Prezident İlham ƏLİYEV:
Bütün uğurlarımızın təməlində
düşünülmüş siyasət və düzgün
atılmış addımlar dayanır
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə
ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasda dövlət başçısı
diqqəti ölkəmizin son illər əldə etdiyi
uğurlara yönəltmiş, bunu əyani şəkildə
göstərmək üçün müvafiq göstəricilərin
təhlilini vermişdir. Prezident İlham Əliyev
bildirmişdir ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul
9,3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir.
Bu, bir daha onu göstərir ki, bütün
uğurlarımızın təməlində
düşünülmüş siyasət və düzgün
atılmış addımlar dayanır.
Dövlət başçısı iqtisadiyyatın ayrı-ayrı sahələrinə də diqqət yetirmişdir: “Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu, onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli göstəricidir. Çünki sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması görülən işlərimizin nəticəsidir”.
İclasda qlobal maliyyə böhranı şəraitində milli iqtisadiyyatımızın bir sıra mühüm risklərlə qarşılaşması xüsusi vurğulanmışdır. Bu risklərdən danışarkən ilk növbədə makroiqtisadi sabitliyin pozulması, yəni başqa ölkələrdə olduğu kimi, milli valyutanın devalvasiyası, artıq yüksək olan inflyasiyanın daha da sürətlənməsi və nəticədə əhalinin sosial vəziyyətinin pisləşməsi riskini qeyd etmək lazımdır.
Maliyyə-bank sistemində sabitliyin pozulması ən təhlükəli risklərdən biridir. Bütün dünyada baş vermiş bu prosesin nəticəsi olaraq, biz bilirik ki, maliyyə sistemimiz əhəmiyyətli psixoloji və iqtisadi təsirlərə məruz qalmışdır. Bum dövründə bu banklar və bir sıra şirkətlər, o cümlədən dövlət şirkətləri çox böyük investisiya və inkişaf proqramları reallaşdırırdılar və deyildiyi kimi, bu, əhəmiyyətli dərəcədə beynəlxalq bazarlara arxalanırdı. Belə bir şəraitdə həmin şirkətlər və banklar çox ciddi risklərə məruz qaldılar. Nəticədə yüksək iqtisadi artım tempinin itirilməsi, yaradılmış işlərin əhəmiyyətinin azalması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində son illər əldə olunmuş mühüm nəticələrdən geri çəkilmək kimi risk yarandı. Lakin bu gün artıq tam əminliklə demək olar ki, bütün bunlar arxada qalmışdır. Bu mənfi təsirlərə, risklərə baxmayaraq, ölkə iqtisadiyyatı qlobal böhrana kifayət qədər dayanıqlılıq və dözümlülük nümayiş etdirdi. Bunun əsas səbəbi son illər həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası, nəticədə toplanmış maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, vaxtında irəli sürülmüş səmərəli antiböhran strategiyasının reallaşdırılması olmuşdur.
Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov iclasda demişdir ki, bu bank da antiböhran siyasətinin həyata keçirilməsində öz mandatı çərçivəsində iştirak etmişdir. Bu zaman əsas diqqət üç əsas məqsədin reallaşmasına istiqamətlənmişdir: birincisi, makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunması; üçüncüsü, iqtisadi artımın və yüksək məşğulluğun dəstəklənməsi. Milli valyutanın sabitliyinin təmin olunması Mərkəzi Bankın antiböhran siyasətinin aparıcı elementi idi. Qlobal böhranın təsirləri və qonşu ölkələrdə məzənnə “çökmələri” ilə bağlı devalvasiya psixozu şəraitində soyuqqanlılıq nümayiş etdirmək və manatın sabitliyini qorumaq lazımdır... Manatın sabitliyinin təmin edilməsi üçün zəruri tədbirlər görüldü. Xüsusilə də ötən ilin birinci rübündə bu təzyiq olduqca əhəmiyyətli idi. Baxmayaraq, müəyyən resurslar buna sərf olundu, 2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları başqa ölkələrdə olduğu kimi, nəinki azaldı, təxminən 3 milyard dollara qədər artaraq 20 milyard dolları ötüb keçdi... Sabit manat həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını aldı. Bu, həmçinin əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırdı. İlin yekunları yürüdülən siyasətin düzgünlüyünü təsdiq etdi. Devalvasiya yolunu seçmiş ölkələrin başlıca tədbiri, — bu yolu isə onlar məcburi olaraq seçmişdilər, çünki onların buna imkanları yox idi, — göstərdi ki, onlar yüksək inflyasiya, iqtisadi tənəzzül və işsizlik problemləri ilə üzləşdilər. Məsələn, Ermənistanın valyutası 20 faiz devalvasiyaya uğradı və bütövlükdə, burada iqtisadi tənəzzül ilkin qiymətləndirmələrə görə 15,6 faiz təşkil edir. Bu, onların orta iqtisadi illik artımını nəzərə alsaq, təxminən iqtisadiyyatın, iqtisadi potensialın 2-3 il geriyə atılması deməkdir.
Yüksək inflyasiyanın qarşısı alındı. İlin yekunlarına görə, ölkədə orta illik inflyasiya səviyyəsi 1,5 faiz olmuşdur ki, bu da 2004-2008-ci illərdəki orta inflyasiya səviyyəsindən təxminən 10 dəfədən çox azdır. Manatın sabitliyi və aşağı inflyasiya böhran ilində əhalinin real gəlirlərinin artım tempinin təxminən 6 faiz səviyyəsində saxlanmasını təmin etdi. Həm də iqtisadiyyatın rəqabət qabiliyyətinə də müsbət təsir göstərdi. Milli istehsalçıların orta çəkili qiymətləri ticarət tərəfdaşı ölkələrindəki qiymətlərdən təxminən 6 faiz aşağı düşdü.
