Ömrün yetmişinci zirvəsi
Azərbaycan Tibb Universitetinin insan
anatomiyası kafedrasının müdiri, Avropa Təbiət
Elmləri Akademiyasının və Rusiya Federasiyası Tibb
Elmləri Akademiyasının akademiki, Beynəlxalq Morfoloqlar
Assosiasiyası Koordinasiya Şurasının, Beynəlxalq
Patoloqlar Assosiasiyası İdarə Heyətinin üzvü,
tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskinin
anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 ili
tamam olur.
Vaqif müəlim tibb
kadrlarının hazırlanmasında və anatomiya elminin
inkişafındakı xidmətlərinə görə
Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının Yüksək Yönetim Kurulunun qərarı
ilə bu qurumun akademiki seçilmiş və qızıl
medalına layiq görülmüşdür. Yüksək
Yönetim Kurulu başkanı professor, doktor Ata Atun və doktor
Məlahət Ecevit tərəfindən imzalanmış
müvafiq diplom, qızıl medal və üzərində
Türkiyə Cumhuriyyəti bayrağı əks olunmuş
mantiya alimə təqdim edilmişdir. Bundan əlavə, o, son
illərdə Avropa Təbiət Elmləri Akademiyasının
həqiqi üzvü seçilmiş, tibb elmi sahəsindəki
böyük xidmətlərinə görə Beynəlxalq Təltiflər
İttifaqının qərarı ilə I dərəcəli
“Hippokrat ordeni” ilə təltif edilmişdir. Moskvada
keçirilən nəfis tərtibatlı kitab çapı
müsabiqəsində “Oskar” nəşriyyat-poliqrafiya müəssisəsi
tərəfindən onun həmmüəlif olduğu ”Anatomik
teatr" kitabı bədii-illüstrativ nəşrin yüksək
poliqrafiya səviyyəsinə görə diploma layiq
görülmüşdür.
Professor V. Şadlinski
ona verilən bütün təltif və mükafatları ulu
öndər Heydər Əliyev və onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
ardıcıl olaraq ölkənin təhsil və səhiyyə
sistemlərinə göstərilən diqqət və
qayğının nəticələrinin təzahürlərindən
olduğunu qeyd edir və onları Azərbaycanda elmi
anatomiyanın banisi Kamil Balakişiyev elmi məktəbinə,
tibb elminə, tibb təhsili sisteminə, bütövlükdə
ölkə səhiyyəsinə verilən yüksək qiymət
kimi dəyərləndirir.
Vaqif Şadlinski
1940-cı il yanvar ayının 24-də Qərbi Azərbaycanın
Vedi rayonunda anadan olmuşdur. 1948-1950-ci illərdə
çoxsaylı azərbaycanlı ailələr Stalin-Mikoyan
duetinin hazırladığı mənfur planla erməni
daşnakları tərəfindən dədə-baba
yurdlarından kütləvi deportasiyaya uğradılan zaman
kiçik yaşlı Vaqif də ailə üzvləri ilə
birlikdə bu dəhşətli erməni vandalizminin zərərdidələrindən
olmuş və Azərbaycanın Şəmkir rayonunun Leninkənd
(indiki Çiinarlı) qəsəbəsində məskunlaşmaq
məcburiyyətində qalmışdır. O, 1959-cu ildə
orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət
etmiş, 1963-cü ildə N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutuna qəbul olunmuşdur. Biliyi,
çalışqanlığı, ictimai işlərdə fəallığı
ilə seçilən Vaqif Şadlinski institut rəhbərliyinin
də diqqətindən kənarda qalmayıb. Hələ I kurs
tələbəsi ikən institutun tələbə
yataqxanaları üzrə Tələbə
Şurasının sədri, 1965-ci ildə ATU Tələbə
Həmkarlar İttifaqı Komitəsinin sədri, 1967-ci ildə
institut partiya təşkilatının büro üzvü, eləcə
də tələbələr sırasından Ümumittifaq Həmkarlar
İttifaqı Mərkəzi Komitəsinin Moskvada keçirilən
X qurultayına nümayəndə seçilmiş və orada
çıxış etmişdir.
V.Şadlinski 1968-ci ildə
institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra
terapevtik stomatologiya kafedrasında baş laborant vəzifəsində
saxlanılmış, 1970-ci ildə isə öz arzusu ilə
iş yerini dəyişərək insan anatomiyası
kafedrasında elmi-pedaqoji fəaliyyətə
başlamışdır. Qırx il ərzində bu kafedrada
çalışan Vaqif müəllim baş laborantlıqdan
assistent, baş müəllim, dosent, professor və kafedra
müdiri vəzifələrinə qədər yüksəlmişdir.
