Azərbaycanın dünya miqyasında kəsərli söz sahibinə çevrilmək imkanının artdığı göz qabağındadır

 

Müsahibimiz Milli Məclisin deputatı, fəlsəfə doktoru Fazil Mustafadır.

 

- Fazil müəllim, artıq yeni ilin ilk ayını yaşayırıq. Yola saldığımız il Azərbaycan xalqı üçün bir sıra hadisələrlə əlamətdar oldu. Bu ildə ölkəmizin xarici siyasətinin uğurları da yaddaqalan oldu. Bu barədə sizin də fikrinizi bilmək maraqlı olardı.

- Hesab edirəm ki, 2009-cu il bütövlükdə Azərbaycan üçün çox çətin və çevik diplomatiya tələb edən illərdən biri idi. Çünki Dağlıq Qarabağ məsələsi ilə bağlı çox ciddi hərəkətlənmə oldu. Bu da əsasən Türkiyə – Ermənistan sərhədlərinin açılması və diplomatik əlaqələrin qurulması ilə əlaqədar protokolların imzalanması məsələsinin gündəmə gəlməsi ilə başladı. Ötən ilin oktyabrında protokolların imzalanmasına dair aparılan hazırlıq işləri pik nöqtəyə çatdı.Bu məsələdə Azərbaycan tərəfinin atacağı addımlar həlledici əhəmiyyət daşıyırdı. Fikrimcə, Azərbaycan tərəfi ənənəvi xarici siyasət kursuna, xüsusilə balanslı siyasət kursuna sadiq qalmaqla yanlışlığa yol vermədi. Bu, çox ciddi məsələ idi. Çünki ABŞ, Rusiya və Türkiyənin özünün yeniləşən bu siyasi kursunun qarşısında Azərbaycanın siyasi gedişləri, jestləri bu proseslərin ölkəmizin əleyhinə çevrilməsinin qarşısını aldı. Türkiyədə keçirilən tədbirə Azərbaycan Prezidentinin qatılmaması və onun birmənalı olaraq Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistan – Türkiyə münasibətlərinin nizamlanmasının yolverilməz olduğunu bildirməsi çox ciddi bir jest idi. Bunun ardınca da Türkiyə-Ermənistan protokollarına Azərbaycanın sərt münasibəti digər tərəfləri artıq Azərbaycanın mövqeyində bir elastikliyin olmaması düşüncəsinə gətirdi. Bundan sonra Türkiyə öz siyasi kursunda dəyişiklik etmək məcburiyyətində qaldı. Yəni daha çox “Dağlıq Qarabağ məsələsi həll olunmayınca sərhədlər açılmayacaq” – deyə qəti bir formul ortaya qoya bildi. Bu, ölkəmizin xarici siyasətində olduqca önəmli bir addım oldu. Həm də bu proseslərin fonunda Azərbaycan tərəfi göstərə bildi ki, müstəqil siyasət yeritməyə qadirdir. Buna həm ölkəmizin iqtisadi potensialı, həm də bölgədə qonşu dövlətlərlə münasibətlərin doğru tarazlanması imkan verir. Hesab edirəm ki, xarici siyasətdə kifayət qədər ağıllı, düşünülmüş addımlar atılıb. Ən azı qonşu dövlətlərlə bu vaxta qədər hər hansı bir insidentin yaranmasına imkan verilmədi. Biz Gürcüstan nümunəsində bunun şahidi olduq. Ermənistanın müstəqil olmayan siyasət yeritməsi fonunda Azərbaycanın müstəqillik ağası kimi ortaya çıxması vacib idi. Bu baxımdan mən proseslərin 2010-cu ildə ötən ilin bazası əsasında ağıllı və doğru istiqamətdə gedəcəyinə ümid edirəm.

