Haqqın közərən ocaqları ...

 

Ön söz əvəzi

 

1990-cı ilin 20 Yanvar faciəsinin xalqımızın tarixinə həm qanlı, həm də şanlı səhifə kimi düşməsi barədə çox yazılıb və bundan sonra da yazılacaq. Çünki bu faciə ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan bir millətin səsini boğmaq üçün törədilən qətliam idi. Xalqımızın başına gətirilən bu müsibətin ən dəhşətli və iyrənc tərəfi isə onun törədilməsinə SSRİ-nin rəhbəri M.Qorbaçovun rəvac verməsi idi. Belə faciələr millətin qan yaddaşına əbədi həkk olunur, sonrakı nəsillərin qürur mənbəyinə çevrilir... Bəli, biz, bu gün müstəqil Azərbaycanın vətəndaşları 20 Yanvar faciəsində tökülən qanın hədər getmədiyinin şahidiyik. Qanlı Yanvarda sinələrinə dağ çəkilən, əzizlərini itirən ailələrin dəyanətlərinin, ləyaqətlərinin sınmadığını görürük.

Xalqımızın qəddini əymək məqsədilə 20 Yanvardan sonra da Bakıda və ətraf rayonlarda gərginlik davam etdirilmişdi. Xalqımız səksəkəli günlər yaşamalı olmuşdu. Həmin günlərdə itkilərdən qaça bilməmişdik. Yanvarın 24-də günün günorta çağında Bakı — Quba magistralının 24-cü kilometrliyində üç nəfər zəka sahibi — elmi işçi vəhşicəsinə qətlə yetirildi.

O dəhşətli hadisənin şahidi olan kimya elmləri doktoru, professor İdris Əhmədovun dediklərindən:

— İş yoldaşım İsmayıl Mursaqulovla faciədən bir gün öncə, axşam tərəfi telefonla danışdım. Bildirdim ki, məhəlləmizin camaatını “XI qızıl ordu” meydanına çağırırlar. Deyirlər ki, şəhərə Sumqayıt tərəfdən ordu yeridiləcək. İsmayıl müəllim sən demə, məndən öncə xəbərdar imiş. Biz meydanda görüşdük. Orada qələbəlik idi...

Nəhayət, gecəyarısı qanlı hadisə baş verdi. Əliyalın insanlar ağır hərbi texnikanın tırtılları altına salındı. İş o yerə çatmışdı ki, vəhşiləşmiş imperiya ordusu təcili yardım maşınlarını da gülləbaran edirdi. Əsrə bərabər o müdhiş gecədə xalqımızın övladları əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Yanvarın 22-də biz Mərkəzi Komitənin qabağında keçirilən etiraz mitinqində olduq. İsmayıl müəllim çıxış etdi. İnsan qırğınını lənətlədi. Nitqindən sonra qərara gəldik ki, Sumqayıta iş yerimizə gedib kollektivimizin etiraz mitinqini təşkil edək. Bakıda baş verənləri institutumuzun əməkdaşlarına çatdıraq.

Yanvarın 24-də Sumqayıt Polimer Materiallar İnstitutunun Bakıda yaşayan əməkdaşları indiki 20 Yanvar meydanında bir araya gəldilər. Lakin fövqəladə vəziyyət olduğundan institutun avtobusu gəlib çıxmadı. Bu məqamda faciənin təsirindən hələ də özünə gəlməyən İbrahim İbrahimov məni, İsmayıl Mursaqulovu, Parlaq Mustafayevanı və Svetlana Məmmədovanı maşınına dəvət elədi. Beləliklə, beş yoldaş olub düşdük yola. Həmişə olduğu kimi, aralığa çökən sükutu İsmayıl müəllim pozdu. Söhbətin şirin yerində İbrahim müəllimin avtomobili dartınmağa başladı. Maşını yolun kənarına verib saxladı. Elə bu zaman Bakıdan Sumqayıt tərəfə qatarlanan hərbi texnika göründü. Onlardan bir neçəsi yanımızdan keçsə də üstündə saqqallı qatillər olan bir tank üstümüzə yeridi... Mən bir neçə gündən sonra xəstəxanada özümə gələndə dedilər ki, İbrahim müəllim və Svetlana xanım hadisə yerindəcə dünyalarını dəyişiblər. İsmayıl müəllimi xəstəxanaya çatdırsalar da xilas etmək mümkün olmayıb. Məni və Parlaq xanımı həkimlərimiz uzun müddət müalicə edərək yarımcan halda həyata qaytara biliblər.

