Böyük alim, ləyaqətli insan

 

Bu günlərdə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, ADPU-nun rektoru Yusif Məmmədovun 60 yaşı tamam olur. Yusif Əbülfət oğlu Məmmədov 1950-ci ildə Ermənistan SSRİ-nin Sisyan rayonunun Dəstəgird qəsəbəsində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirmiş, riyaziyyata marağı daha çox olduğundan bu sahənin dərinliklərinə bələd olmaq arzusu və istəyilə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universitetinə) üz tutmuşdur. Həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, tələbəlik illərini əla qiymətlərlə oxumuş, 1971-ci ildə mexanika-riyaziyyat fakültəsini riyaziyyatçı ixtisası üzrə bitirmişdir. Istedadı, bilik və bacarığı nəzərə alınaraq təyinat bölgüsündə Universitetin Riyazi fizika tənlikləri kafedrasında saxlanılmış, burada assisent kimi əmək fəaliyyətinə başlamışdır.

 

Y.Ə.Məmmədov 1979-cu ildə Riyazi fizika tənlikləri kafedrasının baş müəllimi, 1980- ci ildə dosenti, 1991- ci ildə professoru seçilmişdir.

Y.Ə.Məmmədov bir müddət (1992-1993-cü illərdə) Türkiyə Respublikasının İstanbul Texniki Universitetində professor kimi çalışmışdır. O, 1993-cü ilin noyabr ayında Bakıya qayıtmış və dekabr ayında Riyazi fizika tənlikləri kafedrasının müdiri, 2000-ci ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

Adətən Tanrı sevdiyi adamlara təkcə istedad yox, həm də həvəs, istək verir. Bu istək və həvəs zəhmətin sayəsində insanı peşə adamları içərisində fərqləndirir. Belələri sınaqdan çıxaraq öz peşələrinin zirvəsinə doğru addımlayırlar. Onlar zəhmətləri ilə bütün əngəlləri, maneələri yarırlar. Öz ağıllarına, iradələrinə, səbirlərinə güvənərək elmin açarını və bu açarın açaçağı qapını axtarırlar. Əsl alim ömrü bu cür alovlardan keçir, ali məqsədə doğru can atır, elmdəki hər bir uğuru ona rahatlıq gətirir və nəticədə yeni-yeni uğurlara doğru hərəkət başlayır. Bu mənada Y.Ə.Məmmədovun həyat yolu, ömür yolu inadlı əməyin, zəhmətin, səyin nəticəsində ona ad-san və şöhrət qazandırmış və indi də bu proses ləyaqətlə davam etməkdədir.

Elm yolu ağır bir yoldur. Bu yola qədəm qoyanlar öz sahələri ilə bağlı bütün əsrlərin ixtiralarını və fikirlərini öyrənirlər, onlar arasındakı əlaqələri dərindən dərk edirlər və ən nəhayət, öz yollarını, dəst-xətlərini tapırlar. Qəti söyləmək olar ki, Y.Ə.Məmmədov elmdə öz yolunu, dəst-xətini tapmış alimlərimizdən biridir.

Təsadüfi deyildir ki, Y.Ə.Məmmədov elmi fəaliyyətə tələbəlik illərindən başlamışdır. O, tələbə ikən V kursda oxuduğu zaman Novosibirsk Dövlət Universitetində keçirilən elmi konfransda məruzə ilə çıxış etmişdir. Onun məruzəsi diploma layiq görülmüş və ümumittifaqda nüfuzlu olan “Diferensial tənlikər” məcmuəsində çap olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Y.Ə.Məmmədov diferensial tənliklər və riyazi fizika sahəsində tanınmış mütəxəssisdir. O, akademik M.L.Rəsulovun tələbəsi olmuş, onun elmi istiqamətini (sərhəd və qarışıq məsələlərin həllində kontur inteqralı və çıxıqlar üsullarının nəzəri və tətbiqi problemləri) davam və inkişaf etdirmişdir. Eyni zamanda adi və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin digər oblastlarında da bir sıra mühüm nəticələr əldə etmişdir.

