Bakı Şəhər Baş Polis İdarəsində 2009-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir

 

Yanvarın 21-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2009-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

 

Daxili işlər naziri R.Usubov tədbiri açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin daxili işlər orqanları qarşısında qoyduğu vəzifələrin 2009-cu ildə də yüksək səviyyədə həyata keçirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, respublikamızın paytaxtı Bakı nəinki bütün MDB məkanında, hətta Avropada ən sabit, təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu şəhərlərdən biridir. İctimai asayişin etibarlı qorunmasında Bakı Polis Qarnizonunun da böyük xidməti vardır.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə paytaxtda cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların və təhlükəsizliyin təmin olunması, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.

Qeyd edilmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsi ölkənin qanunvericilik aktlarından, Azərbaycan Prezidentinin fərman və sərəncamlarından, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirləri davam etdirmiş, paytaxtda kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə Bakı şəhərində 10 min 781 cinayət qeydə alınmışdır. Onların 85,9 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 14,1 faizi isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qabaqlayıcı profilaktik tədbirlərin düzgün təşkili və həyata keçirilməsi sayəsində 2008-ci illə müqayisədə qəsdən adam öldürmələrin sayı 11,9 faiz, soyğunçuluq hadisələrinin sayı 5,2 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 11,6 faiz, hədə-qorxu ilə tələb etmə 4 dəfə, adam oğurluğu cinayətləri 12,5 faiz azalmışdır.

Qeydə alınmış cinayətlərin açılması 81 faiz təmin olunmuş, 2008-ci illə müqayisədə 982 cinayət çox açılmışdır. Ağır cinayətlərin açılması 5,8 faiz yaxşılaşaraq 79,7 faizə çatmış, qəsdən adam öldürmələrin 84,7 faizi, ölümə sui-qəsdlərin 100 faizi, quldurluqların 86,7 faizi, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 93,4 faizinin üstü açılmışdır. Ötən il ərzində 90 quldurluq və 47 soyğunçuluq törətmiş 170 nəfərdən ibarət 44 cinayətkar qrup, eləcə də 61 mənzil oğurluğu törətmiş 15 nəfərfdən ibarət 17 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilmişdir.

Məruzəçi daha sonra bildirmişdir ki, paytaxt polisi narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində də mühüm işlər görmüşdür. İl ərzində 15 nəfərdən ibarət transmilli cinayətkar dəstə və 87 qrup aşkar edilərək zərərsizləşdirilmiş, cinayətkarlardan ümumilikdə 195 kiloqram (2008-ci ildə 151 kiloqram) narkotik vasitə götürülmüşdür.

Məruzə ətrafında çıxış edən Bakı şəhər Baş Polis İdarəsinin b+ir sıra xidmət və ərazi polis orqanlarının rəisləri qazanılmış yüksək göstəricilərlə yanaşı, görülmüş işlər barədə də məruzə etmiş, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarını bildirmişlər.

Əməliyyat müşavirəsinə yekun vuran nazir Ramil Usubov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini vermiş, nöqsanların aradan qaldırılması yollarından danışmışdır. Vurğulanmışdır ki, əməkdaşların peşəkarlığının, intellektual səviyyəsinin, rəhbər işçilərin idarəçilik bacarığının artırılması, nizam-intizamın daha da gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin müasir forma və üsullarının mənimsənilməsi üçün lazımi tədbirlər görülməli, bu istiqamətdə işin müasir tələblər səviyyəsində təşkili məqsədi ilə beynəlxalq təcrübədən faydalanmalı, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq üçün müasir axtarış və informasiya texnologiyalarından səmərəli şəkildə istifadə olunmalıdır.

Daxili işlər naziri Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanları, o cümlədən paytaxt polisi cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcək, dövlət başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmin olunması istiqamətində qarşıya qoyduğu bütün tapşırıqları, vəzifələri əzmlə yerinə yetirəcək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində bundan sonra da sayıq dayanacaqdır.

 

 

Xalq qəzeti.- 2010.- 22 yanvar.- S. 5.