Bakı və Abşeron
yarımadasının ekoloji vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
işlər davam etdiriləcək
Məlum olduğu kimi, yanvarın 18-də Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilmişdir. İclasda bir daha Azərbaycan
Respublikasının qazandığı uğurlardan söhbət
açılmış, qarşıda duran vəzifələr
müəyyənləşdirilmişdir. Cənab Prezident
İlham Əliyev iclasdakı çıxışında
ölkənin ekoloji problemləri barədə də məlumat
vermişdir: “Azərbaycanda, ümumiyyətlə ekoloji vəziyyət
çox yaxşıdır. Bizim təbii şəraitimiz,
gözəl təbii imkanlarımız var. Təmiz hava, təmiz
bulaq suları, təmiz çaylar, bulaqlar. Ancaq sirr deyil ki,
Abşeron yarımadasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına böyük ehtiyac var. Çünki
uzun illər, əsrlər ərzində neft-qaz sənayesinin
inkişafı nəticəsində Abşeronun böyük əraziləri
həm neftlə, həm də neft tullantıları ilə
çirklənmişdir. Yəni, biz böyük təmizlik
işləri aparmalıyıq. Bu böyük vəsait tələb
edir, ancaq biz bunu etməliyik”. Cənab Prezident onu da bildirdi ki,
ekoloji problemlərin həlli nəinki “ekologiya ili” elan
olunmuş bu il, eləcə də bundan sonrakı illərdə
də davam etdiriləcək.
Bakı və Abşeron yarımadasının ekoloji vəziyyəti bu vaxta qədər də diqqət mərkəzində olmuşdur. Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikamızda həlli vacib olan ekoloji problemlərin əksər hissəsi də bu ərazidə toplanmışdır. Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi - 33 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10,6 min ha təşkil edir. Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin yaranması, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində il ərzində təqribən 560 mln kubmetr həcmində tullantı suları formalaşır. Bu suların 164 mln kubmetri bioloji, 23 mln kubmetr mexaniki təmizləmədən keçdiyi halda, 373 mln kubmetr tullantı suları isə təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır. Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.
Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunmaması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-dir. Rəsmi fəaliyyət göstərən poliqonlar da ekoloji norma və standartlara cavab vermir.
Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərindən biridir. Son illər nəqliyyat vasitələrinin sayının artması, havaya atılan zərərli maddələrin tutulması üçün qaztəmizləyici və toztutucu qurğuların azlığı, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. kubmetr çirkab sular axıdılır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.
Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir. Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının ərazilərindədir. Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Buxtanın çirklənməsi öz növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir. Sumqayıt Səthi Aktiv Maddələr zavodunda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı texnologiyası fiziki və mənəvi cəhətdən köhnəldiyindən ərazinin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır. Bundan başqa neftqazçıxarma və neft emalı müəssisələrində formalaşmış 142300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanılır. Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənaətbəxş hesab edilir.
Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində görülmüş işlər regiondakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti olmuşdur. Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur. Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcüd təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində müvafiq təşkilatlar tərəfindən tədbirlər görülür.
Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasinin Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunan sahil ərazilərindən tullantı sularının təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur. Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına qulluq edəcəkdir. Bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə komplektləşdirilmişdir. Bu qurğular, nefttutucu avadanlığı da nəzərə alsaq, ümumilikdə gündə 4070 kubmetr çirkab su təmizləmə gücünə malikdir. Qurğuların bir hissəsi Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır və artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir. Hazırda aparılan işlərin Sumqayıta doğru davamını təmin edərək təmizləyici qurğuların bir hissəsinin Pirşağı qəsəbəsindəki çirklənmə səviyyəsi və mikrobioloji vəziyyəti son dərəcə acınacaqlı olan iki axıntı mənbəyində quraşdırılması işləri başa çatdırılır. Eyni zamanda, Bilgəh ərazisində dənizin tullantı suları ilə çirklənməsi probleminin tamamilə həll edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.
Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılması məqsədilə çirklənmiş və sıradan çıxmış torpaqların bərpası ilə əlaqədar nazirlik tərəfindən “Abşeron yarımadasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı” və ”Bibiheybət zonasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı” hazırlanmışdır və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür. Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair” iki milli proqram, 2003-2004-cü illərdə “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” və “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı”na dair üç Dövlət Proqramı təsdiq olunmuşdur və həyata keçirilir.
Bunlardan əlavə, mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə ETSN tərəfindən “Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması” layihəsi işlənib hazırlanmışdır. Artıq Abşeronda yeni meşə zonalarının salınması, torpaqların təmizlənməsi istiqamətində son illər səmərəli iş aparılır. Cənab Prezident öz çıxışında bir daha bu məsələni xüsusilə vurğulayaraq demişdir ki, “Bakı və Abşeron yarımadasında milyonlarla yeni ağac əkiləcəkdir”.
Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət və Milli proqramlarda, Kompleks Tədbirlər proqramında nəzərdə tutulmuş tədbirlər həyata keçirildikcə, yaxın gələcəkdə Bakı və Abşeron yarımadasında ekoloji durumun yaxşılaşdırlmasına nail olunacaqdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 21 yanvar.- S. 8.