Ötən il həm də ölkəmizin iqtisadi islahatlar prosesinin irəliləməsi baxımından yadda qaldı. Ölkənin iqtisadi və siyasi müstəqilliyinin dünyaya çıxarılması və beynəlxalq aləmdə qəbul olunması olduqca vacib bir faktor idi. Bu, həm ölkənin qətiyyətli xarici siyasət yeritməsinə, həm də dünya ölkələri arasında layiqli yerini tutmasına səbəb olur. İndi Azərbaycanla hesablaşmadan hər hansı bir layihənin bölgədə həyata keçirilməsi çox müşkül məsələyə çevrilib. Əgər diqqət yetirsəniz, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasından sonra hər hansı bir şəkildə bağlanan “NABUKKO” layihəsi və digər layihələrin həyata keçirilməsində Azərbaycansız heç kim heç bir layihəni gerçəkləşdirə bilmir. Hətta müəyyən məsələlərdə Ermənistana dəstək verən İran da Azərbaycanla bağlı mövqeyində daha ehtiyatlı addımlar atmağa başladı. Sual oluna bilər ki, bu nə ilə əlaqədardır? ABŞ-ın Azərbaycan üzərindən İrana yeni bir siyasət hazırlamasının qarşısı məhz ölkəmiz tərəfindən alındı. Təbii ki, İran tərəfi açıq-aydın gördü ki, Azərbaycan Amerikanın vassalı kimi və ya onun istəyinə uyğun hərəkət etmədi. Bu faktı artıq İranın və Rusiyanın anlaması bu ölkələrin də Azərbaycana qarşı münasibətində müəyyən korrektələr etməsinə səbəb oldu. Ümid edirəm ki, Dağlıq Qrabağ məsələsinin həllində də Rusiya məhz Azərbaycanın bu mövqeyini nəzərə alaraq əvvəlki kursunda dəyişiklik eməyə daha isti yanaşacaqdır. Ona görə də mən 2009-cu ilə bütün hallarda Azərbaycan üçün uğurlu bir il kimi baxmağın tərəfdarıyam.

- Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həmişə prioritet məsələ olub. Dövlət başçımızın bu sahədəki siyasəti ötən il dünyanın qüdrətli dövlət başçıları və nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən də dəstəkləndi. Bu, artıq ölkəmizin beynəlxalq aləmdə söz sahibi olmasından xəbər vermirmi?

- Doğrudur, ötən il belə bir hal oldu. Ancaq təəssüf edirəm ki, bu dəstək əməli fəaliyyətdə özünü ifadə etmədi. Bu vaxta qədər BMT-nin, Avropa İttifaqının, ATƏT-in, Avropa Şurasının qəbul etdikləri qərarlarda və digər sənədlərdə Azərbaycanın mövqeyinin haqlı olduğu bildirilir. Bunu əməldə də həyata keçirsəydilər daha yaxşı olardı. ATƏT-in Minsk qrupu bəyan edir ki, Azərbaycanın filan qədər ərazisi işğal olunub, bir milyondan artıq əhalisi qaçqın və məcburi köçkün halında yaşayır, amma qəribədir ki, Ermənistana işğalçı demir. Eyni zamanda, işğalçının zəbt etdiyi torpaqlardan çıxması məsələsi yerinə Azərbaycanın Ermənistana qarşılıqlı güzəştlərə getməsi tələbi ilə çıxış edir. Biz hansı güzəştlərə getməliyik? Torpaqlarımız işğal olunub, üstəlik güzəştə də getməliyik? Azərbaycan Prezidentinin birmənalı şəkildə bildirməsi ki, heç bir halda – nə bu gün, nə 50 il, nə də 100 il sonra da Dağlıq Qarabağ Ermənistanın ərazisi olmayacaq və Azərbaycanın ərazisi olaraq qalacaq – çox yüksək qiymətə layiqdir. Bu,ermənilərin bütün ümidlərini heçə endirdi. Biz çalışmalıyıq ki, dövlətimizin bu sahədəki mövqeyini dəstəkləyən dövlətlər və beynəlxalq qurumlar öz əməllərində də bunu nümayiş etdirsinlər. Azərbaycanın uğurlu xarici siyasətinin vektorları da buna nail olacağımızdan xəbər verir.

- Son illərin hadisələrinə diqqət etsək, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun xeyli artdığının şahidi olarıq. Belə demək mümkünsə, Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Prezident İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında da bunun şahidi olduq.