Vaqif Şadlinski 1982-ci
ildə Tbilisidə professor G.Ş.Hacıyevin rəhbərliyi
altında yerinə yetirdiyi “İnsanın gözyuvasıaltı
və aşağı alveol sinirlərinin topoqrafiyası və
kötükdaxili quruluşu” mövzusunda namizədlik, 1999-cu
ildə isə yenə də orada akademik M.R.Sapinin məsləhətçiliyi
ilə başa çatdırdığı “Normal və
zobogen təsirlər şəraitində qalxanabənzər vəzin
struktur homeostazı və morfofunksional xüsusiyyətləri”
mövzusu üzrə doktorluq dissertasiyası müdafiə
etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və
professor elmi adına layiq görülmüşdür. Alimin
elmi istiqamətini əsasən periferik sinir sisteminin morfogenezi
və mieloarxitektonikası, eləcə də, insanın
endokrin və ekzokrin vəzilərinin struktur-funksional səciyyəsi,
onların limfoid aparatı ilə qarşılıqlı əlaqələri,
həmçinin bu vəzilərin morfogenezinin
qanunauyğunluqları təşkil edir. Onun rəhbərliyi
altında fəaliyyət göstərən elmi məktəbdə
yerinə yetirilən çoxsaylı elmi-tədqiqat işləri
morfologiyanın aktual problemlərindən sayılan
endokrinologiya və ekzokrinologiya, limfologiya, immunologiya sahələrinin
struktur elementlərinin morfogenezinin, onların funksional
xüsusiyyətlərinin tədqiqinə, əldə olunan nəticələrin
səhiyyə praktikasına tətbiqinə həsr
edilmişdir. Alimin apardığı tədqiqat işlərinin
nəticələrini əks etdirən elmi məqalələr,
monoqrafiya və kitablar Azərbaycanın və xarici ölkələrin
toplularında nəşr edilmişdir. Dünyanın bir
sıra alimləri Azərbaycan aliminin əsərlərinə
çoxsaylı istinadlar edir, onun tədqiqatlarının nəticələrini
yüksək qiymətləndirirlər.
Professor V. Şadlinski həm
Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə
prorektoru (1996-2001-ci illər), həm də 1995-ci ildən indiyə
qədər insan anatomiyası kafedrasının müdiri vəzifələrində
çalışdığı dövrdə ATU rəhbərliyinin
ardıcıl olaraq apardığı islahatlarda yaxından
iştirak etmiş, tibbi təhsilin, o cümlədən insan
anatomiyası fənninin tədrisinin təkmilləşdirilməsində
yüksək nəticələr qazanmışdır. Hazırda
o, tibbi təhsilin tədrisi sahəsində beynəlxalq kredit
sisteminin tətbiqinin fəal iştirakçılarından
biri kimi genişmiqyaslı tədris-metodik işləri
ardıcıllıqla yerinə yetirir. Vaqif müəllim bu sahədə
əldə etdiyi nailiyyətlərə görə dəfələrlə
Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq
görülüb. Onun təşəbbüsü və
müstəsna təşkilatçılıq qabiliyyəti
sayəsində insan anatomiyası kafedrasının dünyada
tanınan tədris muzeyi yenidən qurulmuş, tarixi ənənələr
saxlanılmaqla yeni şöbələr yaradılmış,
sahəsi genişləndirilmiş, qiymətli eksponatlar və
anatomik preparatlarla zənginləşdirilmişdir.
Vaqif müəllim şəxsi nümunəsi ilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin və tələbələrinin böyük rəğbətini qazanmışdır. O, həm də ölkəmizdə vətənpərvər və xeyriyyəçi bir ziyalı kimi tanınır. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan alim istedadlı gənclərin kafedraya cəlb olunması yolunda təqdirəlayiq xidmətlər göstərir. Onun təşəbbüsü ilə kafedrada bir neçə dəfə, o cümlədən əməkdar elm xadimi, professor Kamil Balakişiyevin 90 və 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq elmi-praktik konfranslar keçirilmiş, dünya alimlərinin nəzər-diqqəti Azərbaycanda morfoloji elmlərin inkişafına və tərəqqisinə, eləcə də bu sahədə əldə edilən elmi və pedaqoji nailiyyətlərə cəlb edilmişdir. V.Şadlinskinin səyi nəticəsində ATU-nun insan anatomiyası kafedrasının beynəlxalq əlaqələri rəsmi sənədlər əsasında da daim genişləndirilir. Belə ki, 1997-ci ildə ATU-nun insan anatomiyası kafedrası ilə A.N.Natişvili adına Tbilisi Eksperimental Morfologiya İnstitutu (direktor – akademik N.A.Cavaxişvili), 2000-ci ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının insan anatomiyası kafedrası ( kafedra müdiri – akademik M.R.Sapin) arasında, həmçinin müxtəlif illərdə Türkiyədəki bir sıra universitetlərin tibb fakültələrinin morfologiya və Ukrayna Tibb Universitetinin insan anatomiyası kafedraları arasında elmi araşdırmalar və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq üçün uzunmüddətli müqavilələr imzalanmış, bir neçə vacib layihələr həyata keçirilmişdir.
