Təqvim yada salır
Jurnalistikamızın səlahiyyətli
nümayəndəsi
Onunla hər dəfə üz-üzə gələndə,
görüşəndə rəhmətlik İsrafil Nəzərov
yadıma düşür. Aralarında xeyli yaş fərqi
olmasına və müxtəlif vaxtlarda yaşamalarına
baxmayaraq, xasiyyətləri, əməlləri bir-birinə necə
də oxşayır, ümumi arzu və istəkləri
onları mənən birləşdirir, başqalarına
örnək edir.
Azərbaycanda qəzetçilik peşəsinin tarixi 135 ilə çatsa da, bu sahədə ad çıxaran, zəhməti ilə ucalıb, el məhəbbəti qazanan fədailəri barmaqla göstərmək olar. Ötən əsrin 50-60-cı illərində milli jurnalistikamızın inkişafına xüsusi səy göstərən İsrafil Nəzərov da zəhmətkeş, çətinliklərə sinə gərən, insanlara qarşı diqqətçiliyi, qayğıkeşliyi ilə seçilən adam olub. O da Vasif kimi fiziki cəhətdən cüssəli deyildi. Lakin iti yerişi, zirəkliyi, məntiqli, səlis danışığı ilə fərqlənirdi.
Qarşımda on il bundan əvvəl nəfis şəkildə çap olunmuş bir kitab var. Vasifin 50 illik ömrünə işıq salan bu kitabda kimlərin imzasına rast gəlmirsən... Xalqımızın nurlu simaları, hörmətli ziyalıları, sayılıb-seçilən elm, incəsənət, ədəbiyyat xadimləri onun haqqında nə qədər dəyərli fikirlər söyləyiblər. Akademiklərdən Cəlal Əliyev, Azad Mirzəcanzadə, Ziyad Səmədzadə, yazıçı və şairlərdən Bəxtiyar Vahabzadə, Anar, Cəmil Əlibəyov, Əfqan, İlyas Tapdıq, Sabir Rüstəmxanlı, Əlibala Hacızadə, Eyvaz Borçalı, Səyavuş Məmmədzadə, Şahmar Əkbərzadə, Firuz Mustafa, Ayaz Arabaçı, Nahid Hacızadə, görkəmli jurnalistlərdən Hacı Hacıyev, Azad Şərifov, Şamil Şahməmmədov, Mais Məmmədov, Elmira Axundova və başqaları Vasif Səmədovu həm zəngin bir insan, həm də qabil bir jurnalist kimi səciyyələndirirlər.
İmzaların əhatə dairəsi genişdir. Biz burada Bakı Musiqi Akademiysının rektoru, professor Fərhad Bədəlbəyli, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, kafedra müdirləri Cahangir Məmmədli, Mahmud Mahmudov, Mədəniyyət və İncəsənət Universitetinin professoru İlham Rəhimli və neçə-neçə başqa tanınmış şəxsiyyətlərin imzalarını, səmimi fikir və duyğularını görürük. İmzaların coğrafiyası Azərbaycandan çox-çox uzaqlara gedib çıxır. Xüsusilə Rusiyada, Almaniyada, Türkiyədə və başqa ölkələrdə Vasifin jurnalist dostları və başqa peşə sahibləri onu heç də bizdən az dəyərləndirmirlər.
Bu gün 60 yaşı tamam olan Vasif Səmədov sənət və mübarizə yollarında daha da kamilləşib, dostlarının, tanışlarının sayı qat-qat çoxalıb. Onların sırasında “Xalq qəzeti”nin əməkdaşları da var. Vaxtilə “Kommunist” adı altında çıxan bu qəzetdə çalışaraq püxtələşən Vasif müəllim respublikamız müstəqillik əldə etdikdən sonra Rusiya Federasiyasında nəşr olunan “İzvestiya”, “Literaturnaya qazeta”, “Oqonyok” kimi nüfuzlu mətbuat orqanlarında Azərbaycanı layiqincə təmsil etmişdir.