- Təbii ki, bu, belədir. Azərbaycanın mövqeyi artıq xeyli güclənib. Əgər bir ölkədə iqtisadi layihələrin həyata keçirilməsinə kapital qoyulursa, bu ölkənin etibarlılığının artmasıdır. Digər tərəfdən, bu ölkənin həm də iqtisadi potensialının güclü olması, müdafiə qabiliyyətinin artırılmasına vəsait ayrılması olduqca ciddi məsələdir. Artıq dünyada bununla hesablaşırlar ki, Ermənistanda adambaşına düşən gəlir səviyyəsi ilə Azərbaycandakı gəlir səviyyəsi arasında çox böyük fərq var. Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütöv dövlət büdcəsinə bərabərdisə, Ermənistanda həyat şəraitinə görə insanlar ölkəni tərk edirlərsə və ya Gürcüstanın özünün yaşadığı iqtisadi sıxıntılar fonunda Azərbaycanın ayaqda dura bilməsi, xüsusilə dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir dövrdə heç bir ölkədən dəstək almadan iqtisadi qüdrətini daha da artırması faktdır. Bütün bunlar artıq Azərbaycanın güclənən mövqeyinin bariz ifadəsidir. Hesab edirəm ki, Azərbaycanın xarici siyasəti birinci növbədə ona yönəlməlidir ki, biz yeni təhlükəli macəraların içinə girməməliyik. Mən ümid edirəm ki, biz bu uğurları da əldə edəcəyik. Mən Azərbaycanın əvvəlki Azərbaycan olmadığı düşüncəsindəyəm. Ölkəmizin dünya miqyasında söz sahibinə çevrilmək imkanının artdığı artıq göz qabağındadır.

- Siz dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan söhbət açdınız. Bu böhranın Azərbaycana bir o qədər də ciddi təsir göstərə bilməməsinin səbəbini nədə görürsünüz?

- Ötən il dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan əksər böyük dövlətlər daha çox zərər gördü.

Azərbaycan bu təhlükədən az zərərlə çıxdı və ciddi böhranla qarşılaşmadı. Hesab edirəm ki, bu böhran təhlükəsi hələ də gündəmdə qalmaqdadır. Amma ölkəmizdə iqtisadi islahatların, iqtisadi azadlıqların genişlənməsi hesabına gələcək böhrandan da sığortalanmaq imkanlarımız var. Bu böhran dünyada hələ də yekunlaşmadığından daha bir dalğanın təsiri gözlənilir. Lakin Azərbaycan birinci dalğada, hər halda, prosesə hazır olduğunu sübut etdi. Hesab edirəm ki, düzgün qurulmuş iqtisadi strategiya ölkəni belə böhranlardan xilas edəcək.

- Fazil müəllim, Türkiyə-Ermənistan diplomatik əlaqələri Dağlıq Qarabağ problemi həll olunmadan nizamlanarsa Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı bir xələl gələ bilərmi?

- Türkiyə dərin xarici siyasət ənənələri olan bir dövlətdir. Azərbaycan kimi ən yaxın məsafədə olan qardaş bir dövlətlə münasibətlərinin pozulmasında maraqlı deyil. Bütün hallarda Türkiyə bu məsələyə strateji məsələ kimi yox, taktiki məsələ kimi baxır. Bu da Ermənistanla danışıqlar aparmaq, görüşlər keçirmək və müzakirələr aparmaqdır. Türkiyə bu sahədə ən əsas hədəflərini özü açıqladı. Qardaş ölkənin rəhbərləri ABŞ-da və Rusiyada rəsmi səfərlərdə olarkən birmənalı şəkildə bildirdilər ki, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər sərhədlər açılmayacaq. Onlar bunu dünyaya bəyan etdilər. Bundan sonra Türkiyənin öz məsuliyyətini dərk etməsini hamımız qəbul etməyə başladıq. Hesab edirəm ki, Türkiyə Azərbaycanla razılaşmadan Azərbaycanın maraqları ziddinə hansısa məsafədən addım atmaqdan imtina edəcək. Mən bunu əminliklə deyirəm. Türkiyə üçün Azərbaycanın itirilməsi Ermənistanın qazanılmasından daha fərqli bir məsələdir. Hesab edirəm ki, Azərbaycan tərəfinin bu məsələləri Türkiyəyə güvənərək izləməsinə ehtiyac var. Bu vaxta qədər baş verən proseslər bir daha təsdiqlədi ki, Azərbaycan bu sahədə çox düşünülmüş siyasət yeridir. Düşünürəm ki, bu il də Azərbaycan daha qətiyyətli xarici siyasət kursu yeridəcək. Ümid edək ki, 2010-cu ildə Dağlıq Qarabağ problemi çözülsün, bundan sonra artıq Azərbaycanın problemi hansısa işğalçını qovmaq yox, Avropa İttifaqına daxil olmaq, Avropa məkanında yer almaq olsun. Ümid edirəm ki, 2010-cu il Azərbaycan üçün münbit bir zəmin ili olacaq.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 22 yanvar.- S. 3.