Y.Ə.Məmmədov 1971-1978-ci illərdə tipə mənsub olmayan dəyişən əmsallı tənliklər üçün birölçülü Koşi və qarışıq məsələlərin korrekt qoyuluşu problemini ətraflı tədqiq etmişdir. Onun aldığı elmi nəticələr “Diferensial tənliklər”də, “Azərbaycan EA-nın xəbərləri”ndə, “ADU-nun elmi əsərləri”ndə çap olunmuşdur.

Y.Ə.Məmmədov 1974-cü ildə “Korrekt birölçülü məsələlər və onların həllərinin analitik göstərilişi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, namizədlik dissertasiyası müdafiə edən zaman belə bir mövzuda tədqiqat işləri, yalnız sabit əmsallı tənliklər üçün Q.E.Şilov, Q.V.Dikopolov kimi alimlər tərəfindən aparılmışdı.

Y.Ə.Məmmədovun sonrakı tədqiqatlarında differensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq və normallıq problemləri araşdırılmış, ilk dəfə olaraq belə operatorların məxsusi və qoşma elementləri üzrə ayrılış düsturu tapılmışdır. Bundan başqa, Y.Ə.Məmmədov ilk dəfə olaraq cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərmişdir. Eyni zamanda məxsusi ədədlər çoxluğunu sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarını vermişdir. O, uyğun qarışıq məsələləri tədqiq edərkən İ.Q.Petrovskinin Koşi məsələlərinin korrektliyi üçün verdiyi məşhur “A” şərtinin analoqunu tapmışdır.

Y.Ə.Məmmədov bu nəticələrinə əsaslanaraq çıxıqlar üsulunun köməyilə Sobolyev-Qalpern tipli tənliklər üçün qarışıq məsələləri həll etmişdir.

Açığı deyək ki, insan nəyi öyrənirsə, tədqiq edirsə, çətinliklərlə qarşılaşır, yorulur, bəzən çətinlik onu öz tutduğu yoldan uzaqlaşdırır. Ancaq iradəli, prinsipial və ləyaqətli adamlar hansı sahə ilə məşğul olsalar da, öz yollarından dönməyir və çəkinməyirlər. Bu mənada Y.Ə.Məmmədov öz tədqiqatlarını aparan zaman qarşıya çıxan çətinliklər onu yora bilməmiş, gərginliklər onu həvəsdən salmamış, ilk dəfə əldə etdiyi nəticələr onu təəccübləndirməmişdir. Ona görə ki, bu nəticələrin arxasında ölçüyə uyğun gəlməyən zəhmət, çalışqanlıq, məsuliyyət, dərin bilik dayanmışdır. Həmin bu keyfiyyətlərin sayəsində Y.Ə.Məmmədov “Ümumi şəkilli adi diferensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulunun əsaslandırılması” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmış və onu 1990- cı ildə Tbilisi Riyaziyyat İnstitutunun ixtisaslaşmış elmi şurasında müdafiə etmişdir.

Y.Ə.Məmmədovun məhsuldar elmi fəaliyyəti sonrakı illərdə də davam etmiş, o özünəməxsus məntiqi ardıcıllıqla maraq dairəsində olan problemləri sistemləşdirərək bir sıra yeni, praktiki və nəzəri əhəmiyyətli nəticələr əldə etmişdir.

Onun özülü elastiki mühitdə dalğanın yayılması prosesinin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırması, eksponensial stratifikasiyalı (laylanmış) mayelərin dinamikası tənlikləri üçün ümumi şəkilli birölçülü qarışıq məsələləri tam tədqiq etməsi, cırlaşan sərhəd rejimində elektrik dövrəsində sönmə dekrementinin loqarifmik artım sürətini ortaya çıxartması, Şredinger tipinə cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat etməsi və həlli üçün analitik ifadə tapması kimi tədqiqatları tətbiqi əhəmiyyətli işlər içərisində ən mühümləridir. Y.Ə.Məmmədovun bu illərdə apardığı vacib nəzəri əhəmiyyətli tədqiqatları sırasında ikitərtibli adi diferensial tənliklər üçün spektral məsələnin requlyarlığının və istənilən dərəcədən sanki requlayarlığının potensial funksiyasının periodiklik xassəsi ilə ifadə olunan meyarını tapmasını, kompleks potensiallı Şturm-Linvill tənliyi üçün məxsusi ədədlərin asimptotikası məsələsini həll etməsini xüsusi olaraq qeyd etmək lazımdır.

