilmişdir ki, böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kreditləşmə imkanlarını daraltmış və bir çox ölkələrdə, o cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaratmışdır. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində enməsi fonunda dünya üzrə ticarət dövriyyəsinin 11 faizdən artıq azalmasını bildirir. Böhranın dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq həmin dövlətlərdə iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan bir çox dövlətlərdə bu azalma 6 faizdən yüksək olmuşdur.

Bütün bu çətinliklərə, əlverişsiz xarici mühit amillərinə baxmayaraq, dövlətimizin başçısının göstərişləri əsasında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. Ötən il qlobal böhranın fəsadları ölkə iqtisadiyyatına sirayət etsə də, onun gündəlik həyatında praktiki olaraq hiss edilməmişdir. Bütün sosial proqramlar və tədbirlər fasiləsiz icra olunmuş, qarşıya qoyulmuş vəzifələr öz həllini tapmışdır.

Ölkə iqtisadiyyatının artmasının 2009-cu ildə davam etməsi, ümumi daxili məhsulun real artımının böhran ili üçün çox yüksək — 9,3 faiz səviyyəsində əldə edilməsi Azərbaycan dövlətinin tarixin bu sınağından da uğurla çıxmasının əyani sübutudur, siyasi və iqtisadi idarəetmənin kamilliyinin göstəricisidir. Bu mühüm nailiyyətin əldə edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl surətdə qurulması hesabına mümkün olmuşdur.

Böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış, inflyasiya 1,5 faiz təşkil etmişdir. Ötən ilin dekabr ayında “Standard & Poors” dünyanın aparıcı beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli “BB+” kredit reytinqi təsdiq edilmiş və yaxın gələcəkdə yeni investisiya reytinqi almaq imkanının göstəricisi olan reytinq üzrə proqnoz sabit səviyyədən müsbət səviyyəyə yüksəldilmişdir.

Reytinq proqnozunun artırılması Azərbaycanın qısa müddət ərzində investisiya reytinqi (“BBB-”) səviyyəsinə yüksəlməsinə nəhəng dəstək ola bilər. Onu da qeyd etmək istərdim ki, 2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində “Standard & Poors” şirkətinin reytinqini yenidən qiymətləndirdiyi ölkələr sırasından reytinqin müsbət istiqamətdə dəyişməsi ilk dəfə olaraq məhz Azərbaycan Respublikası üçün qeydə alınmışdır.

İclasda 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilməsi, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsinin tam təmin edilməsi xüsusi vurğulanmışdır. Göstərilmişdir ki, bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. 2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.

Böhran ilinə baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsinin vəsaiti hesabına silinmişdir. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.

Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir. 2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində Dövlət Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.

Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 140 milyon manat vəsait yönəldilmişdir. Yeni məktəblərin tikintisi, məktəblərin əsaslı təmiri və yenidənqurulması, uşaq bağçalarının əsaslı təmiri, dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və yenidənqurulması məhz bu vəsait hesabına həyata keçirilmişdir. 2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və ətraf mühitin mühafizəsi xərcləri 2008-ci ilə nisbətən 38,5 faiz, mənzil və kommunal təsərrüfat xərcləri 24,9 faiz, ümumi dövlət xidmətləri xərcləri 14,7 faiz, məhkəmə hakimiyyəti, hüquq- mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 21,5 faiz çox olmuşdur.

İclasda bildirilmişdir ki, regionların iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması, qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına güclü təkan vermişdir.

Ötən il xüsusilə sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ilə səciyyəvi olmuşdur.

Qlobal maliyyə böhranı şəraitində belə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.

“Xüsusi iqtisadi zonalar haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ölkədə yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasına, qeyri-neft məhsullarının ixracının artmasına, ümumən sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.

Yuxarıda qeyd olunanlarla yanaşı, iclasda o da göstərilmişdir ki, ötən ildə dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilmişdir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür.

İclasda həmçinin 2009-cu ildə ölkəmizin bank sistemində antiböhran siyasətinin həyata keçirilməsindən, yüksək inflyasiyanın qarşısının alınmasından, informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə olunan uğurlardan ətraflı danışılmışdır.

İclasa yekun vuran Prezident İlham Əliyev demişdir: “Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır – həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi. Əgər bu olmasa idi, heç bir məsələni həll etmək mümkün olmazdı. 2010-cu ildə, bu gün də burada qeyd edildi, bu böhranlı meyillər hələ də davam edə bilər. Biz arxayınlaşmamalıyıq, işlərimizi çox ciddi qurmalıyıq. Amma mən əminəm ki, əgər biz 2009-cu ili bu gözəl nəticələrlə başa vurmuşuqsa, 2010-cu ildə də istədiyimizə nail olacağıq”.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.-  20 yanvar.- S. 1.