Lənkəranda şəhidlərin xatirəsi ehtiramla yad edilib

 

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da qanlı yanvar hadisələrinin 20 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

Məlum olduğu kimi, yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda kütləvi qırğın törədən Sovet Ordusunun cəza dəstələri Neftçala və Lənkərana da desant göndərərək və milli azadlıq hərəkatının fəallarına, dinc əhaliyə divan tutublar. Lənkəranda ilk yanvar şəhidinə düşmən gülləsi İstisuda dəyib. Haftoni meşəsində, adamların şəfa tapdığı İbadi istisuyunda azadlıq ideallarımız “aydınlığa” qovuşub, - desək, yanılmarıq. Çünki məhz orada silahlı cəza desantı beş soydaşımızı qətlə yetirib. Faciə zamanı ümumiyyətlə, 11 lənkəranlı şəhid olub, onlarca rayon sakini yaralanıb və mənəvi-psixoloji depressiyaya məruz qalıb...

Lənkəran ŞİH başçısı Süleyman Mikayılovun təşəbbüsü ilə şəhərdə yerləşən Şəhidlər xatirə-abidə kompleksi və ətrafındakı şəhid məzarları faciənin 20 illiyi ərəfəsində tamamilə yenidən qurulmuş, qara mərmərlə örtülmüş, əraziyə tamet daşlar düzülmüş, işıqlandırma sistemi quraşdırılmış, əbədi məşələ qaz xətti çəkilmişdir. Xatirə kompleksinin qara mərmər lövhəsi üzərində rayonun 177 şəhidinin — həm 20 yanvar, həm də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban verənlərin adları həkk olunmuşdur.

Yanvarın 19-da şəhər icra hakimiyyətinin xüsusi tədbirlər planına uyğun olaraq Lənkəranın təhsil, səhiyyə və mədəniyyət müəssisələrində maraqlı tədbirlər keçirilib. Lənkəran Dövlət Universitetində elmi-praktik konfrans, Dövlət Humanitar Kollecində və tibb məktəbində xatirə gecələri, YAP şəhər təşkilatında gənclərin iştirakı ilə “dəyirmi masa” keçirilib, sənədli film nümayiş etdirilib. Kitab, rəsm sərgiləri, fotostendlər təşkil olunub. Şəhid ailələrinə maddi yardımlar göstərilib, ehsanlar verilib.

Yanvarın 20-də isə xatirə kompleksində ümumrayon anım mərasimində minlərlə lənkəranlı şəhidlərimizə ehtiram duyğularını ifadə edib. ŞİH başçısı Süleyman Mikayılov, Milli Məclisin komitə sədri Hadı Rəcəbli, ictimaiyyətin nümayəndələri abidə önündə baş əyərək əklil və gül dəstələri qoyublar. Abidə kompleksinin önündən keçən ziyarətçilər faciə qurbanlarının əziz xatirəsinin həmişə məhəbbətlə yad edildiyini bir daha nümayiş etdiriblər.

Ziyarətçilərdən biri, LDU-nun dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı bizimlə söhbətində dedi:

— Səksən illik ömrümdə heç faşistlərin də belə rəzillik etdiyini görməmişdim. 1990-cı ilin yanvarında xalqımızı gülləbaran edən imperiya analoqu olmayan vəhşilik nümayiş etdirdi. Amma bu bizi qorxutmadı, milli-azadlıq ruhumuzu qıra bilmədi və az sonra dövlət müstəqilliyimizə qovuşduq. Bax, bu xiyaban insanda əsl vətənpərvərlik duyğularını alovlandırır. Bu əbədi məşəl qəlblərimizdən od alır.

Şühəda ruhu yəqindir ki, şərafətdir bizə,

Lənkəranda bu xiyaban yeri diqqətdir bizə...

Hadisələr zamanı Lənkəran radiosu ilə dörd dildə faciə barədə dünyaya xəbər yayılması da şərəfli bir faktdır...

Ümumrayon anım mərasimindən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında toplantı keçirilib. Ədəbi-bədii kompozisiya göstərilib, sənədli film nümayiş etdirilib.

 

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 21 yanvar.- S. 7.