İndiki mürəkkəb şəraitdə başqa ölkənin aparıcı mətbuat orqanında Azərbaycanın maraqlarını qorumaq, xalqımızın inkişaf yolunu dünya ictimaiyyətinə çatdırmaq asan məsələ deyil. Bu işdə peşəkarlıq, cəsarət əsas rol oynayır. Vasif Səmədovun peşəkarlığına, cəsarətinə və ötkəmliyinə isə biz çoxdan bələdik. Keçən əsrin 80-ci illərinin sonunda “Kommunist” qəzetinin redaktoru işləmiş Cəmil Əlibəyov Vasifi “Hüma quşu”na bənzədib. Hüma quşu xoşbəxtlik, bəxtiyarlıq, xeyirxahlıq bəxş edən bir canlıdır. Ancaq onun özünə xoşbəxt demək olmaz. Rəvayətlərdə söylənilir ki, bu quşun bir yerə qonub, nəfəsini dərməsi üçün ayaqları da yoxdur. O, gecə-gündüz uçur, yaxşı adamları arayıb-axtarır, öz kölgəsini onların üstünə salır. Bununla da həmin adamlar var-dövlət sahibi olur, yüksək rütbə-vəzifə qazanır, şan-şöhrətə qovuşurlar.
Həmkarımız Vasif Səmədov da belə xoşbəxtlərdəndir. O, xoşbəxtliyini sevib-seçdiyi qəzetçilikdə tapıb. Halbuki uşaqlıqda həkim olmaq arzusu ilə yaşayıb. Gənc yaşlarından dərk edib ki, Azərbaycanda qəzetçilik peşəsinin baniləri – Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyov, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə və başqaları heç vaxt var-dövlət sahibi olmayıblar. Ancaq onları xalq zəngin insanlar kimi öz tarixinə salıb. Vasif də həmin şəxsiyyətlərin həyatını özünə amal seçib. İstedadlı qələm sahibi kimi yolunu azmış necələrini yazıları ilə haqqa-ədalətə çağırıb, bəzi adamların üstünə çilənmiş ləkələri qələminin sehirli ucu ilə təmizləyib. O, bir çox şöhrətli azərbaycanlını keçmiş sovet məkanının uzaq-uzaq yerlərində taparaq üzə çıxarıb, doğma Vətənində tanıtdırıb.
Bir vaxtlar Dnepropetrovsk vilayətində komsomol işində çalışarkən yaratdığı Ukrayna – Azərbaycan Cəmiyyətinə daxil olanlara, uzaq ellərdə “neyləyim-necə eləyim” sualı qarşısında aciz qalanlara ağıllı məsləhətçi, yardımçı olmuş, onlara şəxsi dözüm, kömək nümunəsi göstərmişdir. Vasifin həmin illərdə qazandığı dostlar sonralar onun özünün inkişaf edib yüksəlməsində müəyyən rol oynamışlar. Bir vaxtlar Kremlin komendantı işləmiş generalla dostluq etmək azərbaycanlılardan Vasif Səmədova nəsib olmuşdur. Onun dostlarının səsi beynəlxalq təşkilatlardan gəlir, parlament iclaslarında eşidilir, hökumət dairələrində dinlənilir.
Bütün bunları sadalamaqda məqsədimiz Vasif Səmədovun qaynar həyat adamı olduğunu göstərməkdir. Belə narahat həyat onun dönməzliyindən, dözümlüyündən xəbər verir. Vasif hələ redaksiyamızda işləyəndə Moskva mətbuat ilə əlaqə saxlayırdı. Buna görə də onun “İsvestiya” qəzetinə dəvət olunması heç kəsi təəccübləndirmədi. Fəxrlə qeyd edilməlidir ki, Vasif Səmədov bütün dünyada məşhur olan “Oqonyok” jurnalının ilk azərbaycanlı müxbiri olub. Özü də həmin müxbir Azərbaycanın cənub əyaləti sayılan Masallı rayonunda çoxuşaqlı ailədə boya-başa çatmışdır.
