Neft sənayesində infrastruktur layihələri uğurla reallaşdırılır

 

Ötən il Azərbaycanda bir sıra iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. Həmin layihələr isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafını bir qədər də sürətləndirmişdir. Bu tendensiya Azərbaycanın neft-qaz sənayesində özünü daha aydın büruzə vermişdir. Dövlət başçısı İlham Əliyevin böyük diqqət və qayğısı, ölkənin yeni neft strategiyası çərçivəsində reallaşdırılan iri miqyaslı işlərlə şəxsən maraqlanması nəzərdə tutulan layihələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasına təkan vermişdir.

 

Yola saldığımız 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikilib istismara daxil edilməsi istiqamətində işlər bir qədər də intensivləşdirilmişdir. Bu da öz növbəsində təkcə əlavə iş yerləri və maliyyə gəlirləri baxımından deyil, istehsalat potensialının inkişafı, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mənimsənilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması baxımından da çox əhəmiyyətlidir.

Neft sənayesi üzrə mühüm infrastruktur layihələrinin böyük bir hissəsi ARDNŞ-in “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir. Azərbaycanın neft-qaz sektorunda mühüm əhəmiyyətə malik “Neft Daşları” və “Günəşli” yataqlarında həyata keçirilən nəhəng tikinti-quruculuq işlərinin yerinə yetirilməsində trestin inşaatçıları müstəsna rol oynamışlar. Məhz ötən illər ərzində inşaatçıların səyi ilə Xəzər dənizində saysız-hesabsız özüllər, minlərlə kilometr sualtı boru kəmərləri, polad dirəklər üzərində çoxsaylı sosial obyektlər tikilib istifadəyə verilmişdir.

İnşaatçılar əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də yüksək nailiyyətlərə imza atmış, bir sıra zəruri infrastruktur obyektlərinin inşasını vaxtında və keyfiyyətlə başa çatdırmağa müvəffəq olmuşlar. Bütövlükdə isə ötən il şirkətin “Neftqaztikinti” Trestinin kollektivi altı yeni platformanın inşasını uğurla başa çatdırmışdır. “Neft Daşları” yatağındakı 2415 saylı, “Ələt-Dəniz” yatağındakı 63\65 saylı, “Abşeron” yatağındakı 190 və 660 saylı platformalar artıq neftçilərin sərəncamındadır. Bundan əlavə, 2009-cu ildə inşaatçılar “Bahar” yatağındakı 76 saylı stasionar dəniz özülünün əsaslı təmirini başa çatdıraraq neftçilərə təhvil vermişlər.

Yeri gəlmişkən, Dövlət Neft Şirkəti ötən illər qazandığı təcrübələrə və inkişaf etdirilmiş infrastruktura arxalanaraq yeni perspektivli yataqların öz gücü ilə işlənilməsi istiqamətində əməli fəaliyyətə başlamışdır. Ötən il şirkətin “Neftqaztikinti” Tresti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Ümid-1” platformasının inşası uğurla tamamlanmış, sözügedən nəhəng qurğunun dayaq bloku və üst modulları dənizdəki layihə yerində quraşdırılmış, buradan ilk kəşfiyyat quyusunun qazıntısına başlanılmışdır.

İl ərzində dəniz neft yataqlarının yerləşdikləri ərazilərdə estakada və meydançaların inşası sürətlə davam etdirilmişdir. Belə ki, 2009-cu ildə dənizdə 3150 poqonometr estakada və 2300 kvadratmetr meydança inşa edilərək neftçilərin sərəncamına verilmişdir. Estakadaların 1200 poqonometri “Neft Daşları”, 850 poqonometri “Abşeron” və 1100 poqonometri “Ələt dəniz” yataqlarında tikilmişdir. Meydançaların isə 1300 kvadratmetri “Neft Daşları”, 500 kvadratmetri “Abşeron” və daha 500 kvadratmetri “Ələt dəniz” yataqlarının payına düşmüşdür. Bütün bunlar uzun illər işlənmədə olan həmin yataqlarda neft hasilatının sabitləşdirilməsini təmin etmək məqsədi daşıyır.

