Azərbaycanın Rusiyadakı səfirliyində Qara Yanvar qurbanlarının nurlu xatirəsi yad edilmişdir

 

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin 20-ci ildönümü ilə əlaqədar matəm mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə səfirliyin binasında açılmış üstündə Qara Yanvar qurbanlarının adları yazılan xatirə lövhəsinin, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirliyin binasındakı barelyefi önünə əklillər və güllər qoymuşlar.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimi açaraq 20 Yanvar hadisələri haqqında qısa məlumat vermişdir. Səfir bildirmişdir ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir. Bu cür hadisələrin heç bir xalqın, heç bir ölkənin tarixində təkrar olunmamasından ötrü bu faciə təkcə siyasətçilər üçün deyil, həm də gələcək nəsillər üçün ibrət dərsi olmalıdır. Səfir vurğulamışdır ki, ölkə rəhbərliyi hər il dövlət səviyyəsində qeyd olunan bu hadisəyə böyük əhəmiyyət verir. 20 il əvvəl Bakıda baş verən hadisələr insanların şüurunda çevriliş etmişdir. Çünki hələ 1980-ci illərin sonlarında heç kim SSRİ kimi böyük nüvə imperiyasının dağılacağını ağlına gətirmirdi və bu, tarixin dönüş nöqtəsi oldu. Polad Bülbüloğlu demişdir: “O vaxtkı sovet hökumətinin ağlına Bakıya qoşun göndərməkdən başqa heç nə gəlmədi”. Diplomat Bakıda sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, tankların içərisində adamlar olan avtomobilləri əzib keçməsindən, təcili yardım maşınlarını, binaları, yoldan keçənləri gülləbaran etməsindən danışmışdır. Diplomat əlavə etmişdir ki, tarixində acı səhifələrin olmasına baxmayaraq, Azərbaycanda azğın millətçilik təzahürləri heç zaman olmamışdır və respublikamız həmişə hər cəhətdən tolerantlığı ilə fərqlənmişdir. Məhz bu baxımdan, Azərbaycana qarşı qəddar və ədalətsiz münasibət etiraz dalğası doğurmaya bilməzdi. Ölkəmiz və xalqımız 20 il əvvəl baş vermiş hadisələri Rusiyanın indiki rəhbərliyi və çoxəsrlik mehriban dostluq və qonşuluq münasibətləri olan rus xalqı ilə əlaqələndirmir.

Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və bu hadisələrə qiymət verilməsində xüsusi rolundan danışmışdır. O demişdir: “Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də güclü repressiya maşınına malik sovet rejimi hakimiyyətdə olmasına baxmayaraq, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, siyasi bəyanatla çıxış etmiş, yanvarın 20-də Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pisləmişdir”.

Moskvada Qanlı Yanvar hadisələrinə qarşı etiraz yürüşünün təşkilatçılarından və iştirakçılarından biri, “Ocaq” mədəniyyət cəmiyyətinin sədri, professor Tofiq Məlikli Rusiya Prokurorluğundakı 96 cildlik cinayət işinin 20 Yanvar hadisələrinin obyektiv surətdə araşdırılması və bu qanlı aksiyanın təqsirkarlarının cəzalandırılması üçün hələ də Azərbaycana verilməməsindən təəccübünü ifadə etmişdir. O vurğulamışdır ki, Heydər Əliyevin yanvarın 21-də daimi nümayəndəliyə gəlməsi və siyasi bəyanatla çıxış etməsi azərbaycanlıların birləşməsi üçün böyük mənəvi əhəmiyyət kəsb etmişdir. Ulu öndərin xalqına bu dəstəyi tarixin bu dönüş anında çox böyük prinsipial əhəmiyyətə malik idi.

Rusiya jurnalisti, Bakı hadisələrinin şahidi, “Literaturnaya qazeta”da çox böyük çətinliklə dərc edilmiş “Ümidlər baharı” məqaləsinin müəllifi Lyudmila Lavrova bildirmişdir ki, bütün bu faciələrdən sonra qəzəb, qisas, nifrət barədə düşünməyən, bu acılara sinə gərən xalq, həqiqətən, böyük xalqdır və Azərbaycanın böyük gələcəyi vardır.

“Sülh əleyhinə cinayətlərə, hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyəti” kitabının müəllifi, hüquq elmləri doktoru, professor Gennadi Melkov bildirmişdir ki, bu yaxınlarda Moskvada işıq üzü görmüş kitabın çox hissəsi Bakıda və Vilnüsdə baş vermiş hadisələrə həsr olunmuşdur. Bakıda dinc əhaliyə qarşı cəza aksiyasına görə məsuliyyəti bilavasitə sovet rəhbərliyi daşıyır. G.Melkov demişdir: “Qorbaçov Fondun kreslosunda deyil, həbsxanada oturmalıdır və bunun üçün yetərincə sübut vardır”.

Tədbirdə Azərbaycan və Rusiya ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Moskva ali məktəblərinin tələbələri, ziyalılar iştirak etmişlər.

Sonda 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Səfirlikdə ehsan süfrəsi açılmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Xalq qəzeti.- 2010.- 21 yanvar.- S. 4.