Onun haqqında yazmaq bir o qədər də çətin deyil. Çünki həyatı maraqlı, ibrətamiz faktlarla zəngindir. Ancaq bir insani keyfiyyətini xüsusi vurğulamaq vacibdir. Vasif son dərəcə sadə, təvazökar yoldaşdır, kövrək, həssas qəlbə malikdir. Buna görə də dostlarının sayını bilən yoxdur. Onun özü ömrü boyu ətrafdakılara dost gözü ilə baxıb. Bu isə hər adama xas olan keyfiyyət deyil. Vasif insan sərrafıdır, yaxşını pisdən seçməyi bacarır. Başqalarının dərdinə-sərinə şərik olmağa çalışır, gərəkli olmaqdan xüsusi zövq alır.
Onun həssas qəlbinə 1990-cı ilin 20 Yanvarında sağalmaz yara vurulmuşdu. Ad günü ərəfəsində vaxtilə fəxrlə qulluq etdiyi Sovet Ordusunun birləşmiş hissələri namərdcəsinə Bakıya hücum edib günahsız insanları – qocaları, gəncləri, qadınları, uşaqları, müxtəlif millətlərin nümayəndələrini vəhşiliklə qətlə yetirəndə hamı kimi Vasif də son dərəcə sarsıntı keçirdi. Paytaxtda fövqəladə vəziyyət elan olunmuşdu. O, ürəyindən keçənləri izah etmək üçün imkan olmadığına görə fikirlərini “Krasnaya zvezda” qəzetində SSRİ Müdafiə Nazirinin müavini, donanma admiralı, Sovet İttifaqı Qəhrəmanı Vladimir Nikolayeviç Çernyavinlə dərc etdirdiyi müsahibədə bildirmişdi. Bu, o zaman üçün böyük hünər idi. Bundan bir az sonra məşhur rus jurnalisti Valeri Vıjutoviçlə “İzvestiya”da dərc etdirdiyi “Müdaxilə” silsilə məqalələri və rus dilində o vaxt çıxan eyni adlı kitab Sovet rəhbərliyinə bir ittiham kimi səslənmişdi.
Vasifin həyatında belə hadisələr çoxdur. Onlardan birini də xatırlatmaq yerinə düşər. Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurası “Dünyanın 1000 nüfuzlu şəxsi” adlı yeni biblioqafik sorğu kitabı hazırlayırdı. Həmin cildə XX əsrdə cəmiyyətin tərəqqisində, habelə öz sənəti sahəsində yüksək nailiyyətlər qazanmış şəxslərin adları daxil ediləndə bu mötəbər kitabda jurnalistika üzrə Azərbaycanı Vasif Səmədov təmsil etmişdi.
Vasif Səmədov hər yerdə azərbaycanlı olması ilə fəxr edir və bundan böyük bir sevinc duyur. Bu, onu tanıyanların, hətta Vasiflə bircə dəfə görüşüb, kəlmə kəsən xarici ölkə jurnalistlərinin də diqqətindən yayınmayıb. Almaniya televiziyasının rejissoru Ştefan Fişer yazır ki, Vasiflə birgə fəaliyyətimizin ilk vaxtlarında o mənə dedi: Bura bax, Ştefan, mən öz ölkəm haqqında, burada baş verən hadisələr barədə çox şey bilirəm. Çoxunu danışacaq, hamısını da göstərəcəyəm. Amma məndə elə məlumatlar da var ki, onları sənə heç zaman verməyəcəyəm. Məhz həmin andan hiss etdim ki, Bakıda mənə nəinki yaxşı bələdçi, həm də əsl dost kömək edəcəkdir.