Sosial yönümlü obyektlərin inşası və təmiri də Dövlət Neft Şirkətinin tikinti fəaliyyətində mühüm istiqamətlərdəndir. Son illər bu sahədə həyata keçirilən mühüm işlər, əsasən, neftçilərin sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilib. 2009-cu ildə “Neftqaztikinti” Tresti tərəfindən paytaxtın Məhəmməd Hadi küçəsində inşası başa çatdırılmış doqquz mərtəbəli birbloklu yaşayış binasında 18 nəfər neftçi ailəsi yeni mənzillərlə təmin olunmuşdur. Çətin dəniz şəraitində çalışan işçilərin yataqxana ilə təminatının səviyyəsi də ildən-ilə yaxşılaşdırılır. Ötən il “28 May” adına NQÇİ-nin işçiləri üçün Cilov adasında iki mərtəbəli 400 yerlik yataqxana kompleksinin, doqquz mərtəbəli binanın dörd korpusu əsaslı şəkildə təmir edilərək neftçilərin istifadəsinə verilmişdir. Bundan əlavə, “Balaxanıneft” NQÇİ-nin qəsəbə yaxınlığındakı iki mərtəbəli inzibati binası yenidən qurularaq yataqxanaya çevrilmişdir.

Trestin inşaatçıları neftin və qazın nəqlini təmin etmək məqsədilə dənizdə və quruda boru kəmərlərinin çəkilişi ilə bağlı sifarişləri layiqincə yerinə yetirmişlər. Ötən il kollektivin gücü ilə 16,3 kilometr sualtı, 118,24 kilometr quruda, 43,92 kilometr estakada və meydançalarda boru xətləri çəkilmişdir. Bununla yanaşı, il ərzində çəkilmiş 215,14 kilometrlik yüksək gərginlikli elektrik xətləri müxtəlif obyektlərin elektrik enerjisi ilə təchizatını tam ödəməyə imkan yaratmışdır.

Məlum olduğu kimi, ötən il Neft Daşlarının 60 illik yubileyi dövlət səviyyəsində təntənə ilə qeyd olundu. Yubileyin lazımi səviyyədə keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsi, muzey binası yaradılmış, Dövlət bayrağı ucaldılmış, NQÇİ-nin inzibati binası, yataqxana kompleksi, park yenidən qurulmuş və şəhidlərin xatirə abidəsinin açılışı olmuşdur. Bütün bunlar isə Neft Daşlarının simasına əlavə yaraşıq, gözəllik gətirmişdir.

2009-cu ildə “Neftqaztikinti” Tresti tərəfindən qaz hasilatının artırılması məqsədilə dövlət proqramına uyğun olaraq Neft Daşlarında 2 saylı kompressor stansiyasında əlavə 4 maşın yerləşdirilməklə yenidən qurulması, “Hövsan QSM — Bahar” yatağı arası 20 düyməlik qaz xəttinin çəkilməsi, “Hövsan QSM-Qaradağ-Şimal magistral qaz kəməri arası yüksək təzyiqli qaz kəmərinin tikintisi”, “Qaz Emalı Zavodu-Qaradağ qazpaylama stansiyası arası yüksək təzyiqli 1220 millimetrlik qaz kəmərinin tikintisi”, “Qaradağ rayonu Səngəçal baş qurğularında qazın təzyiqinin 90 atmosferdən 55 atmosferədək endirilməsi üçün tənzimləyici qovşağın tikintisi”, “Qaradağ qaz separasiya məntəqəsində tutum və separatorların quraşdırılması”, “Qaradağ yeraltı qazsaxlama anbarında qazpaylama məntəqəsinin tikintisi” kimi obyektlər inşa edilərək istismara verilmişdir. Bütövlükdə isə ötən il trest tərəfindən neft sənayesinin istehsalat və sosial obyektlərində 185 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmişdir.

Bu il “Neft Daşları”nda alçaq təzyiqli qazların yığım sisteminin yaradılması", “Günəşli” yatağında “alçaq təzyiqli kompressor stansiyasının tikintisi”, “Qazlift” kompressor stansiyasının tikintisi üçün dayaq bloklarının yenidən qurulması” və s. layihələrin icrasına başlanılması nəzərdə tutulur.

Bütün bu nailiyyətlərə görə ötən il trest “Keyfiyyət idarəetmə sistemi” üzrə TSE-İSO-EN 9000, “Ətraf mühitin mühafizəsi” üzrə TSE-İSO-EN 14000 və “Əməyin Mühafizəsi və təhlükəsizlik texnikası” üzrə TS18001\OHSAS beynəlxalq sertifikatlarını almışdır. Bu da istehsalat prosesində işlərin təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün hər bir işçinin məsuliyyətini daha da artırmışdır. Hazırda trest tikinti-quraşdırma işlərinin beynəlxalq standartların tələblərinə uyğun yerinə yetirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 22 yanvar.- S. 3.