Azərbaycan elminin nümayəndələrinə qarşı törədilən bu qətliam Bakı—Quba magistralının 24-cü kilometrliyində baş verdi. Faciə qurbanları Şəhidlər Xiyabanında torpağa tapşırıldılar. Qətl yerində isə onlara xatirə lövhəsi ucaldıldı. Həmin lövhəyə bu sözlər həkk olunub: “1990-cı il yanvarın 24-də burada Azərbaycanın görkəmli alimləri İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov imperiya ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilmişlər”.

 

Atalıydı, analıydı uşaqlar...

 

Kimya elmləri doktoru, professor İbrahim İbrahimov əslən Qərbi Azərbaycandandır. Onun atası İsmayıl bəy dövrünün tanınmış ziyalısı olub. O, əsrin əvvəllərində indi Ermənistan adlanan əzəli Azərbaycan torpağındakı dədə-baba yurdundan didərgin düşərək Gəncəyə pənah gətirib. Sonra Naxçıvana köçərək orada ailə qurub. Onun oğul balası da 1928-ci ildə Naxçıvanda dünyaya göz açıb.

Atasından əxlaq, ədəb-ərkan dərsi alan İbrahim hələ gəncliyində yaşıdları arasında seçilib. Əvvəlcə Bakıda Dövlət Universitetində ali təhsil almışdı, sonra Moskvada M.V.Lomonosov adına Dövlət Universitetini bitirmişdi. Əmək fəaliyyətinə Rusiyanın Sverdlovsk şəhərində başlayan gənc mütəxəssis bir qədər sonra doğma Naxçıvana qayıtmışdı. Ömrünün ən yetkin çağlarında elmi fəaliyyətini Bakının, Sumqayıtın elmi-tədqiqat müəssisələrində davam etdirmişdi. Polşada, İranda uzunmüddətli ezamiyyətlərdə olan gənc alim təkcə Azərbaycanda deyil, onun sərhədlərindən uzaqlarda da tanınmışdı. 140-dan çox sanballı elmi məqalə, 50 ixtira müəllifi idi.

İ.İbrahimov tanınmış kimyaçı olmaqla yanaşı, bu möcüzəli elmin imkanlarından daha geniş bəhrələnməyə qərar vermişdi. O, son illərdə ürək-damar xəstəliklərinin müalicəsi üçün kimyəvi sintez yolu ilə preparat alınması problemi üzərində işləyirdi və istədiyinə nail oldu. Çox keçmədi ki, həmin dərman bir sıra xarici ölkələrdə qəbul olundu, keçmiş ittifaqın Səhiyyə Nazirliyinin Farmakologiya İnstitutunda uğurla sınaqdan keçirildi.

İbrahim müəllimin qısa müddətdə namizədlik və doktorluq dissertasiyaları müdafiə etməsi ona böyük şöhrət gətirmişdi. Lakin bu uğurlardan dərhal sonra, yəni 1984-cü ildə onun ailəsində faciə baş vermişdi. Böyük qürur hissi ilə ərinin doktorluq dissertasiyasının qonaqlığına hazırlaşan Lütviyyə xanımı yaşadıqları evin qabağında maşın vurdu və onun həyatını xilas etmək mümkün olmadı. Bu faciə İbrahim müəllimi sarsıtsa da özünü tox tutmağa, uşaqlarını, ələlxüsus ailənin böyük övladı Fikriyyə xanımı sakitləşdirməyə çalışdı. Lütviyyə xanım dünyasını dəyişəndə evin kiçiyinin - Nigarın cəmi 5 yaşı vardı...

Fikriyyə xanımın dediklərindən:

— Anam atamı ailədə bütün məişət qayğılarından azad etmişdi. Onun fikri-zikri atamın elmi işlərinin yaxşı getməsinə kömək etmək idi. 20 Yanvar faciəsindən iki gün keçirdi. Atam olanlardan, keçənlərdən danışdı və gözlənilmədən söhbətinin səmtini dəyişdi: “Qızım, daha rahat ölə bilərəm, görürəm, elmi işlərin qaydasında gedir, evdarlıqda da səliqə-sahmanına söz ola bilməz”.