– Başqa cür ola da bilməz – deyə Vasif Səmədov dillənir – xarici ölkə mətbuatı ilə əməkdaşlıq edən hər kəs, ilk növbədə, övladı olduğu Vətənin təəssübünü çəkməlidir. Başqalarını deyə bilmərəm, şəxsən mən bu əqidəyə ümummilli liderimiz dahi Heydər Əliyevlə on il ərzində keçirdiyim xarici səfərlərdən sonra yiyələnmişəm. Həmin illər həyatımın ən yaddaqalan, unudulmaz illəridir. Vətəni sevmək, onun maraqlarını hər yerdə, ən gərgin anlarda belə heç nədən çəkinmədən cəsarətlə qorumaqda Heydər Əliyev zirvədir. İndi onun siyasi kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevlə təmasda olmaq, əlaqəli işləmək adama qol-qanad verir. Əminəm ki, belə ölkə başçıçı ilə Azərbaycan xoş gələcəyə qovuşacaq, bütün maneələr aradan qaldırılacaq, Vətənimizin ərazi bütövlüyü təmin olunacaqdır.
“Rossiya” qəzetinin şöbə redaktoru Aleksandr Sıqanov öz həmkarına arzularını orijinal bir üslubda çatdırır: “Dost! Təəssüflər olsun ki, belə peşə yoxdur. Əks-təqdirdə, bu peşədə Vasif çoxlarından fərqlənərdi. Təəssüf ki, belə bir hərbi peşə də yoxdur, əgər olsaydı onda bu gün biz Vasif kimi marşala malik olardıq. Heyf ki, belə bir elm də yoxdur. Olsaydı, onda Nobel komitəsi hər il onu mükafata layiq görərdi”.
Vasif Səmədov az danışıb, çox iş görən adamdır. Elədiklərini dilə gətirməyi sevmir. İman sahibidir. Çalışır ki, heç vaxt, heç kimin qəlbinə toxunmasın. İmkanı daxilində hamıya əl tutur. Böyük bacıçı Adilə xanım Hüseynova ürəyindən keçənləri dilə gətirərək deyir:
– O, mənə həm anadır, həm də ata... Ailədə səkkiz uşaq olmuşuq. Vasif bizim hamımızın yol göstərənidir. Qardaş kimi əvəzi yoxdur. Qohum-əqrəbaya arxa durandır. Xeyir-şərimizdə sinəsini qabağa verəndir. Uşaqlarımızı da, heç vaxt balalarından seçməyib. Öz övladlarını necə sevibsə, onları da elə istəyib. Bircə gün telefon zəngini eşitməyəndə, səsi qulağımıza dəyməyəndə darıxırıq.
Vasif vətənpərvərlik mövzusunda da çox dəyərli kitablar yazıb. Oxucular arasında geniş yayılmış bu kitablarda müstəqilliyimiz yolunda canından, qanından keçən oğul və qızlarımızın qəhrəmanlığı, Vətənə sonsuz sevgiləri ustalıqla qələmə alınmışdır. “Müdaxilə”, “Təki Vətən yaşasın...”, “Vətən üçün lazım gəlsə...” “Bakıdan olan neft karolu” kitabları onun ürəyinin qanı ilə yazılıb. Ədəbiyyat və jurnalistika sahəsində əldə etdiyi nailiyyətlərdə Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev və Nurəddin Babayev kimi ustad sənətkarların, Vəli Məmmədov kimi siyasi xadimin xüsusi rolu olub. Bu nurlu insanlar Vasifin həyat yoluna işıq saçıblar, ona istiqamət veriblər.
– Ailəsinin qayğısını çəkməyən elinin-obasının, Vətəninin qədrini bilməz – deyə Vasif Səmədov yubiley təbriklərimizə özünə məxsus cavab verir. – Şükürlər olsun ki, üç oğlum da cəmiyyətdə layiqli yer tutub. İndi həyatımın mənasına çevrilən iki nəvəmlə nəfəs alıram. Baba olmaq səadəti nə qədər xoşdursa, ağsaqqallıq missiyası bir o qədər ağırdır. Allahın köməkliyi ilə bu məsuliyyətli işlərin də öhdəsindən layiqincə gələcəyik.
Dostumuzu və həmkarımızı bir vaxtlar çalışdığı kollektiv adından təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2010.- 22 yanvar.- S. 6.