Bu tədqiqatların nəticələri “Diferensial tənliklər”, “SSRİ EA -nın məruzələri”, “Riyaziyyat və Mexanika institutunun əsərləri”, “BDU-nun xəbərləri”, “AMEA-nın məruzələri”, “AMEA-nın xəbərləri”, “Türkish journal of Mathematiks”, “Commun. Theor. Phys. (Beijing China) kimi nüfuzlu elmi jurnallarda, Afinada, Moskva Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransların materiallarında dərc olunubdur.

Y.Ə.Məmmədov Moskva, Novosibirsk, Tbilis, Afina, İstanbul, Zəncan şəhərlərində keçirilən müxtəlif konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.

Y.Ə.Məmmədovun məruzələri postsovet məkanında V.P.Mixaylov, A.A.Dezin (Moskva, V.İ.Steklov adına Riyaziyyat İnstitutu), A.Q.Kostyuçenko, A.A.Şkalikov (M.V.Lomonosov adına MDU, mexanika-riyaziyyat fakültəsi), A.Q.Sveşnikov, S.A.Qabov (MDU, hesablama riyaziyyatı və kibernetika fakültəsi), M.V.Fedoryuk (Moskva), V.N.Vraqov (Novosibirsk Dövlət Universiteti), İ.V.Skrıpnik (Ukrayna EA-nın Tətbiqi riyaziyyat və mexanika İnstitutu), İ.T.Kiquradze (Tbilisi Riyaziyyat İnstitutu) kimi görkəmli riyaziyyatçıların seminarlarında maraqla dinlənilmişdir.

Y.Ə.Məmmədov riyazi-fizika və diferensial tənliklər sahəsində 100-dən artıq elmi əsərin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun əsərlərinə riyazi-fizika və diferensial tənliklər sahəsində tədqiqat işi aparanlar hər dəfə müraciət edir və istinad edirlər. Y.Ə.Məmmədovun elmi məqalələrinin xeyli hissəsi nüfuzlu xarici jurnallarda çap olunmuşdur.

Y.Ə.Məmmədovun rəhbərliyi altında 13 elmlər namizədi, bir elmlər doktoru yetişmiş, o, çox sayda doktorluq və namizədlik dissertasiyasına oppenentlik etmişdir.

Y.Ə.Məmmədovun elmi, pedaqoji, təşkilatçılıq fəaliyyəti, diferensial tənliklər və riyazi-fizika sahəsində əldə etdiyi nəzəri, tətbiqi əhəmiyyətli nəticələri, Azərbaycan elmini beynəlxalq səviyyədə layiqincə təmsil etməsi yüksək qiymətləndirilərək ona ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adı verilmiş, 2001-ci ildə isə o, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Y.Ə.Məmmədov 2000-2004-cü illərdə BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə I prorektoru-elmi işlər üzrə prorektoru vəzifələrində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Y.Ə.Məmmədov namizədlik və doktorluq elmi dərəcələri verən müdafiə şuralarının üzvü və sədiri, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika ixtisasları üzrə ekspert şurasının sədri kimi elmi kadrların hazırlığı, dissertasiya işlərinin qiymətləndirilməsi sahəsində aktiv fəaliyyət göstərmişdir və hazırda ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi; Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə müdafiə şurasının sədridir.

Y.Ə.Məmmədov Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının, YUNESKO-nun “Elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Komitəsinin üzvüdür. O, rektor və kolegiya üzvü kimi respublikada təhsil sahəsində aparılan islahatlarda fəal iştirak edir. Respublikanın elmi-pedaqoji ictimaiyyəti onun fəaliyyətinə yüksək qiymət verir, Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsildə apardığı islahatları təqdirəlayiq hesab edirlər.

Yusif müəllimi anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, elmi-pedaqoji və ictimai fəaliyyətində uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq.

 

 

Asəf İSGƏNDƏROV,

Lənkəran Dövlət Universitetinin rektoru,

əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri

doktoru, professor,

 

Mirzəli MURĞUZOV,

əməkdar müəllim, “Şöhrət” ordenli,

fizika-riyaziyyat elmləri doktoru, professor,

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 23 yanvar.- S. 6.