Professor V. Şadlinski 350-dən artıq elmi məqalənin, o cümlədən 12 monoqrafiya, 21 dərslik və dərs vəsaitinin, 22 metodik tövsiyənin, 2 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında və bilavasitə məsləhətçiliyi ilə 12 namizədlik, 6 doktorluq dissertasiyası müdafiə edilmiş 3 nəfərin namizədlik dissertasiyası işi hazırlanır. Alimin həmmüəllif olduğu və Türkiyənin İzmir şəhərində çapdan çıxmış “İnsan anatomiyası atlası” Azərbaycan, latın və rus dillərində yazılmış ilk orijinal atlasdır. “Həzm və tənəffüs sistemlərinin kiçik vəziləri” adlı monoqrafiyası Moskvada çap olunub. Onun tərtib etdiyi “Anatomik terminologiya” (2009) kitabı morfologiya sahəsində son illərin ən dəyərli nəşrlərindəndir.
Professor V. Şadlinski müxtəlif illərdə ölkəmizdə, eləcə də ABŞ, Türkiyə, Almaniya, İsrail, İran, İspaniya, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Gürcüstan, Özbəkistan, Cənubi Afrika Respublikasında və digər ölkələrdə keçirilən elmi konfranslarda, konqres, simpozium və qurultaylarda elmi məruzələrlə çıxış etmiş və həmin ölkələrin elmi məcmuələrində məqalələr dərc etdirmişdir. O, Bakıda çap olunan “Sağlamlıq”, Sankt-Peterburqda nəşr olunan “Morfologiya”, Tbilisidə çap olunan “Kliniki-eksperimental təbabət” jurnallarının redaksiya şuralarının üzvüdür. Alim, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tibb elmləri üzrə problem şurasının, ATU-nun və I müalicə-profilaktika fakültəsinin elmi şuralarının, tibbi-bioloji fənlər üzrə problem komissiyasının üzvü, Respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, Ziyalı Universitetinin fəxri doktoru, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, ATU-nun N03.013 şifrli dissertasiya şurası sədrinin müavinidir.
Professor V.Şadlinski elmi-pedaqoji və təlim-tərbiyə sahələrində, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında, habelə ictimai fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına, həmçinin “Akademik Y.Məmmədəliyev adına”, “H.Z.Tağıyev adına” mukafatlara, “Mir Mövsüm Ağa mükafatı”na, “Qızıl qələm” mükafatına, “SSRİ-nin səhiyyə əlaçısı” döş nişanına, YUNESKO nəzdindəki Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru alimlik dərəcəsinə və qızıl medalına və s. təltiflərə layiq görülmüşdür.
Azərbaycan tarixinə dəyərli övladlar bəxş etmiş qədim Oğuz yurdu Vedibasarda xeyirxahlığı, halallığı, hünərvərliyi ilə məşhur olan Şadlinskilər nəslinin layiqli davamçısı Vaqif müəllim həm də gözəl ailə başçısıdır. Böyütdüyü 4 övladının hər biri ali tibb təhsili alıb. Onların hərtərəfli biliyə, geniş dünyagörüşünə malik mütəxəssislər kimi Vətənə, xalqa bağlı bir ziyalı kimi yetişmələrində valideyinlərinin keçdiyi həyat yolunun təsir qüvvəsinin mühüm əhəmiyyəti olmuşdur.
Professor V.Şadlinski şərəflə yaşadığı 70 illik ömrünün müdriklik çağında işıqlı Azərbaycan ziyalıları yolunun davamçısı olmağından məmnunluq duyur, həm indiki gəncliyə, həm də gələcək nəsillərə örnək ola biləcək “Vətən mənə nə verib?” yox, “Mən Vətənə nə vermişəm?” hikmətinin təsir dairəsindəki məqsədyönlü fəaliyyətini inamla davam etdirir.
Bu günlərdə Avropa Təbiət Elmləri Akademiyası Azərbaycan alimini ad günü münasibətilə təbrik edib və bu münasibətlə onu “Albert Şvayster adına” gümüş medala layiq görüb. Azərbaycan Tibb Universitetinin, eləcə də 40 ildən bəri çalışdığı və bunun 15 ilini rəhbərlik etdiyi insan anatomiyası kafedrasının professor-müəllim heyəti, əməkdaşları və tələbələri Vaqif müəllimi yubiley münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı diləyir, tibb elminin və təhsilinin inkişafı, eləcə də müstəqil ölkəmiz üçün yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda yeni-yeni uğurlar arzulayırlar.
Mübariz ALLAHVERDİYEV,
ATU-nun mətbuat xidmətinin rəhbəri,
tibb elmləri doktoru
Xalq qəzeti.- 2010.- 22 yanvar.- S. 6.