Bu məqamda qəhər məni boğdu, nəsə demək istədim, bacarmadım. Son günlər atam qohum-əqrabaya tez-tez baş çəkir, əli çatmayanlarla telefon əlaqəsi saxlayırdı...

Atasından sonra Fikriyyə xanım ailənin həm atası, həm də anası oldu. Özündən kiçiklərin — qardaşı Rəşadın, bacısı Nigarın təhsildən yayınmalarına imkan vermədi. O zaman Azərbaycan Tibb Universitetinin 2-ci kursunda oxuyan Rəşad ali məktəbi uğurla bitirdi. Fikriyyənin himayədarlığı sayəsində dissertasiya müdafiə edib tibb elmləri namizədi oldu. Hazırda doktorluq dərəcəsi almaq üçün tədqiqatlarını davam etdirir. Rəşad ailə başçısıdır, 4 yaşlı oğluna babasının adını qoyub. Ailənin kiçiyi Nigar xanım isə uşaq həkimidir. Nəslinin adına layiq gözəl ailəsi var, artıq 2 uşaq anasıdır. O, ötən il “Uşaqlarda xroniki övrənin diaqnostikası və müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

Fikriyyə xanım 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etdi. İkinci ixtisas almaq üçün Azərbaycan Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Hazırda Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində şöbə müdiridir. Həmin təhsil ocağında xarici tələbələrə ingilis dilində mühazirələr oxuyur. 100-dən çox elmi əsərin, 7 ixtiranın müəllifidir. Respublikada kliniki farmakologiya mövzusunda dissertasiya müdafiə edən yeganə alimdir. Fikriyyə xanım deyir ki, elmdə qazandığı bütün uğurlarını atasının əziz xatirəsinə ithaf edir. Fikriyyə xanım valideynlərindən söz salanda istər-istəməz Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeirini xatırlayır və ürəyindən ağrılı sızıltılar keçir. Axı, o, ailə üçün, oğul-uşaq üçün ən gərəkli illərdə hər ikisini itirib...

 

Nakam ömrün pöhrələri

 

Svetlana Məmmədova 1939-cu ildə Naxçıvanda anadan olmuşdu. Orada orta təhsil aldıqdan sonra Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuşdu. Ali təhsilini başa vurduğu ildə həmyerlisi Nəriman həkimlə (o, Azərbaycan Tibb Universitetini bitirmişdi) ailə qurmuşdu. Ailədə bir uşaq — Kəmalə boya-başa çatmışdı. O, Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra bir müddət Bakı Dövlət Universitetində laborant işləmişdir.

Kəmalə xanımın dediklərindən:

— Anamın iki qız nəvəsi — Şirini və Güneli vardı. Onları çox sevirdi. Demək olar ki, hər gün işdən qayıdanda yolüstü bizə baş çəkirdi. Anam adəti üzrə yanvarın 19-da yolunu bizdən saldı. Çox qayğılı görünürdü. Anladım ki, şəhərimizdəki qarmaqarışıqlıqdan çox narahatdır. Sanki ürəyinə xoşagəlməz bir hadisə baş verəcəyi dammışdı. Odur ki, sizsiz darıxıram bəhanəsiylə bizi götürüb öz evinə apardı. Onu da deyim ki, bizim evimiz indiki 20 Yanvar meydanının lap bir addımlığında idi. Meydanda və onun ətrafındakı küçələrdə gecə təkcə canlılar deyil, cansız obyektlər də gülləbaran edildi.

Yanvarın 23-nə kimi anamgildə qaldıq. Yanvarın 24-də anam həmişəki kimi iş yoldaşlarıyla Sumqayıta yollandı. Sonra isə məlum hadisələr baş verdi... İndi o günləri xatırlayarkən ürəyimdən bir arzu keçir, kaş anam bircə günlüyə də olsa məzardan başını qaldırıb görəydi ki onun sevimli nəvələrinə İlahi bir qardaş payı da verib, Şirin ailə qurub, ana olub.

Kəmalə xanım artıq elmlər namizədidir. Məsul işdə — Prezident Administrasiyasında çalışır, Bakı Dövlət Universitetində baş müəllim kimi fəaliyyət göstərir. Deyir ki, ailəsində, işində qazandığı bütün uğurlara görə anası Svetlana xanıma borcludur.