Daxili və xarici maliyyə mənbələrinin azalması şəraitində əsas vəzifələrdən biri iqtisadiyyatın pula olan tələbatının ödənilməsi idi. Bunun üçün Mərkəzi Bankın pul siyasəti ciddi şəkildə yumşaldıldı, uçot dərəcəsi 15 faizdən 2 faizədək azaldıldı. Bütünlükdə 2009-cu il ərzində Mərkəzi Bankın xalis emissiyası 1,8 milyard manat təşkil etdi və yaxud ümumi daxili məhsulun 5 faizinə bərabər oldu. Bütövlükdə manat üzrə kreditlər iqtisadiyyatda 3 faiz həcmində aşağı düşdü. Mərkəzi Bank sistem əhəmiyyətli müəssisələrə - Azərbaycan Dövlət Neft Şirkəti və “Azəralüminium” Səhmdar Cəmiyyətinə zəruri yardım göstərdi. Bu yardım onların xarici borclarının restrukturizasiyasına və maliyyə vəziyyətinin stabilləşməsinə imkan verdi.
E.Rüstəmov iclasda həmçinin demişdir ki, dünya maliyyə böhranının dərinləşdiyi şəraitdə bank sistemi də, təbii ki, bir sıra təhlükəli xarici risklərə məruz qaldı. Bu risklərin reallaşması maliyyə sabitliyinin ciddi pozulmasına gətirib çıxara bilərdi. Təkcə onu demək kifayətdir ki, böhrandan qabaqkı iqtisadi yüksəliş dövründə bankların toplam aktivləri 13 milyard dollar səviyyəsinə çatmışdı. Biz böhrandan öncə bir sıra qabaqlayıcı tədbirlər görmüşdük. Bundan ən başlıcası, bankların xarici borclarının məhdudlaşdırılması oldu. Bir çox ölkələr, bir sıra qonşu ölkələr bunu vaxtında edə bilmədilər. Onların xarici borclarının səviyyəsi təxminən ümumi daxili məhsulun 50-100 faizi səviyyəsinə gəlib çatmışdı. Böhran dövründə bu pullar - buna “qızmış pullar” deyirlər - təcili olaraq geri çağırıldı. Bu gün də bu dövlətlər nəinki öz maliyyə sektorunu, hətta özlərinin, bütövlükdə makroiqtisadi situasiyasında vəziyyəti normallaşdıra bilməmişlər. Bizdə isə bu borclar təxminən milli məhsulun 5 faizi səviyyəsində dayandırıldı. Biz buna əlavə vergi tətbiq etdik və bunun nəticəsində bu pullar bahalaşdı və dayandı.
Elman Rüstəmov eyni zamanda 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunmasının, əhalinin məşğulluğunun təmin edilməsinin vacibliyini vurğulayaraq bildirmişdir: -Bütövlükdə, 2009-cu ilin nəticələrinə görə, Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcmi üzrə əsaslı olaraq orta gəlirli ölkələr qrupuna daxil olubdur. Böhran ilinin nəticələrinə görə, bildiyiniz kimi, bir çox dövlətlər gerilədi və biz isə vəziyyətimizi əhəmiyyətli yaxşılaşdırmışıq. Son 3 ildə Azərbaycan adambaşına düşən milli məhsulun həcminə görə öz vəziyyətini dünya üzrə 32 pillə yaxşılaşdırmışdır. Bu, olduqca yüksək iqtisadi inkişaf sürətidir.
İclasda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da 2009-cu ildə Azərbaycanda iqtisadiyyatın bu sahəsində əsaslı irəliləyişə nail olunğunu göstərmişdir. Son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan gəlirlərin orta illik artım tempi 32-35 faiz, yola saldığımız 2009-cu böhran ilində isə bu artım 13,7 faiz təşkil etmişdir. Müqayisə üçün bildirim ki, bu artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki artım tempini 2 dəfə qabaqlamışdır.
Hesabat dövründə İKT-nin təhsildə tətbiqi və məktəblərin sürətli internetə qoşulmasında, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsində, gömrük və miqrasiya xidmətlərində, səhiyyə, pensiya, ədliyyə, ictimai asayişin mühafizəsi, nəqliyyat, tələbə qəbulu prosesinin avtomatlaşdırılması, seçki və digər sahələrdə, ümumiyyətlə, cəmiyyətin hərtərəfli informasiyalaşdırılmasında xüsusi aktivlik müşahidə olunmuşdur. Ölkənin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi elektron xidmətlərin həcmi elə bir səviyyəyə çatmışdır ki, onların vahid elektron hökumət portalında birləşdirilməsinə zərurət yaranmışdır.
“Elektron idarəçilik” layihəsinin tətbiqinin genişlənməsi, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin yaradılması da bu məqsədə xidmət edir. Hesabat ilində elektron imzanın tətbiqi məqsədi ilə Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması işləri demək olar ki, başa çatmışdır və bu ildən etibarən elektron imza ilə bağlı İD kartların dövlət hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə paylanmasına başlanılacaqdır. İclasda yuxarıda göstərilənlərlə yanaşı, ölkəmizdə kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində həyata keçirilmiş tədbirlərdən, eyni zamanda aparılan məqsədyönlü tədbirlər hesabına respublikamızda beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin reallaşmasından, sosial proqramların davamlı icrasının təmin edilməsindən ətraflı danışılmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 21 yanvar.- S. 3.