Şəhidliyə qovuşanlar əbədi yaşayır

 

“20 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı ağlasığmaz vəhşilik törədildi. Tariximizin qanla yazılmış şanlı səhifəsi sayılan həmin 20 Yanvar millətimizin tarixən yaşadığı nə birinci, nə də sonuncu soyqırım hadisəsi idi. İmperiya öz dayaqlarını möhkəmləndirmək üçün 1801-ci ildən başlayaraq yaşına, cinsinə, kimliyinə məhəl qoymadan qan töküb, zor tətbiq edib. Millətin gözünü qorxutmaq strategiyası və taktikasından yararlanmağa çalışıb. İmperiya X1X əsrdə qarşısına qoyduğu məqsədə çata bilsə də, 1918-ci il martın 31-də törədilən soyqırım ata-babalarımızın qəddini əyə bilmədi. Milli azadlıq ruhunun oyanması üçün detonator rolu oynadı. Bütün dünya Azərbaycan Demokratik Respublikasının yaranmasının şahidi oldu.

20 il əvvəl imperiyanın ölkəmizdə oynadığı məkirli oyun da bir millət olaraq kimliyimizi sübut elədi. Yanvarın 19-da Azərbaycan Turizm İnstitutunda “imperiyaya yox” deyib canlarını fəda edənlərin xatirəsinə həsr olunmuş anım mərasimində bu fikirlər hər bir çıxış edənin dilində dönə – dönə səsləndi. İnstitutun Turizmin təşkili və idarə edilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsir Nəsirli mərasimi giriş sözü ilə açaraq 20 Yanvarı qanla yazılmış tariximizin təkcə dünəni deyil, sabahımızın qurucuları olacaq hər bir gəncin fəxarət hissi duya biləcəyi böyük salnamənin önəmli bir səhifəsi adlandırdı. O günləri unutmağa və unutdurmağa mənəvi haqqımızın olmadığını xüsusi olaraq diqqətə çatdırdı.

Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı anım mərasiminə toplaşanlara müraciətən verdiyi suala özü də cavab verdi. “Deyirlər ki, günahsız insanları qırdılar. Doğurdanmı bizim günahımız yox idi?—Var idi. Bizim ən böyük ”günahımız" bu torpağı, bu yurdu, yəni bütöv Azərbaycanı sevməyimiz idi. İşğala qarşı “yox” deyib, bu yolda qurban getməyi şərəf hesab etməyimiz idi. Biz qanla yazılmış səhifəni qeyrətimizlə şanlı səhifəyə çevirib tarixləşdirdik. O gecə və ondan sonrakı gecə və günlərdə şəhid olanların ruhu qarşısında baş əyirik".

YAP-ın Azərbaycan Turizm İnstitutu yerli təşkilatının sədri Anar Fərmayılov 20 Yanvar faciəsini xalqımızın tarixi taleyində yeni bir mərhələnin, yeni özünüdərkin başlanğıcı kimi qiymətləndirdi. Şərəf tariximizi qanla yazanların bugünkü gəncliyə örnək ola biləcəyini vurğuladı.

Azərbaycan Turizm İnstitutundan redaksiyaya bu tədbirlə bağlı daxil olan məlumatda həmçinin bildirilir ki, digər çıxışlarda da xalqımızın qəhrəmanlıq tarixinə çevrilən həmin gecədə canlarını qurban verənlərin xatirəsi anıldı. Təkcə Bakıda deyil, bütün Azərbaycanda, Şəhidlər xiyabanlarında uyuyan hər bir vətən fədaisinin ruhu qarşısında hələ də borclu olduğumuz diqqətə çatdırıldı. Tədbirin sonunda Nəsir Nəsirli mərasim iştirakçılarına bir daha xatırlatdı: bütün ağrı-acısıyla bu bizim tariximizdir. Azərbaycan tarixinin qanla yazılmış şanlı səhifəsidir. Tariximizin şanlı səhifələrini qanla yazan şəhidlər isə əbədi yaşayırlar, şəhidlik zirvəsinə ucalanların yeri qəlbimizdədir. Bütün şəhidlərin ruhları şad olsun!

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2010.- 21 yanvar.- S. 5.