... Svetlana xanım 1973-cü ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdi. 130 elmi məqalə, 40 ixtira müəllifi idi. Ali təhsil aldıqdan sonra ilk iş yeri Sumqayıtdakı sintetik kauçuk zavodu olmuşdu. Bir qədər sonra həyatını ömürlük elmə bağlayan Svetlana xanım Xlor Üzvi Sintez İnstitutunda işləyirdi. O, yüksək molekullu birləşmələr sahəsində yeni cığır açan və bu mövzuda doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı qadın idi. Svetlana xanım qalay tərkibli polimerlərin tədqiqi sahəsində də gərəkli nəticələr əldə etmişdi.

S.Məmmədovanın rəhbərlik etdiyi laboratoriyada hidrotexniki qurğuların korroziyaya uğramasının qarşısını almaq üçün aparılan işlərin nəticələri hazırda istehsalatda tətbiq edilir və çox böyük səmərə verir. Həmin laboratoriyada alınan polimer birləşmələr elektron sənayesində işığa həssas rezistirlərin alınmasında istifadə olunur.

 

Ot kökü üstə bitər ...

 

İsmayıl Mursaqulov 1939-cu ildə Gürcüstanın Borçalı mahalının Qızılhacılı kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdu, ali təhsilini fərqlənmə ilə başa vurmuşdu. Moskvada aspiranturaya daxil olan gənc üzvi kimyanın açılmamış qatlarına nüfuz edərək sanballı nəticələr ortaya qoymuşdu. 1967-ci ildə namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdi. O, 130-dan çox elmi məqalə yazmağa macal tapmışdı, 15 ixtira müəllifi idi. İ.Mursaqulov stereokimya sahəsində milli elmimizin yeganə alimi idi. Geniş dünyagörüşünə malik İsmayıl müəllim təəssübkeş, nümunəvi ailə başçısı idi.

İsmayıl müəllimin həyat yoldaşı Gülüş xanımın dediklərindən:

— O, doğma kəndini çox sevirdi. Ailə qayğıları, elmi işləri onun el-obaya bağlılığına mane ola bilmirdi. Dilini, dinini, musiqisini qoruyub saxlayan Borçalı mahalını ziyarət edib geri dönəndə əhval-ruhiyyəsi təzələnirdi. Musiqini, xüsusən də aşıq musiqisini, ədəbiyyatı insanın ruhi qidası hesab edirdi. O, iştirak etdiyi bütün məclislərin diqqət mərkəzində olurdu. Təhsilini rus dilində alsa da, ana dilini mükəmməl bilirdi. Bütün bunlar, sadəcə, təsadüf deyildi. Ot kökü üstə bitər — deyib müdrik atalar. İsmayıl ilk təhsilini Qori Seminariyasının məzunu – atası Həsən bəydən, qardaşı – tarix müəllimi Ramiz Mursaqulovdan, nəslinin digər sayılıb-seçilən ziyalılarından almışdı...

İsmayıl müəllimin ailə qurmaqda da bəxti gətirmişdi. Onun ömür-gün yoldaşı Gülüş xanım da ziyalı nəslinin övladıdır. Atası Məcid Səfərəliyev məşhur həkim olub.

... Hazırda Milli Elmlər Akademiyasında kimyanın nəzəri problemləri üzrə elmi işçi vəzifəsində çalışan Gülüş xanım ailəsinə həm analıq, həm də atalıq eləyir. Ailənin böyük oğlu Rüfət atasını itirəndə orduda xidmət edirdi. Artıq ailə başçısıdır, iki qız atasıdır. İsmayılın ortancılı Rəşad ali təhsilini başa vurub, ailə qurub. Evin sonbeşiyi Azər əvvəlcə Türkiyədə Boğaziçi Universitetində təhsil alıb. Sonra ABŞ-da Corciya Universitetində təhsilini davam etdirib, iqtisad elmləri doktoru dərəcəsi alıb. Hazırda Maliyyə Nazirliyində məsul vəzifədə çalışır.

20 il əvvəl düşmənin söndürdüyü ocaqlar bu gün daha gur yanır.

 

 

Ələsgər CABBAROV

 

Xalq qəzeti.- 2010.- 22 yanvar.- S. 4.